Azərbaycanlı repçi “Xpert”in repi türk serialının növbəti bölümünün soundtreki olub.
“Partizan” bildirir ki, bu barədə repçi sosial şəbəkə hesabında məlumat yayıb. O, bildirib ki, “Dar Dalanda Əcinnələr” treki Türkiyənin “Ayak işleri” serialında bir bölümün rəsmi soundtreki olub.
Qeyd edək ki, “Ayak işleri” artıq üç ildir ki, yayımlanır. Baş rollarını Çağlar Çorumlu və Güvən Muradın oynadığı serial “Gain” platformasında təqdim edilir.
“Partizan” 1993-cü ildə təqdim olunan “Təhminə” filmi haqqında bir neçə maraqlı faktı diqqətinizə çatdırır.
– Film yazıçı “Anar”ın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında lentə alınıb.
– Romanın sonunda qoca Zaurun gözünə yenidən cavan Təhminə görünür. Hamı qocalıb, ancaq Təhminə illər əvvəlki kimi təravətli və həmin donda Zaurun qabağında addımlayır. Yaşlı Zaur nə qədər çalışsa da, ona çata bilmir. Sonda Təhminə bir binanın blokuna girir. Zaur özünü blokun girişinə salır və Təhminən neçənci mərtəbəyə qalxdığına baxır. Təhminə liftin 6-cı düyməsini basır və lift qalxır. Zaur liftə çatıb yenidən çağırır. Lift qayıtdıqda Zaur diqqət edir ki, bina beşmərtəbəldir, nə altıncı mərtəbə var, nə də liftin 6-cı düyməsi.
Bununla da Anar çoxlarının fahişə kimi baxdığı Təhminəni əksər insanlarda olmayan üstün pilləyə qaldırır. Yəni insan beşmərtəbilidrisə, Təhminə bunun altıncı mərtəbəsidir.
Filmdə isə qeyd olunan sonluq yoxdur. Bəlkə də buna görə filmin adı “Beşmərtəbəli evin altıncı mərtəbəsi” deyil.
– Filmdə Təhminə Azərbaycan televiziyası üçün sabahkı proqramı oxuyanda deyir: “Park” bədii filminə baxa bilərsiniz. “Park” filminin rejissoru Rasim Ocaqov, baş rolun ifaçısı isə Fəxrəddin Manafovdur.
– Filmin prodüseri həmin vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi Rəsul Quliyev olub. Film ekranlara çıxanda, yəni 1993-cü ildə isə Rəsul Quliyev artıq Azərbaycan Respublikası Baş nazirinin müavini idi. Elə həmin ilin noyabrında isə o, Azərbaycan Respublikasının Ali sovetinin sədri təyin olunur.
– Filmin sponsoru Bakı Neftayırma Zavodudur. (“Azneftyağı”)
– Maliyyə problemlərinə görə filmin çəkilişləri bir müddət yubanıb.
– “Təhminə” rolunu Xalq artisti Amaliya Pənahova oynamaq istəyib. O, müsahibəsində bu məsələ barədə deyir:
“Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq kino festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz “Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi:
“Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”.
Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Həm də o, səhnələrdə nə vardı axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim.
– Filmdə “Təhminə” rolunda oynayan türk aktrisa Meral Konratı azərbaycanlı aktrisa, Əməkdar artist Nəcibə Hüseynova səsləndirib.
– Meral müsahibələrindən birində qeyd edir ki, film təklifi zamanı o, Azərbaycana gəlmək istəmirmiş. Aktrisa Azərbaycanda oğurlanmaqdan qorxurmuş.
– Əvvəlcə Zaur roluna başqa aktyor çəkilir. Fəxrəddin Manafov isə Spartak rolunu canlandırır. Sonra isə Təhminə rolunun ifaçısı Meral Konrat filmdən imtina edərək İstanbula qayıdır. Aktyor dəyişdirildikdən sonra qayıdır.
– Filmin bəstəkarı Emin Sabitoğludur, amma ekran işində daha çox Şopenin 9-cu noktornundan da istifadə edilib.
– Filmdəki ad günü səhnəsində çəkilənlərdən biri də məhz məşhur bəstəkar Emin Sabitoğludur.
