Yer kürəsini 7 dəfə dövr edən yazıçının dəhşətli taleyi – o, əsərlərində ölümündən necə bəhs edirdi?

Loading

“Partizan” Vüsal Bağırlının “İncidilən insan” adlı yazısını təqdim edir.

“Afanasiy İvanoviç, bilirsinizmi, yaponlarda belə bir ənənə var, incidilən insan incidənin yanına gedir və deyir: “Sən qəlbimi yaraladın, məni təhqir etdin, buna görə də, gözlərinin qarşısında öz qarnımı yırtacam”. Bu sözlərdən sonra, o, həqiqətən də, qarnını doğrayır, özünə qəsd edir və artıq qisas aldığını zənn edərək məmnun qalır. Dünyada qəribə xarakterlər var, elə deyilmi, Afanasiy İvanoviç?!”
(F.M. Dostoyevski. “İdiot” əsərindən)
Yukio Mişimanın yaxınlarda oxuyub bitirdiyim “Qızıl Məbəd” əsəri məni onun barəsində bəzi qeydlər aparmağa sövq etdi.
İntihar edən yazıçılar çox olub (Kavabata Yasunari, Ernst Heminquey, Akutaqava Rinöske, Cek London, Stefan Sveyq və sair), amma heç birisinin ölümü məşhur yapon yazıçısı Yukio Mişimanın ölümü qədər dramatik və sarsıdıcı olmayıb.

Onun əsərləri soyuq, üzücü, iztirab dolu ola bilər. Orada zorakılıq, qan, xəstəlik, müharibə dəhşətləri bütün çılpaqlığı ilə təsvir edilə bilər. Fəqət bütün bunlar Mişima yaradıcılığına, yazıçının həyat prinsiplərinə, iradəsinə və ölümünə olan heyranlığı əsla azaltmır.
Yukio Mişima intihar edəndə cəmisi 45 yaşı var idi.
Qırx beş yaş nədir ki?
Amma öz kiçik həyat möhləti ərzində o, qırx roman, hansı ki, 15-i ekranlaşdırılıb, 18 pyes, hansı ki, dünya teatrlarında indi də uğurla səhnələşdirilir, cildlərlə hekayələr, esselər yazdı.
Onun həyata olan rəngarəng baxışı yalnız bununla bitmir. Qəribə, istedadlı və faciəvi taleli insan bir yerdə dayanmırdı, dincəlmirdi. Yukio rejissorluq edir, aktyorluq, orkestr dirijorluğu ilə məşğul olurdu. Bundan başqa, ağır atletika, kendo, karate ustası kimi şöhrət qazanmışdı. Hətta arada təyyarə də sürürdü. O, yeddi dəfə Yer kürəsini dövr etmişdi. Üç dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilmişdi.
O, yazdığı hər yazıya görə, yaratdığı hər əsərə görə təsviri mümkünsüz sevinc hissləri yaşayırdı.
O, yazırdı: “Yaradıcılıq işləri yaxşı gedir. Bunu necə ifadə etmək olar? Sanki, Yer kürəsini əhliləşdirib, ram etmişəm, onun belinə minmişəm. Onu ayaqlarım arasında möhkəm sıxaraq, irəliyə, uçuruma, qara dəliyə doğru dördnala çapıram. Yanımdan sürətlə ötən ulduzlar isə üzümü cızır, yanaqlarımı yaralayır…”
Onun ölümü çox dəhşətliydi. Amma Yukio bu aqibəti əvvəlcədən, bilərəkdən seçmişdi. O, özünü addım-addım, yavaş-yavaş həmin ölümə, onun soyuq ağuşuna hazırlamışdı.
O, “Kiokonun evi” əsərində sanki özündən bəhs edir: “Biz onun haqqında yalnız bunu bilirik və nə vaxtsa çətin ki, daha çoxunu bilək – ölüm onun həmişə ən böyük arzusu olmuşdu. Ölüm onun qarşısında həmişə üzünə çoxlu maskalar taxmış birisi kimi dayanırdı. O, isə maskaları bir-birinin ardınca sıyırıb çıxarır, cəld öz üzünə taxırdı. Nəhayət o, sonuncu maskanı çıxaran zaman, ölüm əsl, gerçək üzü ilə onun qarşısında dayandı. Bu onu əsla həyəcanlandırmadı. Yadda saxlayın, gözəl görünmək istəyi, qadınlardan fərqli, kişilərdə bir qayda olaraq, ölüm arzusunda gizlənir”
O, bezmədən, usanmadan elə hey ölümdən yazmaqda davam edirdi:
“Yenə də, qarşısıalınmaz, böyük bir qüvvə ilə mən öz ölüm arzularıma qapılıram. Mən ölümdə əsl həyat məqsədimi görürəm”
Ölüm onu maqnit kimi cəzb edir, tilsimə salır, ovsunlayırdı. O, yuxarıda sadaladığım bütün məşğuliyyət və hobbiləri labüd ölümdən qaçmaq, yayınmaq üçün edirdi. Ölüm mələyindən bir az olsa uzaqlaşmaq istəyirdi.
“Maskanın etirafları” romanının qəhrəmanı da ekssentrik Mişimanın öz arzularını dilə gətirirdi: “Mən mütləq kimisə öldürməliyəm sayaq dəli bir hisslərə qapılıram. Mən al qan şırnağı görmək arzusuyla alışıb yanıram. Bəziləri, qadınlar yanındakı uğursuzluğunu sevgi yazıları ilə ört-basdır etməyə çalışır, mən isə romanları ölümdən uzaqlaşmaq naminə, baş qatmaq naminə yazıram”
Yukio Mişimanın yaradıcılığı, həyatı ilə parallel şəkildə, sanki, öz ölümünün estetik konsepsiyasını yaratmışdı.

Vüsal Bağırlı