Kateqoriya arxivləri: Hekayə

Cəbhədən sonrakı döyüş

Loading

“Partizan” İlhamə Kədərin  “Zimhəri” romanından yeddinci hissəni təqdim edir…

Zimhəri

Hər həftə sonu “atasından gələn” hədiyyələri aldıqca yenidən uşaqlaşır, sevincindən atılıb-düşür, mahnı oxuyub, rəqs edirdi .

Bütün günü şən, qayğısız keçirib gecə yarısı kənd şirin yuxuda olanda, pəncərədən düşüb tapcanaya qalxdığını, dizlərini qucaqlayıb yaralı qurd kimi saatlarla, boğula-boğula uladığını bilən yox idi.

Bəlkə də atışmadan sonra kənddəki boş dinlərə dolub uzlaşan çaqqallar örtürdü sirrini.

İmtahana gedəcəyi günün gecəsi yenə hamını yuxuya verib pəncərədən hoppananda hənirti eşidib diksindi, geri çəkilib kürəyini divara söykədi.

Gözüyumulu aşağı sürüşüb əlini yerdə gəzdirdi.Hənirti gələn tərəfə atmağa daş-kəsək axtardı.

-Qarışqa, qorxma, mənəm.

Tanış səsdən ürəklərib, gözünü açdı:

-Qorxdum ay əclaf-deyə uşaqlıq dostunun boynuna sarıldı.İkisi də ağladı.

Tapcanaya çıxıb “əfən yeri”ndə oturdular.

Üzlərini göyə tutub qütb ulduzundan tərəzi bürcünə uzanan maili xətt boyu uladılar.

Sonra heç nə olmamış kimi tapçanadan enib ayrıldılar.Uşaqlıq dostu budağa bağladığı yüyəni açıb şəhərin üstünə atdı, ayağını üzəngiyə keçirməyiylə qaranlıqda əriməyi bir oldu.O isə pəncərənin altındakı kətili gicitkanlığa tolazlayıb pilləkanlara tərəf addımladı.

 

***

On gün sonra adını qəbulların siyahısında görən Qarışqa sevincini bölməkdən ötrü yenə kəndə anasının yanına qayıtdı.

Kənd sakitçilik idi, atışma səsləri eşidilmirdi artıq.

Kəndli qadınlar  bağ-bostanda qurdalanır, imirtək oğlanlar uçulub dağılmış çəpərləri dikəldir, qırılmış pəncərələri düzəldirdilər.

Kənddə kişi adına üçcə nəfər var idi:döyüşdə iki gözünü itirmiş Məhərrəm əmi, minaya düşüb ayaqlarının birini dizdən, o birini topuqdan qopmuş Sarvan əmi, çənəsinin yarısı qarışıq dilini qəlpə aparmış  “Abı” ləqəbli Abdulla əmi.

Həə bir “kişi” də var idi kəndin ən süvər yerində, əli-ayağı, gözü-başı yerindəydi, heç harası yaralanmamış, heç döyüşə də getməmişdi, amma deyilənə görə “veteran” maaşı alırdı.

 

Daha bir yenilik də var idi kənddə- çıxacaqdakı bulağın kənarını çay daşıya hörüb, baş tərəfinə lövhə qoymuşdular.

Adı da dəyişmişdi bulağın, daha “Sərin bulaq” yox Laçın bulağıydı.

Qar uçqunu olan yerin üstündəki “Şişqaya” deyilən quşqonmaz qaya da “Laçın qalası” olmuşdu.

 

Görünür kənd camaatı ürəklərindəki yeri az bilib axar suya, məğrur qayaya yazıb əbədiləşdirmək istəmişdi leytenantı.

 

***

Bu dağlar, qoşa dağlar,

Verib baş-başa dağlar.

Bir mərd oğul itirmişəm,

Bəlkə sizdən aşa, dağlar?

 

Kəndin sükutunu pozan bu qalın, yanıqlı səsi ilk dəfə eşidirdi dağlar da, dağlılar da.

Beş-on yeniyetmə səs gələn tərəfə götürüldü, səsin sehrinə düşmüş Qarışqa da onların arasında idi.

Gənclər səsin “iziylə” gəlib Laçın qalasının ətəyinə çatanda donub qaldılar: iri cüssəli, ağ saçlı bir polkovnik papağını sinəsinə sıxıb ağı deyirdi.

“Kəköy” deyilən Elşən əlini dizinə çırpıp içini çəkdi:

-Ooy, ay a-ana, qadanı a-ayım,a-ayı boyda kişi a-ayvad kimi o-oxşama deyiy.

