“Partizan” Rəvan Cavidin Məmməd Əmin Rəsulzadənin məzarından hazırladığı reportajı təqdim edir.
Sürət qatarının pəncərəsindən bir göz qırpımında arxada qalan şəhər mənzərəsinə baxa-baxa soruşdu:
– Ankaraya niyə gedirsən?
– Rəsulzadənin məzarını ziyarət etməyə.
– Sizin üçün önəmli biridir yəqin…
– Belə deyim də, sizin üçün Atatürk kimdirsə, bizim üçün də Rəsulzadə odur.
– Azərbaycanı xilas edən adam…
– Yox, Azərbaycanı quran adam!
– Azərbaycanı quran… Atatürk kimi onun da nitqini sizə əzbərlədirlər?
– Yox, əzbərlətmirlər. Amma nitqindəki bir cümlə var ki, hamı əzbər bilir.
– Hansı cümlə?
***
“Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən…”
Ankara. Cebeci Asrı məzarlığı. Saysız-hesabsız ağ daşlara səpələnmiş soyadlar içərisində onun bayraqlarla bəzənmiş hündür qəbir abidəsini asanlıqla seçirəm. Səpələnmiş ölümlər arasında Rəsulzadənin məzarı yaşayan bir ideologiyanın yaşayan sahibləri üçün and yeridir. Sadədən sadə qəbirdaşı, sadədən sadə məzar abidəsi. Başının üstündə də, yanlarında da üçrəngli bayraq.
Məzarın yanına çatanda əsgər duruşu – fərəqət vəziyyəti alıram. Bu məndən biixtiyar baş verir. Dodaqlarım arasında memarı olduğu Azərbaycanın dövlət himnini pıçıldayıram. Bir millətdən xalq, bir əyalətdən dövlət quran öndərin qarşısında, mərmərindən əsalət yağan müqəddəs məzarın yanında başqa nə cür dayanmaq lazımdır, bilmirəm. Mən ilk dəfədir, bir məzara soyuq mərmər parçası kimi baxa bilmirəm.
Türkiyədə onu çox adam tanımır. Həmsöhbətlərimə şərqə demokratiyanı ilk dəfə onun gətirdiyini, qadına seçki hüququnu onun tanıdığını, çox partiyalı məclisi onun təsis etdiyini deyəndə hamısı (tanımayanlar) bircə sual verir: “Atatürkdən də qabaq?”
Hə, Atatürkdən də qabaq. Və Atatürkün xilas etdiyi ölkəni bizə vətən edən də Rəsulzadənin istiqlaliyyət qoxuyan məzarıdır. Cümhuriyyəti quranların məzarlarının fərqli ölkələrdə olması, o ölkələrdə kiçik bir Azərbaycanın da olduğunu yadımıza salır. O məzarlar cümhuriyyət səfirlikləridir.
Məzarlığın bələdçiləri Rəsulzadənin qəbri üstünə niyə ancaq gənclərin gəldiyini soruşanda nə cavab verim bilmədim. Bəlkə də bu da tale məsələsi idi. Qurduğu cümhuriyyət də tarixin yaddaşında gənc demokratiyanın şərqdə gənc ünvanı kimi qaldı.
“…orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə…”
Dörd sütun, bir günbəzdən qurulmuş, evi xatırladan abidənin sağ tərəfində “Bir kərə yüksələn bayraq bir daha enməz!”, sol tərəfində isə “İnsanlara hürriyət, millətlərə istiqlal!”, içərisində günbəzi saxlayan beton tirə isə bir daha “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarları Türkiyə türkcəsi ilə həkk olunub. Nidaların altında isə Rəsulzadənin adının akronimi (MƏR) yazılıb. Qəbir daşının üzərində canlı, ətri getməmiş güllər, həqiqətən, məzarın tez-tez ziyarət olunduğuna nişan verirdi.
