Atasını, anasını, arvadını çəkərək Kann festivalını qazanan rejissor – Ceylandan minimalist film dərsi

Loading

“Partizan” Almaz Cilalının “Kiçik büdcə – böyük film” essesini təqdim edir.

Kino yarandığı gündən ən böyük büdcə tələb edən sənət sahəsi olaraq tanınıb. Həm kollektiv istəyən sənət olması, həm də hərəkətlilik, kütləvilik sərgiləməsi hər gün bu sahənin biznes əsasını bir az da artırır, sözügedən sənətin başında fantastik məbləğlər dolaşır. Təbii ki, filmlərə milyonlarla pul xərcləməyin səbəbi qazancdır. Prodüserlər, şirkətlər adətən filmə qoyduqları pulun bir neçə qatını əldə edir, nəticədə kino dünyanın ən gəlirli sənət sahəsinə çevrilir.

Lakin XX əsrin ortlarından başlayaraq minimalizmin bir estetik cərəyan olaraq sözünü deməsi, bütün sahələrə olduğu kimi kinoya da mühüm təsir göstərdi. Bu gün artıq minimalist filmlər dünya kinosunun səmimi simasına çevrilərək sadiq izləyiciləri ilə baş-başadır.

Minimalizm kino janrı deyil, minimalizm kinonun bir siması formasıdır, hansı ki bu forma üzərindən bütün janrlarda film çəkmək mümkündür. Lakin əsas məqsədi kommersiya oln müəlliflər, təbii ki, bu sahədə qol-qanad aça bilmirlər.

Adından göründüyü kimi, minimalizm bir estetik cərəyan olaraq sadəlikdə gizlənmiş möhtəşimlikləri aşkarlamaqdan ötrü bərqərardır. Minimalizmi ilə bağlı gəlinən yanlış qənaətlərdən biri bu sahənin kasadlıqdan, çarəsizlikdən atılmış addımlar toplusu olması ilə bağlıdır. Əslində isə minimalizm ifrat dəbdəbəyə qarşı baş qaldırmış olduqca sanballı bir cərəyandır. Minimalizmin siması adilik yox, sadəlikdir. Minimalist müəlliflər illərdir dünya tamaşaçısına sübut etməkdədir ki, ifrat dəbdəbə olmadan da yüksək sənət nümunələri yaratmaq mümkündür.

Minimalist film təkcə büdcəsi ilə ölçülmür. Düzdür, bu filmlərin bir qayda olaraq büdcələri aşağı olur, ancaq hər büdcəsi aşağı olan film minimalist sayılmır. Çünki elə bir film ortamı yarana bilər ki, prodüser, rejissor fərdi əlaqələri, heyətin fədakarlığı sayəsində aşağı büdcəli film çəkər, lakin filmin səhnələri əslində tutumlu, bol materiallı, kütləvi ola bilər. Bu o deməkdir ki, film minimalist yox, sadəcə fərdi bacarıqla hasil edilmiş aşağı büdcəli məhsuldur.

Minimalist film müəllifinin yoxdan var etmək bacarığı güclü olmalıdır. Dar sərhədlər, aşağı büdcə, az insan, bər-bəzəkdən xali səhnələr, sadəlik içində vacib mətləblərə toxunmaq, yaxud müəllifin xüsusi bacarığı nəticəsində sırf səhnənin atmosferini xüsusi həssaslıqla ötürmə minimalist filmlərin ümdə göstəriciləridir.

Minimalist rejissorların əlindən tutan ilk amil təbii dekorasiya, mövcud infrasturukturdur. Təbiətdə var olan əsrarəngiz guşələrin gözaltı edilməsi, onların lazımi məqamlarda filmə daşınması, gərəkli infrasturukturu tikdirmək əvəzinə artıq haradasa mövcud binanı, küçəni, qələbəliyi obyektivə cəlb etmək minimalsit film müəlliflərinə vacib olan sənət xüsusiyyətlərindəndir.

Rejissorların, prodüserlərin büdcəsini azaldan amillərdən biri bahalı aktyor-aktrisalardır. Minimalistlər adətən məşhur oyunçulardan qaçır, az tanınan, fədakar, potensialını ifadə etmək istəyən, kölgədə qalan istedadlı aktyor-aktrisalardan istifadə edir. Sırf bu səbəbdən minimalist rejissorlar dünyaya ən çox aktyor-aktrisa qazandıran müəlliflərdəndir.