– Filmin nümayişindən sonra bir müddət hər kəs Fəxrəddin Manafov və Meral Konratın sevgili olduğunu düşünür. Buna səbəb isə sovet filminə öyrəşmiş tamaşaçının senzurasız bir filmlə üz-üzə qalması idi. Aktyor və aktrisanın açıq səhnələrdə səmimi oyunu Azərbaycan tamaşaçısını çaşdırmışdı.
– Meral Konrat “Təhminə” rolundan sonra bir çox filmlərdə – “Bahar sevgisi”, “Əlvida”, “Tale”, “Malikanə” kimi ekran işlərində obrazlar canlandırsa da, o karyerasının ən yaxşı və yaddaqalan obrazının “Təhminə” olduğunu deyir.
– Zaurun atası rolunu canlandıran Xalq artisti Həsən Məmmədov xahiş edir ki, filmdə Təhminə ilə bağlı işlətdiyi təhqiramiz sözü dəyişsin. Aktyor deyir ki, istəmirəm, tamaşaçı məndən söyüş eşitsin. Ancaq rejissor Rasim Ocaqov bununla razılaşmır və Həsən Məmmədov Zaur evi tərk edərkən onun arxasında deyir:
“Onda rədd ol! Rədd ol o q*hbənin yanına!”
– Filmə görə Bakıda ev tikilib.
– Əksər səhnələr Bakıda Pavilyonda çəkilib. Digər səhnələr isə Türkiyədə və Rusiyada.
– Fəxrəddin Manafov və Meral Konrat “Təhminə” filmindən təxminən 20 il sonra Zülfiyyə Xanbabayevanın klipinə çəkilib.
“Babək” filmi öz dövrü üçün nəinki Azərbaycan kino arenasında, SSRİ plastında ən böyük büdcəli və meqa kinolayihələrdən idi. Buna görə də əksər sözünü demiş rejissorlar bu layihədə özünü görmək istəyirdilər. Kinoya quruluş vermək isə bir nəfərin taleyinə yazılmışdı.
“Partizan” rejissor, yazıçı, ssenarist Həsən Seyidbəylinin həyatına son qoyan filmin kadrarxasından maraqlı fakt təqdim edir:
Bəli. 1979-cu ildə lentə alınan “Babək” filminin rejissorluğu ilk olaraq Həsən Seyidbəyliyə həvalə olunub. Əsərə quruluş verməyə hazırlaşan rejissor fotoproblardan, kinoproblardan, sınaq çəkilişlərindən sonra dərhal rol bölgüsü aparmağa başlayır.
Bədii Şuranın təsdiqindən sonra filmin çəkilişi ərəfəsində məlum olmayan səbəblərdən “Babək” filmi ondan alınaraq kinorejissor Eldar Quliyevə verilir.
Film üçün mübarizə aparan Həsən Seyidbəyli çəkiliş ərəfəsində səhhəti ilə bağlı xəstəxana şəratində müalicə alır. Müalicə müddəti uzandıqca, sağalacağına gümanı azalan H.Seyidbəyli gözlənilmədən fikrini dəyişir və filmin quruluşçu rejissor işindən könüllü olaraq imtina edir.
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub. Oxumağa davam et Nadir foto tapılıb – 80 il öncə….→
“Partizan” Almaz Cilalının “Kiçik büdcə – böyük film” essesini təqdim edir.
Kino yarandığı gündən ən böyük büdcə tələb edən sənət sahəsi olaraq tanınıb. Həm kollektiv istəyən sənət olması, həm də hərəkətlilik, kütləvilik sərgiləməsi hər gün bu sahənin biznes əsasını bir az da artırır, sözügedən sənətin başında fantastik məbləğlər dolaşır. Təbii ki, filmlərə milyonlarla pul xərcləməyin səbəbi qazancdır. Prodüserlər, şirkətlər adətən filmə qoyduqları pulun bir neçə qatını əldə edir, nəticədə kino dünyanın ən gəlirli sənət sahəsinə çevrilir.
Lakin XX əsrin ortlarından başlayaraq minimalizmin bir estetik cərəyan olaraq sözünü deməsi, bütün sahələrə olduğu kimi kinoya da mühüm təsir göstərdi. Bu gün artıq minimalist filmlər dünya kinosunun səmimi simasına çevrilərək sadiq izləyiciləri ilə baş-başadır.
Minimalizm kino janrı deyil, minimalizm kinonun bir siması formasıdır, hansı ki bu forma üzərindən bütün janrlarda film çəkmək mümkündür. Lakin əsas məqsədi kommersiya oln müəlliflər, təbii ki, bu sahədə qol-qanad aça bilmirlər.
