Fro – Andrey Plotonovun hekayəsi – İlk dəfə…

Loading

“Partizan” yazıçı Elçin Hüseynbəylinin tərcüməsində rus yazıçı Andrey Platonovun “Fro” hekayəsini təqdim edir. Hekayə elektron mətbuatda ilk dəfə təqdim edilir.

O, çox-çox uzaqlara getdi, bəlkə də heç qayıtmadı. Sürət qatarı stansiyadan bir qədər uzaqlaşdıqdan sonra bomboş çöllükdə uzun-uzadı fit verərək, buralardan ayrıldığını bildirdi. Adam yola salanlar platformalardan düşüb oturaq həyatlarına qayıtdılar. Yükdaşıyan əlində süpürgə gəldi və sanki saya oturmuş gəminin göyərtəsini təmizləyirmiş kimi, oranı ciddi-cəhdlə süpürməyə başladı.

-O yana çəkil, ay qız, – yükdaşıyan bir cüt toppuş ayağa müraciətlə dedi.

Qadın poçt qutusu asılmış divara tərəf çəkildi və qutunun üstündə yazılanları oxumağa başladı. Məktubları tez-tez çıxarıb aparırdılar, deməli, hər gün məktub yazmaq olardı. O, barmağıyla qutunun dəmirinə toxundu. Çox möhkəm idi, heç kim məktubları götürə bilməzdi.

Vağzalın arxasında yenicə salınmış dəmiryolçular şəhəri vardı.  Titrəşən yarpaqların kölgəsi evlərin ağappaq divarlarına  düşürdü. Yay axşamının günəşi evləri və təbiəti alayarımçıq işıqlandırırdı. Elə bil, günəşin şəfəqləri bura şəffaf boşluqdan tökülürdü və burada nəfəs almaq üçün hava yox idi.

Gecə düşməzdən öncə həyatda hər şey açıq-aydın idi. Adamın  həm gözü qamaşırdı, həm də həyat ona kölgəli görünürdü. Adama elə gəlirdi ki, həyat dayanıb.

Cavan qadın heyrətindən quruyub qalmışdı, bu qəribə işığın düşdüyü yerdən tərpənmirdi. 20 illik ömründə o, belə  parıltılı, lal boşluq görməmişdi. Hiss edirdi ki, havanın yüngüllüyündən və içindəki ümiddən ürəyi uçunur. Ürəyinə damdı ki, sevdiyi qayıdacaq! O, bərbərxananın pəncərəsinə düşmüş əksini görürdü. Geyimi çox sadəydi. Saçları pırtlaşıq və burum-burum idi (belə saçları 19-cu əsrdə saxlayırdılar), qonur dərin gözləri yorğun-yorğun baxırdı. Elə bil, o gözlərdə süni bir şəfəq vardı.

Qız yola saldığı adamı sevməyə öyrəşmişdi. İstəyirdi ki, o adam onu həmişə sevsin, bədəninin içində adi və darıxan ürəyinin tən ortasında ikinci, sevimli bir həyat baş qaldırsın. Ancaq o özü həmişə istədiyi kimi sevə bilmirdi. Hərdən yorulurdu, bax onda dərddən oturub ağlayırdı. Ağlayırdı ki, niyə onun ürəyi durmadan sevə bilmir.

Qız təzə üçotaqlı mənzildə yaşayırdı. Otaqların birində onun dul atası olurdu. O biri otaqda isə qız əriylə yaşayırdı. Əri sirli elektrik cihazlarını işə salmaq üçün indi Uzaq Şərqə getmişdi.

O, həmişə maşınların sirrini öyrənməklə məşğul olurdu və mexanizmlərin köməyilə dünyanı dəyişdirmək ümüdündəydi. Onda insanlar yaxşı yaşayar, hər şeydən ləzzət alardılar. Və arvadı dəqiq bilirdi ki, ərinin bu işlərindən adamlar daha çox fayda götürəcəklər.

Atası bu qoca yaşında az işləyirdi. O, ehtiyatda olan adi mexanik idi və lazım olanda

xəstə adamları əvəz edirdi. Təmirdən çıxan vaqonları paravoza qoşurdu, yaxud da ki, azsaylı vaqonları yaxın məsafələrə aparırdı. Bir il bundan qabaq onu təqaüd ştatına keçirməyi sınaqdan keçirdilər. Dedilər, gəl bir yoxlayaq, görək nə olur. Qoca bilmirdi ki, bu nə olan şeydir, ona görə də razılaşdı. Dörd gün asudə yaşayandan sonra darıxdı, beşinci gün çıxıb semaforun arxasındakı boz təpəlikdə  oturdu və ağlar gözləriylə vaqonların önündə şütüyən paravozların arxasınca baxdı və düz qaş qaralana kimi  orada qaldı.

Həmin vaxtdan o, maşınlara baxmaq üçün hər gün bu boz təpəliyə gəlməyə başladı, evə qayıdanda isə  özündən uydururdu ki, guya yaxın reysdən qayıdıb, yorulub əldən düşüb. Sonra isə əllərini yuyurdu, ah çəkirdi və deyirdi ki, 9-cu  kilometrdəki  enişdə vaqonların birinin əyləcinin sıxacları (kündələri)  dağılmışdı, yaxud da ki, ona bənzər nəysə olmuşdu. Axırda yazıq-yazıq qızından vazelin istəyirdi, guya ki, nizamlayıcıdan möhkəm yapışdığından sol əlinin içi yara olub və onu yağlayırdı.

Axşam yeməkdən sonra nəysə mızıldayırdı və tezliklə xoşallana-xoşallana yatırdı. Səhərisi günü ehtiyatda olan mexanik təzədən həmin boz təpəliyə gəlirdi və bu günü də müşahidələriylə, göz yaşlarıyla, fantaziyalarla, ürək yanğısıyla, təkbaşına entuziazmla keçirirdi. Onun fikrincə, ötüb

keçən paravoz nasazdırsa və yaxud sürücü maşını düz sürmürsə, onda  öz hündür postundan qışqıra-qışqıra onu danlayırdı, göstərişlər verirdi: “Suyu vurmusan?! Kranı aç, fırıldaq! …Qumu çox işlətmə, yoxuşda qalarsan. Havayı yerə niyə bir o qədər tökürsən! Dart, yaxşı dart, buxarı zay eləmə, bu, səninçün hamamdır, yoxsa maşın!” Vaqonlar düz qoşulmayanda – yüngül, boş yarıaçıq vaqonlar qatarın əvvəlində, ya da ortasında olanda, o, arxa vaqondakı konduktoru təpəlikdən hədələyirdi, çünki qatarın əyləci qəfil basılsaydı, onda vaqonlar bir-birinə dəyib əzilə bilərdi. Ehtiyatda olan mexanikin maşınını indi onun köməkçisi sürürdü və paravoz gəlib keçəndə qoca onda göz-görəti nasazlıq tapırdı (o özü sürəndə heç belə eləmirdi) və sürücüyə məsləhət verirdi ki, öz ehtiyatsız köməkçisinə qarşı tədbir görsün. O, boz təpəlikdən qışqırırdı: “Venyaminçik, Venyaminçik, onun çənəsindən bir dənə ilişdir!”

Tutqun havada o özüylə çətir götürürdü. Nahar yeməyini isə ona yeganə qızı gətirirdi. Çünki atası axşam evə ac, yorğun və gördüyü işdən zövq almayıb hirsli gəlirdi.

Yorulub əldən düşmüş qoca  bu yaxınlarda yenə də adəti üzrə  öz yüksək postundan paravozun maşinistinə nəysə qışqırırdı, söyürdü. Onda deponun partiya təşkilatçısı yoldaş Piskunov onun yanına gəldi və qoluna girib depoya apardı. Deponun kantorçusu yenidən qocanı paravoz xidmətçiliyinə yazdı. Mexanik ocağı qalanmamış sopsoyuq maşınlardan birinin budkasına girdi, qazanın yanında oturdu və bir əli ilə zəhmətkeş bəşəriyyətin qarnını qucaqlayırmış kimi, qazanı qucaqladı və həmişəki kimi öz xoşbəxtliyinin ləzzətini duya-duya mürgülədi.

-Frosya, – qoca qızını çağırdı. Frosya ərini stansiyadan yola salıb qayıtmışdı. -Ordan mənə bir şey ver yeyim, birdən məni gecə çağırarlar, harasa gedəsi olaram…

O, hər dəqiqə gözləyirdi ki, onu çağırıb harasa göndərəcəklər. Əslində, qocanı az-az çağırırdılar: 3-4 gündən bir və harasa göndərirdilər. Yüngül yüklü maşınları göndərəndə, ya da ki, asan bir işi görmək lazım olanda. Hər halda, qoca yola ac, hazırlıqsız, bikef çıxmaq istəmirdi.  Ona görə də həmişə sağlamlığının, gümrahlığının, mədəsinin qayğısına qalırdı, özünü dəmir iradəli kadrlardan sayırdı.

