Cəbhədən sonrakı döyüş

Loading

“Partizan” İlhamə Kədərin  “Zimhəri” romanından yeddinci hissəni təqdim edir…

Zimhəri

Hər həftə sonu “atasından gələn” hədiyyələri aldıqca yenidən uşaqlaşır, sevincindən atılıb-düşür, mahnı oxuyub, rəqs edirdi .

Bütün günü şən, qayğısız keçirib gecə yarısı kənd şirin yuxuda olanda, pəncərədən düşüb tapcanaya qalxdığını, dizlərini qucaqlayıb yaralı qurd kimi saatlarla, boğula-boğula uladığını bilən yox idi.

Bəlkə də atışmadan sonra kənddəki boş dinlərə dolub uzlaşan çaqqallar örtürdü sirrini.

İmtahana gedəcəyi günün gecəsi yenə hamını yuxuya verib pəncərədən hoppananda hənirti eşidib diksindi, geri çəkilib kürəyini divara söykədi.

Gözüyumulu aşağı sürüşüb əlini yerdə gəzdirdi.Hənirti gələn tərəfə atmağa daş-kəsək axtardı.

-Qarışqa, qorxma, mənəm.

Tanış səsdən ürəklərib, gözünü açdı:

-Qorxdum ay əclaf-deyə uşaqlıq dostunun boynuna sarıldı.İkisi də ağladı.

Tapcanaya çıxıb “əfən yeri”ndə oturdular.

Üzlərini göyə tutub qütb ulduzundan tərəzi bürcünə uzanan maili xətt boyu uladılar.

Sonra heç nə olmamış kimi tapçanadan enib ayrıldılar.Uşaqlıq dostu budağa bağladığı yüyəni açıb şəhərin üstünə atdı, ayağını üzəngiyə keçirməyiylə qaranlıqda əriməyi bir oldu.O isə pəncərənin altındakı kətili gicitkanlığa tolazlayıb pilləkanlara tərəf addımladı.

 

***

On gün sonra adını qəbulların siyahısında görən Qarışqa sevincini bölməkdən ötrü yenə kəndə anasının yanına qayıtdı.

Kənd sakitçilik idi, atışma səsləri eşidilmirdi artıq.

Kəndli qadınlar  bağ-bostanda qurdalanır, imirtək oğlanlar uçulub dağılmış çəpərləri dikəldir, qırılmış pəncərələri düzəldirdilər.

Kənddə kişi adına üçcə nəfər var idi:döyüşdə iki gözünü itirmiş Məhərrəm əmi, minaya düşüb ayaqlarının birini dizdən, o birini topuqdan qopmuş Sarvan əmi, çənəsinin yarısı qarışıq dilini qəlpə aparmış  “Abı” ləqəbli Abdulla əmi.

Həə bir “kişi” də var idi kəndin ən süvər yerində, əli-ayağı, gözü-başı yerindəydi, heç harası yaralanmamış, heç döyüşə də getməmişdi, amma deyilənə görə “veteran” maaşı alırdı.

 

Daha bir yenilik də var idi kənddə- çıxacaqdakı bulağın kənarını çay daşıya hörüb, baş tərəfinə lövhə qoymuşdular.

Adı da dəyişmişdi bulağın, daha “Sərin bulaq” yox Laçın bulağıydı.

Qar uçqunu olan yerin üstündəki “Şişqaya” deyilən quşqonmaz qaya da “Laçın qalası” olmuşdu.

 

Görünür kənd camaatı ürəklərindəki yeri az bilib axar suya, məğrur qayaya yazıb əbədiləşdirmək istəmişdi leytenantı.

 

***

Bu dağlar, qoşa dağlar,

Verib baş-başa dağlar.

Bir mərd oğul itirmişəm,

Bəlkə sizdən aşa, dağlar?

 

Kəndin sükutunu pozan bu qalın, yanıqlı səsi ilk dəfə eşidirdi dağlar da, dağlılar da.

Beş-on yeniyetmə səs gələn tərəfə götürüldü, səsin sehrinə düşmüş Qarışqa da onların arasında idi.

Gənclər səsin “iziylə” gəlib Laçın qalasının ətəyinə çatanda donub qaldılar: iri cüssəli, ağ saçlı bir polkovnik papağını sinəsinə sıxıb ağı deyirdi.

