Pelevinin romanının davamı – II hissə

Loading

“Partizan” gizli və müəmmalı obrazını qoruyub saxlayan çağdaş rus yazıçı Viktor Pelevinin “Çapayev və boşluq” romanını təqdim edir. Roman dilimizə ilk dəfə Nadir Qocabəylinin tərcüməsində hissə-hissə yayımlanacaq.

I hissə ilə bura toxunaraq tanış ola bilərsiniz.

II hissə

Tver bulvarı elə iki il əvvəl sonuncu dəfə gördüyüm kimi idi. Yenə fevral idi, qar təpəcikləri və tutqun qaranlıq qəribə şəkildə gün işığına qarşırdı. Skamyalarda həminki yaşlı qadınlar farağat oturmuşdular; yuxarıda, budaqların qara toru üzərindəki səma yenə boz rəngdə idi və yatmış Tanrının ağırlığı altında yerə sallanan köhnə döşəyə bənzəyirdi.

Ancaq bir fərq var idi. Bu qış xiyabanları hansısa səhra çovğunu süpürmüşdü və qarşıma bir cüt boz qurd çıxsaydı, qətiyyən təəccüblənməzdim. Tunc Puşkin həmişəkindən bir az daha kədərli görünürdü, çünki yaxasından “Yaşasın İnqilabın birinci ildönümü” yazılan qırmızı önlük asılmışdı. İnqilab sözü “v” hərfi ilə bitsə də, yubileyin salamlanmasına qətiyyən istehza etmək niyyətim yox idi. Son vaxtlar qırmızı parça üzərinə yazılan qısa cəfəngiyyatların arxasında gizlənən iblisin sifətini görmək imkanım çox olmuşdu.
Hava qaralmağa başlamışdı. Müqəddəs Monastır qarlı dumanın arxasında güclə görünürdü. Qarşısındakı meydanda hündür kuzovları al qırmızı tentlə ilə örtülmüş iki yük maşını dayanmışdı; ətrafda kütlə dalğalanırdı və natiqin səsi gəlirdi. Qulağım heç nə almadı, ancaq intonasiyadan, “proletariat” və “terror” sözlərindəki pulemyot atəşini xatırladan “rrr” lardan hər şey aydın idi. Yanımdan çiyinlərində süngülü tüfənglər olan İki sərxoş əsgər keçdi. Onlar meydana tələsirdilər, ancaq biri həyasız baxışlarını mənə zilləyərək sürətini azaltdı, ağzını açıb nəsə demək istəyirdi ki, xoşbəxtlikdən (həm onun, həm də mənim) ikincisi əsgər onun qolundan tutub dartdl və getdilər.

Üzümü döndərib, bulvarla sürətlə üzüaşağı addımladım və zahiri görünüşümün niyə bu alçaqlarda daimi şübhə doğurduğu haqda düşündüm. Bərbad və zövqsüz geyinmişdim – əynimdə enli kəməri olan çirkli ingilis paltosu, təbii ki, kokardasız hərbi papaq, ayaqlarımda İkinci İskəndərin geyindiyi zabit çəkmələri vardı. Ancaq deyəsən, məsələ təkcə geyimdə deyildi. Ətrafda daha pis görünən xeyli adam vardı. Məsələn, Tver bulvarında qızılı eynək taxmış avara bir adam gördüm, o, əlində ikona ətrafı boş Kremlin qara binasına doğru addımlayırdı, amma heç kim ona əhəmiyyət vermirdi. Mənsə üzərimdə daim əyri baxışlar hiss edir və hər dəfəsində yadıma düşürdü ki, nə pulum var, nə də sənədlərim. Dünən stansiyanın tualetində sinəmə qırmızı lent taxmaq istədim, amma çatlaq güzgüdə öz əksimi görən kimi onu dərhal çıxartdım; lentlə nəinki axmaq, həm də ikiqat şübhəli görünürdüm.

