“Partizan” “Pop art” estetik cərəyanı haqda esse təqdim edir.
Bəs “Pop Art”?
1960-cı il… Bəşəriyyət tarixinin yeni mərhələsi üfüqlərdən boy verir. İnsanlar artıq dünya torpaqları ilə birgə ayın gümüşü torpaqlarında addımlamaqda iddialıdırlar. Bir zaman sonra əlçatmaz xəyal gerçəkləşir və dünya vətəndaşları nəhayətsiz kosmik fəzanın fonunda ay torpaqlarına ayaq basıb heykəl kimi donmuş ilk insanı görür.
Yaşadıqları kiçik planetin ekranlarından özgə bir aləmi görmək kütlələrlə birgə sənətçilərdə də şok effekti yaradır. Bütün dövrlərin dəyişilməz hökmü – dönəmin sürətlə dəyişən mənzərələrinin sənət ölçülərinə təsiri reallaşır və sənətçilər yenidən dəyişən dünyanın rəssamına çevrilərək yaşadıqları dünyanın yeni görüntülərinə sənət müstəvisində adekvat reaksiya vermək ehtiyacı hiss edirlər.
Dadaizmə əsaslanan “Pop Art” cərəyanı məhz bu dönəmdə eyni zamanda həm Amerikada, həm də İngiltərədə formalaşır və tezliklə əngəllərə baxmayaraq (dönəmin Avropada dominant olan sənət mühiti bu janrın məhsullarının sərgilərdə və sənət mərkəzi hesab edilən bir çox Avropa şəhərlərində nümayişinə qadağa qoymuşdu) bütün dünyanı hörümçək toru kimi tutur. (Xüsusən “Pop Art”ın ilk olaraq dünyaya Neo-Dada kimi təqdim edilməsi janrın məşhurlaşmasında həlledici rol oynayır)
Televiziya – Radio, qəzetlər və sənət dərgiləri “Pop Art” sənətçilərinin əsas silahına çevrilir. Reklam industriyası insanları gündəlik vərdişlərindən ovlayan və məişət mədəniyyətinə ölçüyəgəlməz təsir göstərən yeni cərəyanın vəd etdiyi Hollivud röyalarını rəngli ekranları üçün ismarlayır. Beləliklə,“Pop Art” nümunələrinin əyləncəli, rəngli və cazibəli görüntüləri meqapolislərin nəhəng ekranlarından görünməyə başlayıb insanları röyalarını yaşamağa dəvət edir.
Riçard Hamiltonun Londonda sərgilənən “Dövrümüzün əsrarlı evləri” adlı tablosu “Pop Art” cərayanının ilk nümənəsi hesab edilir.
“Pop Art” nümunələri əsasən ikinci dünya müharibəsindən sonrakı iqtisadi rellığın təsirilə yenilənmiş Qərb dünyasının məişət yaşamını və vərdişlərini minimalist formada əks edən, film və televiziya məhsullarını, gündəlik istehlak mədəniyyətini (konserv qutuları, populyar siqaret markaları, hamburgerlər, “Coca Cola” şüşələri), pop ulduzları, məşhur simaları və kütlənin hollivudvari gündəlik lüğətini özündə ehtiva edən rəsmlər paradıdır. Məhz bu məqamda dumanlı gözlərimizin önündə bir sual sərgilənir: “Pop Art” nümunələri sənətçilərin Qərbdə formalaşıb bərkimiş və nəsnələr okeanında boğulan hollivudvari yaşam tərzinə etirazı, yoxsa planetimizi kapitalizmin ilğımlarına cəzb etmək istəyən Qərbin qaramat siyasətçilərinin əlində dünyanın pak alnına dirənmiş növbəti silahıdır?
Konkret cavab tapmaq çətindir. Çünki sırf Hollivud və reklam industriyasına xidmət edib ciblərini dolduran “Pop Art” sənətçilərilə yanaşı dünyanın mövcud reallığını – güzgüdəki əksini yalın şəkildə – olduğu kimi əks etməklə kifayətlənib kənara çəkilən sənətçilər də var idi. Üçüncülər isə sırf sənət müstəvisində davranaraq tutarlı əsərlər yaratmışdılar. Sıralarına Endi Varhol, Roy Lixtenşteyn, Cim Dayn, Ceyms Rozenburq, Oldenburq (bu sənətçilərin əsas özəlliyi həm də dizayner olmaları idi) kimi məşhur sənətçilərin düzüldüyü üçüncülərin yaratdıqları əsərlərin əsas qayəsi dövrün streotiplərini və bu streotiplərin ardındakı təhlükəli oyunların qaramatını ifşa etmək idi. Mənzərəninin qarşımızda dumansız və aydın formada sərgilənməyi üçün bu tip əsərlərdən ən məşhurunu – Nyu – Yorklu dizayner Tom Veselmanın “Merlin Monro və Pop Art” rəsmini xatırlamaq kifayətdir.