Kinoda minimalizm adətən müəllif filmlərində diqqət çəkir. Bunun bir neçə səbəbi var:

  1. Müəllif filmlərində adətən orijinal, sınaqdan çıxmamış mövzulara müraciət olunduğundan prodüserlər, şirkətlər bu filmlərə ciddi pul xərcləməyi risk sayır, nəticədə rejissor fərdi prodüsserliyi və fərdi büdcəsi ilə həmin filmi çəkmək barədə düşünür. Nəticədə kütləvi səhnələrdən qaçmaq zorunda qalır.
  2. Müəllif filmləri adətən kommersiya məqsədli olmur. Bu tip filmlər kütləvi zövqə hesablanmadığından kütləvi səhnələrdən iraq qalır.

Minimalist film müəlliflərinə cəsarət, dəstək və yol göstərən kino təriqətlərindən biri “Doq ma-95”dir. Məhz bu hərəkatdan sonra sinəsində kino nəğməsi, film sevgisi olan, lakin avadanlıq çatışmazlığı, büdcə yoxluğu səbəbilə filmini və istedadını üzə çıxara bilməyən yüzlərlə şəxs kinoya gəldi.

Bu gün Azərbaycan üçün də çox keçərli olan bu hərəkatın əsasını məşhur danimarkalı rejissor Lars Von Trier soydaşı və həmkarı Tomas Vinterberqlə birgə qoyub. Trier “Krallıq” filmi üzərində çalışarkən ağlına belə bir ideya gəlir:

“Pulla, xüsusi bahalı avadanlıqlarla yaradılan kino əsl sənət deyil. Rejissor gördüyünü və düşündüyünü çəkməli və bunun üçün bahalı avadanlıqlardan, kompüter qrafikasından istifadə etməli deyil”.

Əslində “Doqma-95” ideyası kinoda “yeni dalğa”nın banilərindən olan fransız rejissor Fransua Trüffonun 1954-cü ildə “Cahiers du cinema” jurnalında dərc olunan bir yazısından doğub.

“Doqma-95”in 10 əsas qaydası var və onların arasında diqqət çəkən müddəalar bunlardır:

“Film kameranın deyil, kamera filmin yanında olmalı, kamera əldə daşınan olmalı, hərəkətli kadrlar zamanı kamera xüsusi relslər, bahalı avadanlıqlar üzərində deyil, əldə, çiyində hərəkət etməli, xüsusi montaj effektləri qadağndır, səs görüntüdən kənarda yazıla bilməz və s.”.

“Doqma-95” əsas ideyası bu idi: film çəkmək istəyirsən? Götür kameranı, çək, bunun üçün sənə xüsusi dəm-dəstgah lazım deyil.

Minimalist kinonun komponentləri “Doqma-95” hərəkatının tələbləri ilə birə-bir uyuşmasa da, əslində bu iki ideya eyni məqama xidmət edir və “Doqma-95” ideyası minimalist filmlərə ən böyük təkan vermiş sənət hərəkatlarındandır.

Minimalist filmlərdə əsas sözü məşhur adlar, dəbdəbə püskürən görüntülər deyil, ideya, situasiya, atmosfer deyir. Məşhur aktyor-aktrisa heyətinə müraciət etmədən kinoda şedevr yaratmağın mümkünlüyünü dünyaya bir daha sübut edən rejissorlardan biri qonşu Türkiyəyə 32 il sonra yenidən “Qızıl palma budağı” (Kann Film Festivalının ali mükafatı) qazandıran Nuri Bilge Ceylandır.

Nuri Bilgə kinoya atasını, anasını, qohumlarını çəkərək gəlib və ilk 3 filminin – “Qoza” (1995), “Qəsəbə” (1997), “May sıxıntısı” (1999) filmlərinin baş qəhrəmanları məhz öz ata-anasıdır. Bunun ardınca çəkdiyi “Uzaq” (2002), “İqlimlər” (2007) filmlərində də yenə baş rollarda bacısı oğlu Mehmet Emin Toprak, həyat yoldaşı Ebru Ceylan və özünü çəkib.

Ən maraqlı məqam budur ki, demək olar ki, heç biri peşəkar aktyor-aktrisa olmayan, əksərinin ilk dəfə çəkildiyi bu heyətlə Ceylan başda Kann olmaqla dünyanın nüfuzlu festivallarında 10-larla mükafat qazanıb.

Bu gün dünya ilə kino dilində danışmağı hələki bacarmamış ölkələrdən olan Azərbaycanda minimalist filmin inkişafı, müəlliflərin bu cərəyana daha çox müraciəti kinomuzun xilası kimi görünür. Sənətin inkişafına ciddi dəstək göstərə biləcək özəl sektorun bu sahəyə hələki ayaq açmaması müəllifləri minimalist filmlər barədə düşündürə bilər.