Zəhlətökən kitab – Rasim Qaracanın romanı sərt tənqid edildi

Loading

“Partizan” Vüsal Aydının yeni essesini təqdim edir. Tənqidi mətn Rasim Qaracanın “Zülmətdə alatoran” romanı haqdadır.

Müasir Azərbaycan şeirlərindən mənə ən çox təsir edən və elə yəqin ki, ən sevdiyim şeir Rasim Qaracanın “Siz, ey ordakılar” şeiridir. Heç kim inciməsin, o, ən yaxşısıdır!.. Heyif ki, bu yazı o şeir haqqında deyil, yoxsa ürəyimcə tərifləyərdim. Düzü, elə haqqında danışmaq istədiyim kitabı da tərifləmək fikrindəyəm, çünki bu zəhlətökən kitab müəyyən cəhətlərinə görə xoşuma gəldi. Bəzi “xırda-xuruş” xoşagəlməzliklərini çıxmaq şərti ilə yaxşı kitab saymaq olar.

Uzun illərin naşiri, öz kitabında ədəbiyyatı “sevgilim” adlandıran yazıçının öz nəşriyyatında çapdan çıxmış kitabın mətni o qədər kələ-kötürdür ki, mətnə azca həssas olan adamın rahat oxuması, zənnimcə, mümkün deyil. Mən qrammatik xətalar və nöqtə-vergül səhvləri barədə danışmıram, çünki nə mənim o qədər çox vaxtım var, nə də sizin. Kələ-kötürlük mətnin ümumi səliqə-sahmansızlığındadır. Hər yerdə saylar rəqəmlə verilib. Kitabın hər hansı bir səhifəsinə kənardan baxanda hesabat dəftərçəsi kimi görünməyi bir yana dursun, bu həm də Azərbaycan dili qaydalarına xələl gətirməkdir. Məsələn (bu yazıda göstərəcəyim bütün nümunələr kitabın 24 sentyabr 2024-cü il tarixində çap olunmuş versiyasındandır), on beşinci səhifədə müəllif üç şeirim əvəzinə “3 şeirim”, yüz əlli min tiraj əvəzinə “150.000 tiraj”, iyirmi il sonra əvəzinə isə “20 il sonra” yazır. Aşağıda “3 şeirim” iki dəfə təkrarlanır. Əvvəl düşündüm ki, bu müəllifin tərzi ola bilər (belə olsaydı belə, çox mənasız tərz olardı), ancaq bu məsələdəki tutarsızlıqdan başa düşdüm ki, yox bu tərz deyil, çünki sonradan “150.000” dönür olur “150 min”, gah “17 min” yazır, gah da “17.000” – bəli, bu formada, on yeddi, sonra nöqtə, sonra üç ədəd sıfır. Sadəcə olaraq, müəllif tez-bazar yazıb bitirmək istəyib, mətnin üstündə işləmək və öz yazısına, oxucular bir yana, öz çoxillik təcrübəsinə layiq qayğı ilə yanaşmayıb. Əlbəttə ki, mətndə səliqəsizlik bununla bitmir, yoxsa mən rəqəm söhbəti eləməzdim, bu tip naşı mühasib qaralaması kimi görünən rəqəmlər kitabın üstündə yazıldığı kimi “avtobioqrafik roman” oxumaq istəyən biz oxucuları çərlədəndən sonra türkizmlər yapışır yaxamızdan.

Bilmirəm, necə yazım ki, heç kimin xətrinə dəyməsin, əslində, oxuyanda ətim tökülürdü, utanırdım, ancaq bunu elə ifadə etmək istəyirəm ki, yaşda və təcrübədə məndən böyük olan müəllif inciməsin. Kitabı mənə şəxsən özü imzalı hədiyyə etməsəydi, bu mətnə baxaraq inana bilməzdim ki, bunu yazan doğrudan da Rasim Qaracadır, hətta kitabın üstünə adının olmağı belə məni inandıra bilməzdi, hələ də şübhələrim var. Çünki az qala bütün yaradıcılığı özündən əvvəlki müəlliflərin tənqidinə həsr olunmuş, çox uzun illər sovet yazıçılarının keyfiyyətsiz mətnlər çıxarması barədə tonlarla köşə yazısı dərc olunmuş bir yazıçı Azərbaycan dilindən bu səviyyədə, yəni bu qədər aşağı səviyyədə istifadə edə bilməz, edə bilməməlidir. Bu məsələ Rasim Qaracanın “Zülmətdə alatoran” kitabında o qədər pis vəziyyətdədir ki, hətta oxumağınızı tövsiyə edirəm, oxuyun, özünüz görün, mən o öz yazıma o qədər xarab söz əlavə edə bilmərəm.