“Kəköy” deyilən Elşən əlini dizinə çırpıp içini çəkdi:

-Ooy, ay a-ana, qadanı a-ayım,a-ayı boyda kişi a-ayvad kimi o-oxşama deyiy.

Doğru Qamət çevrilib iki əlli, avandlı qapazını Kəköyün başına endirəndə Qarışqanın ürəyi dözmədi:

-Dəymə, -dedi-o Kəlpətöyü Allah bir yandan vurub, bəndə bir yandan, sən də bir yandan vurma.

Bu yazıq Elşən doğulanda anası qanaxmadan ölmüşdü deyə nənəsi həmişə onu qarğıylrdı:

-Allah vurmuş, anasının başını yeyən qaramat.Səni salamat doğulmayadın.

 

Onda hələ Elşən kəkəmə deyildi, amma öz adıyla çağıran da yox idi.Böyüklər “Yetim”, uşaqlar “Allah vurmuş” deyirdi ona.

Həmin o bəd iyun ayında onların da evinə mərmi düşmüş, nənəsi və ona qan udduran, təkcə çörəyini, suyunu yox xoş sözü də cirəylə verən atası ölmüşdü.

Hansısa uzaq kənddən alıb gətirdikləri kimsəsiz analığı da ağır yaralanmışdı.

Elşənin isə demək olar salamat yeri yox idi.

Binavə gəlin bir az babatlaşan kimi öz canını unudub ögey oğlunun qulluğunda durdu.

Yeməyib yedirdi, yatmayıb yatırdı, kiprikdə cəhənnəm odunu daşımağın mümkünlüyünü göstərdi hamıya.

Axır ki “Allah vurmuş yetim” sağalıb ayağa durdu.

Ögey ana hər gün qoluna girib bir ayaq, bir ayaq yeritdi onu.

Özünü dağa, daşa vurub, qucaq-qucaq ot, əncər topladı.

Qəssabda quyruq astarı, balıqçıda lilli mamır qoymadı, daşıyıb cürbəcür məlhəm hazırladı.

Min bir əziyyətlə sağaltı ögey oğlunu.

Amma nə billah eləsə də Elşənin dilini tam aça bilmədi.

Beləcə “Yetim Allah vurmuş” oldu “Kəköy”.

Doğma atasının və nənəsinin sağlığında axşam axırdan, sabah naxırdan başqa heç yeri görməyən Kəköy ögey ana dəstəyiylə tay -tuş arasına çıxmağı, el işinə yaramağı öyrəndi.

“Cəlladları”nın ölümündən bir neçə il keçsə də iyi burnundaydı hələ.

Kimsə yanında əlini qaldırsa iki əlli başını tutub təpik dəymiş küçük kimi zəngildəyib büzüşürdü.

İndi də Qamətin dəyməyən qapazından qorxub cır səslə qışqırdı.

Səsə başını qaldıran hərbiçi qalın qaşlarını çatıb zəhmli baxışlarını gənclərin üzündən bircə-bircə keçirib Qarışqada saxladı.

Bu baxışlar heç də yad gəlmədi ona.

Yosun rəngli gözlərindən süzülüb çənəsinə muncuqlanan incilər də, uzun, burma kipriklər, enli qaşlar, çevrim dodaqlar da leytenantınkı idi.

Polkovnik elə əlindəki papaqla üzünü silib iki addım qabağa gəldi:

-Salam uşaqlar, deyəsən, tətilə çıxmısız-yalandan gülümsədi.Özünü ələ almağa vaxt qazanırdı sanki.Çevrilib Laçın qalasına boylandı.

Lap yüksəkdə qıy vurub dövrə edən qartalı bir müddət baxışlarıyla təqib edib yenə gənclərə baxdı.

-Uşaqlar,-dedi-mənə 555`in evini göstərərsiniz?

Qəmbər Qarışqanı göstərdi:

-Bu onun qızıdı, əmi.

Kişinin gözləri irilənib yumrulandı:

-Can bala.

İkisi də birdən tərpəndi yerindən, illərlə ayrı qalan ata-bala kimi qucaqlaşdılar.

Polkovnikdən barıt və tər qarışıq “silver” qoxusu gəlirdi.