Partizan.az Orxan Cuvarlının “Antalyaya qar yağır” essesini təqdim edir.
“Antalya’da da kar var”.
Stolun arxasında başımın kağızlara qarışdığı bir vaxtda mavi ekrandan otağa yayılan bu qəfil səsə sarı dönürəm.
Mavi pencəkli diktor xanım bu xəbəri sanki xüsusi sevinclə, həzzlə izləyicilərə çatdırır.
“Döşemealtı ilçesine 29 yıl sonra kar yağdı”.
Deməli, bura son dəfə qar yağanda heç mən Yer üzündə olmamışam. Diktor xanım da 29 rəqəmindən təəccüblənir. Bu rəqəmi deyəndə gözləri böyüyür, az qalır hədəqəsindən çıxa.
“Antalyalılar da gelen karın ardından doyasıya eğlendi”.
Yaxşı adamdır antalyalılar. Qar sevinclərini mən də ürəkdən hiss edirəm. Antalya mənim üçün doğma şəhərdir. Orada ömrümün bir-birindən gözəl üç ili keçib. Antalyanın yerliləri, əsasən, “yörük” adlanan tərəkəmələrdən ibarətdir. Adama tez yovuşurlar. Uzun illər şəhərlərində turist qəbul etmək onların digər xalqlara münasibətini yaxşı mənada çox dəyişib.
Mavi ekranda bu dəfə keçəl müxbir peyda olur. O, şəhərin adı yazılan lövhənin qarşısında həyəcanla stəndap edir. Arxasında sevincək qartopu oynayan uşaqlar xoşbəxt görünürlər.
“Bu gün Antalya’ya 29 yıl aradan sonra ilk defa kar yağdı”.
29 il vurğusunu bu dəfə müxbir edir. Uşaqlar oynamağa davam edir. Bürəm-bürəm yağan qar dənəcikləri sanki kameranın önündə rəqs edirlər.
Bir anlıq bütün antalyalılar kimi mənim də içimdən bir sazaq keçir, üşüyürəm.
Həyatımın mərhələlərini bir neçə şəhərə bölürəm: Kazan dövrü, Şamaxı dövrü, Bakı dövrü, Antalya dövrü.
Bu şəhərlərin hər birində həyatımın müxtəlif illəri keçib. Kazanda uşaqlığım, Şamaxıda orta məktəb çağlarım, Bakıda yeniyetməliyim, tələbəliyim, Antalyada gəncliyim, akademik həyatım.
Kazanı sazağı, soyuq insanları, Şamaxını dağı, dərəsi, Bakını bozluğu, can sıxıntısı ilə xatırladığım kimi, Antalyanı da qızmar Günəşi, səmimi insanları, xoş günləri ilə xatırlayıram.
***
2016-cı ilin oktyabrında təyyarə məni Bakı aeroportundan başqa bir həyata doğru havalandırdı. Üç saat sonra təkcə Antalya havalimanına yox, həm də yeni həyatıma eniş etdim.
Antalyanı xatırlamağa çalışanda mütləq gözlərimi yumuram. Gözlərimin önünə çiyin-çiyinə verib uzaqdan qırmızı zolaq kimi görünən türk bayraqları, Cümhuriyyət meydanı, Kaleiçi, Karaalioğlan parkı, Saat qülləsi, İşıqlar küçəsi, Sahil Yaşam parkı, Konyaaltı və Lara çimərliyi, Düden şəlaləsi, Sarısu piknik ərazisi, Tazı kanyonu, Tünektepe funiklyoru və daha neçə doğma məkan gəlir.
Şair demiş, gözümde canlanır koskoca mazi.
Şair haqlıdır. Antalya mənim üçün qocaman keçmişdən ibarətdir. Hərdən yorulanda çiynimi o qosqoca xatirələrə söykəyib nəfəs dərirəm.
Antalyada günlərimin əsas hissəsi ayrıca bir dünya olan Akdeniz Universitetinin kampüsündə keçirdi. Bu kampüs gördüyüm ən gözəl, arxayın, qayğısız yer ola bilər. Kampüsboyu palma ağaclarına rast gəlirdin. İlk vaxtlar portağal olduğunu düşündüyüm ağaclar da az deyildi. Bu meyvələr səkidə addımladığın bir vaxtda ayağının altında qalacaq qədər saysız-hesabsız idi. Sonralar birinə diqqətlə baxdım, türk dostum bunun portağal yox, narınc olduğunu dedi.
Antalyadakı ilk günümü xatırlayıram. Aeroportda məni qazandığım təqaüd proqramının ötənilki qalibləri qarşıladı. Onlar üzərində “Akdeniz University” yazılan kartonla gələn sərnişinlərin çıxdığı qapının ağzında dayanmışdılar. Gözlədikləri son tələbə mən idim. Yeni dostlarımla görüşüb ağ Forda tərəf getdik.
