“Partizan” İlhamə Kədərin “Zimhəri” romanından növbəti parçanı təqdim edir…
***
Başladığı kimi qəflətən sakitləşən atışmadan iki ay keçib, məktəblər yenidən açıldığından “rabitə komissarı” da yoldaşları kimi təhsilinə davam edirdi. “Davam edirdi” deyəndə, özü məktəbdə, fikri, xəyalı o qanlı gündə gördüyü gənc zabitin əsəbi üzünü bir anda işıqlandıran təbəssümündə idi.Dərslər bitər-bitməz evə tələsirdi, otağında gizlətdiyi mundiri çıxarıb uzun uzadı tamaşa etmək üçün.Başqa vaxt olsa bu meyidə dəyən paltarı həyətin aşağısından axan çayda, daşa döyə-döyə yuyub, salavatlayardı,indi isə qoxusu getməsin deyə onu plotein paketə qoyub ağzını bərk bağlamışdı.Hələ adını qoya bilmədiyi qarışıq duyğular onu gözəgörünməz bir bağla birləşdirmişdi bu qan və barıt qoxulu mundirə.
***. ***”
Bir gün səhər əl-üzünü yuyanda anası yaxınlaşıb astadan :
-Sabahın xeyir, Qarışqa-dedi(ona evdə belə deyirdilər, dayısı mahnı da qoşmuşdu ona
Qarışqa qar-qar eylər,
Əl-ayağını çevikliyindən)
Ovcundakı suyu üzünə vurub güzgüdən anasına baxdı:-Sabahın xeyir, ana, nəsə bir cürsən, noolub?
-Pis olma ha, qadası, Əhmədov rəhmətə gedib.
-Ana, heç atəş səsi eşitməmişəm, elə bərk yatmışam ki?
-Yox, vurulmayıb, qar uçqununa düşüb,.
Qar uçqunu həmin qayaarası yolda olurdu, onun leytenantla qarşılaşdığı yerdə. Görəsən indi o hardadı, sağdımı, məni xatırlayırmı?” Beyninin içində bir yığın sual anasının hazırladığı buterbroddan təzəcə dişləmişdi ki, atası otaqdan çıxıb:-Yenə umvalnikin yanında zavtrak edirsən, adam kimi niyə oturub yemirsən?-dedi, sonra onun uzun hörüklərini oxşayıb əlavə etdi:-Bax, quzu,daha “vaennilik” qurtardı, bilirəm, hələ müharibənin havasından çıxmamısan, amma şükür Allaha, sakitçilikdir dərslərinə bağlan, istəsən lap tədris ilinin sonu” Naxçıvanski”yə yazıl, amma məndən olsa onbiri oxu.
Atasını dinləsə də öz dünyasındaydı, elə həmin dünyadan da dilləndi:-Ata,Əhmədovun yerinə kim gələcək?
Kişi başını arxaya atıb məzəmmətlə güldü:-Bir quranlıq söz dedim axı.
-Soruşuram da, ata.
-Sən tanımazsan, bircə dəfə iyunda, əlavə canlı qüvvənin üstündə gəlmişdi, çirkin uşaqdı, ayın otuz biri xəritəni götürməyə gələcək.Mən təhvil-təslimə gedirəm, başımı qatma.
O iyun günündə keçirdiyi qəribə hislər bir anda yenidən tüğyan etdi ürəyində, otağına qaçıb mundiri qucaqladı, sonra qələmi götürüb stolun üstündəki rəsm dəyərinin bir küncünə əlləri əsə-əsə “ayın otuz biri leytenant gələcək”yazdı.
*****
Yanvarın otuz biri səhəri dirigözlü açıb gözləyirdi, bilirdi ki,o böyük qarşılaşma burda, koordinatları və xəritələri işlədiyi yerdə olacaq.Bütün kağızları, bəlkə yüz dəfə keçəri qələmlə izləyib, vaxtın öldürürdü.Qapının taqqıltısı ürəyinin guppultusuna qarışanda ayağa durdu.Gözlərini yumub dərindən nəfəs alaraq:
-Buyurun-deyəndə səsinin titrədiyini özü də hiss elədi.Qapı yavaşca açıldı, içəri dolan tanış qoxudan kimin gəldiyi məlum idi.Leytenant bir əli qapının dəstəyində ,heykəl kimi quruyub baxırdı.
