“Partizan” Azərbaycan oxucusunun yaxından tanımasa da, “Gecəyarı qapıları döyməyin” şeirini əzbər bildiyi Zülfüqar Rüfətoğlunun şeirlərini təqdim edir.
Şuşaya gedirəm
Hər gün Şuşaya gedirəm
Google-un xəritəsində
Gözlərimlə dayanıram
Düz Şuşanın ortasında…
Ürəyimdə qorxu da yox-
Nə Haykaz var, nə də Aşot
Mən virtual qəhrəmanam-
Nə avtomat, nə pulemyot?
Bu Qoşavəng, bu Amaras,
Bu da atamız Qandzasar,
Bu da onlar tikən bina,
Kilsə tikib allahsızlar…
Bu da Şuşa məzarlığı-
Heç bir yerə getməyənlər,
Yatır uçmuş məzarlarda,
Fərarilik etməyənlər.
Mən də qorxaq bir kişiyəm,
Elə ki, arvadım yatır,
İnternet dadıma çatır,
Çıxıb Şuşaya gedirəm.
Google-un xəritəsində,
Google anamı ağladır,
Mən hər gecə ağlayıram,
Düz Şuşanın ortasında…
Gecəyarı qapıları döyməyin
Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.
Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.
Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah- billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?
Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!”- deyən var,
Gecəyarı evinizə tələsin,
– Bəlkə sizin qapını da döyən var.
Yeri gəlmişkən
Yenə Vaterloda veyillənirdim,
Hava da sərindi, yeri gəlmişkən,
Yıxılıb düşdüyüm gölməçə mənim,
Temzadan dərindi yeri gəlmişkən…
Özümü yetirdim qədim bir paba,
Tərslikdən yox idi bircə boş masa,
O anda nə qədər xoşbəxt olardım,
Bir alkaş getməkçün ayağa qalxsa…
Küncdəki masada oturan qadın,
Mənə çox baxırdı, yeri gəlmişkən,
Görüb üzümdəki çarəsizliyi
Yanına çağırdı yeri gəlmişkən…
Gözləri səmaydı, saçları günəş,
Səma da, günəş də mənə tanışdı,
Mən də bir girdirmə ingilis kimi,
Əvvəlcə havadan bir az danışdım.
Masanın altında zənbili vardı,
Söhbətçün bu idi gözümə dəyən,
Aşkarca, mənasız bir sual verdim:
“Milad bazarlığı etmisiz, deyən”…
Onun bu sualdan dodağı qaçdı,
Yerinə düşmüşdü, yeri gəlmişkən,
Mənə göstərməkçün çantanı açdı,
Bayram sovqatıydı, yeri gəmişkən…
Bir-bir sadaladı hədiyyələri,
Ərindən başlamış, qardaşınadək,
Mənisə bir alçaq paxıllıq tutdu,
Həmin siyahıda olaydım gərək.
Sonra da taksiyə ötürdüm onu,
“Biz onda ayrıldıq” Bayron demişkən,
Maşın tərpənəndə çevrilib dedi:
“Adım Katerindir, yeri gəlmişkən”…
Bəxtimin rəngində olan o taksi,
Tərpəndi, dərhal da tindən buruldu,
Mənsə isti-isti hiss etməmişdim,
Mənfur Vaterloda necə vuruldum.
Gözlərim apaçıq qalmışdı mənim,
İynəsi vurulmuş bir dəli kimi,
Donmuşdum küçənin ortasında mən,
Müzəffər Nelsonun heykəli kimi..
Hava şaxtalaşdı, qar da oturdu,
Yeriyə bilmədim, yollar sürüşkən,
Məni bir ingilis killeri vurdu…
Adı Katerindi, yeri gəlmişkən…
Qərib London gecəsi
Çıxdım siqaret almağa,
Qərib London gecəsinə
Bu qaranlıq lap oxşadı,
Şərifzadə küçəsinə
Qərib London gecəsində
“Şərifzadə küçəsində”…
Qəfil anam düşdü yada,
Qəfildən də xatırladım
Daha yoxdu bu dünyada.
Daha vətən qürbətləşib,
Daha qürbət vətənləşib,
Hansısa şəhəri sevmək
İnnən belə çətinləşib…
Nə Liverpul, nə də Kentdə
Nə Yasamal, Çəmbərkənddə,
Bu xaraba məmləkətdə,
Bu avara planetdə,
Daha anam yoxdu mənim…
Siqareti tüstülətdim,
Tanış qaranlıqda itdim…
Ata duası
Bu dünyada ən kədərli layladır
Ana deyil, tənha ata laylası.
Körpə idin, sığınardın sinəmə,
Nə biləydin sinəm kədər yaylası…
Məndən nağıl istəyirdin hər gecə,
Toqquşdurub neçə nağıl toxudum.
Bu kitabda sevinc vardı, bir də qəm,
Qəm yerini özüm xəlvət oxudum.
Sualların kəsilməzdi bircə an,
“Can!” – deyərdim cavabında nə desən.
Bir sualdı təkcə məni qorxudan,
İndi daha cavabını bilirsən.
İndi daha böyümüsən, maşallah,
Qolun güclü, addımların mətindir.
Hərdən-birdən nolar, dönüb geri bax,
Mənə sənnən ayaqlaşmaq çətindir…
Ya da baxma, öz yoluna çıxmısan,
Daha dardır sənə ata yuvası.
Amma nolar, hərdən-birdən zəng elə,
Kömək olsun sənə ata duası…