Partizan.az Həmid Piriyevin “Qarışqanın ruzisi” hekayəsini təqdim edir.
Günay üçün
Mənsur torpaqlı əllərini bir-birinə çırpıb ayağa durdu. Dizləri xırçıldadı ayağa duranda, ayaqları bir az keyimişdi. Gedib ləklərin yanında qoyduğu kətilin üstündə oturdu. Siqaret çıxarıb yandırdı.
İki həftə əvvəl səpdiyi keşnişin içini alaq basmışdı. Səhərdən girmişdi istixanaya, alaq təmizləyirdi. Arada bir dəfə çıxıb çay içmişdi. Günortaya az qalırdı indi.
Birdən gözü qarışqaya sataşdı. İri qarışqa idi. Özündən neçə dəfə böyük çəyirtkə ayağını dalınca dartırdı. Yuvasına aparırdı yəqin. Mənsur qarışqanın çəyirtkə ayağını dartmağına baxa-baxa fikirləşdi ki, görəsən, qarışqalar çəyirtkə ayağı yeyir? Dən yeyirlər, meyvə yeyirlər, şəkər yeyirlər. Bəs çəyirtkə ayağı? Lap çəyirtkə olmasın, başqa ölü böcək olsun, yeyirlər, görəsən? Dünyanın da qəribə zadları olur.
Durub alağı yarım qalmış ləkin yanına getdi. Sönmüş siqareti alaq yığdığı vedrəyə atıb sallağı oturdu, qalan alağı təmizləməyə başladı.
Bilmədi nə qədər keçdi, qapıda dayanan maşın səsi eşitdi. Sonra maşının qapıları açılıb çırpıldı, həyətin qapısı cırıldadı. Mənsur iki daşın arasında fikirləşdi ki, alaqapının balaca gözü əməlli paslanıb, gərək vaxt edib yağlasın. Sonra həyətdən salamlaşma səsləri eşitdi. Bir-iki dəqiqə sonra qardaşı oğlu Cəfər gəlib istixanadan içəri boylandı.
– Əmi, Sitarə əmiqızıgil gəlib.
– Hə, gəlirəm.
Durub əllərini çırpdı, istixanadan çıxıb qapını bağladı. Qonaqlar evə keçmişdilər artıq. Mənsur çarhovuzun kranını açıb əl-üzünü yudu. Otağına keçib qurulandı, şalvarını dəyişib çıxdı. Qardaşı oğlunun evinə girib qonaqlarla görüşdü. Əmisi qızı Sitarəydi, oğluydu, bir də gəliniydi gələn.
– Xoş gəlmisiz, – Mənsur dil-ağız elədi. Sonra Sitarənin xəstəhal üzünə baxdı. – Otur, ay əmiqızı. Ayaq üstə dayanma.
Sitarə şüşəbənddəki divana çökdü.
– Burda nöş oturduz? – Cəfərin yoldaşı soruşdu. – Zala keçin də.
– Bura yaxşıdı, – Sitarə dedi. – Siz keçin oturun. Biz Mənsurla burda söhbət edərik.
– Hə, siz keçin. – Mənsur da onun sözünü təsdiqlədi. – Keçin, keçin. Ay gəlin, bizim çayımızı elə burda verərsən.
Cəfərlə yoldaşı qonaqları içəri ötürdü. Mənsur da Sitarəylə üzbəüz stolda oturub ona baxdı. Yaman düşmüşdü Sitarə. Axırıncı dəfə Cəfərin toyunda görmüşdü onu, amma onda yaxşıydı. Dolu qadın idi, üstəlik, ayaqları şişib kötük boyda olmuşdu. Ağır nəfəs alırdı.
– Uşağın şəbbəxeyrində (şəbbəxeyir – uşağa adqoyma mərasimi, uşağın çiləsi – qırxı çıxanda keçirilir) gələ bilmədim, – Sitarə dedi. – Müalicə alırdım onda. İndi bir az babatam. Uşaq da evdəydi, dedim, gedək. Xəcalətli qalmayaq.
Üç ay qabaq Cəfərin ikinci qızı doğulmuşdu. Sitarə onu nəzərdə tuturdu.
– Ürəyinə görə müalicə alırdın? – Mənsur soruşdu.
