Kateqoriya arxivləri: Trend

Ərinin dostuna vurulan gəlin

Loading

“Partizan” “Kitabdan” rubrikasını təqdim edir.

Rubrikada müxtəlif müəlliflərin araşdırma kitablarında yer alan maraqlı faktlar, məqalələr oxucularımızın diqqətinə çatdırılacaq.

Rubrikamızın növbəti sayında Nobel mükafatlı yazıçı Herman Hessenin “Knulp” romanından “Knulpun dostunun evində xəstə yatdığı səhnə”ni təqdim edirik. Oxumağa davam et Ərinin dostuna vurulan gəlin

“Bizdə romanı daha çox hazırlıqsız şəxslər yazdılar” – Nəsrin bulvar söhbəti

Loading

Partizan”da yeni ədəbiyyat layihəsinə start verilir. Layihə çərçivəsində vaxtaşırı yazıçı İlham Əzizin müxtəlif qələm adamları ilə nəsr barədə söhbətlərini oxuya biləcəksiniz. Söhbətlər dənizkənarı bulvarda baş tutduğundan yeni layihəyə belə ad verdik: “Nəsrin bulvar söhbəti”.

Bugünkü həmsöhbətimiz yazıçı-publisist, Azad Yazarlar Ocağının sədri, “Adalar və gəmilər”, “Keçilərin nəğməsi” romanlarının müəllifi Rəşad Səfərdir. Oxumağa davam et “Bizdə romanı daha çox hazırlıqsız şəxslər yazdılar” – Nəsrin bulvar söhbəti

Markesin öz əli ilə yazdığı siyahı: Oxunmalı 15 kitab

Loading

BBC-dən  Ernando Alvarez ədəbiyyat üzrə Nobel mükafatçısı Qabriel Qarsiya Markesin ölümünün 10-cu ilində kolumbiyalı yazıçı ilə nahar etdiyi günü xatırlayır və yazıçının öz qələmi ilə qeyd etdiyi oxunması vacib olan klassiklərin siyahısını təqdim edir. Oxumağa davam et Markesin öz əli ilə yazdığı siyahı: Oxunmalı 15 kitab

Pop art nədir, niyə qadağan olunub?

Loading

“Partizan” “Pop art” estetik cərəyanı haqda esse təqdim edir.

Bəs “Pop Art”?

1960-cı il… Bəşəriyyət tarixinin yeni mərhələsi üfüqlərdən boy verir. İnsanlar artıq dünya torpaqları ilə birgə ayın gümüşü torpaqlarında addımlamaqda iddialıdırlar. Bir zaman sonra əlçatmaz xəyal gerçəkləşir və dünya vətəndaşları nəhayətsiz kosmik fəzanın fonunda ay torpaqlarına ayaq basıb heykəl kimi donmuş ilk insanı görür. Oxumağa davam et Pop art nədir, niyə qadağan olunub?

Pelevinin romanının davamı – II hissə

Loading

“Partizan” gizli və müəmmalı obrazını qoruyub saxlayan çağdaş rus yazıçı Viktor Pelevinin “Çapayev və boşluq” romanını təqdim edir. Roman dilimizə ilk dəfə Nadir Qocabəylinin tərcüməsində hissə-hissə yayımlanacaq.

I hissə ilə bura toxunaraq tanış ola bilərsiniz.

II hissə Oxumağa davam et Pelevinin romanının davamı – II hissə

Heydər Əliyevlə KQB-də rastlaşan yazıçının heç yerdə danışmadığı:”Məni güllələyəcəkdilər!”- İlk dəfə

Loading

Mövlud Süleymanlının altmış il əvvəlki ölümü
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi. Sağ olsaydı, bu cümləyə görə məni xeyli tənqid edərdi. Deyərdi, vəfat nədi? Ərəb-fars sözlərindan uzaq durun. Su kimi, dup-duru sözlərimiz var.
Yaxşı, ustad, onda belə deyək: Mövlud “Şeytan”sız dünyaya “Köç” etdi.

Xalq yazıçısı kimi Bakının göbəyində basdırılacaqdı, ancaq onun üçün göbək bəzən ürəkdən də önəmli olduğu üçün, göbəyinin kəsildiyi yeri düşündü. Ancaq o yerlərdə – Qərbi Azərbaycanda, Qızıl Şəfəqdə hazırda şəfəqlər qızılı olmadığı üçün göbəyini kəsən adamın yanını seçdi: Şamaxı, anasının məzarının yanı…
Ürək-göbək demişkən, bu yazımın böyük hissəsini ustadın 60 il əvvəl “ürək-göbəyini” yediyi günə həsr edəcəm.

Tanıdığımız hər insan eynimizdə nəyləsə asossasiya olunur. Ən azından üzüylə. Mövlud Süleymanlı deyəndə ağlıma həmişə “istəkli” sözü gəlib. Çünki o, yaratdığı bulaq kimi təmiz “Bulaq” radio-verilişində aparıcılar yad kökənli “əziz” sözünü istifadə etməsin deyə günlərlə fikirləşib və istəkli sözünü tapıb. Xatırlayırsınızsa, “Bulaq” verilişinin ən sevimli sözlərindən biri də məhz “istəkli” idi.

Gələk İstəkli Mövlud Süleymanlının başına gəlib ürəyində saxladığı həmin xatirəyə.
XX əsrin ortalarında Bakıda SSRİ-yə qarşı yaradılmış gizli təşkilatdan çoxunuzun xəbəri var. Mövlud Süleymanlının həmin təşkilatda başına gələn bir əhvalatdan isə məncə çoxunuzun xəbəri yoxdur.

