Rəsulzadə soyadı bitir – Sonuncu Rəsulzadə kimdir?

Loading

31 yanvar Şərqdə ilk demokratik respublikanın banisi, azərbaycanlı siyasi-ictimai xadim, publisist Məhəmməd Əmin Rəzulzadənin Doğum günüdür.

“Partizan” onun ailə üzvləri haqqında dəhşətli faktları təqdim edir.

Ümmülbanu – Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı.

1888-ci ildə doğulub. 1908-ci ildə Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. 1937-ci ildə doğmaca həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə ilə məktublaşmaları bəhanə gətirilərək Qazaxıstana sürgün olunub. Oğlunun ölümü və ailəsinin dəhşətli taleyinə dözmədiyindən 1940-cı ildə ürəyi dayanıb.

Lətifə Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin qızı.

1910-cu ildə Bakıda doğulub. 1941-ci ildə iki qız uşağı ilə birgə Qazaxıstana sürgün edilib. Üzərində xalq düşməni damğası olduğu üçün burada ona heç kəs kömək etməyib. Nəticədə şaxtalı yanvar günlərinin birində 32 iki yaşlı Lətifə yataqda 9 yaşlı qızı ilə birgə soyuqdan donaraq ölüb. Məhəmməd Əmin Rəsulzadənin qızı olduğu üçün 7 gün kimsə meyitlərə yaxın düşməyib. Sonda uzaq Qazaxıstan çöllərində iki qəbir qazılaraq qərib meyitlər torpağa tapşılıb.

Xalidə Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin qızı

1916-cı ildə Məhəmməd Əmin Rəsulzadənin ailəsində doğulan, 21 yaşında anası və qardaşı ilə birgə Qazaxıstana sürgün olunan Xalidə müharibənin qızğın vaxtında sənədsiz-filansız Azərbaycana qayıtmağı bacarır. Daha sonra Neftçalaya yola düşdüyü güman edilir. Lakin bu gümandan sonra onun haqqında zərrə qədər də məlumat yoxdur. Sanki, Xalidə Rəsulzadə adlı bir insan bu ölkəyə gəlməyib…

Rəsul Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin oğlu

Daha bir nakam Rəsulzadə. Özündən sonraya bir fotoşəkil və bir neçə cümləlik bioqrafiya saxlayan Rəsul Rəsulzadə. Azərbaycan Cümhuriyyətinin yarandığı ildə doğulmuşdu, bibisi qızı Kübranı sevirdi, 19 yaşında ikən dostu ilə dəniz sahilinə gedərkən saxlanılır, 3 gün sonra qeyd şərtsiz güllələnir. Məzarı bəlli deyil.

Azər Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin oğlu.

Azərbaycan cümhuriyyətinin süqut etdiyi ildə, 1920-ci ildə Bakıda doğulub.
Məhəmməd Əmin Rəsulzadə oğlunun adını öncə Əliheydər qoyur. Son dəfə Azərbaycandan ayrıldığı zaman oğlunun adını dəyişərək Azər qoyur. Sanki adı taleyini yazır, atası kimi o da demək olar ki, Azərbaycana həsrət qalır. Sürgündən sonra vətəndə uyumaq da Rəsulzadələr arasında ilk olaraq ona qismət olur. 56 ildən sonra Azər Azərbaycana qovuşur. Novxanıda baba yurdunda dəfn olunur.

Faktların davamı ilə TV11-in “Bu adam” verilişində tanış ola bilərsiz.

PS. Məqalədə Rais Rəsulzadənin Sərdar Aminə verdiyi müsahibədən və N.Bağırzadənin “Uzaqdakı yaxınlar” kitabındakı faktlardan istifadə olunub.