Rəsm Merlin Monronun minimalist həddə kiçildilmiş kvadrat fotoşəkillərindən ibarətdir.
Şəkillər karvanı gözlərimiz önündən keçdikcə dəyişməz çöhrələrin rəngi hər keçiddən sonra solğunlaşır. Sonda isə parlaq rənglər tamamilə kvadrat çərçivədən itir və biz Merlin Monronun cizgiləri silinmiş boz çöhrəsini çərçivənin içində çətinliklə seçirik. Bu rəsm həmin dövrdə Avropada və xüsəsən Amerikada kişilərin şüurlarında formalaşmış yekrəng qadın tipi streotipinə (sarışın, qırmızı dodaq boyalı və seksual) etiraz idi. Sonradan Tom Veselmanın kəşf etdiyi üslub üçüncü sırada qərar tutmuş “Pop Art” sənətçiləri arasında geniş yayılmış, dönəmin bir çox məşhur simaları məhz bu şəkildə rəsm edilmişdir.
Digər bir üslub isə streotipləşmiş hazır nəsnələrin birləşdirilərək eyni rəsm dünyasına salınması idi: Kütlələri ovlayan məşhur qəzetlər və dərgilərdən kəsilmiş fotoşəkillər Qərb insanlarının gündəlik məişət mənzərələrində yer tutmuş nəsnələrin aşırı ölçüdə təsviri, “Coca Cola” şüşələri, “Marlboro” siqaretləri, qumsalda çətirlərlə kölgələnmiş sarışın, qırmızı dodaq boyalı və eynəkli qadınlar, streotipləşmiş xəbər başlıqları və Qərb insanının qəlibləşmiş ünsiyyət lüğəti, mexaniki işarələr, bəsit və bayağı motivlər paradı, Hollivud filmlərindən, rəsmli romanlardan çıxarılmış küylü səhnələr, istehlakçılara yönəlmiş simvollar – bütün bunlar üçüncü tip “Pop Art” sənətçilərinin əsərlərində bəzən yorucu, tünd və parlaq, bəzən isə tamamilə boz rənglərlə (bəzən hər iki rəngin qovşağında) qarşımıza çıxır və sənətçilərin mövcud streotiplərə qarşı etirazı kimi qəbul edilir.
Sırf sənət müstəvisində davranan ciddi “Pop Art” sənətçilərinin cəhdlərinə baxmayaraq janr tez bir zamanda daha çox qərbin vəhşi kapitalizminin cazibəli simasındakı hiyləgər gülüşə çevrildi. Janr inkişaf etdikcə dünya dövlətlərində – hətta komunist blokunun yekrəng qapalı ölkələrində belə “Amerika” bumunun partlayışına təkan verdi, vahid “Amerikalı” tipini bütün coğrafi həqiqətlərin fövqünə qaldıraraq yenilənmiş müstəmləkə siyasətinin mühüm bir parçası kimi dönəmin fenomeni oldu. Məhz həmin dönəmdə yalnız küylü Hollivud filmlərində deyil, bir çox Şərq ölkələrinin ekran işlərində də “Amerikalı” yaşam tipinin partlayışını görmək mümkündür.
“Pop Art” yeni, cazibəli və əyləncəli idi. Özünə qədər heç bir janrın malik olmadığı media gücünə və özünüifadə platformalarına malik idi. Əsas qayə Qərbin ənənə dumanını dağıtmaq üçün ənənələrdən istifadə edib əsərlər yaratmaqla yeni dünya formalaşdırmaq idi. Amma müdhiş imkanlarla hədiyyələnmələrinə baxmayaraq sənətçilərin dəyişdirməyə niyyətləndikləri qərb insanları kimi parlaqlıqlara aldanmaları buna mane oldu. Tezliklə “Pop Art” sənətçilərinin bir çoxu Hollivud ssenarilərinin və qərb siyasətçilərinin ilğımlarında itkin düşərək janrı yeniləmək istədikləri “Amerikalı” tipinə dəyişdilər. Lakin bütün olanlara baxmayaraq parlaq rəsmlər yaradaraq parlaqlıqlara aldanmayn azsaylı sənətçilər var idi və ciddi sənət dərgilərinin köşələrində nümayiş etdirdikləri əsərlərilə qərb insanını yetərincə cəsarətli bir həqiqətlə müjdələyirdilər: “Şərqin daimi təkrarlardan ibarət boz və sükutlu həyatları ilə sizin daimi parlaqlıqlardan və süni həyəcan partlayışlarından ibarət tünd həyatlarınız arasında heç bir fərq yoxdur”.
Müəllif: XII Partizan