Brüs Linin qızı Şennon Li azərbaycanlı jurnalist Hafiz Əhmədova müsahibə verib. “Partizan” müsahibəni təqdim edir.
– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?
– Həyəcanlandım. Atamın və onun irsinin hələ də orada maraq doğurduğunu eşitdiyimə görə çox şadam.
– “Su ol, Dost” (“Be water, Friend”) adlı yeni kitabınızla bağlı bilmək istərdik. Kitabda Brüs Linin pərəstişkarlarını nələr gözləyir?
– Kitab xatirə, tərcümeyi-halı və şəxsi inkişafla bağlı məlumatlardan ibarətdir. Çox əlçatandır, oxunub dərk olunması asandır və oxucu ilə Brüs Lini bir filosof kimi tanış etmək üçün yazmışam. Kitabda onun su kimi olmaqla bağlı fikirlərini çatdırıram və onun bu ideyasını necə təcəssüm etdirdiyini, bunu necə şərh etdiyimi və siz – oxucuların da bundan öz həyatınızda necə istifadə edə biləcəyinizi göstərmək istəyirəm.
– Sizcə, “Su ol, Dostum” sitatının əsl mənası nədir? Sizin üçün dostluq nədir?
– Düşünürəm ki, bu ideyadan istifadə etmək və onu dərk etməyin müxtəlif mənaları, yolları var. Əlbəttə ki, uyğunlaşa bilən, çevik olan, əsl özümüzə toxunan, tamamilə canlı olmaq, ətrafımıza cavab vermək və əməkdaşlıq etmək də buna daxildir. Həmçinin, formaya salınmadan, tam mövcud olmaq – həyatın sizə bəxş etdiyi hər şeyə doğru addım atmaq və onunla birlikdə hərəkət etməyi bacarmaq da bu ideyanın tərkib hissəsidir. Və nəhayət, sizin də qeyd etdiyiniz kimi, qarşılaşdığımız hər hansı bir insan, vəziyyət nə olursa-olsun, ilkin dostluq münasibətində sevgi və pozitivlik nümayiş etdirir. Məncə, dostluğun bir çox qatları, ifadə səviyyələri var. Ümumiyyətlə, dostluq ilkin mərhələdə bütün insanlara qarşı nümayiş etdirməli olduğumuz münasibət və yanaşmamızdır.
(Brüs Linin həyat yoldaşı, qızı və nəvəsi)
– Brüs Linin super gücü nə idi?
– Onun bir çox fövqəlgücləri var idi. Məncə, onun ən dərin xüsusiyyətlərindən bəziləri: diqqəti cəmləmək, məlumatı sintez etmək, hərəkətə keçmək, özünü ifadə etmək, mövcud olmaq və çox çalışmaq bacarığı idi. Amma düşünürəm ki, birini seçməli olsam, bu, onun özü olmaq bacarığıdır. Yəni ki, özünü bir sənət əsəri kimi yetişdirmək və bunu dünya ilə bölüşmək.
– Brüs Li haqqında ən böyük yanlış təsəvvür nədir?
– Bir çox yanlış fikirlər var – onun əsl döyüş sənətçisi olmadığı, təkəbbürlü və ya pis biri olduğu, savadlı və məlumatlı olmadığı və s. Bunların hamısı yanlışdır.
– Brüs Linin ən ruhlandırıcı üç sitatı hansıdır?
– Bunların sayı çoxdur:
“Öz təcrübənizi araşdırın; faydalı olanı mənimsəyin; faydasız olanı rədd edin. Özünüzə məxsus olanı isə əlavə edin”.
“Heç bir yolu yol kimi istifadə etmə. Məhdudiyyət kimi heç bir məhdudiyyətə sahib olma”.
“Beyninizi boşaldın. Su kimi formasız olun. Bir fincana su qoyursan, o, fincan olur; bir şüşəyə su qoyursunuz butulkaya çevrilir; çaydana qoyursan, çaynik olur. İndi isə su axıb, dağıla bilər. Su ol, Dostum”.
(Ən çox sevdiyim budur) “Əziyyətimin dərmanı əvvəldən daxilimdə var idi, amma qəbul etmədim. Xəstəliyim özümdən gəldi, amma bu ana qədər müşahidə etmədim. İndi görürəm ki, şam kimi öz yanacağım olmasam, heç vaxt işığı tapa bilmərəm”.
– Brüs Linin yoxluğunu ən çox nə vaxt hiss etdiniz?