Abidənin hazırkı dekonstruksiyasının açılışı 2008-ci il mayın 28-i olub. Açılış lentini o vax Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov və Müsavat Partiyasının başqanı İsa Qəmbər kəsib. Layihənin rəhbəri isə Azərbaycan Kültür Dərnəyinin baş katibi Tuncer Kırhandır. Qəbir daşının önündə qara mərmər müstəvidə yazılıb:
“Cümhuriyyətimiz milli və demokratik dövlətçilik zəmnində müasirliyə əsaslanmışdır. Bu nöqtəyi-nəzərdən tarixdəki ilk türk cümhuriyyətidir.
Məmməd Əmin Rəsulzadə”
Türkiyə və Azərbaycan bayraqları həm abidənin önündə, həm də yanlarında bir-birinə sıra verərək düzülüb. Ankarada “28 Mayıs” küçəsi də elə bu məzardan başlayır. Tarixdəki müstəqilliyimizin Rəsulzadədən başladığı kimi.
“…candan salamlar göndərir…”
Məzarın yanında tanımadığım bir çox adamın qəbirləri var idi. Mən bilmirəm, onları dəfn edən adamlar kimin məzarı yanında atalarını, əqrabalarını dəfn etdiklərini biliblərmi? Əgər biliblərsə, yəqin ki, bu onlar üçün fəxarət idi. Rəsulzadənin məzarında elə bir nur var ki, yanına səpələnmiş adamların məzarları da şıq görünür. O elə bir məzar daşıdır ki, qəbiristanlığın bələdçisindən soruşanda üzü gülür, gözü parıldayır. “Niyə bura ancaq tələbələr gəlir?” sualını verəndə üzülür. Əli ilə qibləni göstərən kimi dik dayanıb ayaqlarını cütləşdirir. Adam oradaca sonuncu dəfə günəşə baxıb yanındakı boş torpağa uzanıb göylərə qarışmaq istəyir.
“…28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir…”
Ankaraya yola düşəndə sürət qatarında elə mənim yaşda bir xanım tələbəyə Rəsulzadənin həyatını, fəaliyyətini, keçirdiyi günləri həvəslə danışdım. O suallar verirdi, mən bilgimin yetdiyi qədər məlumat. O soruşurdu, mən cavab verməkdən doymurdum. Altı saatlıq yol Rəsulzadənin adına xidmət etdi. Sual-cavabımızın sonunda beləcə də dedi:
– Yəqin Rəsulzadəyə görə azərbaycanlı olduğunuz üçün fəxr edirsiniz!
Elə idi. Bizim tarixi böyük göstərən, məncə, ərazisindəki imperiyalar, qanlı müharibələr, mədəniyyət amilləri deyildi, bizim tariximiz məhz 1918-ci ildən sonra böyüməyə, özünə milli şəxsiyyət vəsiqəsi qazanmağa başladı. O şəxsiyyət vəsiqəsinin altında isə qeyd-şərtsiz Rəsulzadə imzası var idi.
“…və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm:…”
Məzarlığın mollası, axundu yox idi biz ora gedəndə. Tək-tük qohumlarını ziyarətə gəlmiş adamlardan başqa heç kim gözə dəymirdi. Mənə bələdçiliyi Ankarada təhsil alan Narıngül edirdi. Rəsulzadəyə aparan cığırları keçdikcə məzar daşının və abidənin baxımsızlığından şikayətlənirdi. Getdim, çatdım, gördüm. Bəzi yerləri qopmağa hazır idi. Bayraqların bir neçəsi solğunlaşmışdı. İkimiz də bir-birimizə söz verdik ki, növbəti gəlişimizdə bayraqları da dəyişək, qopmaqda olan mərmərləri də yapışdıraq. Bu məzar Azərbaycana bərabər məkandı. Azərbaycan bu məzardan başlayır. Və əlbəttə, Azərbaycanı bizlər qorumalı idik.
İki saata yaxın məzarlığı gəzdik. Ayrılanda Rəsulzadəyə baş əydik. Günəş düz məzarın solunda, bayrağımızın arxasında ona bələdçilik edirdi. Buludlardan arxada bir dünya varsa və Rəsulzadə bizi görürdüsə, əminəm ki, o da bu məzarı ziyarət etməyə gələnlər üçün gülümsəyirdi.