Doğru Qamət çevrilib iki əlli, avandlı qapazını Kəköyün başına endirəndə Qarışqanın ürəyi dözmədi:

-Dəymə, -dedi-o Kəlpətöyü Allah bir yandan vurub, bəndə bir yandan, sən də bir yandan vurma.

Bu yazıq Elşən doğulanda anası qanaxmadan ölmüşdü deyə nənəsi həmişə onu qarğıylrdı:

-Allah vurmuş, anasının başını yeyən qaramat.Səni salamat doğulmayadın.

 

Onda hələ Elşən kəkəmə deyildi, amma öz adıyla çağıran da yox idi.Böyüklər “Yetim”, uşaqlar “Allah vurmuş” deyirdi ona.

Həmin o bəd iyun ayında onların da evinə mərmi düşmüş, nənəsi və ona qan udduran, təkcə çörəyini, suyunu yox xoş sözü də cirəylə verən atası ölmüşdü.

Hansısa uzaq kənddən alıb gətirdikləri kimsəsiz analığı da ağır yaralanmışdı.

Elşənin isə demək olar salamat yeri yox idi.

Binavə gəlin bir az babatlaşan kimi öz canını unudub ögey oğlunun qulluğunda durdu.

Yeməyib yedirdi, yatmayıb yatırdı, kiprikdə cəhənnəm odunu daşımağın mümkünlüyünü göstərdi hamıya.

Axır ki “Allah vurmuş yetim” sağalıb ayağa durdu.

Ögey ana hər gün qoluna girib bir ayaq, bir ayaq yeritdi onu.

Özünü dağa, daşa vurub, qucaq-qucaq ot, əncər topladı.

Qəssabda quyruq astarı, balıqçıda lilli mamır qoymadı, daşıyıb cürbəcür məlhəm hazırladı.

Min bir əziyyətlə sağaltı ögey oğlunu.

Amma nə billah eləsə də Elşənin dilini tam aça bilmədi.

Beləcə “Yetim Allah vurmuş” oldu “Kəköy”.

Doğma atasının və nənəsinin sağlığında axşam axırdan, sabah naxırdan başqa heç yeri görməyən Kəköy ögey ana dəstəyiylə tay -tuş arasına çıxmağı, el işinə yaramağı öyrəndi.

“Cəlladları”nın ölümündən bir neçə il keçsə də iyi burnundaydı hələ.

Kimsə yanında əlini qaldırsa iki əlli başını tutub təpik dəymiş küçük kimi zəngildəyib büzüşürdü.

İndi də Qamətin dəyməyən qapazından qorxub cır səslə qışqırdı.

Səsə başını qaldıran hərbiçi qalın qaşlarını çatıb zəhmli baxışlarını gənclərin üzündən bircə-bircə keçirib Qarışqada saxladı.

Bu baxışlar heç də yad gəlmədi ona.

Yosun rəngli gözlərindən süzülüb çənəsinə muncuqlanan incilər də, uzun, burma kipriklər, enli qaşlar, çevrim dodaqlar da leytenantınkı idi.

Polkovnik elə əlindəki papaqla üzünü silib iki addım qabağa gəldi:

-Salam uşaqlar, deyəsən, tətilə çıxmısız-yalandan gülümsədi.Özünü ələ almağa vaxt qazanırdı sanki.Çevrilib Laçın qalasına boylandı.

Lap yüksəkdə qıy vurub dövrə edən qartalı bir müddət baxışlarıyla təqib edib yenə gənclərə baxdı.

-Uşaqlar,-dedi-mənə 555`in evini göstərərsiniz?

Qəmbər Qarışqanı göstərdi:

-Bu onun qızıdı, əmi.

Kişinin gözləri irilənib yumrulandı:

-Can bala.

İkisi də birdən tərpəndi yerindən, illərlə ayrı qalan ata-bala kimi qucaqlaşdılar.

Polkovnikdən barıt və tər qarışıq “silver” qoxusu gəlirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəsul nəsə demək istəyir… – Sərdar Aminin yeni hekayəsi

Loading

“Partizan” Sərdar Aminin yeni – “Rəsul nəsə demək istəyir…” hekayəsini təqdim edir.

 

                                                        Orxan Cuvarlıya…

Ət bazarına atamın tövsiyəsini pıçıldaya-pıçıldaya girdim: yaxşı ət qırmızı yox, zoğalı olur. Pərdəsi, piyi də ağappaq! Bir də çalış, arıq malın ətini satmasınlar sənə. Yazağzı kök mal tapmaq çətin olur.