Şəhər, universitet gecənin zülmətinə qarışmışdı.
Səhər yuxulu halda pərdəni aralayanda aydınlanan universiteti, həyəti diqqətlə süzdüm. Otağımızın geniş pəncərəsi Tavr dağlarına sarı idi. Üç il hər səhər, axşam bu dağları gördüm.
Tavr dağları Antalyanın istiliyinə zidd şəkildə həmişə başıqarlı olurdu. Otağımdan görünən bu əzəmətli dağ silsiləsi Suriyaya qədər uzanırdı.
Bu üzündəki şəhərə Günəşin od ələdiyi dağın o biri ucundakı şəhərlərə adamlar od ələyir, bombalar yağdırırdı. Bunu düşünəndən sonra heç vaxt Tavr dağlarına baxanda Antalyanın dözülməz istilərindən şikayətlənmədim.
İlahi, görəsən, Suriyanın hansısa şəhərində başına bomba yağan bir kəsin uçuq pəncərəsi də bu dağlara açılırdımı?!
Sonralar universitetdən piyada getdiyimiz Konyaaltı çimərliyində misirli dostum Aralıq dənizinin digər tərəfində onların şəhərinin yerləşdiyini deyirdi. Bunu deyəndə həmişə içini çəkib dalğalara zillənirdi. Bir dəfə bunu deyəndə diqqətlə onun üzünə baxdım. Dalğalanan masmavi dəniz yaşarmış gözlərində əks olunmuşdu. Ucsuz-bucaqsız Aralıq dənizi yanaqlarından aşağı süzülürdü.
Bu suya kimlərin qayğıları, gileyləri, yorğunluqları qarışmışdı.
Dəniz belədən belə, elədən elə daşıyırdı hər şeyi.
Konyaaltı çimərliyi qumsuz, sahili çınqıldan ibarət bir yerdi. Uzun müddət bu qəribəliyə öyrəşə bilmədim. Ayağımı sivri daşlardan qorumaq üçün sahilboyu çəkələklə gəzirdim. Hərdən sivri uclu çınqıllardan biri rezin çəkələyi deşib ayağıma qədər çatırdı.
Sahildə arxası üstə uzanıb gah Günəşi, gah ulduzları seyr etdiyim günlərdə bu şəhərin adamlarına, çınqıllı sahillərinə, duzlu dənizinə doğmalaşırdım.
***
Kaleiçi Antalyada tələbələrin sığınacağıdır. Bura Bakıdakı dar məhəllələrdən fərqlidir. Kaleiçi qənbərlərinə qədər sərxoş idi. Kaleiçinin dar küçələri axıb dənizə tökülür. Sərxoş inadıyla bu küçələri səkkiz yaza-yaza gəzdiyim günləri dumanlı xatırlayıram.
Labirinti xatırladan küçələr, döngələr bürkülü havalarda adama mənzilsiz bir yol kimi görünürdü. Bu havasız küçələrdə hamı bir ümidlə – küçənin sonunda dəniz havasını, dəniz qoxusunu ciyərlərinə çəkmək arzusuyla addımlayırdı. Bu küçənin divarlarına nə qədər söykənmişəm, ilahi?! Pivənin, rakının beynimə tül kimi çəkdiyi sərxoşluq, heysizlik məni neçə dəfə bu tinlərdə haqlamışdı, kim bilir?
Kaleçini ayıq başla gəzmək mümkünsüzdü. Bu ara küçələrdə sayını, hesabını itirdiyim pablar, bistrolar vardı. Hərdən istidən təpəri qalmayan adamlar özünü bu pablardan birinə verirdi. Cadar-cadar olmuş dodaqlar bu kafelərdə bir parç pivəyə təslim bayrağını qaldırırdı. Yay aylarında bu küçələri əldən-ayaqdan salmaq həm də tünd sidik qoxusuna görə dözülməz olurdu. Gecənin bir yarısında Kaleiçi ölüm sükutuna bürünürdü. Bu səssizliyin qatili cırcıramalar idi. Hərdən bu cinayətə gözdən uzaq bir döngədə şalvarını yarıya qədər endirən kefli şəhər sakinləri də ortaq olurdu.
“7 Ocak 1993 yılında kent merkezine yağan kar 5 santimetrelik beyaz örtü oluşturmuştu”.
Görəsən, indi qarın hündürlüyü nə qədərdir?
Kim bilir, bəlkə Kaleiçi sinəsinə qədər çəkdiyi ağ mələfəylə bütün günahlarını gizləyə bilib.
(2022)