Kateqoriya arxivləri: Xəbər

Ataqamın hekayələri müzakirə olunacaq

Loading

16 aprel saat 11:00-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi və “Ədəbiyyat qəzeti”nin birgə “Yeni ədəbiyyatı tanıdaq” layihəsi çərçivəsində Ataqamın “Qanadlı körpü” hekayələr kitabının müzakirəsi keçiriləcək.

Oxumağa davam et Ataqamın hekayələri müzakirə olunacaq

Azərbaycanın uşaq kanalı 9 yaşında…

Loading

Bu gün ARB Günəş televiziyası 9 yaşını qeyd edir.

Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib.

Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir.

MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib.

“ARB Media Qrup”un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək “Günəş TV” adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini “ARB” brendinə uyğun şəkildə yeniləyərək “ARB Günəş” adı ilə fəaliyyətini davam etdirməkdədir.

Heydər Əliyevlə KQB-də rastlaşan yazıçının heç yerdə danışmadığı:”Məni güllələyəcəkdilər!”- İlk dəfə

Loading

Mövlud Süleymanlının altmış il əvvəlki ölümü
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi. Sağ olsaydı, bu cümləyə görə məni xeyli tənqid edərdi. Deyərdi, vəfat nədi? Ərəb-fars sözlərindan uzaq durun. Su kimi, dup-duru sözlərimiz var.
Yaxşı, ustad, onda belə deyək: Mövlud “Şeytan”sız dünyaya “Köç” etdi.

Xalq yazıçısı kimi Bakının göbəyində basdırılacaqdı, ancaq onun üçün göbək bəzən ürəkdən də önəmli olduğu üçün, göbəyinin kəsildiyi yeri düşündü. Ancaq o yerlərdə – Qərbi Azərbaycanda, Qızıl Şəfəqdə hazırda şəfəqlər qızılı olmadığı üçün göbəyini kəsən adamın yanını seçdi: Şamaxı, anasının məzarının yanı…
Ürək-göbək demişkən, bu yazımın böyük hissəsini ustadın 60 il əvvəl “ürək-göbəyini” yediyi günə həsr edəcəm.

Tanıdığımız hər insan eynimizdə nəyləsə asossasiya olunur. Ən azından üzüylə. Mövlud Süleymanlı deyəndə ağlıma həmişə “istəkli” sözü gəlib. Çünki o, yaratdığı bulaq kimi təmiz “Bulaq” radio-verilişində aparıcılar yad kökənli “əziz” sözünü istifadə etməsin deyə günlərlə fikirləşib və istəkli sözünü tapıb. Xatırlayırsınızsa, “Bulaq” verilişinin ən sevimli sözlərindən biri də məhz “istəkli” idi.

Gələk İstəkli Mövlud Süleymanlının başına gəlib ürəyində saxladığı həmin xatirəyə.
XX əsrin ortalarında Bakıda SSRİ-yə qarşı yaradılmış gizli təşkilatdan çoxunuzun xəbəri var. Mövlud Süleymanlının həmin təşkilatda başına gələn bir əhvalatdan isə məncə çoxunuzun xəbəri yoxdur.

O deyir:

“60-cı illərdə gəncliyin verdiyi emosiya və cəsarətlə SSRİ-yə qarşı təşkilatlanmışdıq. Elə biliridik ki, alçaq təpələri biz yaratmışıq. Düzdür, işimizi məxfi görürdük. Günlərin birində nişanlımla görüşə gedirdim. Anidən hiss etdim ki, kimsə məni götürdü, gözümü açanda gördüm ki, bir zirzəmidə nəhəng sarışın oğlan elə gözlərimin açılmağını gözləyir. Ona baxan kimi kəlmə də kəsmədən başladı məni əzişdirməyə. Həyatımda elə döyülməmişdim. Döyülməyimin səbəbini demirdi. Təxminən bilirdim, anacaq özümü bilməzdiyə vurub soruşurdum. Danışmırdı. Sonra dedim ki, birini də vursan, öləcəm. Bəsdi.
Başa düşmüşdüm ki, buradan sağ çıxmağım mümkün deyil. Elə içəridəcə güllələnəcəm. Ölümümə əmin olduğum anda yuxu kimi bir hadisə baş verdi.

Ölüm hökmümün veriləcəyini düşündüyüm bir kabinetə girdim.
Kabinet uzun idi. Otağın o biri başında masa arxasında bir adam oturmuşdu. Masasındakı işıq üzünə düşürdü. Diqqətlə baxdım. Gözləri mavi idi. Başa düşdüm ki, o, həmin adamdır. Haqqında əfsanələr eşidib üzünü görmədiyimiz Heydər Əliyev.
Mənə tərəf baxmırdı. Vərəqləri oxuyurdu. Elə mənə baxmadan da dedi:

– Alma yeyirsən?