Qəssabların üzünə yox, salxım ətlərə baxa-baxa təzə yağ iyi verən örtülü bazarla addımladım. Qəssablara baxsaydım, üzlərindəki ifadə zoğalı ətdən inandırıcı olacaqdı.

Atamın dediyi ətin qiymətini soruşanda, qəssabdan səs çıxmadı. Keçəl, lopabığ, yaşlı kişi var gücüylə yatmışdı. Yuxuda olsa da, sağ əlini baltasının sapından çəkməmişdi. Elə bil, ömrünün 60 ilini ağızsız yaşayan bu kişi bayaq əlindəki baltayla bığının altına vurub özünə ağız düzəltmişdi.  Qalın dodaqları əsir, gen ağzından ciyərlərinə hava elə dolurdu ki, elə bil, o ciyərlər 60 ildir havaya həsrətdir. Qoca qəssab gördüyü yuxuya mat qalmışdı.

Sarı, nimdaş şalvarına xırda ət tikələri yapışan bu yekəpər qəssab görəsən, yuxuda nə görürdü? Şaqqa-şaraqla ət doğrayan qəssabların baltasından qopan xırda sümüklər, ət tikələri onun köynəyinə, şalvarına dəyib yerə dığırlanırdı.

Bəlkə də gördüyü yuxunun yelkəni idi xorultusu, hay-küylü bazarda saniyəbəsaniyə yüksəlirdi.

Xorultunun nəriltiyə çevrildiyini eşidən dindar qəssab baltasını göyə qaldırıb kimisə hayladı:

– Ayə, durğuzun onu, yenə tüpürcəyi nəfəsinə gedib boğulacaq.

Saqqalı az qala qasığına çatan qəssab baltanı göyə qaldıranda yaranan vahiməli şəkildənmi, nədənmi, hamı əlini saxladı. Sallaqxanada ani sükut yarandı. Əlini önlüyünə silə-silə xoruldayan kişiyə yaxınlaşan gənc qəssablardan biri əmrə müntəzir görünməsin deyə dindara baxıb deyindi:

–  Əxi, boğular-boğular da! Özün deməmişdin, boğulub ölən şəhid sayılır?

– Suda boğulanı deyirəm, tüpürcəyində yox!

Dindar qəssab bunu deyib baltanı əsəblə kötüyə çırpdı, sallaqxanadakı ani sükut orucunu pozdu. Baltalar təzədən neft buruqları kimi kötüklərə təzimə davam etdi.

Ancaq bu təzimi başladan zərbədən sonra xoruldayan qəssab oyanmışdı. Oyanan kimi də hövlnak “Rəsul!” demişdi. Əllərini önlüyünə silən cavan qəssab da, onun oyandığını görüb piştaxtasına qayıtmışdı. Piştaxtasına çatanda da dodağının altında “Rəsul çıxacaq axırına!” demişdi.

Kişi də özünə baltayla təzəcə düzəltdiyi körpə ağzını marçıldadıb yazıq-yazıq ətrafa baxmışdı…

O yazıq gözləri görəndən sonra əti hekayəyə dəyişdim. Deyinən qəssaba yaxınlaşıb Rəsulun kim olduğunu soruşanda əvvəl cavab vermədi. Sonra müştərini qaçırmasın deyə astadan dedi:

– Oğlu. Fərari… İtkin… Bilinmir hardadı.

***

Rəsul toranlıqda Məryəm gölünün sahilində çömbələndə hər yerdən əlini üzmüşdü. Dörd gün idi möcüzə gözləyirdi. Möcüzə isə gecikirdi…

Sabah əsgər gedəcəkdi. Müharibə isə dördcə gün idi başlamışdı. Əsgərgetdi şənliyində bircə anasının üzündə şadlıq görməyəndə azcana sevinsə də, bu sevinc qadının gözlərini ondan çəkib yanına gələnə qədər davam etmişdi. Anasının səs-küyün içində Rəsulun qulağına pıçıldadığı bu cümlə onu Məryəm gölünün sahilinə gətirmişdi:

– Quzu, “kənd soveti” deyir, sizi gedən kimi müharibəyə aparmayacaqlar, üç ay təlimdə olacaqsız. O vaxta müharibə bitəcək. Qorxma.