Ancaq ola bilsin ki, əslində heç kim gözlərini zilləyib, məni uzun-uzadı süzmür, başqalarına baxdığından çox baxmırdı, bütün məsələ əsəblərimin gərgin olmasında və həbs olunacağımı gözləməyimdə idi. Amma ölüm qorxusu hiss etmirdim. Fikirləşirdim ki, bəlkə də artıq ölmüşəm və gəzdiyim bu şaxtalı bulvar kölgələr dünyasının astanasından başqa bir şey deyil. Yeri gəlmişkən, çoxdan ağlıma gəlmişdi ki, rus ruhlarının taleyində Stiksi donduğu zaman keçmək var və pulu bərəçi deyil, icarəyə bir cüt konki verən boz geymli biri alır (təbii ki, o da ruhani idi).

Qəfil bu səhnədə nələr görmədim! Qara triko geyinmiş qraf Tolstoy qollarını geniş açaraq buzun üzəriylə üfüqə doğru sürüşürdü; onun hərəkətləri ləng və təntənəli idi, ancaq elə tez gedirdi ki, səssiz hürərək arxasınca qaçan üçbaşlı it ona çata bilmirdi. Səhnəni xəyali qürubun tutqun qırmızı-sarı şüaları tamamlayırdı. İçin-için güldüm və bu zaman kiminsə əli çiynimdə şappıldadı.

Kənara çəkilib, sərt hərəkətlə döndüm, tapançanın dəstəyini cibimdə tutarkən qarşımda uşaqlıqdan tanıdığım Qriqori fon Erneni görüb heyrətləndim. Aman Tanrım, bu nə görkəm idi! O, başdan ayağa qara dəri geyinmişdi, böyründən mauzer qabı sallanırdı, əlində yöndəmsiz mama çantası tutmuşdu.

– Şadam ki, hələ də gülə bilirsən, – o dedi.
– Salam, Qrişa, – cavab verdim. – Səni görmək çox qəribədi.
– Niyə ki?
– Qəribədi də.
– Hardan gəlib, hara gedirsən? – o, şən-şən soruşdu.
– Piterdən gəlirəm, – cavab verdim. – Hara getdiyimi isə heç özüm də bilmirəm.
– Onda gedək bizə, – fon Ernen dedi, – mən yaxınlıqda qalıram, tək yaşayıram.

Bir-birimizə baxıb gülümsəyərək və boş-boş danışaraq bulvarla üzüaşağı addımladıq. Görüşmədiyimiz müddət ərzində fon Ernen saqqal buraxmışdı və sifəti göyərmiş soğanı xatırladırdı; yanaqları codlaşmış və qızarmışdı, sanki sağlamlığını möhkəmlətmək üçün bir neçə qışı dalbadal konki sürmüşdü.

Biz bir gimnaziyada oxumuşuq, amma ondan sonra bir-birimizi nadir hallarda görürdük. Onunla bir-iki dəfə Sankt-Peterburqun ədəbi salonlarında görüşmüşük – o, gah sodomiya düşkünü olan Nekrasovu, gah da Marksa inanan Nadsonu xatırladan şeirlər yazırdı. Onun ictimai yerlərdə kokain iyləməsi və daim sosial demokrat dairələrdəki əlaqələrinə eyham vurması məni bir az qıcıqlandırırdı. Ancaq indiki görkəminə baxanda sonuncu doğru idi. Bir vaxtlar Müqəddəs Üçlüyün mistik mənası haqqında danışmağa can atan bir insanda zülmət qoşununa mənsub olmağın aydın əlamətlərini görmək ibrətamiz idi, amma təbii ki, belə bir dəyişiklikdə gözlənilməz bir şey də yox idi. Mayakovski kimi bir çox dekadentlər yeni hakimiyyətin aşkar cəhənnəm xarakterini hiss edərək, ona öz xidmətlərini təklif etməyə tələsmişdilər. Yeri gəlmişkən, düşünürəm ki, onları şüurlu satanizm deyil – bunun üçün onlar çox uşaq idilər – estetik instinkt hərəkət etdirirdi: qırmızı pentaqram (beşguşəli ulduz – tərc.) sarı gödəkçəni mükəmməl şəkildə tamamlayır.

