“Partizan” Yetim Qacarın cavab mətnini təqdim edir. Mətn Emil Rasimoğlunun “Məmməd İsmayılın “boz ədəbiyyat”ı… və ya xroniki mətnsizlik sindromu” yazısına cavab olaraq yazılıb.
Onun körpәsinin yaşı üç aylıq,
Mәnim hәsrәtimin yaşı bir ildir…”
Mən bu şeiri oxuyub ədəbiyyatı sevmişdim. Bu şeirlə ədəbiyyata bağlanmışdım. Və bu şeirin təsiri ilə bir də gözümü açmışdım ki, mən də şeir yazıram. Bir də uzun illər öncə “Vahid” ədəbi məclisində bir dostuma belə etiraf etmişdim:
– Mən əvvəllər elə bilirdim şairlər yemək yemir, onlar adi insanlar kimi deyildir.
Amma, sən demə bəzi şairlər başından böyük qələt də yeyirlər.
Bir gün Hüseyn Cavid adına parkda oturub çay içə- içə ədəbi söhbətlər edirdik.
Bir cavan bu ədəbi söhbətlərin tən ortasında ədəbsizlik edib demişdi ki, Ramiz Qusarçaylı niyə şair olsun? Əslində bu söhbət mənim üçün şok effekt yaratmamışdı. Çünki həmin adamın ədəbiyyatda boyu çatmadığı adamlara daş atması birinci dəfə deyildi.
O, bundan əvvəl də ədəbiyyatımızın qaymaqlarına öz qatığından atmaq istəmişdi.
Ramiz Qusarçaylıya daş atması isə artıq səbr kasamı daşdırdı.
-Ramiz Qusarçaylı şair deyil?
-Yox, o, çox şişirdilib əslində, təqdim olunan qədər deyil!!!
Aldığım cavabdan gülümsəyib öz dediyinə özün inanırsan, dedim.
Adam əlbəttə sözünü elə dedi ki, sanki öz dediyinin təsdiqini yox hansısa Quran ayəsinin doğruluğunu vurğulayır.
-Əgər dediyin doğrudursa onda məntiqlə sən yalançısan…
-Niyə?
-Aylar öncə Ramiz Qusarçaylı ilə gənclərin görüşünü təşkil edib gənclərə şair deyə təqdim etdiyin üçün…
-Nə əlaqəsi?
-Bu gün Şair deyil dediyin Ramiz Qusarçaylını aylar öncə şair deyib təqdim etmisən. İndi de görüm, o zaman yalan danışırdın, yoxsa indi?
-Adam zaman keçib fikirlər dəyişə bilər və məncə bu normaldır. İnsan həmişə eyni fikirdə qala bilməz ki…- deyib özünü müdafiə etmişdi.
Mən də sadəcə durub məclisi tərk etmiş və gedəndə
Ramiz Qusarçaylını şair hesab etməyən insanla mən nə söhbət edim ki, deməyi unutmamışdım.
Adamın təkidinə baxmayaraq mən sən bu gedişlə sabah mən olmayanda Yetim Qacar hardan şair oldu, deyəcək potensialdasan deyib məclisi tərk etmişdim. Düşünmüşdüm ki,
bəlkə bir gün yaxşılığa doğru dəyişər.
Məscidə gözətçi təyin olunub, amma axund kimi danışan dırmaqarası qəhrəmanımız kimi, əfsus ki, bu adam dediyim Emil Rasimoğlu da düzəlmədi!
Daha dəqiq desəm, içindəki qurdlar və qalmaqalla gündəmdə olmaq həvəsi imkan vermədi ona dəyişməyə.
Dünən də bu adamın Məmməd İsmayıla dil uzatdığını eşitdim.
Məmməd İsmayıl hər uşağın vura biləcəyi qədər kiçilə bilən zirvə deyil, ay adam!
Amma, görünür sənin içindəki ədəbiyyata zərər verən qurdlar həmişə olduğundan da çox böyüyüb.
Emil müəllim, Məmməd İsmayılın bir misrasının mənim yaddaşımdakı yaşı sənin ömür yaşından çoxdur.