“Qorxma” sözünə qədər birtəhər dözmüşdü, anasının son sözü onu təntitmişdi. Qulağını anasının ağzından çəkib üzünə baxmışdı. Elə bu an çalğı, hay-küy içindən qaratoyuğun həyəcan qıyı eşidilmişdi. Bu qıydan sonra Rəsul deməyə söz tapmamışdı. Təəssüflə anasının üzünə baxmışdı.

Bəlkə də anası o sözləri deməsəydi, onu heç olmasa bir adamın başa düşdüyünə inanardı, təsəlli tapardı, ümidini Məryəm gölünə bağlamazdı. Lap müharibənin içinə düşsəydi də, erməni minası onu parça-parça etsəydi də, bu qədər çarəsiz qalmazdı.

Rəsul dərdini heç kəsə danışa bilmirdi. Heç ərk edib özünə də pıçıldamağa söz tapmırdı. Müharibədən qorxurdumu? Yox! Rəsulun heyfi gəlirdi.

Onu alatoranda Məryəm gölünün yanına gətirən əfsanələr idi. Məryəm gölünün kəramətinə bəni-adəm şəkk gətirməsə də, üstü yam-yaşıl yosunla, ərplə örtülən bu bədheybət gölə kimsə yaxın düşməzdi. Adının mənasını bilən sonuncu qarı da illərdir sayıqlayırdı.

Qədimdə bura sağalmaz xəstələr, xora içində boğulan zavallılar gələrmiş, çərləyən insanlar suya girib çıxandan sonra şəfa taparlarmış.

İndi Məryəm gölü bircə gecələrin işinə yarayırdı. Yalnız gecələr lil qoxan Məryəm gölünün cəng atan sahillərindən başlayar, kənd zülmət payını bu gölün ətəklərindən alardı. Kəndin tən ortasındakı bu axmaz gölün möcüzələrindən biri də o idi ki, bura nə bir arx tökülürdü, nə bulaq axırdı. Ancaq göl qurumurdu ki, qurumurdu. Deyirdilər, Məryəm dibindən su içir.

Məryəmin təkcə kəraməti yox, vahiməsi də xeyli əfsanələrə hekayət olmuşdu.

Heç kəs bu hekayətləri evinə buraxmaq istəmirdi. Gölün yaxınlığındakı evlərin sahibləri də yavaş-yavaş dədə-baba yurdlarını dağıdıb yerində təzə binə salır, gölə baxan divarlarında bircə dənə də olsun pəncərə qoymurdu. İldən ilə kəndin tən ortasındakı Məryəm gölündən hamı üz çevirirdi. Kəndin ortası dəyişirdi…

İndi Rəsulun da hamıdan ümidi üzüldükcə, təkləndikcə içində vahimə yaranmışdı. Məryəm gölünün böyük vahiməsi ahənrüba kimi Rəsulun balaca köksünü qabardıb özünə çəkmişdi.

Sabah əsgərə gedəcək Rəsul quzu qurda dartınan kimi alatoran vaxtı Məryəmə yaxınlaşdı.

Sağalmaq istəyirdi. İçindəki vahimənin keçməsini istəyirdi. İstəyirdi müharibəyə gözündə şimşək getsin. Hər addımını atanda heyfsilənməsin.

Asta-asta qaranlığa təslim olan gölün sarmaşıq örtən o başı gündüzlər də görünməz idi, o da qala alatoranda.

Gölün kənarında durub ətrafa baxdı. Sonra qüdsi bir ehtirasla köynəyini soyunub əlində tutdu. Alatoran sahildə gənc bədəni ağardıqca göl yaraşığa gəldi. Daim dibindən su içən Məryəm gölünə Rəsulun qaməti boyda su töküldü. Əgər kənd adamları evlərinin pəncərələrini Məryəm gölünə bağlamasaydı, təzə bir əfsanə yaranardı. Deyərdilər, hər axşam alatoranda Məryəm gölünə süd şəlaləsi axır.

Rəsul qız nəfəsi dəyməyən bəyaz sinəsinə yazdığı duanı pıçıldadı. Həmin duanı zülmət gecələrdə atını tapmayanda, sərxoş atası anasını döyəndə pıçıldayırdı:

“Allahım, nə yaxşı ki, ayaqların yoxdur, yoxsa sən də bizi tərk edərdin. Nə yaxşı ki, gözlərin yoxdur, yoxsa sən də təkcə birini sevərdin. Allahım, nə yaxşı ki, yoxsan, yoxsa sənə də inanmazdıq”.