“Partizan” bir neçə gün öncə Tehran, Təbriz, Urmiya və digər şəhərlərə səyahət edən Arzu Rzasoyun reportajını təqdim edir:
7 oktyabr. Tehran hava limanı
Hava limanında ilk olaraq valyuta dəyişmə məntəqəsinə yaxınlaşdım, lakin cümə günü olduğundan əskinasları qalmamışdı. Bunun məni gözləyən əsas problemin bir xəbərçisi olduğunu düşünsəm də, nikbinliklə metroya doğru getdim. Eybi yox, valyuta dəyişməyin bir yolunu taparam deyə hava limanından ayrıldım.
Quru sərhədlərdə gördüyümüz pul dəyişən dəllallar da olmadığı üçün metro işçisinin “bir az gözlə, səni göndərməyin bir yolunu taparıq” deməsindən sonra 1 saat gələcək qatarı gözləməyə başladım.
Bir neçə dəqiqə sonra metro işçisi Bakıdan gələn Şirxan adlı həkimi yanıma gətirərək bizi tanış etdi. Şirxan həkimlə valyuta dəyişdikdən sonra metro bileti aldıq. Müasir metro qatarı ilə şəhər mərkəzinə doğru yola düşərkən çox üşüdüm. Kondisioner axşam saatları olsa da, söndürülməmişdi və qatar çox soyuq idi. Amma nə bilərdim ki, sabah metronun bu soyuq havası mənim üçün təmiz oksigen əvəzi olacaq. İmam Xomeyni metrosuna çatdıqdan sonra həkimlə yollarımız ayrıldı və qalacağım hostelə getdim
8 oktyabr 2022 . Tehran – İmam Xomeyni meydanı
Səhər tezdən ilk olaraq muzeyə çevrilən ABŞ-ın Tehrandakı keçmiş səfirlik binasına getdim. 4 noyabr 1979-cu ildə iranlı tələbə fəallar səfirlik binasına basqın edərək işçiləri girov götürüb.
ABŞ və İran arasında diplomatik böhrana səbəb olan bu hadisə nəticəsində səfirlik binası 1 ildən çox radikal gənc fəalların işğalında qalıb. Hazırda böyük səfirlik binasının yalnız 2-ci mərtəbəsindəki bir neçə otaq ziyarətçilər üçün açıqdır.
Məlumatların şifrələnməsi, sənədlərin çap və məhv edilməsi üçün istifadə olunan avadanlıqlar, telekommunikasiya qurğuları və digər cihazlar, səfirin iş otağı, gizlin görüşlərin keçirilidiyi “kristal otaq” ziyarətə açıqdır.
Buradan ayrılıb valyuta dəyişmək üçün Firdovsi meydanına getdim. Yolboyu heç bir bank bu xidməti göstərmirdi və bunun yalnız Firdovsi meydanında mümkün olduğunu deyirdilər.
Nəhayət, meydandakı uzun növbədən sonra valyuta dəyişə bildim. İslam respublikasınının paytaxtında kilsələri görmək istədiyimdən bütün kilsələrə getdim. Hamısı bağlı qapı və hündür hasarlar arxasında olduğundan yalnız uzaqdan baxa bildim. Milli bank muzeyi, İran milli muzeyi və İslam mədəniyyəti muzeyini gəzdim. Hər biri özünəməxsus, maraqlı və qiymətli eksponatlarla zəngindir.
Günorta saatlarınadək şəhərin fərqli yerlərini gəzmiş olsam da, üsyan və ya hansısa narahat bir məqamla qarşılaşmadım . Metroda saçı açıq gənc qızlar qarşıma çıxsa da ona irad tutan polis və ya başqa şəxs də olmurdu. Hava limanından hostelə gələrkən motosiklet sürücülərinin çoxluğu və piyadalara yol verməməsi məni çaşdırsa da, sonradan anladım ki bəzi enli küçələrdə sağ zolaq məhz onlar üçün ayrılıbmış. Onun üçün artıq şəhəri gəzərkən onlara diqqət edirdim.