– Piterdə işlər necədir? – fon Ernen soruşdu.
– Guya özün bilmirsən? – dedim.
– Hə, bilirəm, – fon Ernen həvəssiz razılaşdı.

Bulvardan çıxıb, səkidən keçdik və “Palas” mehmanxanası ilə üzbəüz yeddimərtəbəli yaşayış binasının qarşısına gəldik. Mehmanxanan qapısına iki pulemyot qoyulmuşdu, matroslar siqaret çəkirdilər. Külək uzun ağaca keçirilmiş qırmızı muletanı (muleta – korrida zamanı toreadorun öküzü hirsləndirdiyi qırmızı parça – tərc ) yellədirdi. Von Ernen qolumdan tutub dartdı.

– Baxsana, – o dedi.

Başımı döndərdim. Girişlə üzbəüz səkidə ön oturacağı açıq və sərnişinlər üçün qısa kabinəsi olan uzun qara avtomobil dayanmışdı. Qabaq oturacaqda xeyli qar var idi.

– Nədi ki? – soruşdum.
– Mənimdir, – fon Ernen dedi. – Xidməti.
– Həə, – dedim. – Təbrik edirəm.

Girişə daxil olduq. Lift işləmədiyindən xalı cığırı hələ sökülməmiş qaranlıq pilləkənlərlə qalxmalı olduq.

– Nəylə məşğulsan? – soruşdum.
– Hamısını birdən izah edə bilmərəm, – fon Ernen dedi. – İş çoxdur, hətta həddindən artıqdır. Çatdırmaq olmur. Ora-bura qaçmaq adamı əldən salır. Ancaq kimsə bunları etməlidir.
– Mədəniyyət sahəsinə baxırsan?

O, başını qeyri-müəyyən tərzdə yana əydi və mən sorğu-sualı dayandırdım.

Beşinci mərtəbəyə qalxıb, üzərindəki lövhəciyin qoparıldığı aydın görünən qırmızı qapıya yaxınlaşdıq. Qapı açıldı və qaranlıq dəhlizə daxil olduq. Divardakı telefon dərhal cingildədi. Fon Ernen dəstəyi götürdü.

– Bəli, yoldaş Babayasin, – o, ebonit dəstəyə bağırdı. – Hə, yadımdadır… yox, göndərməyin… Yoldaş Babayasin, yox, bacarmaram, gülüncdür axı… Bircə bu çatmırdı ki, matroslarla… Bu ki biabırçılıqdır… Nə? Əmrə tabe oluram, amma qəti etiraz edirəm… Nə?

O, çəpəki tərzdə mənə baxdı və mane olmamaq üçün qonaq otağına keçdim.

Burada döşəməyə qəzetlər sərilmişdi, onların çoxusu çoxdan qadağan olunmuşdu, ancaq görünür, bu mənzildə qəzet tikmələri saxlanırmış. Əvvəlki həyatın başqa izləri də qalırdı; divardan çox gözəl türk xalısı asılmışdı, onun altında isə üzərində rəngbərəng minalı romblar təsvir olunmuş yazı masası vardı – ona baxan kimi başa düşdüm ki, burada firavan bir kadet ailəsi yaşayıb. Qarşıdakı divarın önündə böyük bir güzgü vardı. Onun yanından modern üslubda xaç asılmışdı və mən bir anlıq ona uyğun gələ biləcək dini duyğuların xarakteri haqda düşündüm. Məkanın xeyli hissəsini sarı rəngli taxt-rəvan altındakı nəhəng çarpayı tutmuşdu. Otağın ortasındakı dəyirmi masanın üzərindəki əşya, bəlkə də, xaça yaxın olduğuna görə mənə ezoterik xristianlığın motivlərini əks etdirən natürmort kimi göründü: litrlik araq şüşəsi, ürək formasında tənəkə halva bankası, üst-üstə uzanan və boşluğa aparan nərdivanı xatırladan üç dilim qara çörək, üç yonma stəkan və xaçşəkilli konservaçan bıçaq.