Lil, yosun, kif iyi burnuna dəydikcə duasının sehrini hiss etdi.

Daha bir sentyabr yağışına qonaq olan qoca Məryəm gölü soyumuşdu. Ayaqları dərinə batdıqca suyun buz kimi olduğunu hiss etdi. Bu an heyfsiləndiyinin adını tapdı. Bu duanı ondan başqa kimsə bilmirdi. Bəyaz köksünə yazdığı başqa fikirlər, hekayələr də gəlib hulqumunda durdu. Heç birini yazmamışdı, kimsəyə danışmamışdı. Danışmadan, yazmadan ölmək istəmirdi.

Məryəm gölünün sarmaşıqların yosunlara sarıldığı zülmət başına yaxınlaşdıqca qabağında təzə bir dünya açıldı. Bəlkə də, kənd adamları bir əsrdir gölün bu başından xəbərsiz idi.

Sarmaşıqları yosunlardan ayırıb yeni dünyaya keçdi. Yaşıl tavanlı gölün altında yosun qoxusundan daha çox payız çiçəklərinin ətri gəlirdi. Burda gölün suları ilıq, havası təmiz idi.

Titrətsə də, vahiməsi içindən çıxırdı. Ömrünün qalan payını bu sarmaşıq tavan altda, bu yosun döşək üstə yata bilərdi.

Xeyli vaxt sinəsində bəslədiyi, kimsəyə danışmağa qısqandığı hekayətin qəhrəmanı içindən çıxmaq istəyirdi.

Kimsə ona hekayət danışmağa səsləyirdi. Danışdıran kəsi də özü yaratmışdı. Tək qalanda “ol” demədən yaradırdı belələrini. Özünə düşmən, dost, Allah düzəltməyi bacarırdı Rəsul.

– Qədimdə ən ağır susan, sirri dərinə gömən adamları belə danışdırırlarmış.

– Dırnaqlarını çəkirdilər?

Rəsul sinəsinə sürtülən sabahgüllərindən birini öpüb dedi:

– Yox. Soyuğa verib qızdırmalı edirlər. Titrədirdilər. Qızdırmalı olanda adam sayıqlayır. Kimi ki danışdıra bilmirdilər, ona həqiqəti sayıqladırdılar.

– Onda sayıqla.

– Mənim qəhrəmanım sehrli təşbehlərlə adamları istədiyi şeydən iyrəndirə bilir. Sevdiklərimizi elə şeylərə bənzədir ki, məşum oxşarlıq insanları dəhşətə gətirir. Bizi hər şeydən, istəsə, yaşamaqdan da iyrəndirə bilər. Bunu dünyada heç bir dərman, məlhəm bacarmaz.

– Gəlsin, məni qəlyandan iyrəndirsin.

– Ən asanı budu.

İçi boşalan kimi mübarək su Rəsulun köksündəki boşluğa doldu. Allah da görürdü ki, bu üzdə əvvəlki Rəsulun simasından əsər-əlamət yoxdur. Son çırpıntıdan sonra ətrafındakı yosunlar, yaşıl ərp yarılmışdı. Özü boyda şəffaf səthdə asta-asta batırdı. Gözləri dəhşətdən yox, heyrtədən bərəlmişdi. İndi Allah yox, bir adəm övladı da bəs edərdi həqiqəti anlasın. Bir adəm övladı onun üzünü görsəydi, başa düşərdi ki, Rəsul nəsə demək istəyir.

Şahvarın vaxtsız saraldıb sarmaşıqların üstünə sərdiyi bir neçə sarı qoz yarpağı başqa bir şahvarın sığalıyla yelləndi, yelləndikcə də onlar Rəsulun gözündə sarmaşıq yuvadan başlarını əsə-əsə qaldıran ətcə quş balalarına oxşadı.

Uzaqda “Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə” salınmış kiçik parkdakı nəhəng küknar ağacları narıncı üfüqdə göy tüstü kimi səmaya yüksəlirdi.

Sudan doyan bədəni üzə çıxmışdı. Son çırpıntıda yardığı yaşıl ərp, yosunlar öz yerini tutur, Rəsulun üstünü örtürdü. Gecədən xeyli keçmiş bir topa yosun qadın əli kimi astaca alnından aşağı sürüşüb açıq qalan gözlərini örtdü.

Qoca Məryəm gölü yosunla örtülü üzündə ayı əks etdirə bilməsə də, sarmaşıqlar altında xoşbəxt idi.

8 May, 2024. Bakı.