İslam mədəniyyəti muzeyindən çıxıb Poçt və telekomunikasiya muzeyinə gəldim. İşçilər içəridə olsa da, qapını bağlamışdı və sabah gəlməli olduğumu bildirdilər. Səbəbini bilmədim, Gülüstan sarayına doğru yolumu dəyişdim və dünən axşam qaranlıqda gəldiyim İmam Xomeyni meydanına çatdığımı anladım.
Yol gedərkən çoxsaylı motosikletləri videoya çəkməyə başladım. Meydanda bir neçə yerdə tüstülənmələr, aşmış zibil yeşikləri də vardı. Yəqin nəsə xırda qarşıdurma olub düşüncəsilə video çəkməyə davam etdim . Saraya doğru dönərkən çəkilişi dayandırdım. Bu anda arxadan biri “Ağayi” deyərək mənə səsləndi. Mənə qəzəb dolu baxışlarını görüb dərhal qaçdım, daha doğrusu qaçmağa çalışdım. İki addım atan kimi ətrafıma ən azı 30 nəfərlik kütlə toplaşdı. Qolumu arxadan tutub, başıma, boynuma vurdular, eynəyim yerə düşdü, onu vurub qırdılar. Mən isə qorxmuş halda qışqıraraq ingiliscə turist olduğumu deyirdim. Çantamı dartıb, telefonumu əlimdən almağa çalışırdılar. Bu kütlə məni vurub yerə yıxmaq istəyən zaman onlaran biri “türkisən?” deyə sual verdi. Azərbaycanca onunla danışmağa başladım. Mənə izah etdi ki, bu şəxslər üsyançılardır və hazırda nümayiş gedir. Onlar mənim casus kimi dövlətə məlumat ötürdüyümü düşünüb, ona görə məni zərərsizləşdirmək istəyib.
Üsyanlar zamanı mülki geyimli məmurlar çəkilişlər edib dövlətə ötürürmüş, məni də onlardan biliblər. Daha sonra arxadan başqa iki azərbaycanlı gəldi və videonu sildirdilər. Videonu silməmi farslar tələb edirdi. İki azərbaycanlı məni xilas edib apararkən həmin farslar təkrar gəldi və videonu silinmiş fayllar bölməsindən də sildirdilər. Daha sonra pasportuma baxıb azərbaycanlı olduğuma tam inandıqdan sonra məni buraxdılar. Elə bu anda motosikletli polislər də gəldi və meydandakı kütləni dağıtmağa başladı. İmam Xomeyni və növbəti stansiyaya girməyə icazə yox idi və biz qaçırdıq. Eynəksiz qaldığım və havaya gözyaşardıcı qaz buraxıldığı üçün çətinliklə gedirdim. Ətrafdakı bütün ictimai iaşə xidməti yerləri bağlanmışdı. Poçt və telekommunikasiya muzeyinin niyə bağlandığını indi anladım.
Biz qaçarkən rezin güllələr də atılmağa başladı və qaçan kütlə bir-birinə qarışdı. Nəhayət, Xəyyam stansiyasına çatdıq. İki azərbaycanlı farslardan şübhə etdikləri üçün məni metroyadək gətirdilər. Dünən havasının soyuqluğundan şikayət etdiyim metro indi təmiz havası olan rahat nəfəs aldığım ilk sığınacaq oldu.
Hostelə gəldim və möcüzə sayəsində xilas olduğum üçün Tanrıya şükür etdim. Hosteldə dedilər ki, neçə gündür sakitlikmiş, bu gündən “şuluxluq” başlayıb. (Üsyan və nümayişlərə şuluxluq deyirlər).
Növbəti günlərdə də günortadan sonra çöldə olmamağımı məsləhət gördülər. Ölkədə internet yox səviyyəsində idi, VPN ilə də girmək olmurdu. İlk iki gün gündə bir neçə dəqiqəlik internetə qoşula bilsəm də, son üç gün tam internetsiz qaldım. Bu halda Tehranda qalmanın bir önəmi olmadığı üçün Təbrizə daha tez getməyə qərar verdim.