Müəllif, “madam” əvəzinə “madəm” yazır – mədəm ağrıyır, “öyrəşmək” əvəzinə “alışmaq” yazır – tənqid yazmaq üçün alışıb-yanıram, “bucaqdan” əvəzinə “açıdan” yazır – baxış bucağım daralır, “nömrəni yığmaq”, yaxud “zəng etmək” əvəzinə “nömrəni aramaq” yazır – ağzım aralı qalır, “lovğalanmaq” əvəzinə “hava atmaq” yazır, havam çatmır… və sair… və ilaxır… Çoxdur, hədsiz çoxdur. Özü də türkizm məsələsi sözlərin dili türk seriallarından öyrənən yeniyetmə səviyyəsində işlənməsi ilə də bitmir, müəllifin cümlə quruluşları da Azərbaycanca deyil. Məsələn, təxminən hər səhifədəki bir neçə cümlədə “yazdığım” əvəzinə “yazmış olduğum”, nə bilim, “gördüyüm” əvəzinə “görmüş olduğum” kimi xətalı ifadələr var, bundan başqa, “xarakterə sahiblənmişdi”, “bağımlısına çevrilirsən”, “ilk başlarda” tərzində, Azərbaycanca roman oxumaq istəyən adamı incidən cümlələrlə doludur. Mən sadəcə bir neçə nümunə ilə kifayətlənirəm. Kitabın sonlarına tərəf bu problem bir az düzəlir, müəllif dilini qismən qaydasına salır – Rasim Qaraca burada “toparlayır” yazardı.

Roman demişkən, kitabın üstünə “avtobioqrafik roman” yazılıb, lakin bu kitabın romanla əlaqəsi yoxdur. Avtobioqrafik ola bilər, ancaq roman ayrı şeydir. Burada müəllif öz başına gələnləri Sovet ittifaqının dağılması və ondan sonrakı dövrlərdə Azərbaycan ədəbiyyatı və yazıçılarının düşdüyü vəziyyət fonunda çatdırır. Biz hər şeyi Rasim Qaracanın öz şəxsi pəncərəsindən görürük. Deyə bilərsiniz ki, nə olsun, bu da romandır, hər halda (yəqin ki) müəllifin ədəbi-bədii üslubu, fərqli yanaşması, sujet xətti, əsərdə ortaya qoyulan problemin (bədii sualın) müxtəlif aspektlərdən təhlili var. Ancaq yoxdur! Heyif. Sadəcə müəllifin başına gələn hadisələr var və bu hadisələrin çoxunun da ümumiyyətlə, məsələyə – postsovet dövründə Azərbaycan ədəbiyyatı – dəxli yoxdur, bircə, müəllifin öz dünyagörüşünün necə formalaşması baxımından bizə müəyyən fikir verir, ancaq onun bizə nə dəxli var? Mənə Rasim Qaracanın dünyagörüşünün necə formalaşmağı niyə maraqlı olsun ki?! Lap deyək ki, maraqlıdır, yaxşı, bunu da keçdik, roman deyilən bədii materialda adı çəkilən hamı müəllifin obrazına çevrilir.

