“Partizan” məşhur Serb yazıçı Milorad Paviç “Ot haqqında rəvayət” hekayəsini təqdim edir.
Misirdə üç növ ot çox məşhurdur. Alfa adlanan bir otdan vaxtilə kəndir toxuyardılar, sonra həmin kəndirdən fironun yay qayıqlarını düzəldərkən istifadə edirdilər, qayıqların ayrı-ayrı hissələri mismarlarla deyil, məhz bu cür kəndirlərlə birləşdirilirdi. İkinci otu buxar tənbəki çubuğu olan nargiləyə doldurulardı. Üçüncü ot haqqında isə qədim əfsanədən danışılır. Məhz elə o da bizim yeni hekayəmizin predmeti olacaq.
Atası Aşağı Volqaboyu yerləşən Qızıl Ordadan Qahirəyə gətirilmiş Əl Nasir Məhəmmədin vaxtında bir misirli xəlifə vardı. Həmin xəlifə həm öz sarayında, həm də bütün şəhərdə moloheya otundan hazırlanan ədviyyatdan istifadəni qadağan etmişdi. Rəvayətə görə bu xəlifənin gözəllər gözəli bir arvadı vardı və xəlifə onu çox sevirdi. Bir dəfə hərbi səfərdən döndükdən sonra xəlifə hiss etdi ki, arvadının sevgisi əvvəlki tək deyil. O, öz münəccimini yanına çağırdı və ondan məsləhət istədi.
– Onun gələcəyi səninkindən əvvəl başlayır, − münəccim dedi. – Bir də ki, sən gərək onun öpüşünü iyləyəsən. Bəlkə də, sən onun dodaqlarının dadında yad adamın qoxusunu hiss edəcəksən.
Arvadını öpərkən xəlifə moloheyanın dadını hiss etdi. Onu döyülmüş ot və sarımsaqdan hazırlayar, sonra da qızardılmış göyərçin, ya da dovşan ətinin yanında süfrəyə verərdilər. Bu ədviyyatı sevməyən və onun sarayın mətbəxində saxlanılmadığını bilən xəlifə anladı ki, arvadının dodaqlarında iz qoyan təkcə özü deyil. Başqa biri var və o, sarayda yaşamır, kənardan gəlir. Xəlifə qulluqçusunu çağırdı və ona əmr etdi ki, sarayın girişində yandırılmış şam ilə dayansın və içəri girmək istəyən hər bir adamdan şamı üfürməyi tələb etsin. Kimin nəfəsindən moloheyanın ətri gələrsə, onu elə həmin andaca xəlifənin yanına gətirsinlər.
Xəlifənin əmri belə oldu.
Bu yolla bir dərzi qadın saxlanıldı. Xəlifə yenidən münəccimini çağırdı və qaçılmaz sualı verdi:
– İndi nə etməli?
– Sən quş ovlamaq istəyəndə, nə edirsən? – münəccim suala sualla cavab verdi.
– Toru quraşdırıb gözləyirəm, − xəlifə dedi və gözləməyə başladı.
Bir dəfə günortadan sonra, bütün Qahirə istidən bişən vaxtı, saraya bir musiqiçi gəldi, o həm də nağılbaz idi, Qahirənin göz xəstəxanasında xəstələri əyləndirirdi. O, şamı üfürərkən öz həyatını da, sevgisini də söndürdü. Belə ki, nəfəsindən moloheyanın ətri gəlirdi.
Xəlifənin hüzuruna gəlib musiqiçi dedi:
– Bitkilər də, heyvanlar da, ulduzlar da, bütün təbiət də öz daxilində həqiqət daşıyır, ona görə də heç vaxt yalan danışmır. İnsan yeganə varlıqdır ki, başqalarına öz həqiqətlərini çatdırmağa can atır. Beləcə, yalan yaranır. Vaxt və həqiqət qiyməti dəyişməz olan qəpiyin iki tərəfidir. Bu ən yaxşı ödəmə yoludur və hər zaman da dövriyyədədir. Bu ödəmə vasitəsi qızıldan da öncə tapılmışdır. Mənə şamı üfürməyi məcbur edərkən sən, Xəlifə, həqiqəti öyrəndin. Sən bir qəpik həqiqət aldın, amma onunla öz xoşbəxtliyini ala bilməzsən, çünki xoşbəxtliyinin dövrü keçdi…
Xəlifənin arvadı sevgilisinin ölüm xəbərini eşidəndə əmr etdi ki, onun taxta kətilinin üzərində gələcək nəsillər üçün bu sözlər yonulsun:
“Mən sanki sahilə bərkidilmiş qayıq kimi həyatın qırağında, müharibənin ətəyində, əsrin ucunda və sevginin kənarında oturmuşam, sahibi ölmüş qayıq kimi, kəndirini qırıb axınla üzüaşağı buraxacaq birinə möhtac qayıq kimi.”
*
Bu hadisədən sonra bütün Qahirə sakinlərinə moloheyanın istifadəsini qadağan edən Xəlifə artıq çoxdandır ki, həyatda yoxdur, onun arvadı da yoxdur artıq, elə arvadının sevgilisi də, amma moloheya elə əvvəlkitək yeyilir və hər dəfəsində də otun ələ verdiyi sevgililərin rəvayəti xatırlanır. Bu rəvayət sanki bir çimdik istiota dönüb moloheyaya xüsusi dad verir. Bəlkə də, bu rəvayət başqa bir məna da kəsb edir…