-Vətəndaş mexanik!-qoca qürur və aydın səslə öz-özünə müraciət eləyirdi, cavab verməyə tələsmirdi. Dinməzcə durub baxırdı, elə bil, onun şərəfinə çox-çox uzaqlarda çalınan alqış sədalarını dinləyirdi.

Frosya sobadan yemək çıxarıb atasına verdi. Axşam günəşi otağın içini  işıqlandırırdı və işıq Frosyanın bütün bədininə yeriyirdi, ürəyini çırpındırırdı, damarlarında axan qanı və həyat eşqini coşdururdu. Frosya öz  otağına keçdi. Stolun üstündə uşaq şəkli vardı. Ərinin şəkliydi. Sonralar  əri bir dəfə də olsun şəkil çəkdirməmişdi. Çünki özünə baxmırdı, öz sifətinin mənalı olmasına inanmırdı. Saralmış şəkildə oğlan uşağı ayaqyalın dayanmışdı, öz yaşına uyğun başı vardı, əyninə kasıbyana köynək və ucuz şalvar geymişdi, onun arxasında möcüzəli ağaclar sıralanırdı, onlardan o tərəfdə isə fontan və saray görünürdü. Oğlan diqqətlə ona az tanış olan dünyaya baxırdı, rəssamın çəkdiyi mənzərə isə onun arxasında olduğundan, həmin gözəl həyatdan xəbərsiz idi. Gözəl həyat bu enlisifət, fərəhli, bir qədər də çəkingən oğlanın özündə idi. O, əlində oyuncaq əvəzinə bir dəstə ot tutmuşdu və yalın ayaqlarını yerə etibar eləmişdi.

Gecə düşmüşdü. Qəsəbənin çobanı sağmal inəkləri çöldən qovub, ağıla  gətirmişdi. İnəklər böyürüşür, sahiblərinə sığınmaq istəyirdilər.  Qadınlar, ev sahibələri inəkləri həyətə apardılar. Uzun gün isə gecənin qoynunda dincəlirdi.

Frosya qaranlıqda oturmuşdu. Yola saldığı adama olan sehirkar məhəbbətilə xəyallara dalmışdı. Pəncərədən xoşbəxt boşluğa tərəf boy atan  küknar ağacları görünürdü. Balaca quşların yuxulu mahnıları eşidilirdi. Gecə qarovulçuları çəyirtkələr isə sakit, qırıq-qırıq nəğmə oxuyurdular. Və bununla da demək istəyirdilər ki, hər şey yaxşıdır, onlar yatmayıblar və hər şeyi görürlər.

Atası Frosyadan kluba gedib-getməyəcəyini soruşdu. Bu gün orada yeni  tamaşa göstəriləcəkdi…

-Yox, getməyəcəm, – Frosya dedi, –  oturub ərimdən ötrü darıxacam.

-Fedkadan ötrü?-mexanik dilləndi,- o tezliklə gələr. Heç bir il keçməmiş  görərsən ki, budur gəldi. İstəyirsən darıx özünçün, nə olar ki. Elə olurdu ki,  mən bir, ya da iki sutkalığa reysə gedirdim, sənin rəhmətlik anan elə onda da  darıxırdı. Meşşan təbiətliydi.

-Mən meşşan təbiətli deyiləm. Ancaq nə olsun ki, yenə də darıxıram, -Frosya  təəccüblə dedi və sonra da özü-özünə etiraz elədi, – yox, darıxıramsa, yəqin  elə mən də meşşan təbiətliyəm.

Atası onu sakitləşdirmək istədi:

-Ay dəli, sənin haran meşşandır? Onlar indi yoxdular, çoxdan ölüb  gediblər. Sənin meşşan olmağına hələ çox var. Onunçün sən hələ  yaşamalısan, çox oxumalısan, onlar yaxşı qadınlar idilər.

-Ata, çıx get öz otağına, – Frosya dedi, – tezliklə sənə axşam yeməyi verəcəm. İndi isə tək qalmaq istəyirəm.

-Hə, yemək vaxtıdır, – atası razılaşdı. -Birdən dalımca depodan adam göndərərlər. Çünki kimsə xəstələnə bilər, yaxud sərxoş ola bilər, hələ ailədə dava-dalaş da sala bilər. Nə bilmək olar? Mən onda tir kimi o saat  orada olmalıyam. Hərəkət heç vaxt dayana bilməz. Eh, sənin Fedokun indi

xidmət qatarında yellənir. Hər yerdə onun qabağında yaşıl işıq yanır. Hələ qatarın gəlməsinə 40 kilometr qalmış yolları açırlar, mexanik uzaqlara baxır, maşında işıq yanır –  hər şey necə lazımdır?

Qoca getməyə tələsmirdi. Dayanıb qalmışdı və mızıldana-mızıldana  danışırdı. Paravoz onun beynini və ürəyini məşğul eləməyəndə o, qızıyla, yaxud da kiminləsə söhbət eləmək istəyirdi.

-Ata, gəl çörək ye, – qızı ona göstəriş verdi. O istəyirdi ki, çəyirtkələrin  səsini dinləsin, gecəyə bürünmüş küknar ağaclarına pəncərədən baxsın və  ərini fikirləşsin.

-Zibilə düşmüşük, – atası dedi və gəlib oturdu.

Atasına yemək verəndən sonra Frosya evdən çıxdı. Klubda şənlik idi, musiqi  çalınırdı. Ehtiyatda olan  cavan kanduktorlar xorla oxuyurdular, oyun çıxarırdılar: “Küknar, küknar, ay küknar, sənə yoxdu tay, küknar!” “Paravozum, tu-tu-tu, uçağım göyə uçdu, buzqıranım, qır buzu, səsləyin oğlan, qızı! Əyil, dikəl, tu-tu-tu, oyundu ha, oyundu! Şax tut, bala sinəni, mədəni ol, mədəni, zirək tərpən, qur, yarat, mənzilin – istehsalat!”

Adamlar klubda canlandı, dodaqlarının altında mızıldandılar və oyunbazlara qoşularaq şənlənmək xatirinə özlərini üzdülər.

Frosya ordan yan keçdi. Burdan o tərəfdə boşluq idi. Ondan o tərəfdəsə  dəmiryol xəttinin kənarına ağ dirəklər basdırmışdılar. Lap uzaqdan, Şərq  tərəfdən sürət qatarı gəlirdi, paravoz böyük sürətlə işləyirdi, maşın, sanki, döyüşlə çöllüyü əlinə alırdı və öz cəbhəsindən procektorlarla

qabaqdakı çöllüyü işıqlandırırdı. Bu qatar hardasa Uzaq Şərqə şütüyən  xidmət qatarını görmüşdü,  çünki Frosya ərini yola salandan sonra  xidmət qatarı ilə görüşmüşdü, deməli, onun ərini də görmüşdü. Ona görə də Frosya vaqonlara diqqətlə baxdı və geriyə stansiyaya qayıtdı. O, hələ

yolda gedərkən qatar dayandı və tərpəndi. Axırıncı vaqon yolunun üstünə çıxan və yolda qoyduğu adamların hamısını unudaraq qaranlıqda itdi.

Frosya perronda və vağzalın içində nə tanış,  nə də qatardan yeni düşmüş adam  gördü. Ona görə də Uzaq Şərqə gedən qatar və əri haqqında heç nə  soruşmaq mümkün olmadı. Bəlkə, kimsə onu görüb və nəysə bilir?!  Vağzalda yalnız iki qarı vardı, onlar yerli gecə qatarlarını gözləyirdi, səhərki kişi isə yenə də onların ayaqlarının altını süpürürdü. Həmişə belədir. Durub nəyisə fikirləşmək istəyəndə süpürürlər. Heç kim onların xoşuna gəlmir.

Frosya ondan uzaqlaşsa da, kişi əl çəkmədi və yenidən onun yanına gəldi.

-Görən, ikinci kuryer qatarına bir şey olmayıb ki? O, səhər burdan çıxıb. Stansiyada onun barəsində nəysə deməyiblər ki?-deyə Frosya kişidən soruşdu.