– Mən gənc olanda və mühüm həyat hadisələri zamanı – ailə quranda, qızım olanda və s. Amma yaşlandıqca onun həmişə yanımda olduğunu bildim. Onun enerjisi mənimlə qalır və hər gün mənə yol göstərir.
(Brüs Linin və oğlunun məzarı)
– Brüs Linin əsl ölüm səbəbi nədir? Həmin günü necə xatırlayırsınız?
– O, vəfat edəndə mən çox gənc idim. Həmin günü dəqiq xatırlamıram. Dəfn mərasimini bir az xatırlayıram, amma həmin günü deyil. Ekspertizanın nəticələrinə görə, o, qəbul etdiyi ağrıkəsici dərmana reaksiyası nəticəsində dünyasını dəyişib.
– Brüs Lisiz 50 il necə keçdi? Onun haqqında həmişə xatırladığınız xatirə nədir?
– Ən çox xatırladığım onun hissləridir – onun tərəfindən sevilmək necə bir şeydi; onun diqqətində olmaq və enerjisinə sahib olmaq və s. Ən çox və aydın şəkildə xatırladığım budur!
– Brüs Linin kitablara olan münasibəti necə idi? Ən son oxuduğu kitab hansı olub?
– Atam çox oxuyan insan idi. Onun şəxsi kitabxanasında 2800-dən çox kitabı var idi və onların bir çoxuna şərh yazıb və qeydlər edib. Sonuncu oxuduğu kitabın nə olduğunu bilmirəm. Yəqin ki, maraq və əhvalından asılı olaraq eyni anda bir neçə kitab oxuyurdu.
– Brüs Linin aşdığı ən böyük əngəl nə olub?
– Düşünürəm ki, onun keçdiyi ən böyük əngəl başqalarının onun haqqında təsəvvürləri olub. O, həmişə insanları cəlb edib və müəyyən qədər özünü sübut etməli idi. Xoşbəxtlikdən o, bu işdə çox yaxşı idi!
– Brüs Li niyə ateist olmağı seçdi?
– Düşünürəm ki, atam o vaxt bunu ifadə edə bilsəydi, özünü həqiqətən də spiritual hesab edərdi. Onun bir çox yazıları mənim üçün çox spiritualdır. Amma o, özünü dindar hesab etmirdi. Bu tamam başqa şeydir. Düşünürəm ki, o, həyatın yönləndirilə və formalaşdırıla bilən müəyyən bir enerjisi olduğuna inanırdı. Lakin o, heç vaxt bunu hansısa şəkildə məhdudlaşdıran bir şeylə, məsələn, dinlə eyniləşdirmək istəmədi. Düşünürəm ki, o, həyatı başqasının deyil, öz şərtləri ilə başa düşməyə üstünlük verirdi.
– Zamanı geri qaytara bilsəydiniz nəyi dəyişərdiniz?
– Geri qayıdıb hər hansı bir şeyi dəyişdirməyin mümkün olub-olmayacağını bilmirəm – indi bildiklərimlə bərabər geri dönə bilsəm keçmişə qayıtmağa dəyərdi. Əks halda, mən əsl düzəlişi olmayan bir şeyi düzəltməyə çalışan yetişməmiş insan olardım. Bununla belə, mən keçmişi həqiqətən dəyişdirə biləcəyimə inanmıram – indi burada özümü sağaltmaqla və irəliyə doğru addımlamaqla həyatıma davam edirəm. Beləliklə, keçmiş artıq məni dayandırmır, bu da məni tamamilə dəyişir.
– Brüs Linin qızı olmağın ən yaxşı və ən çətin tərəfi nədir?
– Ən yaxşı tərəfi sevgidir. Atamı və məni əhatə edən o qədər sevgi, şövq və sevinc var ki… Ən çətin tərəfi isə özümə qoyduğum hər hansı gözləntiləri aşmaq oldu.
– Brüs Linin mübarizəsi nə idi?
– Tamamilə özü olmaq və mənalı bir həyat yaratmaq idi.
– Brüs Liyə nəyi borclusunuz?
– Həyatımı.
– İndi dünyaya ən böyük mesajınız nə olardı?
– Hamımız bir ailəyik.
– Azərbaycana, Bakıya səfər etmək istərsinizmi?
– Mütləq!
– Azərbaycanda Brüs Lini sevənlərə nə demək istərsiniz?
– Sevginiz üçün təşəkkür edirəm. O, həyatı sevməyin və yaşamağın simvolu idi. Və o, sizin vasitənizlə yaşamağa da davam edir. Siz də onun sayəsində daha dolğun yaşayırsınız.
HafizTimes.com