Güzgünün yanında döşəmədə bağlamalar vardı, onların görünüşü məni qaçaq mal haqqında düşündürdü; otaqdan patava və yanıq qoxusunun əmələ gətirdiyi turş iy gəlirdi və çoxlu boş şüşə vardı. Masanın arxasında oturdum.

Çox keçmədən qapı cırıldadı və fon Ernen içəri girdi. O, dəri gödəkçəsini soyunub, xüsusi əsgər köynəyində qaldı.

– Adamdan nələr tələb edirlər, – o, əyləşərək dedi, – ÇK-dan zəng vurmuşdular.
– Sən orda işləyirsən?
– Mümkün qədər uzaq durmağa çalışıram.
– Necə olub ki, o dəstəyə qoşulmusan?
Fon Ernen bütün sifətiylə güldü.
– Artıq bu, su asanıdır. Telefonda beşcə dəqiqə Qorki ilə danışdım.
– Dərhal da mauzer və maşın verdilər?
– Bura bax, – o dedi, – həyat səhnədir, bu məlumdur. Ancaq tez-tez deyirlər ki, bu səhnədə hər gün yeni tamaşalar oynanır. Odur ki, Petya, mən də öz rolumu oynayıram…
O, əllərini başı üzərinə qaldırıb yellədi, elə bil içi sikkələrlə dolu gözəgörünməz kisəni silkələyirdi.
– Məsələ heç tamaşada da dedyi, – o dedi. – Əgər bu müqayisəni davam etdirsək, əvvəllər hər kəs zaldan səhnəyə lax yumurta ata bilərdi, indisə səhnədən zala güllə yağdırılır, hətta bomba da ata bilərlər. İndi özün düşün, bu şəraitdə aktyor olmaq yaxşıdır, yoxsa tamaşaçı?

Bu, ciddi sual idi.

– Sənə necə izah edim, – dalğın halda dedim. – Sənin bu teatrın həddindən artıq qarderobdan başlanır və mənə elə gəlir ki, elə orda da başa çatır. Gələcək isə, – barmaqğımı yuxarı tuşladım, – onsuz da kinematoqrafiyanındır.

Fon Ernen irişərək başını buladı.

– Sən hər halda dediklərim haqda düşün, – o dedi.
– Düşünərəm, – cavab verdim.

O özünə araq süzüb içdi.

– Hə, – o dedi. – Teatrdan danışırdım axı. İndi teatrlar üzrə komissar bilirsən kimdi? Madam Malinovskaya. Siz tanışsız da?
– Yadıma düşmür. Hansı Malinovskayadan danışırsan?

Fon Ernen ah çəkdi. Ayağa qalxıb, otaqda sakitcə var-gəl etdi.

Petya, – o qarşıma keçərək gözlərimə baxdı və dedi, – biz burada zarafatlaşırıq, ancaq görürəm ki, işlərin qaydasında deyil. Sənə nə olub? Biz səninlə, əlbəttə, köhnə dostlarıq, ancaq belə olmasa da, kömək edə bilərəm.

Mən ürəkləndim.

