Ümiddən ayrılıq qoxusu gəlir – Anar Aminin şeirləri

Loading

“Partizan”   Anar Aminin   şeirlərini təqdim edir…

 

Ayrılıq qoxusu

Zodan
meşəsinə
düşən ildırım
Palıdı yandırır, cökəni yaxır.
Payız sarısını udub… qorxudan
Göylər guruldayır, şimşəklər çaxır.
Buluddan ayrılıq qoxusu gəlir.

Ayı
pəncəsindən
canın qurtaran
Qartal dimdiyində caynaqlanırsa,
Sonuncu ölənə ümid deyirlər,
Bir ümid gümandan qaynaqlanırsa,
“Ümid”dən ayrılıq qoxusu gəlir.

Yel
vurub
yellədən yemişanların
Budaqların qırıb barın yeyirlər.
Sonra da bax heç nə olmamış kimi,
“Olub keçənləri unut” deyirlər.
“Unut”dan ayrılıq qoxusu gəlir.

“Dağlar
haqqı,
hər şey yaxşı olacaq,
Bir azca səbr elə, bir azca döz” de…
Bənövşə ətirlim, tülpan dodaqlım,
Susma, qurban olum, mənə bir söz de.
Sükutdan ayrılıq qoxusu gəlir.

Qırılmış budağın
altında qalan
Bir gülü oxşayıb çiçəyi ovut.
Ağacdələn bilir, ağac nə çəkir:
Bir koğuş min ölən yarpağa tabut.
Tabutdan ayrılıq qoxusu gəlir.

***

Niyə öyrədirdin
özünə məni?!

Heç
kimin
sözünə qulaq asmazdım,
Gözlərim heç nəyi görməzdi mənim.
Ağlımın ucundan keçməzdi belə,
Yatsam, heç yuxuma girməzdi mənim;
Haçansa qəfildən üz döndərərsən,
Atarsan həsrətin közünə məni.
Bir ömür yandırıb – yaxacaqdınsa,
Niyə öyrədirdin özünə məni?!

Dedim:
– Atan, anan razı deyilsə,
Bu eşqə vağzalı çalına bilməz.
Lap belə götürüb qaçsam da səni,
Alınmaz, bu sevgi alına bilməz.
“Yaxşı olar” — deyib təsəlli verdin,
Saldın bir ümidin izinə məni.
Bir ömür yandırıb – yaxacaqdınsa,
Niyə öyrədirdin özünə məni?!

Hərdən
saçlarını
bir yerə yığıb,
Dəstə-dəstə edib, hörgü vurardım.
Bəzən mən görüşə yorğun gələrdim,
Arada əsnəyib mürgü vurardım;
Bir sevgi dilində lay-lay deyərdin,
Sonra yatırardın dizinə məni.
Bir ömür yandırıb – yaxacaqdınsa,
Niyə öyrədirdin özünə məni?!

Bir çay
sahilində,
çeşmə başında,
Bulaq saflığıyla inandım sənə.
Mən kənd uşağıyam, hər nə dedinsə,
Uşaq saflığıyla inandım sənə.
Hər görüş… and içdin, arxayın etdin,
Elə inandırdın sözünə məni..!
Bir ömür yandırıb – yaxacaqdınsa,
Niyə öyrədirdin özünə məni?!

Mən elə bilirdim,
bu ruh deyilən,
Neçə məsələdən, misaldan keçib.
Bir də ayıldım ki, sənsiz qalmışam,
Bir də onda gördüm, vüsaldan keçib.
Bu sevgi hicrana çatdırdı axır,
Əyrisinə səni, düzünə məni.
Bir ömür yandırıb yaxacaqdınsa,
Niyə ötrədirdin özünə məni?!

Sonunda
uduzan, udan vardısa,
Məhəbbət özü bir döyüşdü, bəlkə?
Sən “yox” desən belə, elçi düşənlər,
Yığışıb fikrini dəyişdi, bəlkə;
Bir üzük əlini yoldan çıxardı,
Gözlərin çox gördü gözünə məni?
Bir ömür yandırıb – yaxacaqdınsa,
Niyə öyrədirdin özünə məni?!