– Yox, bu dəfə ayaqlarıma görə. Tromb var, dizimin qığırdağı da yeyilib. Doxdur deyir, gəl kəsim götürüm, dizinə də nəsə vurum. Dedi e nədi, yadımda qalmadı. İstəmədim. İstəmirəm bədənimə bıçaq dəysin… Sən neynirsən, necəsən?
– Mənəm də. Əlləşirəm.
– Yenə əkin-biçin?
– Hə.
– Yaş o yaş deyil e, Mənsur. Bəsdi də. Otur pensiyanı ye, nəyinə lazımdı bu yaşında?
– Nə qədər bekar oturmaq olar e? Başımı qatıram da.
– Eh… Nə əkmisən?
– Keşniş səpmişəm. Elə səhərdən alağını təmizləyirdim. Yarımdəstə olub, heyifdi.
– Allah xeyrini versin!
Mənsur başıyla razılıq etdi. Cəfərin yoldaşı qundaqdakı uşağı gətirdi. Yuxudan təzə durmuş körpə üz-gözünü büzüşdürür, gözlərini açıb-yumurdu.
– Ay maşallah! – Sitarə körpəni qucağına alıb baxdı. – Allah saxlasın! Atalı-analı böyüsün! – Uşaq ağlamağa başlayanda anasına qaytardı. – Apar, apar sal yerinə. Soyuq olar.
Gəlin uşağı götürüb içəri otağa keçdi. Mənsur bir-iki dəqiqə stolun üstünə, tavana, televizora baxdı. Bilmirdi nə desin, deyəsən, Sitarə də bilmirdi.
– Uşağın işi-gücü yaxşıdı? – Mənsur nəhayət, soruşdu.
– Hə, elə əvvəlki yerindədi…
Mənsur Sitarəyə baxa-baxa fikri uçub əlli dörd il əvvələ qayıtdı. Sitarənin nəsə danışdığını, dodaqlarının tərpəndiyini görürdü, amma fikri həmin axşamdaydı. Əsgər getməmişdən bir gün qabağın axşamında.
Evdə yığıncaq var idi. Mənsuru yola salmağa yığışmışdılar. Evin böyük otağında süfrə açmışdılar. Mənsurun əmiləri, bibisi, xalaları – hamı ordaydı, indi onların əksəri ölmüşdü. Qızlar süfrəyə baxırdılar, qablar boşaldıqca yeməkləri təzələyirdilər. Birdən Mənsurun qulağı qonşu otaqdakı danışığı eşitmişdi. Əmisi arvadı qızına – Sitarəyə deyirdi ki, pomidor qurtarıb, get, dər gətir.
Mənsur ürəyi döyünə-döyünə durub həyətə çıxmışdı. Papiros yandırıb quyunun yanına keçmişdi. Bilirdi ki, Sitarə pomidorları burda yuyacaq. Üç-dörd dəqiqə sonra Sitarə gəlmişdi, çuxurdakı pomidorları yumağa başlamışdı. Yuduğu pomidorları yenə çuxura yığıb evə girmək istəyəndə Mənsur onu saxlamışdı. Çoxdandı ürəyində gəzdirdiyi şeyi demək istəyirdi.
– Sitarə, bir dəqiqə dayan da. – Sitarə dayanıb maraqla ona baxmışdı. Mənsur bilməmişdi sözə necə başlasın. Elə qarasına demişdi. – Sitarə, mən səni istəyirəm e. Əsgərlikdən qayıdım, evlənək. Gözləyərsən?
Sitarə əvvəl-əvvəl başa düşməmişdi Mənsur nə deyir. Sonra başa düşəndə təəccüblənmişdi.
– Mənsur, gicsən sən? – demişdi. – Nə istəmək, nə evlənmək? – Mənsurun sifətinin dəyişdiyini görəndə Sitarə də səsinin tonunu dəyişmişdi. – Sən mənim qardaşımsan e. Çıxart bu gic-gic fikirləri başından. – Sonra gülmüşdü. – Get gəl, toyunu da edərik, toyunda da işləyərik.
Sonra Mənsurun üzündən öpüb evə getmişdi.
Mənsur indi həmin axşamı fikirləşəndə qeyri-ixtiyari əlini sağ yanağına, Sitarənin öpdüyü yerə apardı. Bir də ayıldı ki, Sitarə onu çağırır.