-Perrona qatar yaxınlaşanda  çıxmaq lazımdır, – süpürgəçi dedi, – indi isə heç bir qatar gözlənilmir, ona görə də, vətəndaş, gedin vağzalın içində oturun…Dədə-nənəsindən bezənlərin hamısı bura yığışır. Oturub evlərində qəzetdən-zaddan oxumurlar…Yox, onlara bu da azdı, gərək gəlib buraları zibilləyib getsinlər…

Frosya dəmiryoluna çıxdı, şpalların üstü ilə getməyə başladı. Vağzaldan o tərəfdə depoydu, onların yanında isə şlak çalaları və paravoz dairəsi vardı. Dirəkdən asılmış fənərlər hər tərəfi işıqlandırırdı. Buxar və tüstü burumları işıqda sayrışırdı. Maşınların bəziləri fit verirdi, buxar püskürürdü, tərpənməyə hazırlaşırdı, bəzilərisə əksinə, buxarlarını buraxırdı, tərini soydurdu.

Əlində kürək bel olan dörd qadın Frosyanın yanından ötdü, onların arxasınca bir kişi gəlirdi: görünür, o, ya briqadir, ya da rəisiydi.

-Ey gözəlçə, burda nə axtarırsan tapa bilmirsən?-deyə o, Frosyadan soruşdu.-İtən  tapılmaz, gedən qayıtmaz…Yaxşısı budur, gedək bizə kömək elə!

Frosya bir an fikirləşdikdən sonra:

-Beli ver bura!-dedi.

-Ala, mənimkini götür, -briqadir dedi və beli onun əlinə verdi.-Ay Həvvanın nəvələri, gedin üçüncü çalanın yanına, mənsə birincidə olacam, -deyə kişi o biri qadınlara səsləndi…

Kişi Frosyanı paravozların öz tullantılarını buraxdığı şlak çalasının yanına gətirdi,  tapşırıq verdi, özü isə çıxıb getdi. Çalada iki qadın işləyirdi və qapqaynar şlakları çölə atırdı. Frosya da onların yanına düşdü, işləməyə başladı. O məmnun idi ki, naməlum rəfiqələrlə bir yerdə tər tökür. Qazdan və iydən nəfəs almaq çətiniydi, şlakları bayıra atmaq zəhlətökən və yöndəmsiz işiydi, çünki çala dar və istiydi. Ancaq Frosyanın qəlbi rahatıydı. Çünki o burda tanımadığı rəfiqələrilə əylənir, işləyir, ulduzların və elektrik fənərlərinin işıqlandırdığı  böyük və azad gecəni görürdü. Məhəbbət onun qəlbində sakitcə mürgüləyirdi. Xidmət qatarı indi çox uzaqlardaydı və Sibir çöllərinin dövrələdiyi  sərt vaqonun ikinci qatında onun sevgilisi yatırdı. Qoy, o yatsın və heç nə haqda dünüşməsin! Qoy, maşın sürən düpbədüz irəli baxsın, qəzaya yol verməsin.

Frosya və daha bir qadın tezliklə çaladan çıxdı. İndi çaladan çıxarılmış şlakları platformaya yığmaq lazımıydı. Şlakları platformaya ata-ata onlar hərdən bir-birilərinə baxır, bəzənsə dinclərini almaq və hava udmaq üçün  dayanır, söhbət edirdilər.

Frosyanın naməlum rəfiqəsinin otuz yaşı olardı, sanki üşüyürdü və tez-tez əynindəki paltarını düzəldirdi. Onu bu gün türmədən buraxmışdılar. Pis bir adam onu şərlədiyinə görə dörd gün türmədə yatmışdı. Qadının əri gözətçi işləyir. Gecə səhərə kimi dayandoldurum çiynində kooperativ binasını qoruyur və əvəzində ayda altmış rubl alır. O, türmədə yatanda gözətçi əri dərddən ağlamışdı və rəisin yanına gedib yalvarmışdı ki, arvadını buraxsınlar. Türməyə düşənə qədər qadının bir məşuqu varmış və məşuqu bir dəfə necə olursa öz dolaşıq işləri barədə ona danışır,  görünür, sonradan nədənsə qorxur və şahid saxlamamaq üçün məşuqəsini aradan götürmək istəyir. İndi isə həmin pis adam özü şərin caynağına düşüb, hələ ona o da azdır, qoy zülüm çəksin, o isə öz ərilə azadlıqda kef çəkəcək. İş var, çörək indi açıq satışdadır, pal-paltarı isə ikisi birləşib ala bilər.

Frosya dedi ki, onun da dərdi var, çünki əri çox uzaqlara gedib.

-Getmək ölmək deyil, deməli, qayıdacaq!-Frosyanın iş rəfiqəsi ona təskinlik vermək üçün dedi. – Mən orda – türmədə olanda darıxırdım, dərddən ölürdüm. Çünki əvvəllər yatmamışdım, vərdiş eləməmişdim, əvvəllər yatsaydım, dərdim də az olardı. Həmişə məsum, günahsız olmuşdum deyin, hökümət mənə toxunmamışdı…Ordan çıxıb evə gəldim. Ərim məni görcək sevinir, ağlayır, məni qucaqlamağa isə qorxur. Fikirləşir ki, indi mən cinayətkaram, vacib adamam. Mənsə elə həmişəki kimiyəm, nə istəsə eliyə bilər…Axşam o növbəyə getməliydi deyin, dərd bizi götürmüşdü. O, dayandoldurumu götürür və deyir: “Gəl gedək, sənə meyvə şirəsi alacam.” Dərdsə elə bil ürəyimdən asılıb, əl çəkmir. Mən ona dedim ki, qoy bufetə özü təkcə  getsin, şirin suyu təkbaşına içsin, pulumuz olanda, ürəyim qəm-kədərdən azad olnda, ikimiz birlikdə bufetə gedərik. Bu sözləri deyəndən sonra yola düşdüm və bura işləməyə gəldim. Dedim, bəlkə burda artıq bir iş oldu, relsdən-zaddan dəyişdilər. Gecə olanda noolar, iş düşəndə düşür.  Fikirləşdim ki, adamları görərəm, fikrim dağılar, yenə də həmişəki kimi rahat olaram. Bax indi səninlə danışdım, elə bil, doğma xalaqızımı gördüm…İndi işimizi qurtaraq, sonra idarəyə gedək, orda bizə pul verəcəklər, sabah gedib çörək alacam…-Frosya, -deyə o çaladakı Frosyanı (yerin üstündəki Frosyanın adaşını) çağırdı, – hələ çox qalıb?

-Yox-oradakı Frosya cavab verdi,-az qalıb, qırım-qırtı…

-Çıx yuxarı, – çiyni tüfəngli gözətçinin arvadı dedi, – burdakı işləri qurtaraq, bir yerdə gedib əməkhaqqımızı alaq.

Uzun yola çıxan paravozlar onların ətrafında dayanıb güc yığırdı, bəzilərisə öz nəfəslərini buraxırdı.

Briqadir gəlib çıxdı:

-Hə, arvadlar, işlər necədi, çalanı qurtardınız? Afərin! İndi isə qoyun üstə – kontora tərəf, mən də  gəlirəm. Pulunuzu alandan sonra baxarıq, görək kim kluba rəqsə gedəcək, kim də evə-uşaqlarının yanına! İşiniz o qədərdi ki…

İdarədə qadınlar qol çəkdilər: Yefrosinya Yevstafyeva, Natalya Bukova və “Həvva” sözünə oxşayan  bir neçə hərf. Sonuncu savadsızlığa qarşı mübarizə kursuna təzə-təzə gedirdi. Onlar hərəyə 3 rubl 20 qəpik aldılar və öz evılərinə dağlışdılar. Frosya Yevstafyeva və gözətçinin arvadı Natalya bir yerdə getdilər. Frosya təzə rəfiqəsini evlərinə apardı ki, yuyunub-təmizlənsin.

Frosyanın atası mətbəxdə sandığın üstündə yatmışdı. Onun əynində qalın qış pencəyi və paravoz nişanı olan papaq vardı. O, qəfil çağırışı gözləyirdi. Birdən hansısa ümumtexniki qəza baş verərdi və o, bədbəxtçiliyin düz ortasında özünü yetirməyə hazır olmalıydı.

Qadınlar dinməz-söyləməz öz işlərini gördülər, üzlərinə ənlik-kirşan çəkdilər, deyib- güldülər və getdilər. Artıq gec idi, yəqin ki, klubda rəqslər və çiçəklərin döyüşü başlamışdı. Nə qədər ki Frosyanın əri sərt vaqonda yatırdı, çox uzaqlardaydı və onun ürəyi heç nəyi hiss eləmirdi, onu xatırlamırdı və  sevmirdi, çünki Frosya da bu dünyada təktənhaydı, xoşbəxtlikdən və qəmdən uzağıydı və indi bir qədər rəqs eləmək, müsiqiyə qulaq asmaq, başqalarıyla əl-əlləşə tutmaq istəyirdi. Və sabah, əri təktənha öz sərt döşəkli vaqonunda yuxudan ayılarkən Frosyanı fikirləşəcəkdi və bəlkə də Frosya sevincdən ağlayacaqdı.