9 oktyabr – Tehran-Təbriz yolu
2017-ci il may ayında Bakda Fəxri xiyabanda olarkən cənubi azərbaycanlı bir qrup şəxs də xiyabanda ziyarətdə idi. Mən Sara Qədimovanın məzarı yanında olarkən onlar Vaqif Səmədoğlunun məzarına yaxınlaşdı. Orta yaşlı bir xanım “ bura nə üçün ayaqqabı mücəssəməsi qoyublar?” dedikdə orada yazılan misranın müəllifinin şair olduğu və vəsiyyət kimi həmin fikrə məzarında əməl edildiyini bildirdim. Bu məlumat onlar üçün çox maraqlı oldu və beləcə tanış olduq. Daha sonra bütün xiyabanı onlara gəzdirərək orada dəfn olunan şəxslər haqqında məlumat verdim.
Tehranda olarkən həmin xanımın oğlu Oxtay ilə əlaqədə idim . Onların sabah Culfaya getdiyini bildikdə elə onlarla Təbrizə gedəsi oldum. Sabahı gün Tehranın Azadi meydanına daha sonra Oxtaygilə getdim. Ölkənin ikinci ən böyük meydanı azadlıq mənası verən Azadi adını daşıyır, amma xalq azadlıq üçün üsyan edir. Bunu düşündükdən sonra Azadi meydanı adamın gözünə qəribə görünür.
600 km-lik səfərdən sonra Oxtay və xanımı məni Təbrizdə bir müsafirxanaya qoyduqdan sonra Culfaya getdilər. Təbrizdə Tehrandakı kimi üsyanlar olmadığı üçün Tehrandakı hadisədən sonra özümü qismən təhlükəsizlikdə hiss etməyə başladım.
10 oktyabr – Təbriz və Tikmədaş
Səhər tezdən oyanıb əvvəlcə eynəkçilər pasajına yeni eynək almaq üçün getdim. Bağlı olduğundan Azərbaycan muzeyi, Göy məscid, Xaqani bağı və Ərk qalasını ziyarət etdim.
Daha sonra özümə yeni eynək almaqla iki günlük əziyyətim başa çatmış oldu. Şəhriyar və Qacar muzeyini gəzdikdən sonra İran səyahətimin əsas məqsədi olan Bostanabad şəhristanı yaxınlığındakı Tikmədaş şəhərində dəfn olunan Xəstə Qasımın qəbrinə getməyi qərara aldım. Tikmədaşda qədim qəbiristanlıqda dəfn olunan Xəstə Qasım aşıq ədəbiyyatının məşhur simalarından biridir. Xəstə Qasımın məzarı üzərində türbə ucaldılıb və şəhər mərkəzində heykəli qoyulub.
11 oktyabr – Urmiya gölü və Xoy
Səhər tezdən qədim Təbriz bazarını gəzdikdən sonra Urmiyaya yola düşmək üçün mərkəzi avtovağzala getdim. Avtobus azərbaycanlılar üçün mənəvi dəyəri olan Urmiya gölü üstündən keçdiyi üçün mənim üçün önəmli idi. Təəssüf ki ekoloji fəlakət yaşayan gölün yalnız mərkəzi hissəsində su qalıb və duz təbəqəsi tamamilə üzə çıxıb. Urmiya vağzalından Xoya bilet alaraq dərhal yola düşdüm. Xoy şəhərində Şəms Təbrizi və pəhləvan Purya Vəlinin qəbrini ziyarət etdim. Təbrizdən sonra ünsiyyətdə çətinlik çəkmədiyim şəhər olan Xoyda da azərbaycanlılar üstünlük təşkil edir
12 oktyabr – Çaldıran düzü
Gecə Xoyda qaldıqdan sonra avtovağzala gələrək Çaldıran şəhərinə getdim. Oradan da taksi ilə Çaldıran düzünə gedərək Osmanlı və Səfəvilər arasına döyüş olmuş yerə çatdım.
Ziyarətdən sonra oranı da tərk edərək Maku şəhərinə gedib Türkiyə sərhədinə doğru irəlilədim. Beləcə İranda təxmini 1300 km-lik səyahətim başa çatdı.