Adından göründüyü kimi, minimalizm bir estetik cərəyan olaraq sadəlikdə gizlənmiş möhtəşimlikləri aşkarlamaqdan ötrü bərqərardır. Minimalizmi ilə bağlı gəlinən yanlış qənaətlərdən biri bu sahənin kasadlıqdan, çarəsizlikdən atılmış addımlar toplusu olması ilə bağlıdır. Əslində isə minimalizm ifrat dəbdəbəyə qarşı baş qaldırmış olduqca sanballı bir cərəyandır. Minimalizmin siması adilik yox, sadəlikdir. Minimalist müəlliflər illərdir dünya tamaşaçısına sübut etməkdədir ki, ifrat dəbdəbə olmadan da yüksək sənət nümunələri yaratmaq mümkündür.
Minimalist film təkcə büdcəsi ilə ölçülmür. Düzdür, bu filmlərin bir qayda olaraq büdcələri aşağı olur, ancaq hər büdcəsi aşağı olan film minimalist sayılmır. Çünki elə bir film ortamı yarana bilər ki, prodüser, rejissor fərdi əlaqələri, heyətin fədakarlığı sayəsində aşağı büdcəli film çəkər, lakin filmin səhnələri əslində tutumlu, bol materiallı, kütləvi ola bilər. Bu o deməkdir ki, film minimalist yox, sadəcə fərdi bacarıqla hasil edilmiş aşağı büdcəli məhsuldur.
Minimalist film müəllifinin yoxdan var etmək bacarığı güclü olmalıdır. Dar sərhədlər, aşağı büdcə, az insan, bər-bəzəkdən xali səhnələr, sadəlik içində vacib mətləblərə toxunmaq, yaxud müəllifin xüsusi bacarığı nəticəsində sırf səhnənin atmosferini xüsusi həssaslıqla ötürmə minimalist filmlərin ümdə göstəriciləridir.
Minimalist rejissorların əlindən tutan ilk amil təbii dekorasiya, mövcud infrasturukturdur. Təbiətdə var olan əsrarəngiz guşələrin gözaltı edilməsi, onların lazımi məqamlarda filmə daşınması, gərəkli infrasturukturu tikdirmək əvəzinə artıq haradasa mövcud binanı, küçəni, qələbəliyi obyektivə cəlb etmək minimalsit film müəlliflərinə vacib olan sənət xüsusiyyətlərindəndir.
Rejissorların, prodüserlərin büdcəsini azaldan amillərdən biri bahalı aktyor-aktrisalardır. Minimalistlər adətən məşhur oyunçulardan qaçır, az tanınan, fədakar, potensialını ifadə etmək istəyən, kölgədə qalan istedadlı aktyor-aktrisalardan istifadə edir. Sırf bu səbəbdən minimalist rejissorlar dünyaya ən çox aktyor-aktrisa qazandıran müəlliflərdəndir.
Kinoda minimalizm adətən müəllif filmlərində diqqət çəkir. Bunun bir neçə səbəbi var:
Müəllif filmlərində adətən orijinal, sınaqdan çıxmamış mövzulara müraciət olunduğundan prodüserlər, şirkətlər bu filmlərə ciddi pul xərcləməyi risk sayır, nəticədə rejissor fərdi prodüsserliyi və fərdi büdcəsi ilə həmin filmi çəkmək barədə düşünür. Nəticədə kütləvi səhnələrdən qaçmaq zorunda qalır.
Müəllif filmləri adətən kommersiya məqsədli olmur. Bu tip filmlər kütləvi zövqə hesablanmadığından kütləvi səhnələrdən iraq qalır.
Minimalist film müəlliflərinə cəsarət, dəstək və yol göstərən kino təriqətlərindən biri “Doq ma-95”dir. Məhz bu hərəkatdan sonra sinəsində kino nəğməsi, film sevgisi olan, lakin avadanlıq çatışmazlığı, büdcə yoxluğu səbəbilə filmini və istedadını üzə çıxara bilməyən yüzlərlə şəxs kinoya gəldi.
