Kateqoriya arxivləri: Köşə

“Qələbəni istəmirik…” – Milli komandaya marş

Loading

PartizanYetim Qacarın “Qələbəni istəmirik, varlığın da bizə yetər” adlı essesini təqdim edir.

Hər məğlubiyyətdən sonra olduğu kimi dünəndən asıb-kəsirik .

Azərbaycan millisinin oyunçuları yenə tənqid və təhqirin hədəfindədir.

Bu təhqirləri yağdıranlara bir sualım var.

Guya, sən və sənin kimilər və yaxud sənin dediyin məşqçinin rəhbərliyi və yaxud sənin seçiminlə formalaşan komandanın nəticələri fərqli olacaq?

Mən stadiona gedə bilmirəm, amma imkanım olsa, millinin nəinki ev hətta bütün səfər oyunlarında stadionda olaram.

Və dayanmadan millimə dəstək olaram.

Bu yazı ilə milliyə stadionda dəstək olan hər bir azerkeşə təşəkkür edib, millini hər məğlubiyyətdən sonra təhqir edənlərə keçirəm.

Sizin üçün milli nədir bilmirəm, amma mənim üçün milli həm də müstəqilliyimizin atributlarından biridir.

Gerb kimi, bayraq kimi himn kimidir.

Niyə unudursunuz ? Millimin hər oyununda himnimiz səslənir, bayrağımız dalğalanır.

Və dünyaya milli varlığımızın dövlət formasında mesajı verilir.

Hansı ata zəif olduğu oğlundan imtina edib və ya kim atasından imtina edib zəif olduğu üçün?

Millimiz və millimizdə oynayanlar bizimdir, hər halıyla və biz onlara dəstək olmayılıq.

Şəxsən mənim üçün milli komanda Azərbaycan ordusunun bir manqasıdır.

İllər boyu milli ordumuz məğlub durumda idi.

Amma vicdanı olan heç bir Azərbaycanlı ordumuza yuxarıdan aşağı baxıb aşağılamadı.

Əksinə bizim ordu sözünü həmişə qürurla dedik.

Və həmin ordu bizim güvəncimizlə böyüdü, nəinki Ermənistanı dünyanın istənilən ordusunu məğlub edəcək gücə döndü və bizə Aprel, 44 günlük, antitertor adında qələbələri bəxş etdi.

Milli məğlub olanda mən uşaq kimi ağlayıram, amma düşünürəm ki, o bayrağın dalğalanması, o himnin səslənməsi üçün şəhidlər vermişik və düşünmə anından kədər göz yaşlarımı qürur göz yaşları əvəz edir.

Mən gözlərim kor olacaqa qədər ağlamağa hazıram, təki milli komandamızın varlığı əbədi olsun.

Demək, milli komandaya da sona qədər güvənmək lazım.

Görəsən, millini təhqir edənlər bilirmi, dünyada nə qədər milli komandası olmayan millətlər var?

Millətlər var illərdir milli komandası olsun deyə qanlı mübarizə aparırlar, amma hələ də milli dövlətləri yoxdu.

Azərbaycan öz müstəqilliyini elan edəndə dünyada əhali sayına görə bizdən qat-qat üstün olan millətlər var idi və indi də var, amma hələ də milli dövlətləri yoxdu.

10 milyondan 11 futbolçu tapılmır deyənlər, deyəsən, Hindistanın əhali sayını unudurlar və deyəsən, bizim millinin Hindistanı 16-0 məğlub etdiklərindən xəbərləri yoxdur.

Düzdü, bu qələbəni əsas millimiz qazanmasa belə, bu bizim millinin qələbəsidir.

Onda dünyanın ən çox əhalisinə sahib hindlilər nə etsin ?

Meydana çıxan 11 futbolçunu öldürsün mü?

İnanın, biz olsaq öldürərik.

Avropada əhalisi az amma futbolu Hindistandan görünməyəcək qədər qabağda olan ölkələr var.

Əminəm ki, siz bilirsiz ki, futbolçu say hesabıyla yetişmir. Elə olsa, dünya futbolunun liderləri Çin və Hindistan olardı.

Siz bilirsinizmi, futbol ingiltərədə yaransa da, Braziliyada daha çox inkişaf edib.

İngilislərin dünya çempionatında cəmi bir nəticəsi olub, o da bizim Tofiq Bəhramovun ədaləti sayəsindədir.

Onda ingilislər dava salsın ki, bizim yaratdığımız oyunu niyə Braziliya bizdən yaxşı oynayır?

Təhqirlə oyun düzələcəksə, mənə bir nəticə göstərin, mən də sizə qoşulum.

Uduzmuş komandaya təhqir ancaq eniş gətirəcək.

Mən özüm də futbol məşqçisi işləmişəm.

