“Partizan” Yetim Qacarın “Qələbəni istəmirik, varlığın da bizə yetər” adlı essesini təqdim edir.
Hər məğlubiyyətdən sonra olduğu kimi dünəndən asıb-kəsirik .
Azərbaycan millisinin oyunçuları yenə tənqid və təhqirin hədəfindədir.
Bu təhqirləri yağdıranlara bir sualım var.
Guya, sən və sənin kimilər və yaxud sənin dediyin məşqçinin rəhbərliyi və yaxud sənin seçiminlə formalaşan komandanın nəticələri fərqli olacaq?
Mən stadiona gedə bilmirəm, amma imkanım olsa, millinin nəinki ev hətta bütün səfər oyunlarında stadionda olaram.
Və dayanmadan millimə dəstək olaram.
Bu yazı ilə milliyə stadionda dəstək olan hər bir azerkeşə təşəkkür edib, millini hər məğlubiyyətdən sonra təhqir edənlərə keçirəm.
Sizin üçün milli nədir bilmirəm, amma mənim üçün milli həm də müstəqilliyimizin atributlarından biridir.
Gerb kimi, bayraq kimi himn kimidir.
Niyə unudursunuz ? Millimin hər oyununda himnimiz səslənir, bayrağımız dalğalanır.
Və dünyaya milli varlığımızın dövlət formasında mesajı verilir.
Hansı ata zəif olduğu oğlundan imtina edib və ya kim atasından imtina edib zəif olduğu üçün?
Millimiz və millimizdə oynayanlar bizimdir, hər halıyla və biz onlara dəstək olmayılıq.
Şəxsən mənim üçün milli komanda Azərbaycan ordusunun bir manqasıdır.
İllər boyu milli ordumuz məğlub durumda idi.
Amma vicdanı olan heç bir Azərbaycanlı ordumuza yuxarıdan aşağı baxıb aşağılamadı.
Əksinə bizim ordu sözünü həmişə qürurla dedik.
Və həmin ordu bizim güvəncimizlə böyüdü, nəinki Ermənistanı dünyanın istənilən ordusunu məğlub edəcək gücə döndü və bizə Aprel, 44 günlük, antitertor adında qələbələri bəxş etdi.
Milli məğlub olanda mən uşaq kimi ağlayıram, amma düşünürəm ki, o bayrağın dalğalanması, o himnin səslənməsi üçün şəhidlər vermişik və düşünmə anından kədər göz yaşlarımı qürur göz yaşları əvəz edir.
Mən gözlərim kor olacaqa qədər ağlamağa hazıram, təki milli komandamızın varlığı əbədi olsun.
Demək, milli komandaya da sona qədər güvənmək lazım.
Görəsən, millini təhqir edənlər bilirmi, dünyada nə qədər milli komandası olmayan millətlər var?
Millətlər var illərdir milli komandası olsun deyə qanlı mübarizə aparırlar, amma hələ də milli dövlətləri yoxdu.
Azərbaycan öz müstəqilliyini elan edəndə dünyada əhali sayına görə bizdən qat-qat üstün olan millətlər var idi və indi də var, amma hələ də milli dövlətləri yoxdu.
10 milyondan 11 futbolçu tapılmır deyənlər, deyəsən, Hindistanın əhali sayını unudurlar və deyəsən, bizim millinin Hindistanı 16-0 məğlub etdiklərindən xəbərləri yoxdur.
Düzdü, bu qələbəni əsas millimiz qazanmasa belə, bu bizim millinin qələbəsidir.
Onda dünyanın ən çox əhalisinə sahib hindlilər nə etsin ?
Meydana çıxan 11 futbolçunu öldürsün mü?
İnanın, biz olsaq öldürərik.
Avropada əhalisi az amma futbolu Hindistandan görünməyəcək qədər qabağda olan ölkələr var.
Əminəm ki, siz bilirsiz ki, futbolçu say hesabıyla yetişmir. Elə olsa, dünya futbolunun liderləri Çin və Hindistan olardı.
Siz bilirsinizmi, futbol ingiltərədə yaransa da, Braziliyada daha çox inkişaf edib.
İngilislərin dünya çempionatında cəmi bir nəticəsi olub, o da bizim Tofiq Bəhramovun ədaləti sayəsindədir.
Onda ingilislər dava salsın ki, bizim yaratdığımız oyunu niyə Braziliya bizdən yaxşı oynayır?
Təhqirlə oyun düzələcəksə, mənə bir nəticə göstərin, mən də sizə qoşulum.
Uduzmuş komandaya təhqir ancaq eniş gətirəcək.
Mən özüm də futbol məşqçisi işləmişəm.
Məğlubiyyətin də, qələbənin də dadını gözəl bilirəm.
Xocahəsəndə keçirdiyimiz oyunların birində əlinə düşən bir epizodu boş verən oyunçumu azerkeşin var-yoxuna qədər söyməyinin şahidiyəm.
Əvvəl fasilədə həmin azerkeşə yaxınlaşıb sərt iradımı bildirmək istədim, amma fikrimdən daşınıb 15 dəqiqəmi uduzan komandama həsr etdim.
Siz oyunu yox, ilk hissəni uduzmusunuz deyə onlara dəstək oldum. Rəqibin ilk hissədə etdiyini edib, siz ikinci hissədə geri dönüş edib qələbə qazana bilərsiz dedim.
Azerkeşlərin inadlı etirazlarına baxmayaraq söyülən oyunçunu meydanda saxladım və dedim:
“Səni söyənləri peşman edəcək oyuna sahib olduğuna əminəm.Çıx meydana həm rəqibi, həm də azerkeşləri susdur.
Və elə də oldu.
İlk hissədə təhqir olunan Elvin iki qol vurub oyunun taleyini həll etdi və onu hamıdan çox qucaqlayan məhz onu söyən azerkeş idi.
Siz siz olun millinin oyunlarında tək bir şüar səsləndirin.
“Qələbəni istəmirik,
Varlığın da bizə yetər.
Azərbaycan millisi”-deyin.
Və sözünüzə sahib çıxın.
Və əmin olun, varlığıyla qürur duyduğunuz milli mütləq sizi sevindirəcək.