Bu gün Azərbaycan üçün də çox keçərli olan bu hərəkatın əsasını məşhur danimarkalı rejissor Lars Von Trier soydaşı və həmkarı Tomas Vinterberqlə birgə qoyub. Trier “Krallıq” filmi üzərində çalışarkən ağlına belə bir ideya gəlir:
“Pulla, xüsusi bahalı avadanlıqlarla yaradılan kino əsl sənət deyil. Rejissor gördüyünü və düşündüyünü çəkməli və bunun üçün bahalı avadanlıqlardan, kompüter qrafikasından istifadə etməli deyil”.
Əslində “Doqma-95” ideyası kinoda “yeni dalğa”nın banilərindən olan fransız rejissor Fransua Trüffonun 1954-cü ildə “Cahiers du cinema” jurnalında dərc olunan bir yazısından doğub.
“Doqma-95”in 10 əsas qaydası var və onların arasında diqqət çəkən müddəalar bunlardır:
“Film kameranın deyil, kamera filmin yanında olmalı, kamera əldə daşınan olmalı, hərəkətli kadrlar zamanı kamera xüsusi relslər, bahalı avadanlıqlar üzərində deyil, əldə, çiyində hərəkət etməli, xüsusi montaj effektləri qadağndır, səs görüntüdən kənarda yazıla bilməz və s.”.
“Doqma-95” əsas ideyası bu idi: film çəkmək istəyirsən? Götür kameranı, çək, bunun üçün sənə xüsusi dəm-dəstgah lazım deyil.
Minimalist kinonun komponentləri “Doqma-95” hərəkatının tələbləri ilə birə-bir uyuşmasa da, əslində bu iki ideya eyni məqama xidmət edir və “Doqma-95” ideyası minimalist filmlərə ən böyük təkan vermiş sənət hərəkatlarındandır.
Minimalist filmlərdə əsas sözü məşhur adlar, dəbdəbə püskürən görüntülər deyil, ideya, situasiya, atmosfer deyir. Məşhur aktyor-aktrisa heyətinə müraciət etmədən kinoda şedevr yaratmağın mümkünlüyünü dünyaya bir daha sübut edən rejissorlardan biri qonşu Türkiyəyə 32 il sonra yenidən “Qızıl palma budağı” (Kann Film Festivalının ali mükafatı) qazandıran Nuri Bilge Ceylandır.
Nuri Bilgə kinoya atasını, anasını, qohumlarını çəkərək gəlib və ilk 3 filminin – “Qoza” (1995), “Qəsəbə” (1997), “May sıxıntısı” (1999) filmlərinin baş qəhrəmanları məhz öz ata-anasıdır. Bunun ardınca çəkdiyi “Uzaq” (2002), “İqlimlər” (2007) filmlərində də yenə baş rollarda bacısı oğlu Mehmet Emin Toprak, həyat yoldaşı Ebru Ceylan və özünü çəkib.
Ən maraqlı məqam budur ki, demək olar ki, heç biri peşəkar aktyor-aktrisa olmayan, əksərinin ilk dəfə çəkildiyi bu heyətlə Ceylan başda Kann olmaqla dünyanın nüfuzlu festivallarında 10-larla mükafat qazanıb.
Bu gün dünya ilə kino dilində danışmağı hələki bacarmamış ölkələrdən olan Azərbaycanda minimalist filmin inkişafı, müəlliflərin bu cərəyana daha çox müraciəti kinomuzun xilası kimi görünür. Sənətin inkişafına ciddi dəstək göstərə biləcək özəl sektorun bu sahəyə hələki ayaq açmaması müəllifləri minimalist filmlər barədə düşündürə bilər.
“Partizan” dünya kinosunun şedevrlərini təqdim edir. Ən yaxşı 50 filmlik siyahını Partizan.az üçün kinoşünas Sevda Sultanova hazırlayıb.
Təqdim etdiyimiz siyahıya dünya kinematoqrafiyasında yeni kinodili yaradan, fərqli dramaturji yanaşma, rakurs, rəng həlli gətirən, montaj eksperimentləri edən, bir sözlə, kino sənətinin imkanlarını kəşf edən rejissorların filmləri salınıb. Siyahıda yalnız 50 film nəzərdə tutduğumuzdan, digər dahiyanə ekran əsərləri burda yer almayıb.
“Partizan” TV11-in “Bu adam” verilişini təqdim edir.
Həsənağa Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub.
1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adına layiq görülür. 1987–2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Məktəb illərində Solmaz adlı qızı sevir, sonralar bu sevgi daha da güclənir. Lakin, Turabovun həm aktyor, həm də bakılı olması bu sevdaya mane olur. Qızın əslən şuşalı və Qasım bəy Zakirin nəticəsi olan anasının Turabov xoşuna gəlmir.