Məğlubiyyətin də, qələbənin də dadını gözəl bilirəm.

Xocahəsəndə keçirdiyimiz oyunların birində əlinə düşən bir epizodu boş verən oyunçumu azerkeşin var-yoxuna qədər söyməyinin şahidiyəm.

Əvvəl fasilədə həmin azerkeşə yaxınlaşıb sərt iradımı bildirmək istədim, amma fikrimdən daşınıb 15 dəqiqəmi uduzan komandama həsr etdim.

Siz oyunu yox, ilk hissəni uduzmusunuz deyə onlara dəstək oldum. Rəqibin ilk hissədə etdiyini edib, siz ikinci hissədə geri dönüş edib qələbə qazana bilərsiz dedim.

Azerkeşlərin inadlı etirazlarına baxmayaraq söyülən oyunçunu meydanda saxladım və dedim:

“Səni söyənləri peşman edəcək oyuna sahib olduğuna əminəm.Çıx meydana həm rəqibi, həm də azerkeşləri susdur.

Və elə də oldu.

İlk hissədə təhqir olunan Elvin iki qol vurub oyunun taleyini həll etdi və onu hamıdan çox qucaqlayan məhz onu söyən azerkeş idi.

Siz siz olun millinin oyunlarında tək bir şüar səsləndirin.

“Qələbəni istəmirik,

Varlığın da bizə yetər.

Azərbaycan millisi”-deyin.

Və sözünüzə sahib çıxın.

Və əmin olun, varlığıyla qürur duyduğunuz milli mütləq sizi sevindirəcək.

Markesin öz əli ilə yazdığı siyahı: Oxunmalı 15 kitab

Loading

BBC-dən  Ernando Alvarez ədəbiyyat üzrə Nobel mükafatçısı Qabriel Qarsiya Markesin ölümünün 10-cu ilində kolumbiyalı yazıçı ilə nahar etdiyi günü xatırlayır və yazıçının öz qələmi ilə qeyd etdiyi oxunması vacib olan klassiklərin siyahısını təqdim edir. Oxumağa davam et Markesin öz əli ilə yazdığı siyahı: Oxunmalı 15 kitab

Pop art nədir, niyə qadağan olunub?

Loading

“Partizan” “Pop art” estetik cərəyanı haqda esse təqdim edir.

Bəs “Pop Art”?

1960-cı il… Bəşəriyyət tarixinin yeni mərhələsi üfüqlərdən boy verir. İnsanlar artıq dünya torpaqları ilə birgə ayın gümüşü torpaqlarında addımlamaqda iddialıdırlar. Bir zaman sonra əlçatmaz xəyal gerçəkləşir və dünya vətəndaşları nəhayətsiz kosmik fəzanın fonunda ay torpaqlarına ayaq basıb heykəl kimi donmuş ilk insanı görür. Oxumağa davam et Pop art nədir, niyə qadağan olunub?

Atasını, anasını, arvadını çəkərək Kann festivalını qazanan rejissor – Ceylandan minimalist film dərsi

Loading

“Partizan” Almaz Cilalının “Kiçik büdcə – böyük film” essesini təqdim edir.

Kino yarandığı gündən ən böyük büdcə tələb edən sənət sahəsi olaraq tanınıb. Həm kollektiv istəyən sənət olması, həm də hərəkətlilik, kütləvilik sərgiləməsi hər gün bu sahənin biznes əsasını bir az da artırır, sözügedən sənətin başında fantastik məbləğlər dolaşır. Təbii ki, filmlərə milyonlarla pul xərcləməyin səbəbi qazancdır. Prodüserlər, şirkətlər adətən filmə qoyduqları pulun bir neçə qatını əldə edir, nəticədə kino dünyanın ən gəlirli sənət sahəsinə çevrilir.

Lakin XX əsrin ortlarından başlayaraq minimalizmin bir estetik cərəyan olaraq sözünü deməsi, bütün sahələrə olduğu kimi kinoya da mühüm təsir göstərdi. Bu gün artıq minimalist filmlər dünya kinosunun səmimi simasına çevrilərək sadiq izləyiciləri ilə baş-başadır.

Minimalizm kino janrı deyil, minimalizm kinonun bir siması formasıdır, hansı ki bu forma üzərindən bütün janrlarda film çəkmək mümkündür. Lakin əsas məqsədi kommersiya oln müəlliflər, təbii ki, bu sahədə qol-qanad aça bilmirlər.

