Kiçik şəhərlərin böyük adamı

Loading

“Partizan” Gülər Natiq İsaqın şeirlərini təqdim edir…

~~~

 

Kim tapıb indiyədək
darıxmağın adını?
necə olur darıxmaq?

~ yaddaşından gedənə,
yaddaşına gələnə
sürünməkdir, darıxmaq.

Darıxmaq da dardadır…

~ Özümə gətirirəm,
mən onu hissə-hissə.
“Yuxum ərşə dayaqdır”.

~ Bir Tanrı möcüzəsi
gərək onu saxlaya,
gedən yolunu kəsə…

~ yaşıl rəngdə bir cənnət,
bulud örpəyi bəyaz.
Hardadır bəs, RUH adam?

~ Ey bəni, mənə səs et,
məndən özünü kəsmə,
bu gecədir, DARIXMAQ…

***

🩵💦💎

Görünən “duman seli” çökən çəni göstərir,
Yuxum ərşə ibadətdə, qanadım yoxdu uçam.
Bir hüma doğulacaq, göy düzəni göstərir,
Bu göydələn əhvalım gendən gələn firtınam.

Bu nə sirr, möcüzəmmi, göymü gəldi yaxına?
Qoy, azca da inansın, xoşbahar olsun bəşər.
Bir ümid də yaraşdı, alıb taxdım yaxama,
Deyirlər, “ümidsizlər ən sonda iblisləşər”…

Mən sənə tapınıram, tapınıram Ilahi,
Bu göy – mübarək aynan, yenə məni gizlədir.
Nə qəribə güzgüsə, mən donuram Ilahi
Özümə boylanıram, mənə səni göstərir…

       ***

~ Bir yuxunun şeiri~

Bu gün necə uzun, nə uzun imiş…
Balaca ömürdə min il yaşadım…
Min illik həsrətə atdılar məni,
Gözümdə min illik yuxu daşıdım…

Elə bil gecə də ay yerə endi,
bəyaz buludlara batdı otağım.
Elə bil dünyamdan apardı səni,
Üzüldü göydən əl, yerdən ayağım…

Öz əlimi tutdum, əlimə baxdım,
Baxdım ki, sənsizlik qalıb əlimdə.
“Mən gecə darıxdım, gündüz darıxdım”…
“Bir ömür” qocaldım bu həsrətində…

Bilmirəm…
nə keçdi, bu gun ömürdən…
Dinlədim ən qəmli təranələri.
Ahəstə “Hümayun” oxudum pəsdən,
Saydım, sənsiz keçən dəqiqələri…

***

💚☘

Bir nəfəs qəm yazanda,
bir nəfəs məndən də yaz.
İnsafını əlindən salan qafildən olma.
Sinəndə “daş” buz tutub,
məndə isinmir “ayaz”,
Dişiylə günah kəsən haqsız adildən olma.

Əritmə, söz atəşin
olmayan yerdə məni,
Suya dönüb “yatar”ın itən yerdən axmayım.
Şah versən, mən mat olsam,
qoysan geridə məni,
Harda qala qurum, de, bu damadan çıxmayım…

Ən xoş səsini göndər,
xatirən inciməsin,
Dopdolu gözlərinin rəsmini gətir mənə.
Pəsdən bircə avaz et,
ürəyimi titrətsin,
Kirpiyimə ilişən köksünü gətir mənə.

Gərək deyil ki, Zülfü*,
ya da ki Xan** olasan…
Sən eşqində səsi zil, əhli-hal, dost təndəsən.
Demirəm ki, hər yerdə,
dildə dastan olasan
Elə pəs səsinlə də ən yaxşı xanəndəsən…

***

İzn versən, bir bahar gətirəcəyəm ürəyimdə sənə,
ləcəyinə toxunulmayan çiçək olacam könlündə.
Bəlkə bir yasəmən ətri olacağam
burnunun ucunda.
Sonsuz toxunuş ömrü qədər payın…

Bir həsrət anına büküləndə boynun,
yumşaq yerin olacaq ovuclarımın içi.
Onda daha gözəl görünəcək
gözlərinə “xoşlamadığın” əllərim…

Endir, sənsizliyin pərdəsini…
Həsrətin boyun qədər,
Hardan tutsan SƏN edər…
İndi yoxluğun içində bir ruh adama
söykənib xatirələr və Mən…

 ***

Kiçik şəhərlərin böyük adamı,
Sənin olmadığın məkan dar mənə.
Qəlbi qayğılardan bölük adamı,
Sən o uzaqlardan baxırsan mənə.

Yuxuları dəlib mələklər kimi,
Gözümü açırsan sübh meydanına.
Şəhərdə at çapan küləklər kimi,
Xəyalım sovrulur gələn yoluna.

Kim sevməz zirvəni, boyu çox uca…
Dünya tərifsevər insan yığını.
Sən sözü dünyanın özündən qoca,
Dəqiq ayırırsan ağı, qaranı…

Bilmirəm, nə yazım, sənə özündən
Səninlə doğulur hər söz, hər fikir…
Mən səndən nə qədər yazsam, biləsən,
Səni Yaradana düşür təşəkkür…

 ***

“Gizlət, ürəyində ən seçilən sözlərini.
Naz-nemət içində saxla,
bulud yağışlarını.
Düşür hüzursuzluğundan,
hiss etmədiyin qayğını.
Ətrafındakı adamlara –
yaxınlara,
yadlara
ötür çöhrəndəki işığı…
Toxunduğun əşyalara ver,
əllərinin istiliyini.
Heç canını titrədən
xoş sözlərimə də sancma,
ürək emojilərini…
Könlün tutan qədər səpələ,
dost arzularına…

Mənə də, mənə də…
…. sevdiyin ən yaxşı şeiri söylə…
…ən yaxşı musiqi dinlət…
Sevərəm,
minnətsiz pay deyil deyə,
ruhunu sıxan narahatlıq xatirinə…

Bu hüznlə bir az sevgi əridərəm
könlümün yağından,
bir pişik yavrusunun başına sığal olar bəlkə”,

Demişdin…