Sovet İttifaqına səyahət, soyuq müharibənin başlaması haqqında söhbətlər, gürcü süfrəsi, Ukrayna kəndləri – Amerika ədəbiyyatının klassiki 1947-ci ildə SSRİ-yə səfərində buranı necə görmüşdüsə “Rus gündəliyi” kitabında oxuculara da o cür təqdim etmişdi. Steynbeklə birlikdə bu səfərdə macar əsilli Amerika fotoqrafı Robert Kapa da iştirak edirdi.
Steynbek Sovet İttifaqında üç dəfə olmuşdu: 1937-ci ildə, ikinci dəfə on il sonra və nəhayət 1963-cü ildə. Lakin məhz 1947-ci ildə, İkinci Dünya müharibəsi bitəndən iki il sonra SSRİ-yə gəlmişdi ki, sadə insanlarla görüşüb sovet vətəndaşlarının həyatını bacardıqca obyektiv şəkildə qələmə alsın. Bu o vaxtlar idi ki, Uinston Çörçill artıq “dəmir pərdə” ifadəsini işlətmişdi, yaxın keçmişdəki müttəfiqlər – Sovet İttifaqı ilə ABŞ isə artıq düşmən olmuşdular.
SSRİ-yə səyahət edərkən Steynbeklə Kapa o illər üçün adi hal olan bir çox problemlə üzləşdilər. Elə onu demək kifayətdir ki, Kapa Moskvada çəkilişlər etməyə nəhayət icazə alsa da heç cürə işə başlaya bilmirdi.
Hər dəfə küçədə fotoapparatı çıxaranda yanında “olduqca nəzakətli milisioner” peyda olur və icazə vərəqəsini göstərməyi xahiş edirdi. Lazımı kağızı oxuyandan sonra o, telefon budkasına yaxınlaşırdı. Bir müddət sonra maşınla mülki geyimli şəxslər gəlir, onların hər biri kağızı oxuyurdu. Sonra onlar bir yerdə məsləhətləşir, yenə harasa zəng edir, nəhayət gülümsəyərək foto çəkməyə icazə verirdilər. Steynbek yazır ki, belə situasiyalar dəfələrlə təkrarlanırdı. Buna baxmayaraq, yazılanlara əsasən demək olar ki, baş verənlər müəllifin səfər təəssüratlarına xələl gətirmirdi.
Nəticədə ingilisdilli oxucular olduqca canlı, maraqlı, demək olar bütün stereotipləri sındıran kitab əldə etdilər.
Mağazalar haqqında
Steynbek və Kapa Moskvadakı adi, komission və kommersiya mağazalarını gəziblər, onların əsas müşahidə etdikləri malların keyfiyyət və qiymətlərindəki fərq olub. Steynbek yazır ki, adi mağazalardakı parçaların keyfiyyəti və paltarların tikilişi daha yaxşısını arzulamağa sövq edirdi: “Ancaq bu sovet prinsipidir: ən zəruri ehtiyac mallarını istehsal etmək, nə vaxta qədər ki, onlara ehtiyac var, nə vaxta qədər ki, yüksək tələbat var, dəbdəbəli mallar buraxmamaq.”
Yazıçı qeyd edir: “Mağazalarda həmişə dəstə-dəstə adamlar olur, onlar bura nəsə almaq üçün deyil, sadəcə başqalarının nə almasına baxmaq üçün gəlirlər. Siz nəyəsə baxmaq istəyəndə o dəqiqə sizi çoxlu adam əhatə edir, onlar da həmin şeyə baxmaq istəyir və sizin onu alıb-almayacağınızı görmək istəyirlər. Bizə elə gəldi ki, bütün bunlar onlar üçün özünəməxsus teatrdır.”
Lenin Muzeyi haqqında
“Mənə elə gəlir ki, dünyada onun həyatı qədər sənədləşdirilmiş həyat yoxdur. Deyəsən Lenin heç nəyi atmayıb. Zalda və stendlərdə onun qeydlərini, çeklərini, gündəliklərini, manifestlərini, broşürlərini, onun karandaşlarını, qələmlərini, onun qalstuklarını, onun kostyumlarını görmək olar, hamısı burdadı. Muzeyi ziyarət edəndə adama elə gəlir ki, Lenini tarixdəki yeri çox qayğılandırırdı. Öz düşüncələri və qeydlərinin ən kiçik parçasını saxlaması azmış kimi burada onun yüzlərlə fotoqrafiyası da vardı. Onun şəklini müxtəlif illərdə, hər yerdə, hər situasiyada çəkiblər. O, sanki Lenin Muzeyi adını daşıyacaq muzeyin açılışını əvvəlcədən görürdü.”
Ukraynada kolxoza getmək haqqında
“Bataqlıq otlarından yaraşıqlı şlyapa qoymuş Qrişa adlı balaca oğlan anasına sarı qaçaraq heyrətlə qışqırdı: “Bu amerikalılar da bizim kimi adamdırlar!” Steynbek yazır ki, onun ortağı kolxozda foto çəkərkən əsl sensasiya yaratmışdı: yerli qadınlar əvvəlcə onun üstünə çığırdılar, sonra şallarını, bluzkalarını düzəltməyə başladılar ki, Kapa onları çəksin.
Yazıçı söhbət zamanı əlindəki xiyarı elə hey fotoobyektivin qabağında sirkələyən bir nəfər məlahətli və olduqca şən bir qadın haqqında da danışır. Kapanın zarafatla etdiyi evlilik təklifinə qadın dedi: “Əgər tanrı kişini yaratmazdan əvvəl xiyarla məsləhətləşsəydi, dünyada bu qədər bədbəxt arvad olmazdı.”
Gürcü süfrəsi haqqında
“Bizə elə gəlirdi ki, onsuz da dayanmadan yeyirik, bununla belə heç cür “yox” demək olmurdu. Biz gürcü arağından da daddıq, heç kəsə məsləhət görmürük, çünki bu maye alovdu, bu, olduqca sərt içkidir, mədəmiz onu götürə bilmədi. Biz yavaş-yavaş inanmağa başlamışdıq ki, rusların (geniş mənada) gizli silahları var, bu silah ən azı qonaqlara təsir etmək üçündür. Və bu silahın adı yeməkdir.”
Yollar və nəqliyyat sistemi haqqında
“Kiyevdən Stalinqrada birbaşa getmək olmaz, Stalinqraddan da Stalinoya (indiki Donetsk – red.). Gərək hər dəfə Moskvaya qayıdasız və ordan təzədən başqa yerə gedəsiz. Nəqliyyat sistemi təkər dəndələri kimi qurulub – mərkəzə doğru. Bundan başqa müharibə yolları elə korlayıb ki, maşın sürmək az qala mümkünsüzdür.”