İndi gəlin daha dərinlərə enib mətni daha ətraflı təhlil edək. Kitabın əvvəllərində Rasim Qaracanı (“roman”ın baş qəhrəmanını) yazıçı olmaq, şeirlərini qəzetdə çap etdirmək xəyalları ilə yaşayan gənc bir oğlan kimi görürük. Bu yolda başına gələnləri yazıb sonda bu qədər kin-küdurəti necə topladığını izah etməyə çalışır. Kitabın əvvəlindən axırına qədər danışılan hamı obraz Rasim Qaracanın mətndaşları (romandaşları) olsa da, müəllif Rasim Qaracanın personajlarıdır, yəni müəllif öz personajları arasında ayrıseçkilik etməməlidir, hər biri ilə empatiya qurub, hər birinə söz haqqı verməlidir. Lakin “Zülmətdə alatoran” kitabında vəziyyət tamam başqa cürdür. Kitabda obraz Rasim Qaraca bir yana dursun, biz müəllif Rasim Qaracanın birtərəfli mövqeyini, qərəzli yanaşmasını oxuyuruq. Digər obrazları barədə təndiq var, təhqir var, acıq var, nifrət var. Məhz bu detal mənim nəzərimdə mətni roman olmaqdan çıxarır. Bir də ki, iddiaların çoxu əsassız və izahsız qalırdı, müəllif ortaya qoyduğu fikri heç nə ilə əsaslandırmırdı. Kamal Abdullanın “Laokoon, Laokoon…” kitabındakı Vaqif obrazından başqa hamı “nadürüst vicdansızlar” olduğu kimi, bu kitabda da Rasim Qaracadan başqa (bir neçə istisnanı çıxmaq şərti ilə) hamı… o məsələ.

“O məsələ” dedim, o məsələ yadıma düşdü – arqolar məsələsi. Bu işdə də müəllif tutarsızdır, gah arqoları gizlətmək üçün nöqtələr işlədir, gah da açıb qoyur ortalığa. Əziz müəllif, ya bunu birdəfəlik işlətmə, ya da hər dəfə eyni formada işlət. Romana arqo salmaq olar, burada bir qadağa yoxdur, hər halda arqolar da dilin bir hissəsidir, onları tamamilə yox saymaq da düz deyil. Ancaq mətndə arqoya müraciətin də bir ərkanı olmalıdır, belə ki, əsl yazıçı nəinki arqolar, hətta adi, “yemək”, “içmək”, “danışmaq”, “gülmək” kimi sadə feillərin də seçiminə həssas yanaşır, öz mətnində ən uyğun, ən gözəl, lazım olan mənanı ən dolğun ifadə edən sözləri axtarıb tapır. Bu məqamda əgər çatdırılmaq istədiyi fikri ən gözəl və ən dolğun ifadə edən söz arqodursa, yazıçı heç tərəddüd etmədən o sözü işlədir və bu heç də söyüş kimi görünmür. Ancaq əgər müəllif yeri gəldi-gəlmədi arqo yazırsa, kiməsə nifrətini mətnindəki obrazı söyüb təhqir etməklə göstərirsə, bu artıq… o məsələ.

Sözlərin yerində işlənməsi demişkən, “qlamur” məsələsinə də toxunmaq istəyirəm. Müəllif bu sözü mənfi tonda, nəsə pis bir anlayış kimi işlədir. Halbuki qlamur sözü dilimizə ingilis dilindən, onlara da şotland dilindən keçib. Orijinalı “gramarye”, yaxud “gramarie” formasında işlənib. Bu söz işıq saçan, sehrli, cazibəli mənalarını daşıyır və quruluşundan göründüyü kimi grammatika sözü ilə qohumdur. Grammatika da, bilirsiniz ki, “gramma” sözündən gəlir və yazmaq deməkdir. Orta əsrlərdə (sözün ingilis dilinə 1700-cü illərdə gəldiyi düşünülür) qrammatika bilmək, təhsilli olmaq sehrbazlığa bənzədilirdi, o adamlar cazibəli və işıqlı idi, ona görə də o cür işıq saçan, sehrli insanlara gramarye – yəni yaza bilən, yaxud işıq saçan deyilirdi. Sonradan söz quruluşca dəyişərək indiki “glamour” formasını alıb və artıq “yaza bilən” mənasını itirib, sadəcə parlaq, işıq saçan, aydın, ziyalı deməkdir. Yəni qlamur adam Rasim Qaracanın iddia etdiyi kimi simasız adam deyil, işıq saçan, parlaq, sehrli, cazibədar, bir az da dərinə getsək, yazmağı bilən ziyalı adam deməkdir.