Ortalığa çökən müdhiş sükutdan baxışları söhbətləşdi:-Yenə sən?
Özüdür ki,var, həm də səni gözləyirdiim.
-Bəs niyə təəccübləndin?
-Təəccüblənmədim, sevindim.
-Mən də çox sevindim, burda olacağını bilməzdim.
-Yoldaş leytenant ,cənab mayor sizi çağırır.
Çavuşun səsi “söhbətlərini”kəsdi.
Leytenant qapının dəstəyindən qopub masaya yaxınlaşdı:
-Xəritəni…götürməyə…gəlmişəm.-deyib kağızları götürəndə təkcə əlləri yox dodaqları da əsirdi-Siz..mən..keçən dəfə xətrinizə dəydim..gərginlikdən..bağışlamısız? Nə çox kitabınız var, kitab oxumağı sevirsiz?Mən də çox sevirəm.
-Siz ən çox kimi oxuyursuz?
-Bu..bunu-kitabı gümanaşək götürdüyü hər halından bilinirdi-olar bunu götürüm, oxuyub qaytaracam?
-Siz Məmməd Səid Ordubadini oxuyursuz?
-Yox, Qılınc və qələm..hə Məmməd Səid.Bağışlayın, çaşdım.
-Götürün, amma qaytararsız, tarix müəllimimin hədiyyəsidir.
-Oldu, baş üstə mütləq qaytaracam, çox sağ olun.
Bir iki addım atıb geri qayıtdı:-Xəritəyə görə də sağ olun.
-Sizi mayor gözləyir.
-Hə,mayor..
Mərdimazar mayor çağırmasaydı,belə tez getməzdi, oturub xəritələri incələyərdik, olsun,bundan sonra çox qarşılaşacağıq- deyə özünə təsəlli verdi.
**** ***
“Qılınc və qələm” bir həftə sonra qayıtdı.Barıt qarışıq “silver” qoxusuyla bərabər.Həmin gün başlarının hərəkətiylə salamlaşıb baxışlarıyla söhbətləşdilər.
Leytenant çıxan kimi kitabı götürüb vərəqlədi:”Aman,Allah,mürtət oğlu kitabı nə günə qoyub?!” Birinci səhifə bir neçə dəfə yazılıb qaralanmışdı.Növbəti səhifədəki yazı aydın oxunurdu: “Səni yenidən görmək üçün başqa bəhanə yoxdur.”
Digərində “İyunun üçündən özümə gələ bilmirəm” Demək olar ki, bütün səhifələr bu cür qısa yazılarla qaralanmışdı, arxa vərəqlərdə isə əməlli başlı beytlər var idi:
“Şəhla gözünün həsrətini çəkmək ayrı dərd,
Fəryad edərəm zülfü-pərişanın əlindən”
Bu beyt yetərliyi adını tapmadığı duyğuların ilk məhəbbət olduğunu anlamağa.Saf, müqəddəs, qarşılıqlı məhəbbət.
***. *****
Hər həftənin üçüncü günü qarşılaşırdılar.(Hərbiçilər bu günə “çörək günü” deyərdi, həmin gün gizir ya da çavuş bir neçə əsgərlə rotaya düşüb postun həftəlik ərzaq payını götürürdü.)
Hər çörək günü leytenant özü gəlirdi, hər gələndə səhifələrini keçəri qələmlə yazdığı kitabı stolun üstünə qoyub yenisini götürürdü.Bəzən dəqiqələrlə tək qalmaq imkanları olurdu, amma heç biri bir kəlmə də danışmırdı, elə bil sehrli bir əl bağlamışdı ağızlarını.Salamları da səssiz idi, sağolları da.
Rabitə komissarının səssizliyi hamını narahat edirdi, valideynləri onu tətilə göndərmək istəyəndə etiraz etməyi bu narahatçılığı daha da artırdı.Hamı onun sonuncu atışmanın təsirinə düşdüyünü fikirləşir, çeşidli çarələr axtarırdılar.
Doğrudur, o həmin günün təsirindəydi, amma düşündükləri kimi yox.
Onun üçün səhifəsi əyri-üyrü, çoxlu hərf səhvi olan kitablardan və qarışıq qoxulu mundirdən qiymətli heç nə yox idi.Hə, bir də həftənin ən əziz günü var idi – çörək günü.
***
Ardı var…