O deyir:

“60-cı illərdə gəncliyin verdiyi emosiya və cəsarətlə SSRİ-yə qarşı təşkilatlanmışdıq. Elə biliridik ki, alçaq təpələri biz yaratmışıq. Düzdür, işimizi məxfi görürdük. Günlərin birində nişanlımla görüşə gedirdim. Anidən hiss etdim ki, kimsə məni götürdü, gözümü açanda gördüm ki, bir zirzəmidə nəhəng sarışın oğlan elə gözlərimin açılmağını gözləyir. Ona baxan kimi kəlmə də kəsmədən başladı məni əzişdirməyə. Həyatımda elə döyülməmişdim. Döyülməyimin səbəbini demirdi. Təxminən bilirdim, anacaq özümü bilməzdiyə vurub soruşurdum. Danışmırdı. Sonra dedim ki, birini də vursan, öləcəm. Bəsdi.
Başa düşmüşdüm ki, buradan sağ çıxmağım mümkün deyil. Elə içəridəcə güllələnəcəm. Ölümümə əmin olduğum anda yuxu kimi bir hadisə baş verdi.

Ölüm hökmümün veriləcəyini düşündüyüm bir kabinetə girdim.
Kabinet uzun idi. Otağın o biri başında masa arxasında bir adam oturmuşdu. Masasındakı işıq üzünə düşürdü. Diqqətlə baxdım. Gözləri mavi idi. Başa düşdüm ki, o, həmin adamdır. Haqqında əfsanələr eşidib üzünü görmədiyimiz Heydər Əliyev.
Mənə tərəf baxmırdı. Vərəqləri oxuyurdu. Elə mənə baxmadan da dedi:

– Alma yeyirsən?

Bu sözləri eşidəndən sonra, yaşamağa azca ümidim yarandı, dizlərim əsməyə başladı.

– Çox sağ olun.

– Bəlkə çay istəyirsən?

Yenə təşəkkür etdim.

Sonra məni yaxına çağırıb üzümə baxdı. Dedi, Sovet Sosialist Respublikaları İttifaqını yıxmaq istəyirsiz? Qorxudan heçnə deyə bilmədim. Hiss etdi ki, üzümdə ölüm qorxusu var. Bir az da susub böyük qardaş qayğısıyla dedi:

“Cavan oğlansan. Özün də istedadlı, bacarıqlı gəncsən. Sənin indi oxuyan, savadını artıran yaşındı. Sən ölkəmizə lazımlı adam ola bilərsən. Bu ölkə sizin yıxa biləcəyiniz bir quruluş deyil. Burdan çıx, düz evə get. Bir də bu barədə düşünmə”.

Təşəkkür eləməyə belə cürətim çatmadı. Çıxdım.

Nişanlıma görüş verdiyim ünvana getdim. Gördüm hələ də məni gözləyir. Onu Bülbülədəki evlərinə ötürüb “elektriçka”ya oturum. Oturan kimi düz yanımda bayaq məni əzişdirəm həmin yekəpər oğlanı gördüm.

Dedim, qurban olum, nişanlımı yola salırdım, evə gedirəm. Üzümə də baxmadı, elə bil onunla deyildim. Növbəti dayanacaqda düşüb getdi.

2003-cü ilə qədər bu barədə heç kəsə danışmadım. Sonra bunu yazmaq istəyimlə bağlı prezident Heydər Əliyevə müraciət etdim. Müavinlərindən biri ilə danışmışdım. Heydər Əliyev yazmağıma razılıq vermişdi.

Mövlud Süleymanlı bu xatirəsini bizə 2020-ci ilin 31 oktyabrında danışmışdı. İkinci Qarabağ müharibəsinin tam gücü ilə davam etdiyi günlərin birində. Ona görə danışmışdı ki, Azərbaycana, dövlətə çox inanırdı. Azərbaycanın təməlindən bu günə “Köç” romanı təhkiyyəsində danışıb post-müharibə dönəminə qədər gəlmişdi.

Mən isə bu xatirəni həm ona görə yazdım ki, elektron mətbuatda da olsun, həm də ona görə yazdım ki, Mövlud da elə Azərbaycan kimi adam idi. Bir hissəsi Qərbi Azərbaycanın Loru mahalında, bir hissəsi Şərqdə, Xəzər dənizində… Ömrü keşməkeşlərdə arınıb, astanalarda durulub.

“Dəyirman”da üyüdüldü, “Yel Əhmədin bəyliyi”ni gördü, “Köç”dü.
Mövlud Süleymanlı öz ədəbi yolunu öz sözləriylə hördü. Sadəcə bu təriqin yol yox, cığır olmasını istədi. Ədəbiyyat dağının yamacına naxış salan qüdsi cığır.

O qədər qüdsi ki, haqqındakı nekroloqu da tamamlamaq üçün də öz sözü, öz şeiri lazım olur.

Qanadın yorulmasın, məndən sonra uçan quş.
Sağlığa uçasan səni.

Məndən sonra gələn qış, soyuğun sünbülə dönsün.
Gül kimi açasan səni.

Məndən sonra axan su, ruhumdan keç.
Beləcə bütöv, sağlam, duru – Aranımdan, dağımdan keç.
Məndən sonra gedən yol, mən sənə vardım getdim, başa varasan.
Məndən sonra gələn söz, səni aradım getdim, həmişə uca durasan.

Aramızda yalan olmadı.
Biri üzündən aldı, biri tozundan aldı, özündən alan olmadı.
Məndən sonra gələnlər, sağlıqla yaşayın.
Amma bilin ki, doğulan kimi vaxtın oğlu olur adam,
gedəndə də, elə-belə getmir, gedəndə də qalır adam.

Bizimləsən, ustad. Getdiyin yerdə mövludun mübarək. Qaldığın yerdən başla…

Sərdar Amin