Kitabda heç bir bəhanə ilə bağışlaya bilməyəcəyim və birmənalı olaraq çox pis adlandırdığım bir hissə var: müəllif öz dostunun intiharına haqq qazandırır. Özünü öldürməyi özünə dəyər qatmaq kimi göstərir və s. Mən bunu çox açıb-ağartmaq istəmirəm, internetdə bu barədə çoxlu elmi araşdırmalar var, baxın, mənim də “İntiharda medianın rolu” adında yazım var, onu da oxuya bilərsiniz. Bu, qəti surətdə yolverilməzdir! İntihara heç bir formada don geyindirmək, bəraət qazandırmaq olmaz! Uzun illərin yazıçısının belə bir səhvə yol verməyini heç cürə başa düşə bilmirəm. Bu olmamalı idi! Çox heyif!

Kitabın redaktor kürsüsündə Həmid Piriyevin adı yazılıb, ancaq mətn heç redaktə olunmuşa oxşamır, heç kim inciməsin, ancaq çox pinti mətndir, baxımsız, yiyəsiz, yetim uşağa oxşayır. Oxuduqca üzümü göylərə tutub “Siz, ey ordakılar, kitabın adı “Zülmətə alatoran”, səhifələrin sayı 273, qrammatik xətaların sayı 27300, səliqəsiz cümlələrin sayı hədsiz, yetirin özünüzü, ehtiyac var redaktəyə, qayğıya, oxucuya sayğıya…” demək istəyirdim. Ancaq o şeirin (“Siz, ey ordakılar”) əslini mütləq oxuyun, çox gözəldir, sözün əsl mənasında şeirdir.

Şeir demişkən, bu kitabda şeir və şairliklə bağlı hissələr çox xoşuma gəldi, ürəyimə yağ kimi yayıldı. Ümumiyyətlə, kitabda əzmkarlıq, mübarizə ruhu kimi məsələlər yaxşı işlənilib. Hər fəslin əvvəlində bir, yaxud bir neçə cümləlik şeirlər verilib, onlar da gözəldir. Məsələn, “atam öldü, ölümlə birə bir qaldım”, yaxud başqa bir nümunə – “ətdən, sümükdən, qandan, bir də mahnılardan yaranmış insan”.

Eyni cümlə içində zaman qaydalarının bir neçə dəfə pozulması, bəzən mübtədanın xəbərdən xəbərsiz qalması və sair kimi “xırda-xuruş” çatışmazlıqlar bu saydıqlarımla bitməsə də, daha davam etmək istəmirəm, bir az da kitabın xoşagələn cəhətlərindən danışaq. Əvvəla, belə bir kitabın olmağı əladır, bizim üçün, xüsusən, Sovet dövrünü yaxşı xatırlamayan, yaxud görməyən insanlar üçün əla mənbədir. Müəllif gördüklərini yazıb, həmin dövrdə şair-yazıçıların hansı fırıldaqlara əl atdıqlarını göstərib. Belə bir cümlə var, çox xoşuma gəldi: “O dövrdə boğazdan yuxarı danışmaq bir dəyər idi, bunu da şairlərdən yaxşı kim bacarardı?” Rasim Qaraca doxsanıncı illər ədəbiyyatındakı boşluğun səbəbini izah edir, oxuduqca, baş verən proseslərlə yaxından tanış olduqca hər şey aydınlaşır. Azərbaycan Yazıçılar İttifaqı (sonradan Azərbaycan Yazıçılar Birliyinə çevrilən təşkilat) haqqında çox maraqlı hissələr var, düzdür, bəziləri müəllifin öz fikirləridir, ancaq çoxusu faktlarla yazılıb. Bu hissələri oxuduqca bu günün gəncləri arasında özünü yazıçı hesab edib kimlərəsə hələ də yaltaqlanmaq yolunu tutanlara bir daha yazığım gəlirdi.

Qərəz, kitabın yazılma məqsədi, kitabdakı şeirlər, ötürdüyü mesajlar, aşıladığı əzmkarlıq və mübarizlik, təbliğ etdiyi xarakterlilik və mənlik çox ürəyimcə oldu. Oxuduğuma peşman deyiləm, nəhayət gözəl bir redaktədən keçirib sanballı əsərə çevirmək olar.

Sonda kitaba görə müəllif Rasim Qaracaya bir daha təşəkkür edirəm. Ümidvaram, növbəti nəşrlərdə “xırda-xuruş” xətalar da aradan qaldırılar. Siz əziz oxuculara isə “Siz, ey ordakılar” şeirini oxumağınızı şiddətlə tövsiyə edirəm.

Vüsal Aydın
Vüsal Aydın