Yunan mifologiyasının mifinə dolanmışlar

Loading

“Partizan”   Cüvəllağının “Nənəmin kitabı” adlı satirik hekayəsini təqdim edir…

Birinci kursda oxuyurduq. Oxuyurduq deyəndə ki,(yox gənclərə pis örnək olmayaq, elə oxuyurduq).Hərəmizin bir kitabı, bir dəftəri, bir göy,bir qara,bir dənə də sadə qələmi var idi vəssalam.Adamın Allahı var,müəllimlər də xətrimizə dəyib eləmirdi, semestr sonu pulumuzu verib qiymətimizi yazdırırdıq “gözün üstə qaşın var” deyən olmurdu .Heyif deyildi o günlər,yoxsa indi? Balın çatmadısa pulun, zadın xeyri yoxdu.İstəyirsən lap bal çəlləyini diyirlət, gətir.

Əlqərəz, birinci kursun sonuncu semestri ki oldu müəllimlər dəyişdi, biz binavaların əhvalı da oldu kəllə-mayallaq.Bu təzə müəllim dirəşdi ki, bəs Yunan mifologiyası oxumalısız, özü də filan,filan və bəsməkan kitab evlərindən alın, onların malı ucuz və keyfiyyətlidir.

Fakültəmizdə beş-üç dənə tezcanlı uşaqlar var idi,hər şeyin yaxşısını birinci onlar, üstündən il yarım keçəndən sonra qalanlar (yəni biz) alardıq.İndi də bu uşaqlar ikicə gün sonra kitabla gəldi,amma nə qədər xahiş,minnət eləsək də kitabları bizə oxumağa vermədilər.

Beş-on suyumsuz, cibiboş düşdük şəhərin küçələrinə,o dükan sənin, bu kitabxana mənim .Bir yerdə 25, başqa yerdə 30, digərində neçəsə.

Bir sözlə kitabı ala bilmədik,yunanların yeddi arxa dönənini yetmiş dəfə zirvədən asıb havalandırmaqdan, təzə müəllimi də onlara qarovulçu qoymaqdan başqa çarəmiz qalmadı.Axırda uşaqları başıma yığıb dedim:-Onsuz da, qiymətimizi kəsəcəklər, gəlin gedək kəndə, nənə-babamızla halallaşaq, çün bilirəm qiymətim yazılmasa dədəm məni məktəbə qoyanda satdığı qara dananı tapıb dırnaqlarını gözümə soxacaq.

Bu bir yoldaşlarım da mənim günümdə idi deyə tezcənə razılaşdılar və üz tutduq  avtovağzala .

***

Nənəmgilin ikimərtəbə, talvarlı, küləfrəngili, aynəbəndli evi kəndin  ən süvər yerində, ağcaqovaqların qurşadığı, allı-güllü tapcanadadı.Rəhmətlik babam bu evi elə tikdirib,bəzədib,baxan deyər şahzadə köşküdü, di gəl ki, bir balaca səhvə yol verib, hər şəraiti olan evin sanitar qovşağını aparıb otuz sotluq həyətin lap axırına salıb.

Əslində burda bütün həyətlərdə belədi, böyük dirrik, geniş biçənək, çoxlu meyvə ağacları və …Mən bu tikilinin adını müşahidə məntəqəsi qoyuram, çünki bu tikilidəki taxtaların arasından qonşunun həyətindən tutmuş, ermənilərin postuna can hər yer aydınca görünür.(Mən də deyirəm, nənəm evdə otura-otura necə hər yerdən xəbər tutur).

***

Uzaq yol, isti hava, yol boyu içilən mədən suları..həyətə girən kimi tüpürdüm dabanıma-istiqamət müşahidə məntəqəsi.

Gözünüz yamanlıq görməsin, ağlım üstümə gəldi məntəqəni tərg etmək istəyirdim ki, Leninin heykəli kimi quruyub qaldım, şəhərdə əlilampalı axtardığım “mifologiya” yüzlük mismarda yellənir.

***

Uşaqlara zəng eləmişəm bir torba “selpak” alıb gətiriblər bir qarı 12 uşağı gərməşov çəliyinə dolayıb, deyir :-Sizin salfetləri neynirəm, kitab iki işimi birdən görür, bilirsiz bu yay orda nə qədər kitab oxumuşam?

Biz 12 məzlum tələbə axır ki bir şey öyrəndik, nənələrin 12 ayda oxuduğunu biz 12 ilə ancaq oxumuşuq.