Adından göründüyü kimi, minimalizm bir estetik cərəyan olaraq sadəlikdə gizlənmiş möhtəşimlikləri aşkarlamaqdan ötrü bərqərardır. Minimalizmi ilə bağlı gəlinən yanlış qənaətlərdən biri bu sahənin kasadlıqdan, çarəsizlikdən atılmış addımlar toplusu olması ilə bağlıdır. Əslində isə minimalizm ifrat dəbdəbəyə qarşı baş qaldırmış olduqca sanballı bir cərəyandır. Minimalizmin siması adilik yox, sadəlikdir. Minimalist müəlliflər illərdir dünya tamaşaçısına sübut etməkdədir ki, ifrat dəbdəbə olmadan da yüksək sənət nümunələri yaratmaq mümkündür.

Minimalist film təkcə büdcəsi ilə ölçülmür. Düzdür, bu filmlərin bir qayda olaraq büdcələri aşağı olur, ancaq hər büdcəsi aşağı olan film minimalist sayılmır. Çünki elə bir film ortamı yarana bilər ki, prodüser, rejissor fərdi əlaqələri, heyətin fədakarlığı sayəsində aşağı büdcəli film çəkər, lakin filmin səhnələri əslində tutumlu, bol materiallı, kütləvi ola bilər. Bu o deməkdir ki, film minimalist yox, sadəcə fərdi bacarıqla hasil edilmiş aşağı büdcəli məhsuldur.

Minimalist film müəllifinin yoxdan var etmək bacarığı güclü olmalıdır. Dar sərhədlər, aşağı büdcə, az insan, bər-bəzəkdən xali səhnələr, sadəlik içində vacib mətləblərə toxunmaq, yaxud müəllifin xüsusi bacarığı nəticəsində sırf səhnənin atmosferini xüsusi həssaslıqla ötürmə minimalist filmlərin ümdə göstəriciləridir.

Minimalist rejissorların əlindən tutan ilk amil təbii dekorasiya, mövcud infrasturukturdur. Təbiətdə var olan əsrarəngiz guşələrin gözaltı edilməsi, onların lazımi məqamlarda filmə daşınması, gərəkli infrasturukturu tikdirmək əvəzinə artıq haradasa mövcud binanı, küçəni, qələbəliyi obyektivə cəlb etmək minimalsit film müəlliflərinə vacib olan sənət xüsusiyyətlərindəndir.

Rejissorların, prodüserlərin büdcəsini azaldan amillərdən biri bahalı aktyor-aktrisalardır. Minimalistlər adətən məşhur oyunçulardan qaçır, az tanınan, fədakar, potensialını ifadə etmək istəyən, kölgədə qalan istedadlı aktyor-aktrisalardan istifadə edir. Sırf bu səbəbdən minimalist rejissorlar dünyaya ən çox aktyor-aktrisa qazandıran müəlliflərdəndir.

Kinoda minimalizm adətən müəllif filmlərində diqqət çəkir. Bunun bir neçə səbəbi var:

  1. Müəllif filmlərində adətən orijinal, sınaqdan çıxmamış mövzulara müraciət olunduğundan prodüserlər, şirkətlər bu filmlərə ciddi pul xərcləməyi risk sayır, nəticədə rejissor fərdi prodüsserliyi və fərdi büdcəsi ilə həmin filmi çəkmək barədə düşünür. Nəticədə kütləvi səhnələrdən qaçmaq zorunda qalır.
  2. Müəllif filmləri adətən kommersiya məqsədli olmur. Bu tip filmlər kütləvi zövqə hesablanmadığından kütləvi səhnələrdən iraq qalır.

Minimalist film müəlliflərinə cəsarət, dəstək və yol göstərən kino təriqətlərindən biri “Doq ma-95”dir. Məhz bu hərəkatdan sonra sinəsində kino nəğməsi, film sevgisi olan, lakin avadanlıq çatışmazlığı, büdcə yoxluğu səbəbilə filmini və istedadını üzə çıxara bilməyən yüzlərlə şəxs kinoya gəldi.

Bu gün Azərbaycan üçün də çox keçərli olan bu hərəkatın əsasını məşhur danimarkalı rejissor Lars Von Trier soydaşı və həmkarı Tomas Vinterberqlə birgə qoyub. Trier “Krallıq” filmi üzərində çalışarkən ağlına belə bir ideya gəlir:

“Pulla, xüsusi bahalı avadanlıqlarla yaradılan kino əsl sənət deyil. Rejissor gördüyünü və düşündüyünü çəkməli və bunun üçün bahalı avadanlıqlardan, kompüter qrafikasından istifadə etməli deyil”.

Əslində “Doqma-95” ideyası kinoda “yeni dalğa”nın banilərindən olan fransız rejissor Fransua Trüffonun 1954-cü ildə “Cahiers du cinema” jurnalında dərc olunan bir yazısından doğub.

