Azərbaycanlı tərcüməçi bu romanı oxucuların göndərdiyi pulla tərcümə edir – I hissə

Loading

“Partizan” gizli və müəmmalı obrazını qoruyub saxlayan çağdaş rus yazıçı Viktor Pelevinin “Çapayev və boşluq” romanını təqdim edir. Roman tərcüməçi Nadir Qocabəylinin tərcüməsində hissə-hissə yayımlanacaq.

                              (I hissə)

Annotasiya

Viktor Pelevin özü “Çapayev və Boşluq” romanını belə xarakterizə edir: “Bu roman dünya ədəbiyyatında hadisələrin mütləq boşluqda baş verdiyi ilk əsərdir”.

Əslində isə əhvalat həm 1919-cu ildə Çapayevin diviziyasında, həm günümüzdə, həm də Pelevinin həmişə təsvir etdiyi virtual məkanda baş verir. Burada əsərin baş qəhrəmanı olan dekadent şair və komissar Pyotr Pustota Kavabata, Şvarsneger və “prosto Mariya” ilə görüşür…

Tənqidçilərin fikrincə, “Çapayev və Boşluq” “rus ədəbiyyatında ilk ciddi dzen-buddist romanıdır”.

Çapayev və boşluq
(roman)

Əmrimlə yola çıxıb, günbatan çağının al qırmızıya boyadığı çöllüklə bilinməzliyə çapan atların burnuna, insanların üzünə baxanda tez-tez düşünürəm: görəsən, mən bu axının harasındayam?

Çingiz xan

İyirminci illərin birinci yarısında İç Monqolustanın monastırlarından birində yaradılmış bu əlyazmanın həqiqi müəllifinin adı bir çox səbəblərdən çəkilə bilməz və bu səbəbdən onu çapa hazırlayan redaktorun adı ilə dərc olunur. Bir sıra magik prosedurların təsvirləri, habelə rəvayətçinin inqilabdan əvvəlki Peterburq həyatı ilə bağlı önəmli xatirələri (“Peterburq Dövrü”) orijinaldan çıxarılıb. Müəllifin müəyyən etdiyi janr – “azad düşüncənin xüsusi qol-qanad açması” bir kənara qoyulub və yəqin ki, zarafat kimi qəbul edilməlidir.

Müəllifin danışdığı hekayə psixoloji gündəlik kimi maraqlı, bir sıra aşkar bədii məziyyətlərə malikdir və qətiyyən bundan artığına iddialı deyil. Hərçənd, bəzən müəllif, fikrimizcə, heç bir ehtiyac duyulmayan mövzuları müzakirə etməyə girişir. Təhkiyənin bir qədər əsəbiliyi məqsədin “ədəbi əsər” yaratmaq olmaması ilə izah olunur. Hədəf sadəcə daxili həyatı tam müalicə etmək üçün şüurun mexaniki dövrələrini qeyd etmək idi. Üstəlik, müəllif oxucunu sözlərdən yığılmış növbəti bir fantomu görməyə məcbur etməkdənsə, iki-üç yerdə birbaşa oxucunun beynini yönləndirməyə çalışır; təəssüf ki, belə cəhdlərin uğur qazanması üçün bu üsul çox bəsitdir.

Ədəbiyyat mütəxəssisləri, povestimizdə yəqin ki son illər dəbdə olan tənqidi solipsizmin daha bir nümunəsini görəcəklər. Lakin bu mətnin əsl dəyəri dünya mədəniyyətində Əbədi Geridönməzlik haqda qədim monqol mifini bədii vasitələrlə əks etdirməyə ilk cəhd olmasındadır.

İndi də kitabın baş qəhrəmanı haqqında bir neçə kəlmə deyək. Bu mətnin redaktoru bir dəfə mənə Puşkindən bir parça oxudu:
O qaranlıq ildə nə qədər igid, saf, əziz qurbanlar getdi,
sadə bir çoban nəğməsində həzin və xoş bir xatirə qoyaraq.
“İgid qurban” ifadəsini monqol dilinə tərcümə edəndə qəribə səslənir. Ancaq indi bu mövzunun dərinliyinə baş vurmağın yeri deyil, sadəcə onu demək istədik ki, bu şeir parçasını tam olaraq Vasili Çapaevin hekayəsinə aid etmək olar.

