“Partizan” Joze Saramaqonun qeyd dəftərindən “Bir şəhər üçün sözlər” yazısını təqdim edir
Bir zamanlar Lissabonun adı bu deyildi. Romalılar gələndə ona “Olisipo” deyirdilər. Müsəlmanlar ələ keçirdikdən sonra ona “Olissibona” dedilər, di gəl, axırda “Uşbune” oldu; bəlkə də bu barbar kəlməni tələffüz edə bilmədiklərindən. 1147-ci ildə üç aylıq mühasirənin yekununda müsəlmanlar məğlub olduqdan sonra şəhərin adı o saat dəyişmədi. İlk kralımız olacaq şəxs ailəsinə qəhrəmanlığını elan edən bir məktub göndəribsə əgər, başlığına “Uşbune, 24 oktyabr” ya da “Olissibona” yazıb böyük ehtimalla, lakin qətiyyən “Lissabon” yazmayıb. Lissabon nə vaxt hüquq və qanunla “Lissabon” olmağa başladı? Təzə adın doğuluşundan öncə bir neçə ilin keçməsi lazım gəlmişdi, qalisiyalı (Qalisiya – İspaniyanın şimal qərbində yerləşən muxtar region – t.) fatehlərin portuqallara çevrilməsinə başlamaqlarında olduğu kimi…
Bu tarixi detallar çox da önəmli deyil deyə bilərik, fəqət Lissabonun o günlərdən bu yana necə dəyişdiyini sadəcə bilmək deyil, sözün əsl mənasında görmək də mənim üçün çox mühümdür. Əgər o çağlarda kino olsaydı, o dövrün vaqiənəvisləri kinooperator olsaydılar, Lissabonun əsrlər boyunca keçirdiyi min bir transformasiyalar lentə alınmış olsaydı, Lissabonun səkkiz əsr ərzində televizorun göstərdiyi bir neçə saniyədə qapalı ləçəklərindən gözqamaşdıran yekun forma və rənglərinə çatanadək açılan çiçəklər kimi bir canlıtək böyüdüyünü və hərəkət etdiyini görə bilərdik. Sanıram ki, məhz o Lissabonu hər şeydən çox sevərdim.
Cismani olaraq bir yer “işğal edərik”, lakin emosional olaraq bir yaddaşda yer tutarıq. Bir məkan və zamanın hafizəsi, içində yaşadığımız, iki dəniz arasındakı ada kimidir: birinə keçmiş deyirik, digərinə gələcək. Fərdi yaddaş hesabına yaxın keçmişin okeanında gəzişə bilərik, amma uzaq keçmişin okeanında dolaşmaqdan ötrü zamanda toplaşmış xatirələrə baş vurmaq lazımdır. O Lissabon filmi zamanı sıxışdırıb fəzavi boşluğu genişləndirərək şəhərin mükəmməl yaddaşını əmələ gətirərdi.
Yerlər haqqında bizdə olan məlumat odur ki, onların əmələ gətirdikləri boşluqda onların müəyyən bir zaman müddətində fərqinə varırırq. Yer ordadır, sadəcə insan peyda olur, sonra insan gedir, yer orada qalmağa davam edir, yer insanı əmələ gətirir, insan yeri nəyəsə çevirir. Ricardo Reis’in son illərini yaşadığı Lissabonun zamanını və məkanını yenidən yaratmağım lazım gələndə zaman və məkan anlayışlarının üst-üstə düşməyəcəyini əvvəlcədən çox gözəl bilirdim: öz sosial mövqeyinin içinə qapanmış utancaq yeniyetməliyimin zaman və məkanı ilə ruhun uca zirvələrində gəzişən ziyalı və dahi şairinki.
Mənim Lissabonum həmişə yoxsul səmtlərinki oldu və hadisələr məni başqa mühitlərə sürükləyəndə gizlətməyi münasib gördüyüm xatirə ilk illərimin Lissabonu: mal-mülkləri az, hissləri çox insanların yaşadığı, adətləri və dünyanı qavrayışı hələ də ibtidai olan Lissabon oldu.
Bir şəhərin tarixi mövcudluğunda bəzi əlamətdar tarixləri qeyd etmədən onun haqqında danışmaq bəlkə də mümkün deyil. Burada Lissabondan danışarkən, bircə məqam qeyd edildi: portuqal başlanğıcı. Ucaltmaq günahı xüsusilə ağır günahlardan olmamalıdır, zənnimcə… Hipotetik/fərziyyəvi gücünü üzərinə göndərə biləcəyi həqiqi düşmənlər olmayanda asan ritorik konnotasiyalar yaratmağa çalışan patriotik ucaltma təhriklərinə qapılsaydı, bu cür olardı. Anma mərasimi ritorikaları mütləq halda pis olmasa da, kəlmələr, sadəcə yerlərinə aid olmadan işlədilərkən sözləri hərəkətlərlə qarışdırmağa səbəb olan özünübəyənmə hissini bərabərində daşıyır.
O oktyabr günündə, o zamanlar yenicə qurulmuş olan Portuqaliya irəliyə doğru böyük bir addım atdı və bu addım o qədər möhkəm idi ki, Lissabon bir daha itirilmədi. Amma gəlin Napoleonvari təkəbbürə qapılıb “Qalanın zirvəsindən səkkiz əsr bizi izləyir” deyə qışqırmayaq və bir-birimizi bu qədər müddət ayaqda durduğumuza görə də alqışlamayaq…
Bizim, bu şəhərin varislərinin, xristian və müsəlman ərəblərin, qaradərililərin və yəhudilərin, hinduların və sarı irqlərin, bir sözlə, yaxşı olduğu deyilən bütün irq və inancların övladlarının damarlarındakı qanın, hər iki tərəfdən də tökülən qanla əmələ gəldiyini düşünmək daha yaxşıdır. Çox uzaq olmayan bir tarixdə portuqallar üçün “irq günü” icad edən o yönünü səhv salmış şüurları məzarların istehzalı sükunətinə buraxaq və təkcə qanların deyil, eyni zamanda və xüsusilə, Portuqaliyanın əsasını qoyan və onu qoruyub saxlayan mədəniyyətlərin heyrətamiz hibridliyini tələb edək.
Lissabon son illərdə transformasiya keçirdi, həmvətənlərinin şüurunda içinə düşdüyü xəstəlikdən xilas olmaq üçün yenilənmiş güc oyandırmağı bacardı. Modernləşmə adı altında antik daşlar üzərində beton divarlar hörüldü, təpələrin profilləri transformasiya edildi, panoramalar dəyişdirildi, perspektivlər düzəldildi. Ancaq Lissabonun ruhu hələ də yaşayır, şəhərləri əbədi edən budur. Şairlərdə olan o çılğın eşq və ilahi şövqlə alt-üst olmuş halda Camoens bir gün Lissabondan bəhs edərkən”… asanlıqla başqalarının şahzadəsi olan şəhər”, deyə yazıb. Şişirtdiyi üçün onu qınamayaq. Lissabon sadəcə olmağı lazım gələn kimi olmaqla kifayət edər: mədəni, müasir, təmiz, səliqəli – ruhunu itirmədən. Əgər bütün bunlar onu kraliça edirsə, qoyun etsin də. Respublikamızda bu cürə kraliçalar həmişə rəğbətlə qarşılanacaqlar.
2008, sentyabr
Tərcümə: Məhəmməd Tanhu