Mən
hardan
biləydim, bir gün bu sevgi,
Qəlbimin küncündə qısılı qalar.
Gedərsən, dönərsən xatirələrə,
Adın yaddaşımdan asılı qalar.
Heç vaxt unamazdım yoxluğun haqqı,
Sən həsrət qoyarsan üzünə məni.
Bir dəli sevginin oduna salıb,
Bir ömür yandırıb – yaxacaqdınsa,
Niyə öyrədirdin özünə məni?!

***

Bəlkə, heç yadımdan
çıxmayacaqsan

Söz-söz,
heca-heca
yaşadım eşqi…
Bir ağrı hiss etdim kürəyimdə mən.
Sığınıb müqəddəs xatirələrə
bu nakam sevgini ürəyimdə mən
hər gün misra-misra sevib-oxşayıb,
sonra sətir-sətir uyudacağam.
Bəlkə, heç yadımdan çıxmayacaqsan,
bəlkə də, yadımdan çıxarıb bir gün
haçansa mən səni unudacağam.

Bəlkə, bir yalana uyub getmisən,
kimsə bir gün sənə düzün deyəcək…
Bəlkə də bir sevgi şeirimi oğlun,
başqa bir şeirimi qızın deyəcək…
…Bir gün sənə olan hirsi, hikkəni
yazıb şeir-şeir soyudacağam.
Bəlkə, heç yadımdan çıxmayacaqsan,
bəlkə də, yadımdan çıxarıb bir gün
haçansa mən səni unudacağam.

Yalanlar
doğruyla,
əyrilər düzlə…
Min namərd bir mərdlə unudulursa,
bir eşq başqa eşqlə yaddan çıxırsa,
bir dərd başqa dərdlə, unudulursa,
təsəlli verib mən özüm-özümə
könlümü bir təhər ovudacağam.
Bəlkə, heç yadımdan çıxmayacaqsan,
bəlkə də, yadımdan çıxarıb bir gün
haçansa mən səni unudacağam.

Mən hardan
biləydim,
dərdin, kədərin,
həsrətin bizimlə bir işi vardı!?
Bəlkə, yer üzündə unudulmayan
nə bir qadın, nə də bir kişi vardı.
Elə bilmə sənə dönəcəyəm mən…
Elə bilmə sənə qayıdacağam…
Bəlkə, heç yadımdan çıxmayacaqsan,
bəlkə də, yadımdan çıxarıb bir gün
haçansa mən səni unudacağam..!

***

Sətir-sətir qaçıb
yuxum gözümdən

Yaz vaxtı oxlova gələn qonşumuz
Gedəndə yağışlıq çətir istəyib.
O gecə yuxumda fətir görmüşəm,
Durmuşam, ürəyim fətir istəyib.
Nənəm un ələyib, xəmir yoğurub,
Ocaq qalamışam, sac gətirmişəm,
Fətir-fətir qaçıb yuxum gözümdən.

Nənəli-nağıllı dünyamın, Allah,
Altı cacdan imiş, üstü fətirdən.
Uşaq sevinciylə ocaq başında
Motal pendiriylə isti fətirdən
O ki var doyunca yeyəndən sonra
Ətirşah dəmləyib nənəm, içmişəm,
Ətir-ətir qaçıb yuxum gözümdən.

Mən elə bilmişəm, mən deyən olub,
Bəlkə də, mən deyən olmayıb heç vaxt?!
Nədənsə etdiyim yaxşılıqların
Heç biri cəzasız qalmayıb, heç vaxt.
Hər zaman xətrini istədiklərim
Vaxt-bivaxt xətrimə dəyiblər mənim,
Xətir-xətir qaçıb yuxum gözümdən.

Mənim də dəftəri bir yana qoyub
Qələmi bir yana atmağım olub.
Söz-söz, heca-heca mürgü vurmağım,
Baş qoyub masaya yatmağım olub.
Yatmışam gecənin bir aləmində,
Çox vaxt misra-misra diksinmişəm mən,
Sətir-sətir qaçıb yuxum gözümdən.