Şahbaz Xuduoğlunun bir cümləlik “nəfəsi” – Tənqid

Loading

Bəxtiyar Vahabzadə ilə bağlı yazdığım fikirlərə görə çoxunun əlacı olsa İsa kimi çarmıxa çəkilməyimə qol çəkər”… Olsun! Bu məni qətiyyən narahat etmir. Hər kəsin səsi öz “idrak pəncərəsi”ndən gəlir…

Gəlim digər məsələyə… Mən kifayət qədər açıqfikirli, kütləyə uymayan, bütpərəstlikdən uzaq Biriyəm.

Bir halda ki, mövzu Bəxtiyar Vahabzadənin yaradıcılığıdır, necə deyərlər, bir az da yaxına gəlin…

Nəyi, düz demirəm, düz yazmıram ki? (Sualım təbii ki, ritorikdir. Çünki nə yazdığımın, nə dediyimin gözəl fərqindəyəm!)

Mən SƏNƏTdən, SƏNƏTKARLIQdan danışıram…

Bilirsiniz, bu yöndə əksəriyyətin problemi nədir? Sənətin, sənətkarlığın, fövqəl enerjinin mahiyyətindən xəbərsiz olması. Hələ əksəriyyət bir həqiqətə çata bilmir ki, sənət ƏDƏBİ TƏFƏKKÜR hadisəsidir…

Məsələn, Salvador Dalinin necə vətəndaş olması, Vətəni necə sevib — sevməməsi sənət müstəvisində kimə maraqlıdı? Təbii ki, heç kimə! Heç maraqlı olmamalıdı da! Çünki o müstəvidə Salvador Dalinin YARADICI TƏFƏKKÜRÜ və YARATDIQLARI önəmlidir. SƏNƏTin tələbi də məhz budur!

… Götürək, bu müzakirələr zamanı tez-tez adı hallanan “Gülüstan” poemasını.

Bəxtiyar Vahabzadə bu poemada HANSI QURULUŞA ETİRAZ EDİB, HANSI MÖVZUNU QƏLƏMƏ ALIB, HANSI MİLLİ HİSSLƏRƏ QAPANIB sənət üçün, ədəbiyyat üçün maraqlı deyil, cənablar, zərrə qədər maraqlı deyil! Sənət üçün, ədəbiyyat üçün maraqlı olan müəllifin mövzunu NECƏ QƏLƏMƏ ALMASIDIR…

ƏDƏBİYYAT NƏDƏN YAZMAQ DEYİL, NECƏ YAZMAQDIR!.. Əsas olan da məhz budur! Bu bir AKSİOMAdır!.. Bunu anlamaq, fərqində olmaq gərək!

“Gülüstan” poemasında da sənətkarlıq, yaradıcı laboratoriya, mövzunun novatorluqla mətnə halına gətirilməsi, emal olunması… özünü birmənalı olaraq əks etdirmir. Sadəcə publisistik ahəng, kütləvi didaktika, pafos!

HAŞİYƏ:
Bir də ki… sərgilənən münasibətlər içində tez-tez Əkrəm Əylislinin adı çəkilir, haqqında yazdığım yazılara üz tutulur. Guya, mən niyə Əkrəm Əylisli haqqında müsbət, Bəxtiyar Vahabzadə haqqında tənqidi fikirdəyəm.

Əzizlər, Əkrəm Əylisli şəksiz və şəriksiz(!) şəkildə SƏNƏTKARdı. Bəxtiyar Vahabzadə sənətkarlıqda (məhz sənətkarlıqda!) onunla müqayisə belə oluna bilməz… olunmamalıdır!

P.S.
Qaldı ki, Şahbaz Xuduoğlu cənablarına… Şahbaz Xudoğlunun məlumu olsun ki, gərək məlumu olaydı ki (!), bu kimi yazılarda “kütləvi” sözü həmişə kəmiyyəti, genişliyi, çoxluğu… ifadə etmir, həm də mahiyyəti, keyfiyyəti, kütləviliyi, kütlə təfəkkürlü olmağı ifadə edir. Eynən həmin yazımdakı kimi. Bunu anlamaq çətin deyil. İllah da o yazının ümumi mahiyyətindən…

… Məlum yazıda Bəxtiyar Vahabzadənin yazdıqlarının bədii tərkibinin məhdudluğundan və bu məhdudluğun fonunda həmin yazdıqlarının kütləvi (kütlə təfəkkürlü, kütlə təfəkkürünə söykənməsindən!) olmasından söhbət gedir.

Aydın oldumu, Şahbaz Xuduoğlu — hörmətli naşir?!.

Uğurlar hər kəsə!..

Emil Rasimoğlu