– Ay Mənsur, fikrin hardadı?
– Hə? Heeç, bir şey yadıma düşmüşdü.
Yaxşı ki, gəlin çay gətirib söhbəti böldü. Yoxsa Mənsur bilmirdi nə desin.
Gəlin çayları qoyub çıxdı.
– İstəyirsən, çayını verim orda iç?
– Yox. Özüm gəlirəm.
Sitarə birtəhər divandan durub stola yaxınlaşdı, Mənsurla üzbəüz oturdu. Beş-altı addımlıq yolu gəlmək də onun üçün əzab idi.
– Uşaqlar necədi? – Sitarə soruşdu.
– Hansı uşaqlar? – Mənsur əvvəl-əvvəl bilmədi Sitarə kimi soruşur.
– Səninkilər də…
– Hə… Yaxşıdılar.
Mənsur əsgərlikdə olanda Sitarənin evləndiyini eşitmişdi. Onda fikirləşmişdi ki, daha kəndə qayıtmağın nə mənası? Əsgərlikdən sonra sink zavodunda iş tapıb qalmışdı Rusiyada. İldə, iki ildə bir dəfə gəlib kəndə dəyirdi, sonra yenə qayıdırdı. Kənddə hamı elə bilirdi ki, Mənsur orda evlənib, oğul-uşaq sahibi olub. Bu şayiəni kimin yaydığını bilmirdi, amma əslində, Mənsurun özünə də sərf edirdi. Daha ona hər dəfə gələndə evlən demirdilər.
Mənsur Sovet dağılanacan Rusiyada yaşamışdı. Sonra qayıtmışdı kəndə. Qayıdıb indi qardaşının yaşadığı ata həyətində bir otaq tikdirmişdi. Başlamışdı torpaqla əlləşməyə.
İndiyəcən də bütün qohumlar elə bilirdi ki, Mənsurun Rusiyada uşaqları var.
– Danışıb eləyirsiz? – Sitarə soruşdu.
– Hə, arada zəng edirlər.
– Gəlib dəyiblər heç sənə?
– Yox e, onların burda nə işi? Kefləri kökdü, maşallah. Arada deyirlər, gəl yanımıza, getmirəm. Pul zad da göndərmək istəyirlər, deyirəm, lazım deyil. Neynirəm pulu?
Yenə susdular. Nə danışsınlar?
Çaylarını içib qurtarandan sonra Sitarə oğlunu səslədi:
– Gəlin gedək. – Sonra Mənsura baxdı. – Gedək qəbir üstə də dəyək. Sonra qayıdaq şəhərə. Ayaqlarım tutub yenə.
Hamı bir yerdə həyətə çıxdılar. Sitarə Mənsurun qoluna girmişdi. Onlar cavanlardan bir az dalda gedirdilər.
– Ay Sitarə… – Mənsur heç bilmədi necə dedi. Sitarə başını çevirib ona baxdı. Mənsur istədi desin ki, mən hələ də səni sevirəm, Sitarə, əlli dörd il qabaqkı kimi. Əlli dörd ildi öpüşün yanağımı yandırır. Amma eyni anda da fikirləşdi ki, daha bunun nə mənası var? Amma Sitarəyə nəsə deməliydi, onu çağırmışdısa, demək, nəsə demək üçün çağırmışdı. Ağlına gələn birinci sualı verdi. – Sitarə, bilmirsən, qarışqalar çəyirtkə ayağı yeyir?
Sitarə təəccüblə ona baxıb gülümsədi.
– Məni dolamısan?
– Yox, bayaq gördüm. Qarışqa çəyirtkə ayağı aparırdı. Dedim, bəlkə, sən bilərsən.
Sitarə yenə gülümsədi:
– Yox, əmioğlu, bilmirəm. Bəlkə də yeyirlər. Görməmişəm.
Mənsur Sitarənin maşına oturmağına kömək etdi. Maşın işə düşdü, dövrə vurub getməyə başladı.
Mənsur maşının qırmızı işıqlarına baxa-baxa fikirləşdi ki, bəlkə də sevdiyinlə bir ömür bir yerdə yaşamaqdansa, onun sənin evində qocalmağını görməmək daha böyük xoşbəxtlikdir…
27 fevral 2024
Lənkəran