Bu sözləri eşidəndən sonra, yaşamağa azca ümidim yarandı, dizlərim əsməyə başladı.

– Çox sağ olun.

– Bəlkə çay istəyirsən?

Yenə təşəkkür etdim.

Sonra məni yaxına çağırıb üzümə baxdı. Dedi, Sovet Sosialist Respublikaları İttifaqını yıxmaq istəyirsiz? Qorxudan heçnə deyə bilmədim. Hiss etdi ki, üzümdə ölüm qorxusu var. Bir az da susub böyük qardaş qayğısıyla dedi:

“Cavan oğlansan. Özün də istedadlı, bacarıqlı gəncsən. Sənin indi oxuyan, savadını artıran yaşındı. Sən ölkəmizə lazımlı adam ola bilərsən. Bu ölkə sizin yıxa biləcəyiniz bir quruluş deyil. Burdan çıx, düz evə get. Bir də bu barədə düşünmə”.

Təşəkkür eləməyə belə cürətim çatmadı. Çıxdım.

Nişanlıma görüş verdiyim ünvana getdim. Gördüm hələ də məni gözləyir. Onu Bülbülədəki evlərinə ötürüb “elektriçka”ya oturum. Oturan kimi düz yanımda bayaq məni əzişdirəm həmin yekəpər oğlanı gördüm.

Dedim, qurban olum, nişanlımı yola salırdım, evə gedirəm. Üzümə də baxmadı, elə bil onunla deyildim. Növbəti dayanacaqda düşüb getdi.

2003-cü ilə qədər bu barədə heç kəsə danışmadım. Sonra bunu yazmaq istəyimlə bağlı prezident Heydər Əliyevə müraciət etdim. Müavinlərindən biri ilə danışmışdım. Heydər Əliyev yazmağıma razılıq vermişdi.

Mövlud Süleymanlı bu xatirəsini bizə 2020-ci ilin 31 oktyabrında danışmışdı. İkinci Qarabağ müharibəsinin tam gücü ilə davam etdiyi günlərin birində. Ona görə danışmışdı ki, Azərbaycana, dövlətə çox inanırdı. Azərbaycanın təməlindən bu günə “Köç” romanı təhkiyyəsində danışıb post-müharibə dönəminə qədər gəlmişdi.

Mən isə bu xatirəni həm ona görə yazdım ki, elektron mətbuatda da olsun, həm də ona görə yazdım ki, Mövlud da elə Azərbaycan kimi adam idi. Bir hissəsi Qərbi Azərbaycanın Loru mahalında, bir hissəsi Şərqdə, Xəzər dənizində… Ömrü keşməkeşlərdə arınıb, astanalarda durulub.

“Dəyirman”da üyüdüldü, “Yel Əhmədin bəyliyi”ni gördü, “Köç”dü.
Mövlud Süleymanlı öz ədəbi yolunu öz sözləriylə hördü. Sadəcə bu təriqin yol yox, cığır olmasını istədi. Ədəbiyyat dağının yamacına naxış salan qüdsi cığır.

O qədər qüdsi ki, haqqındakı nekroloqu da tamamlamaq üçün də öz sözü, öz şeiri lazım olur.

Qanadın yorulmasın, məndən sonra uçan quş.
Sağlığa uçasan səni.

Məndən sonra gələn qış, soyuğun sünbülə dönsün.
Gül kimi açasan səni.

Məndən sonra axan su, ruhumdan keç.
Beləcə bütöv, sağlam, duru – Aranımdan, dağımdan keç.
Məndən sonra gedən yol, mən sənə vardım getdim, başa varasan.
Məndən sonra gələn söz, səni aradım getdim, həmişə uca durasan.

Aramızda yalan olmadı.
Biri üzündən aldı, biri tozundan aldı, özündən alan olmadı.
Məndən sonra gələnlər, sağlıqla yaşayın.
Amma bilin ki, doğulan kimi vaxtın oğlu olur adam,
gedəndə də, elə-belə getmir, gedəndə də qalır adam.

Bizimləsən, ustad. Getdiyin yerdə mövludun mübarək. Qaldığın yerdən başla…

Sərdar Amin

 

Bu il Şuşada kinofestival keçiriləcək

Loading

Bu il Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı keçiriləcək.

Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Belə ki, festival oktyabr ayında baş tutacaq.

Festivalın icraçı orqanları Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.