Bu il Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı keçiriləcək.
Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Belə ki, festival oktyabr ayında baş tutacaq.
Festivalın icraçı orqanları Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Senzura əksər sovet filmlərimizin koloritini məhv etsə də, bəzi məqamlarda rejissorların yaratdığı və senzuradan keçirdiyi səhnələr bu gün təəccüb doğurur.
“Partizan” Azərbaycan kino tarixinin uğurlu ekran əsərlərindən sayılan “Yeddi oğul istərəm” filmi haqqında 15 nadir fakt təqdim edir:
1. Səməd Vurğunun “Komsomol” poeması əsasında çəkilən “Yeddi oğul istərəm” filminin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissoru Tofiq Tağızadədir. Filmi Kamil Rüstəmbəyov çəkməli idi. Bu filmə qədər o, “Aygün”, “Dağlarda döyüş” filmləri ilə şöhrətlənmişdi. Aktyorlar rollara təsdiq edildikdən sonra filmin çəkilişləri Tofiq Tağızadəyə tapşırılır. Səbəb olaraq deyirlər ki, film komsomolun 50 illiyinə həsr olunub, Kamil isə bəy oğludur. Kamil Rüstəmbəyov bu vəziyyətdən incisə də, 1 il sonra elə həmin aktyorların bir çoxunun iştirakı ilə “Axırıncı aşırım” filmində öz ustalığını bir daha nümayiş etdirir.
2. Filmdə Gəray bəy roluna çəkilən aktyoru – yəni, Həsənağa Turabovu dəyişmək istəyiblər, lakin filmin rəhbəri Adil İsgəndərov buna imkan verməyib.
3. Filmdə çəkiliş üçün istifadə olunan hər ata 50 manat qonorar verilirmiş. Yayın istisində aktyorlar dincəlmək üçün qayaların üzərinə uzanırdılar. Filmin direktoru Davud Zöhrabov rejissora deyib ki, “atlar günün altında qalıb, onlara tövlə düzəltmək lazımdır”. Müqayisə üçün deyək ki, gündəlik çəkilişlər üçün aktyorlara 25 manat ödənirdi. Bu reallığı görən kütləvi səhnə aktyorlarından biri Eldəniz Zeynalov rejissora yanaşıb deyir: “Xahiş edirəm, məni kinoda at ştatında yaz”.
4. Mirpaşa rolunun ifaçısı Elçin Məmmədovun filmdə ilk aktyor işi “Yeddi oğul istərəm” filmi ilə bağlıdır. Bu rola xalq artisti Eldəniz Zeynalov dəvət olunur. Ancaq o, at çapmaqdan imtina etdiyinə görə rol ona verilmir, rejissor Elçin Məmmədovun üzərində dayanmalı olur.
5. “Yeddi oğul istərəm” filminə çəkiləndən sonra Qazaxın yaşlı insanları aşıq Ədalətdə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:
– Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan…
Maraqlı odur ki, bu sözlərdən sonra Ədalət israrla onları inandırmağa çalışır:
– Bir olan Allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.
6. Filmdə Kələntər rolunu oyanayan İsmayıl Osmanlı bu rolu möhtəşəm ifa edib. Lakin bu rol aktyorun illərlə damla-damla qazandığı tamaşaçı sevgisinin nifrətə dönməsinə səbəb olub. Həmişə mülayim, xoş niyyətli insan obrazları ilə sevilən İsmayıl Osmanlını öz əlində böyütdüyü bəy oğlu Cəlalı amansızcasına öldürən satqın qoca rolunda görməyi tamaşaçılar qəbul etməyiblər. Hətta bir dəfə bu filmdən sonra küçədə onun üzünə tüpürüb söyüblər də. İsmayıl Osmanlı efirdə çox peşman olduğunu, utandığından küçəyə çıxa bilmədiyini səsləndirir.