Qadınlar kluba qədər birlikdə yüyürdülər. Yerli qatar gəlib keçdi. Gecəyarı hələ o qədər də gec demək deyil. Klubda özfəaliyyət caz-orkestri dil qəfəsə qoymurdu. Maşinistin köməkçisi elə o saat Frosyanı “Rio-Rita” valsına dəvət elədi.

Frosya üzündə məmnunluq ifadəsi rəqsə girişdi. O, musiqini sevirdi, ona elə gəlirdi ki, musiqidə kədərlə sevinc onun qəlbi və canı  kimi ayrılmazdılar. Rəqs zamanı o özünü yuxudakı kimi hiss eliyirdi, elə bil ki, uçurdu, təəccüblənirdi ki, bədəni elastikdir, hara istəsən ora əyilir, çünki Frosyanın qanı melodiyadan coşurdu.

-Çiçəklər döyüşü artıq olub? – Təngənəfəs və yavaş səslə kavalerindən soruşdu.

-Elə indicə qurtarıb, bəs siz niyə gecikmisiniz?-maşinistin köməkçisi bic-bic soruşdu, sanki o,  Frosyanı anadan olandan sevirdi və ciyəri onunçün yanırdı.

-Oy, nə pis oldu! – Frosya, sanki, inildədi.

-Bura xoşunuza gəlir? – kavaler soruşdu.

-Əlbəttə! – Frosya cavab verdi, – buralar elə gözəldir ki!

Nataşa Bukova rəqs eləməyi bilmirdi. O, zaldakı divarın dibində durmuşqdu, əlində gecə rəfiqəsinin şlyapasını tutmuşdu.

Fasilədə, orkestr dincələn zaman Frosya və Nataşa iki şüşə sitro  içdilər. Nataşa bircə dəfə –lap çoxdannan bu klubda olmuşdu. O, gözəl bəzədilmiş zala maraqla baxırdı.

-Fros, ay Fros! – deyə o pıçıldadı. – Sosializmdə otaqların hamısı belə olacaq, yoxsa yox?

-Necə olacaq ki, əlbəttə, belə olacaq! – Frosaya dedi.-Demirəm, bəlkə bundan da yaxşı ola!

-Yaxşı olsa, ziyanı yoxdur-Natalya Bukova razılaşdı.

Fasilədən sonra Frosya yenə də rəqs eləməyə başladı. Bu dəfə onu rəqsə  dispetçer dəvət elədi.  “My baby” fokstrotu çalınırdı. Dispetçer öz tərəfdaşını bərk-bərk tutmuşdu, sifətini Frosyanın saçlarına yapışdırmağa çalışırdı, lakin  bu gizli nəvaziş Frosyanı həyacanlandırmırdı, o, uzaqda olan bir insanı sevirdi, ona görə də əzaları heç qımıldanmırdı da.

-Adınızı demədiniz?-kavaler rəqsiin oratısnda onun qulağına pıçıldadı.-Sifətiniz tanış gəlir, ancaq atanızın adını unutmuşam.

-Fro! – Frosya cavıab verdi.

-Fro? – Siz rus deyilsiniz?

-Əlbəttə, rus deyiləm!

Dispetçer fikrə qərq oldu.

-Niyə rus deyilsiniz? Atanız ki rusdur: Yefstafyev!

-Bunun elə bir əhəmiyyəti yoxdur. Adım Frodur, vəssalam!

Onlar sakitcə rəqs eləyirdilər. Ətrafdakılar divarın dibində durub onlara baxırdı. Cəmi üç cütlük rəqs edirdi, qalanları ya oynaya bilmirdi, ya da utanırdı. Frosya başını dispetçerin sinəsinə söykəmişdi. Fronun qədimi üslubda yığılmış vızvıza saçları dispetçerin gözlərinin altındaydı və rəqs elədiyi xanımın ehtiyatsızlığı ona xoş gəlirdi, ləzzət eliyirdi. O, adamların qarşısında özünü qürurlu hiss edirdi. Hətta istədi ki, biclik eləsin, Fronun başını tumarlasın, lakin şayiələrdən qorxdu. Həm də ki, onun nişanlısı adamların arasındaydı, sonradan başqa qadınla yaxınlığına görə ona xəsarət yetirə bilərdi. Ona görə də dispetçer nəzakət xatirinə Fronu yüngülcə özündən araladı, lakin Fro yenidən başını onun sinəsinə, qalstukunun üstünə  qoydu, qalstuk onun başının ağırlığından bir qədər kənara sürüşdü, köynəyinin arasından çılpaq və tüklü yarıq  göründü. Dispetçer qorxu  içində və yöndəmsiz vəziyyətdə rəqsi davam etdirdi, müsiqinin kəsilməsini gözlədi. Lakin musiqi daha şaqraq və həyacanlandırıcı şəkildə davam edirdi, qadınsa onu qucaqlayan kişidən geri qalmırdı. O hiss etdi ki, qalstukunun altında çılpaq qalmış   tüklü sinəsi nəmlənir.

-Siz ağlayırsınız?-dispetçer qorxdu.

-Bir az,-Fro pıçıldadı.-Məni qapının ağzına aparın. Ta oynamaq istəmirəm.

Kavaler rəqsi dayandırmadan Frosyanı çıxışa apardı, Fro dərhal dəhlizə çıxdı, orada adam az idi.

Nataşa rəfiqəsinin şlyapasını gətirib özünə verdi. Frosya evlərinə getdi, Nataşa isə ərinin qoruduğu kooperativ binasına üz tutdu. Həmin anbarın yanında tikinti materialları yığılmış həyət vardı, onu isə xoşsimalı bir qadın qoruyurdu və Nataşa ərinin o qadınla hansısa gizli eşq sövdası, yaxud ona hər hansı rəğbəti olub-olmamasını yoxlamaq istəyirdi.

Səhərisi gün tezdən Frosya Sibir stansiyalarının birindən, Uralın o tayından teleqram aldı. Teleqram ərindən idi. O yazırdı: “Əziz Fro, səni sevirəm və yuxularımda görürəm”.

Atası evdə yox idi. O, depoya getmişdi ki, qırmızı guşədə otursun, söhbət eləsin, “Qudok” qəzetini oxusun və görsün ki,   yoxuşluqda gecə necə keçib. Sonra isə bufetə getsin, təsadüfi bir yoldaşla pivə içsin, ürək söhbəti eləsin, dərdləşsin.

Frosya dişlərini təmizləmədi. Onsuz da həvəssiz yuyunurdu, üzünə bir az su vurdu, öz zahiri gözəlliyilə maraqlanmadı da. O, sevgidən başqa nəyəsə enerci sərf etmək istəmirdi və indi öz bədənində qadınlıq duyğusu yoxuydu. Frosyanın otağının tavanının üstündə daim dodaq qarmonunun  səsi gəlirdi. Sonra musiqi kəsildi və yenidən qırıq-qırıq səslənməyə başladı. Frosya bu gün hələ səhər alaqaranlıqdan oyanmışdı, o zaman da bu musiqini eşitmişdi, o, balaca boz sərçənin çöllükdə oxuduğu mahnıya oxşayırdı, həmin sərçə çox işlədiyindən mahnı oxumağa heyi qalmırdı. Tavanın üstündə depoda işləyən çilingərin balaca oğlu yaşayırdı. Atası, yəqin, işə gedib, anası isə paltar ütüləyir, ona görə də uşaq darıxır. Frosya səhər yeməyi yemədən dərsə – dəmiryolu və siqnalizasiya kursuna yollandı.

Efrosyia Yevstafyeva dörd günü idi ki, dərsə getmirdi, yəqin, rəfiqələri onunçün darıxmışdılar, o isə indi onların yanına həvəssiz gedirdi. Frosyanın beyni dərslərə həsas olduğuna görə, çox şeyi ona bağışlayırdılar. O, texniki elmləri dərindən mənimsəyirdi. Lakin özü buna necə nail olduğunu aydın dərk eliyə bilmirdi,  bir çox şeylərdə o, ərini yamsılayırdı. Əri iki texniki institut qurtarmışdı, maşın mexanizmlərini özünün beş barmağı kimi bilirdi.

