Azərbaycan kino tarixinin ən qüsursuz aktyorlarından birini anırıq. Onu sovet kinosunda yalnız SSRİ Xalq artisti Vçeslav Tixonovla müqayisə edirdilər… Bu adam kinomuzun Abasqulu bəyi, Qaraşı, Bəxtiyarı Həsən Məmmədovdur…
Aktyor haqqında bütün faktlarla aşağıdakı verilişdə tanış ola bilərsiniz….
Əbülhəsən Ağaməmməd oğlu Məmmədov 22 noyabr 1938-ci ildə Salyanda doğulub.
1956-cı ildə Salyanda 2 saylı orta məktəbi bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O isə 2-ci kursda təhsilini yarımçıq qoyur. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilir. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.
Böyük kinoya gəlişi “Böyük dayaq” filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.
00:00 – 00:30 https://www.youtube.com/watch?v=yZlryQWne9Y
Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində “Qaraş” obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl “Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.
1971-ci ildə “Gün keçdi” filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A. Babayevin ssenariyə görə Əsmərlə Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, Əsmər rolunu oynayan Leyla Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.
Lakin bundan bir neçə il sonra Rasim Ocaqovun “İstintaq” filmində Həsən Məmmədovun qorxduğu başına gəlir, yenə filmdə öpüşmə səhnəsi ilə üz-üzə qalır. Bu dəfə Yelena Smimova ilə. Həsən Məmmədov isə rus aktrisadan vaz keçmir.
Faktların hamısı ilə aşağıdakı materialda – TV11-in “Bu adam” verilişində tanış ola bilərsiniz.