7. Filmdə Cəlal rolunun ifaçısı Ənvər Həsənov İsmayıl Osmanlıya şillə vurmalıydı. Gənc aktyor dəflərlə cəhd etsə də, utandığından ağsaqqalı vura bilmir. Sonda İsmayıl Osmanlı təkid edir ki, bərk vursun, Ənvər Həsənovun vurduğu şillə o qədər möhkəm olur ki, aktyorun bir dişi düşür. Çəkiliş boyu Ənvər Həsənov aktyor yoldaşlarından xahiş edərək, sonda rejissora müraciət edirlər. Aktyor böyüyə əl qaldırmağın həm özünə, həm də obraza yaraşmadığını əsas gətirərək həmin kadrın filmdən çıxarılmasına nail olur.
8. Şahsuvar əlində səməni ilə otağa daxil olmalıydı, lakin səməni qoymaq yaddan çıxıbmış. O da həyətdəki çəmənlikdən bellə qazıb çıxarıb, otu qayçılayıb, səliqəyə salır və beləcə səməni düzəldir.
9. Filmin baş qəhrəmanı rolunu oynayan Həsən Məmmədov çəkiliş zamanı at sürərkən yıxılır və ayağının birini qırır. Bununla belə aktyor oyununa davam edir, heç kim də filmdə bu səhnəni sezə bilmir.
10. Çəkiliş zamanı Qasım rolunun ifaçısı Əbdül Mahmudov da ağır yaralanır, qabırğaları sınır. Buna baxmayaraq, o belində gipslə roluna davam edir.
11. Qəbiristanlıqda döyüş səhnəsində Aktyorlara 7 metrdən az olmamaq şərtilə gülləsiz atəş açmağa icazə verilirdi. Təhlükəli səhnələrdən birində kütləvi səhnələri ifa edən aktyorlardan biri gözünü itirib.
12. Filmdə kaskadyorlardan az istifadə edilib, aktyorlar bütün təhlükəli səhnələri özləri oynayıblar. Cəlal atın belində qolubağlı vəziyyətdə aparılarkən at kərtənkələdən ürküb və qaçıb. Ənvər Həsənovun qolu bağlı olduğuna görə atı idarə edə bilməyib, at uçurumun kənarına çatarkən onu ölümdən filmin işıqçısı xilas edib. Bu səhnə yenidən təkrar çəkilməyib, Tağızadə aktyor üçün möhkəm qorxub.
13. Bəxtiyarın Humayı döydüyü səhnənin çəkilişi zamanı at belində kənarda dayanıb səhnəni izləyən Şahsuvar (aktyor Rafiq Əzimov) deyib ki, “Tofiq müəllim, axı bu kişilikdən deyil, bir kişi günahsız qızı döyür, biz də durub baxırıq”. Bundan sonra ona Bəxtiyarı dayandırmaq həvalə edilib. Rafiq Əzimov Bəxtiyara yaxınlaşır, onun atının qabağına atılır ki, qamçısını əlindən alsın, bu vaxt atın dişi Rafiq Əzimovun başını yaralayır.
14. Filmin ekranlara çıxmasından xeyli sonra, yəni 80-ci illərdə Gəray bəy rolunun ifaçısı Həsənağa Turabov mebel mağazasına girib ki, evinə mebel alsın. Mebel mağazasının satıcısı və müdiri olan adam ona qəribə və uzun-uzadı baxandan sonra soruşub: “Sən Gəray bəy deyilsən?”.
Həsənağa Turabov o rolun ifaçısı olduğunu deyib. Dükan sahibi heç gözlənilmədən ayağa qalxıb, onun üstünə gəlib, qolundan yapışıb mağazadan çıxarıb. “Çıx get burdan, məndə sənə satılası mal yoxdur”. Mağazadan çıxandan sonra satıcının qardaşı Həsənağa Turabova yaxınlaşıb, üzr istəyərək belə deyib: “Qardaşım bu filmə baxandan sonra möhkəm əsəb keçirdi, uzun müddət müalicə aldı. Sizin şəklinizi, üzünüzü efirdə görəndə qəzəblənir, odur ki, illərdir biz onun yanında televizor açmırıq onun yanında”.
15. Filmin montaj işi başa çatdıqdan sonra hər kəs toplanıb diqqətlə izləyir, əyər-əskikləri qeyd edirmiş. Gözündə çəplik olan bir əməkdaş bildirir ki, atışma səhnəsi gedərkən çox uzaqdan bir avtomobil keçib və o, kadrda görünüb. Onun dediyinin həqiqət olduğunu görən Tofiq Tağızadə zarafatla deyir: “Sənin gözün hələ çəpdir belə görürsən, düz olsa, filmi təzədən çəkməli olacaqdıq”.