İlk günlər Frosya pis oxuyurdu. Pupinin çarxları, relelər, yaxud da dəmir simlərin müqavimət gücü onun qəlbini cəlb etmirdi. Lakin bir dəfə ərinin ağzından elə sözlər çıxdı ki…Əri ölü dəmir və mexanizmlərin, Frosyaya maraqsız görünən maşınların sirlərindən, qəribəliklərindən danışdı. Frosyanın əri elektrik cərəyanının gərginliyini öz şəxsi ehtirası kimi hiss etmək qabliyyətinə malik idi. O, əlinin və fikirlərinin toxunduğu hər şeyi diriltməyi bacarırdı, ona görə də hər bir mexaniki qurğunun gücünün istiqaməti barədə əsl təsəvvür yaradırdı, maşının dəmir bədəninin yazıq və inadkar müqavimətini birbaşa anlayırdı.

Həmin gündən başlayaraq, Uitsknin çarxları, körpücükləri, işıqgücünün vahidləri Frosya üçün müqəddəs əşyalara çevrildi, elə bil ki, onlar Frosyanın sevimli ərinin bədəninin canlı hissəcikləriydi.  Frosya onları anlamağa və ürəyində, qəlbində qorumağa başladı. Çətin anlarda Frosya evə qayıdarkən halsız-halsız deyirdi: “Fyodr, oradakı mikrofarada və azmış cərəyanlar məni darıxdırır”. Uzun ayrılığa baxmayaraq, Fyodr arvadını qucaqlamazdan öncə  müvəqqəti də olsa mikrofarada və azmış cərəyanlara çevrilirdi. Frosya əvvəllər dərk edə bilmədiklərini indi az qala gözlərilə görməyə başlayırdı. Bütün bunlar çöldə bitən bərbəzəkli otlar kimi sadə, təbii və cəlbediciydilər. Gecələr Frosyanı tez-tez dərd alırdı ki,  görən niyə yalnız qadındır və görən niyə özünü mikrofarada, paravoz, elektrik cərəyanı kimi hiss edə bilmir, Fyodr isə bunu bacarır. Bu fikirlərdən sonra o, barmaqlarını Fyodrun imisti kürəyində gəzdirirdi, əri isə oyanmırdı. Qəribədir, onün bədəni həmişə imisti olurdu, boş şeylərə pul xərcləməyi sevirdi, hay-küydə yata bilirdi, dadlı və dadsız olmasından asılı olmayaraq, yeməkləri eyni həvəslə yeyirdi, heç zaman xəstələnmirdi və Cənubi Sovet Çininə getməyə, orada əsgər olmağa hazırlaşırdı…

Yevstafyeva indi kurslarda  dağınıq fikirlərlə oturmuşdu, mühazirələrdən heç nə yadında qalmırdı. O, cərəyanların rezonansını, vektor dioqramını həvəssiz-həvəssiz lövhədən dəftərə köçürürdü və dəmirin zənginləşdirilməsinin ali hormoniyaların yaranmasına təsiri haqqında müəllimin nitqinə kədərlə qulaq asırdı. Fyodr indi yox idi. Ona görə də rabitə və siqnalizasiya onu fərəhləndirmirdi, elektrik isə ona yad gəlirdi. Pupinin çarxları, mikrofaradalar, Uiston körpücükləri, dəmir yaycıqlar onun ürəyində donub qalmışdı, cərəyanın ahəngini isə bir qram da anlamırdı. Onun yaddaşında daim uşağın çaldığı dodaq qarmonunun yeknəsəq səsi səslənirdi: “Anası paltar ütüləyir, atası işdədir və tez qayıtmayacaq, adam tək darıxır, darıxır…”

Frosyanın diqqəti mühazirədən geri qaldı və dəftərə öz fikirlərini yazdı: “Mən axmağam, mən yazıq qızcığazam, Fedya, tez gəl, onda mən rabitəni və siqnalizasiyanı tam öyrənərəm, yoxsa ki, ölərəm, sənsə məni basırıb, Çinə gedərsən”.

Atası evdə oturmuşdu, geyincəkliydi. Ayaqqabısı ayağında, papağı da başındaydı. Güman edirdi ki, bu gün onu mütləq işə çağıracaqlar.

-Gəldin? – o qızından soruşdu. Evə adam gələndə qoca sevinirdi. O, pilləkəndə səslənən addımların hamısını dinləyirdi, sanki qeyri-adi qonaq gözləyirdi və həmin qonaq ona papağına vurulmuş dəmiryolçu  xoşbəxtliyini gətirəcəkdi.

-Sənə kaşa ilə yağ qızdırım? – atası soruşdu, – mən bu saat.

Qızı imtina elədi.

-İstəyirsən, kolbasa qızardım?

-İstəmirəm! – Frosya dedi.

Atası bir qədər susdu, bir qədər sonra qorxa-qorxa soruşdu:

-Bəlkə suxarıyla çay içəsən? İstəsən, bu saat qızdıraram…

Qızı isə susurdu.

-Bəlkə dünənki makaronu, hə!.. Ona heç əl də vurmamışam, sənə saxlamışam…

-Əl çək, sən allah! – Frosya dedi.-Allah eliyə, səni Uzaq Şərqə göndərələr…

-Nə qədər yalvardımsa, xeyri olmadı, deyirlər ki, qocasan, gözlərin də yaxşı görmür-atası izah eləmək istədi.

O qorxurdu ki, Frosya indi çıxıb öz otağına gedəcək.  Ancaq  o bunu istəmirdi, istəyirdi ki, qızı bir az da onun yanında qalsın, söhbət eləsin. Ona görə də qoca Frosyanı saxlamaq üçün bəhanə axtarırdı.

-Bəs niyə, ağzının qıraqlarına pomada çəkməmisən? – o soruşdu. – Bəlkə pomadan qurtarıb? İstəyirsən qaçıb aptekdən alım?…

Frosyanın ala gözlərində yaş damlaları parladı və öz otağına getdi. Atası tək qaldı. O, mətbəxi yığışdırmağa, evə əl gəzdirməyə başladı, sonra çömbəltmə oturub çörək peçinin qapağını açdı, başını onun içərisinə soxdu və saplıcadakı makaronun üstünə göz yaşı axıtdı.

Qapı döyüldü, Frosya onu açmağa çıxmadı. Qoca başını peçdən çıxardı, əskilər hamısı kirli olduğundan üzünü süpürgə ilə sildi və qapını açmağa getdi.

Gələn depodanıydı.

-Bura qol çək, Nefed Stepanoviç: bu gün düz saat səkkizdə depoda olmalısan, nasaz paravozu əsaslı təmirə aparacaqsan. Üç yüz onuncu eşalona qoşacaqlar, yemək və paltar götür, səfərin azı bir həftə çəkəcək…

Nefed Stepanoviç ona göstərilən kağıza qol çəkdi və depo işçisi çıxıb getdi. Qoca dəmir sandıqçasını açdı, orada dünəndənqalma çörək, soğan və qənd vardı. Qoca mexanik ora iki alma da əlavə etdi, bir qədər düşündükdən sonra yekə qıfılı yol sandıqçasının ağzından asdı. Axırda Frosyanın otağının qapısını ehmalca döydü.

-Qızım, a qızım! Gəl, qapını bağla, mən yola çıxası oldum, qayıtmağım, yəqin, iki həftə çəkəcək. “Şa” seriyalı paravozu aparmaq lazımdır, düzdü, bir az soyuqdur, ancaq yola vermək olar.

Frosya dərhal çölə çıxmadı, yalnız atası gedəndən sonra gəlib mənzilin qapısını bağladı.

-Çal də! Niyə çalmırsan?-Frosya üzünü tavana tutub pıçıldadı, dodaq qarmonu çalan balaca uşaq orada yaşayırdı.  Yəqin, o, gəzməyə getmişdi. Yay idi, gün uzanmışdı, külək axşamlar yuxulu, sərməst şam ağaclarının arasında dincəlirdi. Musiqiçi hələ balacaydı, o hələ bu dünyadan əbədi məhəbbət üçün heç nə seçməmişdi, həyatdan özü üçün heç nə oğurlamamışdı, onun ürəyi sərbəst idi və  havayı yerə döyünürdü.

Frosya pəncərəni açdı, yesyekə yorğan-döşəyin üstünə uzandı və mürgülədi. Şam ağaclarının gövdəsi küləkdən yavaşca cırıldayırdı, qaranlığın düşməsini gözləməyən bir cırcırama isə hardasa zümzümə edirdi.

Frosya qəfil ayıldı. Dünya hələ işıqlıydı, ayaq üstdə yaşamaq lazımıydı. Göylərə baxdı, o hələ də istiydi, qüruba gedən günəşin izləri səmada açıq-aydın görünürdü, elə bil, orda bəxtəvərlik vardı və bu xoşbəxtliyi təbiət var qüvvəsilə ən təmiz qüvvəsindən yaratmışdı ki, ondan qopan xoşbəxtlik insanların qəlbinə dolsun.

