İyirmi ilin çaxırı – Samir Nə

Loading

“Partizan” Samir Nənin yeni hekayəsini təqdim edir.

Bu elə də uzaq deyildi. Yan obyektdə pivə, çaxır, çay, kofe və bir sıra avropa yeməkləri – salatlar, suplar verilirdi. Yeməklərin çoxu baha olduğu üçün sifarişlər adətən içkilər olurdu. Mən də elə edirdim.

Həmişəki kimi işdən çıxıb pivə içməyə yenə ora getdim. Qapıda məni müdiriyyət qarşıladı. Dedi ki, pivə qalmayıb, çaxır verə bilərik.  Bir az fikirləşib razılaşdım. Nəyisə nəyləsə əvəz eləmək asan başa gəldi. Müdiriyyət bərk-bərk tapşırdı ki, bu çaxırı xüsusi qonaqlar üçün saxlayırlar hər adama vermirlər, gərək qurtum-qurtum, yumşaq-yumşaq içəsən ki, dadına varasan. Əlavə də etdi ki, iyirmi ilin çaxırıdır, yüz faiz bəyənəcəksiniz. Əvvəlcə çaşdım, sonra təşəkkür etdim minnətdarlığımı bildirib və ümumi zala keçdim.

Susuzluqdan ölürdüm, tez yer tapıb oturmaq istədim. Ciyərim yanırdı. Yer tapan kimi rahatlanıb sağa-sola göz gəzdirdim, çaxıra baxdım. Hövsələm daralırdı. Görüşdə deyiləmsə, nəyi necə istəyirəm elə də içə bilərəm, məsələ çaxırdısa, bunun ümumiyyətlə kiməsə aidiyyatı yoxdur, düşünüb çaxırı bacardıqca iri qurtumlarla susuzluğum yatana qədər başıma çəkdim. Müəllimin dedikləri get-gedə qulaqlarımdan uzaqlaşıb yoxa çıxdı. Çaxırı yerə qoyub ağzımı əlimin çölü ilə sildim.

Ayaqları ağappaq qız gəlib üzbəüz masada oturdu. Bir-birimizi gördük. Bilmirəm niyə, qeyri-ixtiyari ona başımla salam verdim. O da çaşıb salamımı aldı. Sevindim. Ona da bir azdan sonra qırmızı çaxır gətirdilər, həmənkindən. İyirmi ilin çaxırı olan həmin qırmızı şey. Gətirən də müəllimin özü idi. Mənə dediklərinin eynisini ona da bərk-bərk tapşırdı və getdi.

Qız ani mənə baxdı, yerini rahatladı, üz-gözünə əl gəzdirib diqqətini çaxırda cəmlədi. Mən onu izləyirdim, o isə ciyəri yanırmış kimi çaxırı götürüb birbaşa başına çəkdi. Mənə zillənən gözləri yumuldu. İçə bildiyi qədər içib yerə qoydu. Nəfəsini dərib rahatladı. Bir neçə saniyə elə dayandı. Elə bildim, gərgin keçən yorğun günün sonunda kimsə yerinə uzandı. Dərindən nəfəsini dərib ağzını əlinin çölü ilə sildi. Stuluna söykənib yenə düz gözlərimin içinə zilləndi. Hardasa oxumuşdum, belə məqamlarda gərək gözünü ilk çəkən sən olmayasan, yoxsa, bu özgüvənsizliyi, zəifliyi bildirir. İstəmədim məni elə tanısın. Ancaq o gözünü qırpıb təzədən mənə baxdı və çaşıb gözümü ondan çəkdim. İçimdə bir az iyirmi ilin çaxırını, bir az özümü, bir az da o qaydaları qınadım. Düşündüm ki, səhv, düz hamısı eyni şeydi, həmişə təzələnirlər, boş vermək lazımdır.

Qız qamətini düzəldib qələbəni qeyd edirmiş kimi çaxırdan bir-iki qurtum da aldı. Bu dəfə mənə baxmadı da. Bu məni bir az da çaşdırdı. Yalandan telefonda qurdalanmağa başladım. Bilmirdim özümü necə aparım ki, məni görə bilsin. Özümü göstərirdim. Guya mənə kimsə nəsə yazıb, mən də səs atıram, guya kimsə video atıb və çox gülməlidir, guya zəng gəlir, set kəsilir, əsəbləşirəm. İlahi, hər şey eləyirəm ki, o qız mənə baxsın. Alınmır ki alınmır. Qız isə həmin vaxt doğrudan da kiməsə səs atır, kiməsə yazır, danışır, gülür, yerini rahatlayır, mən tərəfə də baxmır.

