“Partizan” “Kitabdan” rubrikasını təqdim edir. Rubrikada müxtəlif müəlliflərin araşdırma kitablarında yer alan maraqlı faktlar, məqalələr oxucularımızın diqqətinə çatdırılacaq.
Rubrikamızın ilk sayında Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından Bakıda yaşayan erməni fotoqraf David Rostamyanın başına gətirilən hadisəni təqdim edirik:
“Şəhərdə çoxlu fotoqraf vardı. Kuliyev, Kakavixin və David Rostamyan dillər əzbəri idi. Bu üç fotoqrafın müştəriləri neftxudalar, mülkədarlar, yüksək rütbəli məmurlar, gəmi sahibləri, bir sözlə seçilmiş adamlar idi.
Kuliyevin foto emalatxanası Nikolayevski (Kommunist) küçəsində, Kakavixininki isə Krivoy küçədə (indi o məhəllə yoxdur), David Rostamyanın emalatxanası Marinsk (Karqanov) küçəsilə Torqovi (Nizami) küçəsinin tinində, ikimərtəbəli binada idi.
Bu emalatxanalarda əlaltılar işləyər, sifariş qəbul edərdilər. İri portretlər, ailə şəkilləri, venetkalar hazırlayardılar. Qiymətləri də baha idi. Üst mərtəbədəki altıotaqlı mənzildə David yaşayırdı və çox hörmət etdiyi dövlətliləri, yüksək mənsəb sahiblərini özü qəbul edər, sifariş götürər və hazırlayardı.
Gödəkboy, çənəsində balaca saqqalı, burma bığı vardı, başı yekə, qarnı şişman. Evlənməmişdi. Hər barədə usta, püxtə adam idi. İran təbəəsi olduğundan, konsulla bərk dostluğu vardı; üst mərtəbədə əli altında yeddi-səkkiz qız işləyirdi, hamısı da bir-birindən gözəl, göyçək, məlahətli…
Bir dəfə qızlar Davidin başına oyun açmışdılar. Həmişə şərabı gümüşə tutulmuş bəzəkli buynuzda içərdi. Qızlar onun buynuzuna oxşar buynuz qayıtdırıb, ucuna yivli düymə saldırırlar. Məclislərin birində qocanı içirdib kefləndirir, girəvəyə salıb buynuzun ucundakı yivli düyməni boşaldırlar, şərab axıb Davidin şalvarını isladır. Haramzada qızlar əl-ayağa düşüb, cəld kişini soyundurub paltarını dəyişdirmək bəhanəsilə onun yarımçılpaq, şalvarsız şəklini çəkirlər.
Elə ki, o özündən çıxıb qızlara acıqlanardı, darabara salıb işdən çıxarmaqla təhdid edərdi, qızlar da, bir dəstə qızın arasındakı yarımüryan fotonu İran konsuluna və şəhərin mənsəb sahiblərinə, nüfuzlu dövlətlilərə göndərməklə onu hədələyərdilər, David o saat susmağa vadar olardı. O zaman belə bir şəklin faş olması David üçün ölümə bərabər idi, ya gərək Bakıdan köçüb gedəydi, ya da ki, intihar edəydi, başqa çarə yox idi”.