– Sənə doğrusunu deyəcəyəm. Üç gün qabaq Peterburqda mənim ardımca gəlmişdilər.
– Hardan?
– Sənin teatrından
– Necə yəni? – o, qaşlarını qaldıraraq soruşdu.
– Çox sadə. Qoroxovadan üç nəfər gəlmişdi, biri özünü ədəbi işçi kimi təqdim etdi, qalanları təqdimata heç ehtiyac da duymadılar. Hardasa qırx dəqiqə mənimlə danışdılar, əsas da ədəbi işçi. Sonra dedilər ki, söhbətimiz maraqlı alınır, ancaq onu gərək başqa yerdə davam etdirək. Mən həmin yerə getmək istəmədim, çünki bildiyin kimi, oradan çox nadir hallarda geri qayıdan olur…
– Sən ki qayıtmısan, – fon Ernen sözümü kəsdi.
– Mən qayıtmamışam, – dedim, – mən sadəcə ora getmədim. Mən onlardan qaçmışam, Qrişa. Uşaqlıqda dalandardan qaçdığımız kimi.
– Onlar niyə sənin ardınca gəlsinlər axı? – fon Ernen soruşdu. – Sən ki siyasətdən uzaq adamsan. Nəsə etmisən?
– Nə edəcəyəm?! Danışmaq belə gülməlidir. Bir şeir çap etdirmişdim, onların fikrincə, məsləhət olmayan bir qəzetdə, orada bir qafiyə bunların xoşuna gəlməyib. “Zirehli” və “təcili”. Təsəvvür edə bilirsən?
– Bəs şeir nə haqda idi?
– Tamamilə mücərrəd bir şey. Söhbət indinin divarını yuyan zaman axınından gedirdi və onun üzərində getdikcə daha çox yeni naxışlar əmələ gəlirdi ki, onlardan bəzilərini keçmiş adlandırırıq. Yaddaşımız bizi əmin edir ki, dünənki gün həqiqətən baş verib, amma kim bilir, bəlkə bütün bu xatirələr səhərin ilk şəfəqləri ilə üzə çıxıb?
– Tam başa düşmədim, – fon Ernen dedi.
– Elə mən özüm də, – dedim, – ancaq məsələ bunda deyil. Əsas onu demək istəyirəm ki, orada heç bir siyasət yox idi. Yəni mənə elə gəlir. Ancaq onlar əksini düşünürlər və bunu mənə izah etdilər. Ən qorxulusu odur ki, onların məsləhətçisi ilə söhbət etdikdən sonra onun məntiqini həqiqətən anladım, dərindən anladım… Bu elə qorxunc bir şey idi ki, məni küçəyə çıxardanda qorxudan qaçdım. Onlardan çox bu düşüncə tərzindən…

Fon Ernen qaşqabağını salladı.

– Çox mənasız əhvalatdır, – o dedi. – Onlar, əlbəttə, zırramadırlar. Ancaq sən də geri qalmırsan. Moskvaya elə buna görə gəlmisən?
– Başqa neyləyə bilərdim? Qaçanda onlara atəş açmışam axı. Əlbəttə, güllələri məni qorxudan kabusa atmışam, başa düşürsən də, amma bunu Qoroxovada izah etmək mümkün deyil. Hətta bunu izah etsəydim də, mütləq soruşacaqdılar: niyə, məhz, kabuslara atəş açırsınız? Yəni Avropada dolaşan kabuslar xoşunuza gəlmir?

Fon Ernen mənə baxıb, fikrə getdi. Mən onun əllərinə baxırdım, onları hiss etdirmədən süfrənin ətəyinə sildi, sonra qəfil masanın altında gizlətdi. Üzündə ümidsizlik yarandı, hiss etdim ki, görüşümüz və danışdığım hadisə onu çox çətin vəziyyətə salıb.

Təbii ki, hakimiyyətə tam etibar etməyən hər kəs kimi mən də həmişə yanımda tapança gəzdirirdim və iki gün əvvəl ondan ehmalca istifadə etdim. Ancaq burada başqa bir şey, qaranlıq bir dostoyevşina var idi – boş mənzil, ingilis paltosuna bürünmüş cəsəd və düşmən dünyaya açılan, bəlkə də, boş-bikar adamların girib-çıxdığı qapı… İradəmi zorlayaraq bu düşüncələri başımdan qovdum – bütün dostoyevşina, əlbəttə ki, cəsədin içində və güllənin dəldiyi qapıda yox, başqalarının peşmanlığının metastazlarından sarsılan məndə, şüurumda idi.

Qapını açıb bir neçə saniyə pilləkənlərə qulaq verdim. Heç nə eşitmədim və fikirləşdim ki, bir neçə tapança atəşi diqqəti cəlb etməyə də bilər.