Bu adam haqqında nə bilirik? Bildiyimiz qədər onun obrazı xalqın yaddaşında sırf mifoloji xüsusiyyətlər qazanıb, rus folklorunda isə Çapayev nəyliləsə məşhur lətifə qəhrəmanı Xoca (Molla – tərc.) Nəsrəddinə bənzəyir…

…O, otuzuncu illərin məşhur filminə əsaslanan sonsuz sayda lətifələr qəhrəmanıdır. Bu filmdə Çapayev ağlarla vuruşan, adyutantı Petka və pulemyotçu Anka ilə uzun məhrəm söhbətlər edən və sonda ağların hücumu zamanı Ural çayını üzüb keçmək istəyərkən boğulan qırmızı süvari komandiri kimi təqdim olunur. Ancaq bunların əsl Çapayevin həyatı ilə heç bir əlaqəsi yoxdur. Varsa da, gerçək faktlar şayiə və fərziyyələrlə təhrif olunur.
Bütün bu dolaşıqlıq ilk dəfə 1923-cü ildə Paris nəşriyyatlarından birində fransız dilində nəşr edilmiş və Rusiyada qəribə şəkildə yenidən tələsik çap olunan “Çapayev” kitabı ilə bağlıdır.

Bu kitabın qeyri-mötəbərliyini sübut etməyə vaxt itirməyəcəyik. Oradakı çoxlu uyğunsuzluqları və ziddiyyətləri hər kəs asanlıqla tapa bilər. Kitabın ruhu da müəllifin (yaxud müəlliflərin) təsvir etməyə çalışdığı hadisələrlə heç bir əlaqəsinin olmadığını açıq şəkildə sübut edir. Yeri gəlmişkən qeyd edək ki, cənab Furmanov tarixi Çapayevlə ən azı iki dəfə görüşsə də, hekayəmizdən aydın görünən səbəblərə görə, bu kitabın yaradıcısı ola bilməzdi. İnanılmazdır, lakin çoxları hələ də ona aid edilən mətni az qala sənədli film kimi qəbul edir.

Yarım əsrdən artıqdır davam edən bu saxtakarlığın arxasında Çapayev haqqında həqiqətlərin Avrasiya xalqlarından mümkün qədər uzun müddət gizlədilməsində maraqlı olan və səxavətlə maliyyələşən son dərəcə fəal qüvvələrin fəaliyyətini görmək asandır. Ancaq əsl əlyazmanın tapılması faktının özü, bizə elə gəlir ki, qitədə yeni qüvvələr balansından aydın xəbər verir.

Sonda. Biz orijinal mətnin adını (“Vasili Çapayev” adlanır) geniş yayılmış saxta mətnlə qarışdırmamaq üçün dəyişdirdik. “Çapaev və Boşluq” başlığı ən sadə və qeyri-suqqestiv ad olaraq seçildi, baxmayaraq ki, redaktor daha iki variant təklif etmişdi – “Yolları ayrılan Petkalar bağı” və “Qara bublik”.
Bu mətni bütün canlı varlıqlara həsr edir, hər kəsə fayda verəcəyini umuruq.

Оm mani padme xum.
Urqan Cambon Tulku VII,
Tam və Son Qurtuluş
Buddist Cəbhəsinin sədri

Qeyd: Tərcüməçi Nadir Qocabəyli bu romanı oxucuların maddi dəstəyi ilə tərcümə edir. O, özü bu barədə sozial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, tərcümə prosesinə dəstək vermək istəyən və romanın davamı ilə tanış olmaq istəyən şəxslər yazıçının aşağıdakı hesabına maddi dəstəyini təqdim edə bilər:

Kapitalbank: 4169 7388 1060 9994