Frosya iki balıncın arasından qısa vurulmuş baş tükü tapdı. Bu, yalnız Fyodrun ola bilərdi. O, tükü işığa tutub baxdı, tük gümüşüydü. Fyodrun 29 yaşı vardı və onun başında iyirmiyə qədər ağ tük əmələ gəlməyə başlamışdı. Atasının da saçları ağarmışdı, lakin qoca heç zaman onların yatağına yaxın da gəlməmişdi. Frosya Fyodrun yatdığı balıncı iylədi. Balıncdan hələ də onun bədəninin, başının iyi gəlirdi. Fyodrun başı balıncdan qalxandan bəri balınc yuyulmamışdı. Frosya üzünü

Fyodrun balıncına söykədi və dinməz qaldı.

Tavanın üstündə yaşayan oğlan qayıtdı, dodaq qarmonunda çalmağa başladı. Bu, onun səhər alaqaranlıqda  çaldığı havaydı. Frosya ayağa durdu, ərinin tükünü boş qutuda gizlətdi. Uşaq çalğını dayandırdı. Onun yatmaq vaxtıdır, çünki səhər tezdən durmalıdır, bəlkə də başı işdən gələn atasına qarışdı və indi onun dizləri üstə oturub. Anası qənd doğrayır və  deyir ki, ağlar tamam köhnəlib, yuyulanda cırılır, təzəsini almaq lazımdır. Atası isə susur və düşünür ki, “birtəhər yola vermək olar”.

Frosya bütün axşamı şpalların, relslərin üstü ilə gəzdi, ağaclığın, çuğundur tarlasının ortasında dolaşdı. O, dünən işlədiyi şlak çalalarının yanında oldu, çalalar tamam dolmuşdu, lakin işləyən yox idi. Nataşa Bukova isə, Allah bilir, harda yaşayırdı, Frosya dünən bunu ondan soruşmamışdı. Rəfiqələri, yaxud tanışlarıgilə getmək həvəsi yoxuydu, nədənsə o, adamlardan utanırdı. Başqaları ilə öz sevgisindən danışmağı  bacarmırdı, sevgidən kənarda isə həyat onunçün maraqsız və ölüydü. Frosya Nataşanın dayandoldurumlu ərinin işlədiyi kooperativin yanından keçdi, Frosya istədi, kişiyə bir-iki rubl pul versin ki, sabah arvadı ilə meyvə suyu içsin, lakin utandı.

-Keçin, keçin, vətəndaş! Burda dayanmaq olmaz, bura dövlətin anbarıdır. – Frosya dayanıb gödəkcəsinin cibindən pul axtararkən gözətçi ona dedi.

Anbarlardan o tərəfdə boş, yiyəsiz torpaqlar vardı, orada xırda, sərt və qaraqabaq ot bitirdi.  Frosya həmin yerə gəldi,  arıq otun kiçik dünyasının ortasında dayandı, səmaya baxdı, burdan ulduzlara qədər, sanki, iki kilometr olardı. “Eh, Fro, Fro, səni qucaqlayan bir kimsə olsaydı!” – deyə o, ürəyində fikirləşdi.

Evə gələn kimi Frosya yatağa uzandı, çünki dodaq qarmonunda çalan uşaq çoxdan yatmışdı, cırcıramalar da daha cırıldamırdı. Lakin nəsə onu yatmağa qoymurdu.  Frosya alaqaranlığa göz gəzdirdi və ətrafı iylədi. Onu bir zamanlar Fyodrun yatdığı balınc narahat edirdi. Balıncdan hələ də tanış bədənin mərhəm iyi gəlirdi və bu qoxudan Frosyanın ürəyi xiffətlə dolurdu. O, Fyodrun balıncını mələfəyə büküb, şkafda gizlətdi və sonra tənha yetim kimi uzanıb yatdı.

Frosya rabitə və siqnalizasiya kursuna daha getmədi. İndi elm onsuz da ona aydın deyildi. O, evdən çölə çıxmırdlı və Fyodrdan məktub, ya teleqram gözləyirdi, qorxurdu ki, birdən paçtalyon məktub gətirər və onu tapmayıb geri aparar. Üstündən beş- altı gün keçdi,  Fyodrdan isə xəbər çıxmadı.

Atası  nasaz və sopsoyuq paravozu lazım olan yerə təhvil verdikdən sonra qayıtdı. O, xoşbəxt idi ki, harasa getdi, əziyyət çəkdi, çoxlu adam və stansiyalar gördü, müxtəlif hadisələrin şahidi oldu. İndi onun fikirləşmək, xatırlamaq və danışmaq üçün xeyli mövzusu vardı. Lakin Frosya qocadan heç nə soruşmadı. Onda atası özü  paravozu necə aparmaqlarından, stansiyalardakı çilingərlərin qorxusundan gecə yatmamaqları barədə danışmağa başladı. Onun dediyinə görə, gecə yatsaydılar, çilingərlər maşının detallarını oğurlaya bilərdilər. Atası meyvələrin harda ucuz olmasından, meyvələri haralarda şaxta vurmasından danışdı. Frosya ona heç bir cavab vermədi. Nefed Stepanoviç dəbdə olan parçalar, Sverdlovskda süni ipək barədə danışanda da Frosya susdu. “Bu, faşistdir, nədir-qoca fikirləşdi, – necə olub ki, bu, mənim belimnən gəlib? Başım çıxmır!”

Frosya isə ərindən heç bir teleqram və məktub almadı, ona görə də poçt şöbəsinə məktubdaşıyan düzəldi. O fikir elədi ki, yəqin, məktublar hardasa itir, ona görə də özü onları ünvanlara aparmağa başladı. Fyodrun məktubunu  tez almaq sitəyirdi, yad adam məktubu gətirincə özü götürsəydi yaxşıydı, çünki onlar itməzdi. Frosya poçt şöbəsinə başqa məktub daşıyanlardan tez gəlirdi. İşə gələndə tavanın üstündə yaşayan uşaq hələ yatılı olurdu, dodaq qarmonunda çalmırdı və Frosya məktub və teleqramların seçilməsində, paylanmasında könüllü iştirak edirdi. O, qəsəbəyə gələn məktubların üstündə yazılan ünvanların hamısını bir-bir oxuyurdu, Fyodrdan isə xəbər-ətər yoxuydu. Zərflərtn hamısı başqalarına ünvanlanmışdı, onların içində yazılanlar isə, yəqin, maraqsızıydı. Buna baxmayaraq, Frosya gündə iki dəfə məktubları evlərə daşıyırdı və güman eliyirdi ki, onların içində yerli sakinlər üçün təsəlli var. Dan yeri söküləndə o, qəsəbənin küçələrilə sürətlə addımlayırdı, məktub olan ağır çantanı qarnının üstündə gəzdirirdi, sanki hamiləydi, qapıları döyürdü, məktub və bağlamaları tuman-paça kişilərə, yarıçılpaq qadınlara, böyüklərdən əvvəl oyanmış və ağlı  nəysə kəsən uşaqlara  verirdi. Tünd göy səma hələ torpağın üstündə olarkən Frosya işə başlayırdı, ayaqlarını heydən salmağa, həyacanlı ürəyini yormağa tələsirdi. Məktub alanların bəziləri onun həyatı ilə maraqlanır və məişətlə bağlı suallar verirdilər: “Ayda doxsan iki rubla işləyirsiniz?” – “Hə, – Frosya cavab verirdi, – çıxandan sonra bir o qədər qalır”.  “Krasnaya noç” curnalının abunəçilərindən biri Frosyaya ona ərə gəlməyi təklif elədi, elə-belə, təcrübə üçün,  birdən alındı,  alınsa, xoşbəxt olarlar, xoşbəxtlik də ki, xeyirli şeydir. “Hə, sözünüz, nədi?”-abunəçi soruşdu. “Fikirləşmək lazımdır”, – Frosya cavab verdi. “Fikirləşmiyin! – abunəçi tövsiyyə elədi.-Mənə qonaq gəlin, əvvəlcə məni hiss  edin. Mən incə adamam, mədəniyəm, çox oxuyuram. Özünüz görürsünüz ki, nəyə yazılmışam! Bu, curnaldır, o, redkollegiyanın redaksiyası altında nəşr olunur, oradakılar ağıllı adamlardılar, özü də görün nə qədərdilər, biz də tək olmarıq, cüt olarıq! Bu çox yaxşı, abırlı bir şeydir. Sizin də  ərli bir qadın kimi nüfuzunuz daha da çoxalar!..Tək qız isə antiictimaiyyətçi kimi bir şeydir!”