“Doqma-95”in 10 əsas qaydası var və onların arasında diqqət çəkən müddəalar bunlardır:

“Film kameranın deyil, kamera filmin yanında olmalı, kamera əldə daşınan olmalı, hərəkətli kadrlar zamanı kamera xüsusi relslər, bahalı avadanlıqlar üzərində deyil, əldə, çiyində hərəkət etməli, xüsusi montaj effektləri qadağndır, səs görüntüdən kənarda yazıla bilməz və s.”.

“Doqma-95” əsas ideyası bu idi: film çəkmək istəyirsən? Götür kameranı, çək, bunun üçün sənə xüsusi dəm-dəstgah lazım deyil.

Minimalist kinonun komponentləri “Doqma-95” hərəkatının tələbləri ilə birə-bir uyuşmasa da, əslində bu iki ideya eyni məqama xidmət edir və “Doqma-95” ideyası minimalist filmlərə ən böyük təkan vermiş sənət hərəkatlarındandır.

Minimalist filmlərdə əsas sözü məşhur adlar, dəbdəbə püskürən görüntülər deyil, ideya, situasiya, atmosfer deyir. Məşhur aktyor-aktrisa heyətinə müraciət etmədən kinoda şedevr yaratmağın mümkünlüyünü dünyaya bir daha sübut edən rejissorlardan biri qonşu Türkiyəyə 32 il sonra yenidən “Qızıl palma budağı” (Kann Film Festivalının ali mükafatı) qazandıran Nuri Bilge Ceylandır.

Nuri Bilgə kinoya atasını, anasını, qohumlarını çəkərək gəlib və ilk 3 filminin – “Qoza” (1995), “Qəsəbə” (1997), “May sıxıntısı” (1999) filmlərinin baş qəhrəmanları məhz öz ata-anasıdır. Bunun ardınca çəkdiyi “Uzaq” (2002), “İqlimlər” (2007) filmlərində də yenə baş rollarda bacısı oğlu Mehmet Emin Toprak, həyat yoldaşı Ebru Ceylan və özünü çəkib.

Ən maraqlı məqam budur ki, demək olar ki, heç biri peşəkar aktyor-aktrisa olmayan, əksərinin ilk dəfə çəkildiyi bu heyətlə Ceylan başda Kann olmaqla dünyanın nüfuzlu festivallarında 10-larla mükafat qazanıb.

Bu gün dünya ilə kino dilində danışmağı hələki bacarmamış ölkələrdən olan Azərbaycanda minimalist filmin inkişafı, müəlliflərin bu cərəyana daha çox müraciəti kinomuzun xilası kimi görünür. Sənətin inkişafına ciddi dəstək göstərə biləcək özəl sektorun bu sahəyə hələki ayaq açmaması müəllifləri minimalist filmlər barədə düşündürə bilər.

Xosrovun çimən Şirini görməsi – Şəbdizin incə ağzından şəlalə kimi axan sirr

Loading

Bir miniatürün danışdıqları…

Miniatür əsərlər daşıdığı sirlə daim estetləri riqqətə gətirən sənət növüdür. Diletantlara perspektivsiz, uzaqlığı olmayan, müstəvi üzərində təsvir edilmiş bu görüntülər çox bəsit təsir bağışlaya bilər. Lakin miniatür məktəbinin mütəvazi qanunlarını, müəlliflərin xəlvətilik ehtirasını, rəsmi küfr hesab edən təriqətlərin arqumentlərini duyan şəxslər bu əsərlərə ayrı estetik plastda nəzər salır. Oxumağa davam et Xosrovun çimən Şirini görməsi – Şəbdizin incə ağzından şəlalə kimi axan sirr

Poeziyanın son dayanacağı – Vizual şeir nədir?

Loading

Qədim Yunanıstanın isti torpaqlarında dolaşıb günəşin altında heç bir şeyin yeni olmadığını anlayan Ellada şairlərilə inanc sistemi dünya müharibələrinin ümidsizliyinə gömülmüş iyirminci əsr şairlərini mütləq şəkildə eyni fikir narahat edirdi. Tamamilə yeni poeziya yaratmağın mümkünsüzlüyü! Oxumağa davam et Poeziyanın son dayanacağı – Vizual şeir nədir?

Postmodernizm nədir? – Ekonun essesi: İlk dəfə

Loading

Postmodernizmi nəyə desən aid edirlər

1965-ci ildən bu günədək iki fikir hamı üçün gün kimi aydındır. Biri budur ki, süjeti hətta digər süjetlərin nəql edilmə prosesində də bulmaq olar: digər cəhət ondan ibarətdir ki, nəql etmə prosesi nəql edilən süjetin özündən daha az “barışdırıcı” təsir bağışlaya bilər. Demək, mahiyyətcə nə qədər ağır, problematik olsa da, hər halda heç zaman əldən düşməyən – ürəklər ovlayan romanlar yazmaq mümkündür. Oxumağa davam et Postmodernizm nədir? – Ekonun essesi: İlk dəfə