Daş atanda elə at ki, qayıdıb başına düşməsin!
Mən Məmməd İsmayılla cəmi bircə dəfə, o da Sevinc Yunuslunun kitabının təqdimatında üz-üzə gəlmişik, amma, səninlə üz- üzə gəlməyimiz nədi, oturub çay içdiyimiz stolların sayı yüzü keçib.
Və tək yadımda qalan sənin ona buna daş atmağındır.
Ədəbiyyata daş atmaqla gəlmək olar, ancaq ədəbiyyat tarixində qalmaq olmaz.
Ən gözəli sənə Məmməd İsmayılın şeiri ilə cavab verməkdir:
Ay şair Әlәddin, şair dostunun,
Açılmır qabağı-qaşı bir ildir.
Olub mәhәbbәtdәn illәr xәstәsi,
Ayılmır sevdadan başı bir ildir.
Ay Rasimoğlu, niyə qaşqabağın bir il yox, bir ömürdü açılmır?!
Niyə Böyüklərə daş atmaq xəstəliyinə yoluxmusan?
“Yarın soyuqluğu yara dağ olar.
Ürәk istәmәsә unutmaq olar.
Bilmirәm nә qәdәr yas tutmaq olar,
Qurumur gözümün yaşı bir ildir.”
Niyə yaxşı insanların könül oxşayan sözləri sənin ürəyinə dağ olur?
Niyə özün dediyin kimi, dəyişmək olursa, sən niyə əqrəb xasiyyətini unuda bilmirsən?
“O atdı özünü varın qoynuna,
Bahar günlәrindәn qarın qoynuna.
Mәn hәsrәt çәkirəm yarın qoynuna,
Orda lәzzət çәkir naşı bir ildir.”
Niyə özünü insanlara şər atmağın qoynuna atıb ona buna daş atmağdan yorulmursan?
Sən niyə gündəmdə qalmağın həsrətini bu qədər çəkib naşı adamlar kimi özün xasiyyətdə insanların məclisində naşı tərifdən kef almaq istəyirsın?
“Yenә dost әlinә qalıbdır çara,
Loğman ol, dәrdimә bir dәrman ara.
Dönüb könül mülküm xarabazara
Göyәrmir torpağı, daşı bir ildir.”
Sənin bu xasiyyətinə görə dostun qalıbmı ki, dostun əlində çarən də qalsın?
Ustad düz deyir, özünə dərman ara yoxsa söz dünyan elə xarabazara dönər ki, orda şeir nədi, misra da cücərməz.
“Ay Mәmmәd, haqlıyar sәni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpәsinin yaşı üç aylıq,
Mәnim hәsrәtimin yaşı bir ildir.”
Rasimoğlu, sən ədəbiyyatın olsa olsa üç aylıq sakinisən, amma Məmməd İsmayıl az qala bir əsrlik dağdır.
Dağına bax daş atanda…
Ona buna daş atmaqdan vaxtın qalsa yazını oxuyub suallara cavab ver.
Və bir də bütün söhbətlərində, ən azından mənimlə olan söhbətlərində Türklüyü ,Turançılığı bəyənməyib amma Turançılığın Simvolu, od daşıyanı, Rüstəm Behrudinin yanında poza verməyin də bir başqa dərddir…
Görəsən o dəyərli insana nə zaman daş atacaqsan?
Sən bu düşüncə ilə Azərbaycan Yazıçılar Birliyinin sədri olmaq istəyirdin?
Allah Anar müəllimə o qədər ömür versin ki, sənin sədrlik arzun elə ürəyində qarısın!
Allah eləməsin, Allah Azərbaycan ədəbiyyatını təhqir edib
səni AYB sədri etsə yəqin ki, AYB ancaq sədrdən ibarət olar.
Hələ gec deyil, Məncə sən oxuduğun kollecdə sahibləndiyin ixtisasasa uyğun işin qulpundan yapışsan, daha xeyirli olar, həm özünə həm də ədəbiyyata…