Frosya məktub, yaxud hər hansı bağlama ilə qapıları döyərkən çox adam tanıdı. Onu çaxıra, yeməyə qonaq eləmək istədilər, bəziləri ona öz şəxsi və cari həyatından danışdı. Həyat heç yerdə boş və sakit deyildi.

Fyodr gedərkən Frosyaya söz vermişdi ki, iş yerinin ünvanını dərhal göndərəcək. Çünki özü hələ harda işləyəcəyini dəqiq bilmirdi. Ancaq Fyodrun gedişindən düz 14 gün keçirdi, ondan isə heç bir xəbər yoxuydu. Frosya bu ayrılığa dözürdü, o, məktubları indi daha sürətlə daşıyırdı, daha tez-tez nəfəs alırdı ki, ürəyinin başını özgə bir işlə qatsın və onun ümüdsüzlüyünü yaddan çıxarsın. Lakin bir dəfə o, günün günorta çağı, ikinci dəfə məktub aparan vaxt küçədə qışqırdı. Frosya nəfəsinin sinəsində tıxandığını dərhal hiss etmədi, durduğu yerdəcə ürəyi sıxıldı və ucadan, cingiltili səslə uzun-uzadı  qışqırdı.  Yoldan keçənlər bunu gördülər. Frosya tez özünü ələ aldı və poçt çantası ilə birgə çöllüyə qaçdı, çünki o, özünün boş və itməkdə olan nəfəsinə tab gətirə bilmirdi, çöllükdə o, yerə yıxıldı və ürəyi onu boşlayana kimi qışqırdı.

Sonra oturdu, üst-başını düzəltdi və gülümsündü. Frosya indi özünü yenə də yaxşı hiss eliyirdi, daha qışqırmaq  lazım deyildi.

Məktubları daşıyıb qurtarandan sonra Frosya teleqraf şöbəsinə baş çəkdi, orda ona Fyodrun teleqramını verdilər. Teleqramda Fyodr ünvanını yazırdı və onu öpürdü. Evə gələn kimi Frosya yemək yemədən oturub ərinə məktub yazdı. O, günün necə batdığını hiss etmədi, balaca oğlanın yatmazdan qabaq çaldığı musiqini də eşitmədi. Atası qapını döydükdən sonra ona bir stəkan çay, yağlı kökə gətirdi və işığı yandırdı ki, Frosya ala-qaranlıqda gözlərini kor eləməsin.

Gecə Nefed Stepanoviç mətbəxdə sandığın üstündə uzanıb yatdı. Artıq altı gün idi ki, onu depoya çağırmırdılar. Ürəyinə dammışdı ki, bu gün onu mütləq çağırıb reysə göndərəcəklər, ona görə də qulağı pilləkənlərdəydi.

Gecə saat birdə Frosya mətbəxə gəldi, onun əlində dörd qatlanmış kağız vardı.

-Ata!

-Ay can, nədi, qızım? – Qoca ayıq-sayıq yatdığını göstərmək üçün durub oturdu.

-Bu teleqramı poçta apar, mən yorulmuşam.

-Birdən mən gedərəm, depodan məni çağırmağa gələrlər? – atası qorxa-qorxa dilləndi.

-Gözləyərlər, – Frosya dedi. – Orda qalmayacaqsan ki…Ancaq teleqramı oxuma, ha, pəncərədən ver, qayıt.

-Oxumaram, – qoca söz verdi. – Axı sən bir məktub da yazmışdın, ver onu da aparım.

-Onun sənə dəxli yoxdur…Pulun var?

Atasının pulu vardı, teleqramı götürdü və getdi.

Poçt-teleqraf şöbəsində atası teleqramı oxudu. “Nə bilmək olar-o fikirləşdi, – bəlkə qızım sayıqlama yazıb”.

Teleqram Uzaq Şərqə Fyodra ünvanlanmışdı: “Tez elə birinci reyslə gəl arvadın qızım Frosya ölüm ayağındadır nəfəs boruları tutulub atası Nefed Yevstafyev”.

“Cavanların işindən baş çıxarmaq çətindir!”-Nefed Stepanoviç özlüyündə fikirləşdi və teleqramı pəncərəyə verdi.

-Mən axı bu gün Frosyanı görmüşəm, doğrudan xəstələnib?

-Deməli, xəstələnib də, – qoca cavab verdi.

Səhəri gün Frosya atasını yenidən poçta göndərdi ki, onun işdən çıxmaq barədə ərizəsini aparsın. Ərizədə o,  xəstəliyə görə işdən könüllü azad olunmasını xahiş edirdi. Qoca etiraz eləmədi, onsuz da depoya getmək istəyirdi.

Frosya ağları, corabları yamamağa başladı, otaqları yığışdırdı, döşəməni sildi və evdən çölə çıxmadı.

İki gündən sonra  teleqram gəldi: “Təcili çıxıram narahatam mənsiz basdırmayın Fyodr”.

Frosya ərinin gələcəyi günü dəqiq hesablamışdı və teleqramı alandan yeddi gün sonra həyəcandan və xoşbəxtlikdən titrəyə-titrəyə peronda gəzişirdi.  Şərqdən gecikmədən transsibir qatarı gəlirdi. Frosyanın atası da onun yanındaydı, lakin bir qədər aralıda dayanmışdı ki, qızının ovqatına mane olmasın.

Ekspressin mexaniki qatarı yüksək sürətlə stansiyaya gətirdi və ehmalca əyləci basdı. Bütün bunları müşahidə edən Nefed Stepanoviçin gözləri yaşardı, hətta bura niyə gəldiyi də yadından çıxdı.

Bu stansiyada qatardan yalnız bir sərnişin çıxdı. O, şlyapada, göy, uzun plaşdaydı, gözləri kimisə axtarırdı. Bir qadın onun qabağına qaçdı.

-Fro! – sərnişin dedi və çemodanı perona tulladı.

Sonradan atası çemodanı götürdü, qızının və kürəkəninin arxasınca getdi.

Yarıyolda qızı dönüb atasına dedi:

-Ata, depoya get, xahiş elə ki, səni iki həftəlik səfərə göndərsinlər, evdə darıxırsan axı.

-Darıxıram, – qoca razılaşdı.- Elə indi gedərəm, sənsə çemodanı götür.

Kürəkəni qoca maşinistə baxdı:

-Salam, Nefed Stepanoviç!

-Salam, Fedya, xoş gəlmisən!

-Xoş gününüz olsun, Nefed Stepanoviç…

O, qocaya yenə də nəysə demək istədi, lakin Nefed Stepanoviç onu gözləmədi və çemodanı Frosyaya verib depoya tərəf getdi.

– Əzizim, mən evləri yığıb-yığışdırırdım, ölmürdüm. -Frosya dedi.

-Mən hələ qatarda başa düşmüşdüm ki, sən ölmürsən, – əri cavab verdi, – sənin teleqramına inamım üzün çəkmədi.

-Bəs onda niyə gəldin? – Frosya təəccübləndi.

-Mən səni sevirəm, səndən ötrü darıxırdım.-Fyodr kədərli-kədərli dedi.

Onun bu kədəri Frosyaya da keçdi.

-Qorxuram ki, nə zamansa mənə sevgin tükənər, bax onda mən, doğrudan da, ölərəm…

Fyodr onun yanağından öpdü.

-Ölsən, hamını unudacaqsan, elə məni də – o dedi.

Frosya kədəri üzündən qovdu.

-Yox, ölmək maraqsızdır. Ölmək süstlük əlamətidir.

-Əlbəttə, süstlük əlamətidir, – Fyodr gülümsündü.  Frosyanın bu cür elmi düşüncələri onun xoşuna gəlirdi. Əvvəllər Frosya özü Fyodrdan xahiş edirdi ki, ona ağıllı, müdrik sözlər öyrətsin. Ona görə də Fyodr ona bir dəftər ağıllı və mənasız söz yazdı: “”A” deyən mütləq “B” də deməlidir”. “Küncün baş tərəfində qoyulmuş daş”, “Əgər bu belədirsə, deməli, məhz belədir” və s. və i. Lakin Fro bu yalanları tutmuşdu. Ona görə də Fyodrdan soruşurdu: “Nəyə görə, “a” hərfindən sonra mütləq “b” deməlisən, bəlkə bu heç lazım deyil və mən onu demək istəmirəm?”