Mənim tapançam fon Ernenin şalvarının cibində qalmışdı, ancaq onu götürməyə qəti həvəsim yox idi. Onun mauzerini götürüb baxdım – əla silah idi, həm də tamamilə yeni. Özümü onun gödəkçəsinin ciblərini eşələməyə məcbur edərək bir qutu “İra”, mauzer üçün ehtiyat patron darağı və ÇK əməkdaşı Qriqori Venerninin adına olan vəsiqə tapdım. Hə, düşündüm, hə. Uşaqlıqda da başa düşmək olardı.

Çömbələrək onun mama çantasının kilidini açdım. İçərisində doldurulmamış həbs orderləri olan dəftərxana ləvazimatları qovluğu, daha iki daraq, kokainlə dolu tənəkə qutusu, son dərəcə eybəcər görünən bir neçə tibbi maşa (onları dərhal küncə atdım) və qalın pul dəstəsi var idi; paçkanın bir tərəfində rəngbərəng Duma yüzlükləri qızarır, digər tərəfində dollarlar göyərirdi. Bütün bunlar tam yerinə düşdü. Keçirdiyim sarsıntıdan bir az qurtulmaq üçün burun dəliklərimi kokainlə doldurdum. Beynimə ülgüc kimi işlədi və dərhal sakitləşdim. Kokaini sevmirdim, çünki məni çox sentimentallaşdırırdı, amma bu dəfə tezbazar özümə gəlmək lazım idi.

Fon Erneni qoltuqlarından tutub dəhlizlə sürüdüm, otaqlardan birinin qapısını təpiklə açıb, ora salmaq istəyirdim ki, qapının ağzında donub qaldım. Dağıntıya və viranəliyə baxmayaraq, burada müharibədən əvvəlki işıqlı həyatın izləri hələ də qalırdı. Bura keçmiş uşaq otağı idi, divarın döşündə yüngül bambuk məhəccərləri olan iki kiçik çarpayı, divarda isə kömürlə çəkilmiş at və bığlı adam başı vardı (nədənsə dekabristlər haqqında düşündüm). Döşəmədə qırmızı rezin top vardı, onu görən kimi qapını bağladım və fon Erneni sürüməyə davam etdim. Qonşu otaq kədərli sadəliyi ilə məni heyran etdi: onun mərkəzində qapağı açıq qara royal, qarşısında fırlanan stul vardı. Başqa heç nə yox idi.

Birdən əhvalım dəyişdi. Fon Erneni küncdə yarıoturmuş vəziyyətdə qoyub (onu sürüyərkən üzünün paltonun boz parçası arxasından görünməməsinə çalışmışdım), royalın arxasında əyləşdim. Qəribədir, düşündüm, yoldaş Fanernı həm yaxındadır, həm də yoxdur. Allah bilir, indi onun ruhu hansı dəyişikliklərə uğrayır? Üç il əvvəl onun “Yeni Satirikon”da dərc olunmuş şeirini xatırladım – o, növbəti Dumanın qovulması haqda qəzet məqaləsini təkrarlamışdı, akrostixi isə (akrostix – sətirlərinin baş hərfləri söz və ya cümlə əmələ gətirən şer – tərc.) “mene tekel fares” idi. Adam yaşayır, düşünür, mülahizə yürüdürdü. Çox qəribədir.
Royala tərəf dönüb Motsartın sevimli “fa minor” fuqasını sakitcə çalmağa başladım, o məndə həmişə nəhəng dəlinin xəyal etdiyi dörd əlinin olmaması ilə bağlı peşmanlıq hissi doğururdu. Məni bürüyən melanxoliyanın fon Ernenlə bağlı eksses ilə heç bir əlaqəsi yox idi; gözümün önündə qonşu otaqdakı bambuk beşiklər peyda oldu və bir anlıq başqasının uşaqlığını, kiminsə günbatana zillənmiş aydın baxışlarını, kiminsə yoxluğa aparan mücərrəd və həssas dünyasını təsəvvür etdim. Ancaq çox çalmadım, çünki royal kökdən düşmüşdü, mənə isə, yəqin ki, tələsmək lazım idi.