Yenə iyirmi ilin çaxırını, özümü və qaydaları unudub kefimi pozuram. Hiss eləyirəm ki, oturduğum yerdə yavaş-yavaş bədbəxt oluram.

Yenə qıza baxıram. Gedib siqaret çəkmək istəyirəm.

Yerimdən qalxıb çölə tərəf getdim. Ona tərəf qətiyyən baxmadım. Çöldə çəkə-çəkə lazımsız şeylər haqqında fikirləşdim, belə məqamlarda adam çox fikirli görünsə də, həmişə lazımsız şeylər haqqında düşünür. Yerimə qayıdanda qız selfi üçün ciddi üz ifadəsi ilə uyğun poza axtarırdı. Mənə baxıb baxmadığını bir neçə dəfə də yoxladım. Ancaq heç nə. Mənə elə gəlirdi ki, həmin əhvalla mən ac ata oxşayıram. Üzüm sallanır, kefsizəm və darıxıram. Fikirli-fikirli pəncərədən çöldə futbol oynayan uşaqlara baxdım. Çaxırdan iki qurtum da alıb yerə qoydum.

İçəridən gələn hay-həşirə çöndüm, heç nə görməsəm də, işçilərdən biri tez ora gəlməyimi istədi. İkinci işçi də adımı çağırıb qışqıranda ki, “filankəsi maşın vurdu!’, ciddiləşdim. Yeyin addımlarla hadisə  yerinə yetdim. Həyəcanlanmışdım. Çölə çıxanda iş yoldaşımın axsaya-axsaya yolun kənarına çəkildiyini gördüm. Özümü tez yanına çatdıran kimi su istədi. Bilmədim neyləyim. Kimsə dolu stəkanı mənə uzatdı, qarmaqarışıq vəziyyət idi. Yan-yörəmizə tanıdığım, tanımadığım adamlar yığışmışdılar. Suyu ona uzatdım, alıb içməyə başlayanda hamının səsi kəsildi. Elə bildim ki, hamı onunla bir yerdə suyu başına çəkib. Ani axıra kimi iç, saxlama, axıra kimi” qışqıran adama baxdım. Kafenin içində kim var, kim yox,  pəncərənin önünə yığılmışdı. Əlində çaxır, həmin qızın da orada dayanıb aydın şəkildə zillənib mənə baxdığını gördüm. O elə dayanmışdı ki, sanki bu təsadüfi hadisəni özü təşkil edib. Necə davranacağımı, neyləyəcəyimi ona göstərmək istəyirdim. Baxışlarımı ondan yayındırıb hadisəyə qayıtdım. Ancaq hiss edirdim ki, orada təkcə o yox, mən özüm də onunla birgə dayanıb özümə tamaşa edirəm. Bütün bu fikirlərlə özümü itirmək istəmədim. Toplaşdığımız yerə əlində su ilə yüyürüb gələn xanımdan bir az sonra öyrəndim ki, hadisə belə olub: Filankəs bəylə bu xanım bir-birlərini tanıyırmışlar, xanım təsadüfən onu görüb, zarafat etmək istəyib, əyləc tutmayıb və aləm qarışıb bir-birinə.

Qaşlarımı düyünləyib ona baxdım. Hiss elədim ki, hadisə gözümdən düşüb öz ciddiyətini itirdi. Ancaq əhvali-ruhiyyəm dəyişdiyi üçün gülməyə başladım. Bir az gülüb, onları təkbətək qoyub, yerimi xanıma verdim. Üzümdəki təbəssümü bir az da uzatdım ki, pəncərədən baxan qızın necə gözəl güldüyümdən xəbəri olsun. Bu süni davranışımda  bir təbiilik vardı. Qeyri-ixtiyarı başımı qız olan tərəfə çevirdim. Bir- birimizi gördük, dayandım. Mən onun düz gözlərinin içinə baxırdım. O gözlərini qırpıb yenə mənə baxdı. Hiss olunmayacaq dərəcədə gülümsəyib pəncərənin önündən çəkildi. Çöldəki yoldaşlara qoşulub bir az onlarla dayandım. Ağlımda isə ancaq bir şey fırlanırdı. İçəri keçmək, çaxırımı alıb ona yaxınlaşmaq və salam vermək.