Evə girən kimi onlar çarpayıya uzanıb dincəldilər və yuxuya getdilər. Üç saatdan sonra atası qapını döydü. Frosya qapını açdı və atası dəmir sandığa yemək-içmək qoyana və gedənə qədər dayanıb gözlədi . Yəqin, onu reysə göndərirlər. Frosya qapını bağladı və yenidən yatdı. Onlar bir də gecəyarısı oyandılar. Bir qədər söhbətləşəndən sonra Fyodr Fronu qucaqladı və onlar səhərə qədər susdular.

Səhərisi gün Frosya tez nahar hazırladı, əvvəlcə ərinə xörək çəkdi, sonra özü də yedi. O, indi necə gəldi işləyirdi, yeri təmiz süpürmürdü, yeməyi də dadsız hazırlayırdı, lakin onların hər ikisi üçün xoş idi. Çünki  yemək və içmək indi onlar üçün mənasızlaşmışdı. Əsas oydu ki, məhəbbətlərini maddi və kənar ehtiyaclara sərf etməsinlər.

Frosya ərinə danışırdı ki, indi o, yaxşı oxumağa başlayacaq, çox şey öyrənəcək, zəhmət çəkəcək ki, ölkədəki insanlar daha yaxşı yaşasınlar.

Əri Froya diqqətlə qulaq asdı, sonra güc enercisinin naqilsiz, ionlaşdırılmış hava vasitəsilə ötürülməsi barədə fikir və layihəsini ona izah elədi. Metalların ultrasəs dalğaları vasitəsilə necə möhkəmləndirilməsi yollarından, yüz kilometrlik yüksəklikdə svtosferdən danışdı. Orada xüsusi işıq, istilik və elektrik şəraitindən söz açdı, dedi ki, onlar insana əbədi həyat bəxş etmək qüdrətinə malikdirlər, ona görə də qədim dünya insanlarının səma haqqında arzularını indi həyata keçirmək olar. Əri Frosyaya onu da söz verdi ki, sevgilisinin və yer üzündə yaşayan digər insanların xatirinə daha çox şey fikirləşə bilər.

Frosya ərinə ləzzətlə qulaq asırdı, onun ağzı yorğunluqdan açılı qalmışdı. Bir xeyli söhbət etdikdən sonra qucaqlaşdılar. Onlar öz zəhmət və düşüncələrinin insanlığı xoşbəxt eləməmişdən qabaq – indi, lap bu saat xoşbəxt olmaq istəyirdilər. Heç bir ürək təxirəsalmanı sevmir, o daim ağrıyır, heç nəyə inanmır. Düşüncələrdən, söhbətlərdən və həzzdən yorulduqdan sonra onlar yatırdılar və yenidən həyatı təkrar eləməyə qabil olan təzə qüvvəylə oyanırdılar. Frosya istəyirdi ki, onların çoxlu uşağı olsun. O isə uşaqlarını elə tərbiyə edəcək ki, böyüyəndə atalarının, kommunizmin və elmin yarımçıq işlərini davam etdirsinlər. Fyodr böyük şövqlə təbiətin sirli qüvvələri, insanın fağır ürəyi  barədə Frosyaya danışırdı və deyirdi ki, təbiətin sirli qüvvəsi insanlığı varlandıracaq. ..Sonra onlar öpüşürdülər, bir-birilərini tumarlayırdalr və onların təmənnasız arzuları həzzə çevrilirdi, sanki bu arzular bax elə indi həyata keçir.

Axşamlar Frosya çox az müddətə evdən çıxırdı, özü və əri üçün ərzaq alırdı və hər ikisinin iştahı artırdı. Onlar dördüncü gün idi ki,  bir-birilərindən ayrılmırdılar. Nefed Stepanoviç hələ də səfərdən qayıtmamışdı, yəqin yenə də uzaqlara sopsoyuq paravoz aparmışdı.

Daha iki  gün keçəndən sonra Frosya Fyodra dedi ki, lap azcana da bir yerdə olacaqlar, axırda isə bir işin və həyatın qulpundan yapışmaq lazımdır.

-Sabah, ya birigün biz səninlə əsil həyat yaşayacağıq-Fyodr deyirdi və Frosyanı qucaqlayırdı.

-Birigün!-Fro pıçıltıyla razılaşırdı.

Səkkizinci gün Fyodr qəm-qüssə içində yuxudan durdu.

-Fro! Gəl, gedək işləyək, gedək necə lazımsa, elə də yaşayaq…Sən yenidən rabitə kursuna yazılmalısan.

-Sabah!-Fro pıçıltıyla dedi və ərinin başını qucaqladı.

Fyodr onun üzünə güldü və itaət elədi.

-Sabah oldu, Fro, bəs nə zaman işləyəcəyik?-səhərisi gün Fyodr soruşdu.

-Tezliklə, lap tezliklə, – Fro yuxulu halda pıçıldadı. Fro ərinin əlindən tutmuşdu, Fyodr onun alnından öpdü.

Bir gün Frosya gec oyandı. Gün günorta olmuşdu. Onun əri ilə ayrılmaz görüşündən on, ya on iki gün keçirdi, indi isə  otaqda tək qalmışdı. Frosya dərhal yataqdan qalxdı, pəncərəni taybatay açdı və dodaq qarmonunun səsini eşitdi. O, az qala, bu musiqini unutmuşdu. Səs yuxarıdan gəlirdi. Frosya pəncərədən çölə baxdı. Əl damının yanında tir vardı, onun üstündə yekəbaş, ayağıyalın uşaq oturmuşdu və dodaq qaromununda çalırdı.

Mənzil sakit və qəribəydi, Fyodr harasa getmişdi. Frosya mətbəxə getdi. Atası kətilin üstündə oturmuşdu, papağını stolun üstünə, başını isə papağının üstünə qoyub mürgüləyirdi. Frosya onu durquzdu.

-Nə vaxt gəlmisən?

-Mən? – qoca dik atıldı, – bu gün səhər tezdən.

-Bəs qapını kim açdı, Fyodr?

-Heç kim-atası dedi.-Qapı açıq idi…Fyodr məni vağzalda tapdı, mən orda  yatmışdım.

-Bəs, niyə vağzalda yatmışdın, yatmağa yer qəhətdi? – Frosya acıqlandı.

-Nə olsun ki! Mən artıq öyrəşmişdim. Həm də fikirləşirdim ki, birdən sizə mane olaram,-atası dedi.

-Yaxşı, bəsdir, uşaqlıq eləmə! Bəs Fyodr hardadı, nə vaxt gələcək?

Atası cavab verməyə çətinlik çəkdi.

-O gəlməyəcək-qoca dedi,- o getdi…

Fro susdu. Qoca mətbəx əskisinə diqqətlə baxdı və davam etdi:

-Səhər kuryer qatarı burdan keçəndə ona mindi və Uzaq Şərqə getdi. Dedi ki, imkan olsa, bəlkə, Çin tərəfə keçdi…

-Tay nə dedi?-Frosya soruşdu.

-Heç nə, heç nə demədi, dedi ki, evə gəlim və səni qoruyum. Dedi ki, işlərini sahmana salandan sonra ya bura qayıdacaq, ya da səni öz yanına aparacaq.

-Hansı işlərini?-Frosya aydınlaşdırmaq istədi.

-Bilmirəm-qoca dilləndi – Dedi ki, Frosya özü bilir, kommunizmdi-nədi, deyəsən, belə bir şey dedi.

Fro atasından ayrılıb, otağına getdi, qarnı üstə məhəccərə söykənib oğlan uşağının dodaq qaromnunda necə çalmasına  baxdı.

-Ey oğlan, – deyə o, uşağı çağırdı,-gəl bizə.

-Bu saat, – qarmonçu cavab verdi.

O, tirin üstündən durdu, qarmoununu köynəyinə sildi və çağırılan evə qonaq getdi.

Fro  yesyekə otağın ortasında dayanmışdı, gecə köynəyindəydi. O, gülə-gülə qonağı gözləyirdi.

-Əlvida, Fyodr!

Bəlkə, Frosya  axmaqdır, bəlkə də  həyatı iki qəpiyə dəyməz və onu sevməyə, qorumağa da   ehityac yoxdu, lakin tək o  özü bilir ki, iki qəpiyi iki manata necə çevirmək olar.

-Əlvida, Fyodr! Sən yenidən mənim yanıma qayıdacaqsan, mən səni gözləyəcəm!

Balaca qonaq çəkinə-çəkinə qapını döydü. Fro qapını açıb onu içəri buraxdı, uşağın qarşısında oturdu,  əlini əlinə aldı və göz dolusu musqiçiyə baxdı, xoşu gəldi. Yəqin ki, bu balaca insan Fyodrun həmişə haqqında xoş sözlər dediyi elə həmin bəşəriyyət idi…

Tərcümə və redaktə tarixi: 1992-1999. 2005 – 2006 fevral.