Ancaq hara?

Axşamı necə keçirmək haqda düşünmək lazım idi. Dəhlizə qayıdıb, şübhəylə fon Ernenin dəri gödəkçəsinə baxdım, ancaq başqa yolum yox idi. Bəzi ədəbi təcrübələrimin riskli olmasına baxmayaraq, artıq kəfən olmuş, üstəlik də, kürəyindən vurulmuş paltonu geyinəcək qədər dekadent deyildim. Pencəyimi və çantamı asılqandan götürüb, güzgü olan otağa keçdim.

Dəri gödəkçə əynimə yaxşı oldu, çünki mərhumla, demək olar, eyni boyda idik. Onu qobur sallanan kəmərlə bağlayıb güzgüdəki əksimə baxanda normal bir bolşevik gördüm. Düşünürəm ki, divara söykənən bağlamaları yoxlasaydım, bir neçə dəqiqəyə varlanardım, amma bundan iyrəndim. Tapançanı diqqətlə doldurub, qoburdan asanlıqla çıxıb-çıxmadığını yoxladım və razı qaldım. Otaqdan çıxmaq istəyirdim ki, dəhlizdən səslər eşidildi. Başa düşdüm ki, bütün bu müddət ərzində giriş qapısı açıq qalıb.
Özümü balkona atdım. Balkon Tver bulvarına baxırdı və altında qar dənəciklərinin fırlandığı təxminən iyirmi metrlik soyuq, qaranlıq boşluq vardı. Fənərin tutqun işığında fon Ernenin avtomobili görünürdü, maşının ön oturacağında haradan peyda olduğu bilinməyən bolşevik dəbilqəli bir adam oturmuşdu. Başa düşdüm ki, fon Ernen telefonla çekistlərə zəng vurub. Aşağı balkona düşmək mümkün olmadığından yenidən otağa qayıtdım. Artıq qapı döyülürdü. Nə vaxtsa bütün bunlar bitməli idi. Mauzeri qapıya tuşlayıb qışqırdım:

– Buyurun!

Qapı açıldı və otağa dənizçi buşlatı və enlibalaq şalvar geyinmiş, üzərlərindən butulka bombalar asılan iki matros girdi. Biri bir qədər yaşlı və bığlı, ikincisi gənc olsa da, sifəti solğun və qansız idi. Əlimdəki silaha zərrə qədər fikir vermədilər.

– Fanernı sənsən? – yaşlı və bığı soruşdu.
– Mənəm.
– Al, – o, ikiqat bükülmüş kağızı mənə uzadaraq dedi.
Mauzeri qoburuna qoyub, kağızı açdım.

“Yoldaş Fanernı! Bizim xəttimizi aparmaq üçün dərhal musiqili Tabakyorkaya gedin. Jerbunov və Barbolini sizə köməyə göndərirəm. Təcrübəli yoldaşlardır. Babayasin”

Mətnin altında anlaşılmaz möhür vardı. Nə deyəcəyimi düşünərkən onlar masa arxasında oturdular.

– Aşağıdakı sürücü sizlə gəlib? – soruşdum.
– Hə, – bığlı dedi. – Amma sənin maşınını götürəcəyik. Adın nədir?
– Pyotr, – dedim və azca dilimi dişlədim.
– Mən Jerbunovam, – yaşlı və bığlı dedi.
– Barbolin, – gənc də özünü təqdim etdi. Onun demək olar ki qadın tək nazik səsi vardı.

Onlarla üzbəüz oturdum. Jerbunov üç stəkana araq süzdü, birini mənə tərəf itələyib, üzümə baxdı. Başa düşdüm ki, nəsə deməyimi gözləyir.

