Ərinin dostuna vurulan gəlin

Loading

“Partizan” “Kitabdan” rubrikasını təqdim edir.

Rubrikada müxtəlif müəlliflərin araşdırma kitablarında yer alan maraqlı faktlar, məqalələr oxucularımızın diqqətinə çatdırılacaq.

Rubrikamızın növbəti sayında Nobel mükafatlı yazıçı Herman Hessenin “Knulp” romanından “Knulpun dostunun evində xəstə yatdığı səhnə”ni təqdim edirik.

Dabbaq nahara şorba ilə çörək gətirdi. Ayağının ucunda içəri girib pıçıltı ilə, qorxa-qorxa danışmağa başladı, çünki özü uşaqlıqda keçirdiyi xəstəlikdən bəri hələ heç vaxt günün günorta çağı yataq üzü görmədiyindən dostunun xəstələndiyinə inanmışdı.

Özünü həddən artıq gümrah hiss edən Knulpun isə heç tükü də tərpənmədi, dostunu inandırmağa çalışdı ki, sabah hər şey qaydasında olacaq, sağalıb ayağa duracaq.

Axşama yaxın otağın qapısı döyüldü, Knulp uyğulu uzanıb cavab vermədiyindən ustanın arvadı ehmalca içəri girib dolabçanın üstündəki boş nimçəni götürdü, əlindəki südlü qəhvəni onun yerinə qoydu.

Xanımın gəlişini eşidən Knulp yorğunluqdanmı, məzədənmi gözlərini açmadı, oyaq olmasını bildirmədi.

Xanım əlində boş nimçə qolunu başının üstünə çəkmiş, göy miləmil köynəkdə yatan Knulpa ötəri bir nəzər saldı. Qara saçların zərifliyindən, qayğısız sifətin uşaqsayağı gözəlliyindən gözlərini çəkə bilmədi, bir müddət ayaq saxlayıb ərinin haqqında məzəli əhvalatlar danışdığı bu gözəl oğlana doyunca tamaşa etdi.

Qonağın qapalı gözlərinin üstündəki sıx qaşları, zərif, nurlu sir-sifəti, günəşdən qaralmış şumal yanaqları, incə, çəhrayı dodaqları, durna boğazı qadına o qədər xoş gəldi ki, “Oksen” də xörəkpaylayan işləyəndə yazağzı bunun kimi yad, gözəl bir oğlana vurulduğu çağlar yadına düşdü.