– Hə, – stəkanımı götürüb dedim, – necə deyərlər, dünya inqilabının qələbəsi şərəfinə!
Dediyim sağlıq onlarda heç bir ruh yüksəkliyi yaratmadı.
– Təbii ki, qələbənin şərəfinə, – Barbolin dedi, – bəs marafet?
– Hansı marafet? – soruşdum.
– Özünü axmaqlığa qoyma, – Jerbunov ciddi tərzdə dedi, – Babayasin dedi ki, bu gün sənə bir qutu veriblər.
– Hə, kokaini deyirsiz, – anladım və qutunu çıxarmaq üçün əlimi çantaya soxdum. – Yoxsa “marafet” çoxmənalı sözdür, yoldaşlar. Bəlkə siz də Uilyam Ceyms kimi efir istəyirsiniz?
– O kimdir? – Barbolin tənəkə qutunu iri və kobud əlinə alaraq soruşdu.
– İngilis yoldaşlardandir.

Jerbunov inamsızcasına qımıldadı, Barbolinin üzündə isə bir anlıq XIX əsr rus rəssamlarının xalq tiplərini yaradarkən tutmağı çox sevdikləri ifadələrdən biri əmələ gəldi; haradasa böyük və sirli bir dünya, orada o qədər anlaşılmaz və cəlbedici şeylər var ki, onları nə vaxtsa görməyə ümid etməsən də, bəzən sadəcə xəyal etmək istəyirsən.

Gərginlik bir anda aradan qalxdı. Jerbunov bankanı açdı, masanın üstündəki bıçaqla oradan xeyli miqdarda toz götürərək, cəld hərəkətlə arağa qarışdırdı. Barbolin də eyni şeyi etdi – əvvəlcə öz stəkanına, sonra isə mənimkinə tökdü.

– Hə, indi dünya inqilabından danışmaq olar, – o dedi.
Deyəsən, mənim üzümdə şübhə yarandı, çünki Jerbunov qımışaraq dedi:
– Bu, qardaşım, “Avrora”dan gəlmə ənənədir, “Baltika çayı” adlanır.
Onlar stəkanlarını qaldırıb birnəfəsə içdilər, mənim də eyni şeyi etməkdən başqa çarəm qalmadı. Boğazım dərhal uyuşdu. Siqaret yandırıb çəkdim, amma tüstünün dadını hiss etmədim. Bir dəqiqəyə yaxın sakit oturduq.

– Getmək lazımdır, – Jerbunov qəfil dedi və ayağa qalxdı. – İvan donacaq.

Monpası qutusunu çaşqın halda çantamda gizlədib ayağa qalxdım və onların ardınca getdim. Dəhlizdə ləngiyib papağımı tapmağa çalışdım, tapa bilməyib fon Ernenin furajkasını qoydum. Mənzildən çıxıb, səssizcə qaranlıq pilləkənlərlə aşağı düşdük.

Birdən yüngüllük və rahatlıq hiss etdim, getdikcə daha da sakitləşir və yüngülləşirdim. Gələcək barədə düşünmürdüm, mənə qarşı birbaşa təhlükənin olmaması kifayət idi. Pilləkən meydançalarının pəncərələrindən bayırdakı qar dənəciklərinin yaratdığı gözəlliyə baxıb, ləzzət alırdım. Həmin anda mən özüm də elə qar dənəciyi kimi bir şey idim və taleyin küləyi məni də iki qara buşlatlı qar dənəciyinin ardınca harasa irəli aparırdı. Yeri gəlmişkən, düşdüyüm eyforik duruma baxmayaraq, reallığı ayıq dərk etmək qabiliyyətimi itirməmişdim və maraqlı bir müşahidə apardım. Hələ Petroqradda ikən matrosların patronlarla dolu ağır qayışlarını necə saxladıqları ilə maraqlanmışdım. Üçüncü mərtəbədə yanan lampanın işığında Jerbunovun kürəyində büstqalteri xatırladan pulemyot patronu kəmərlərini gördüm. Jerbunov və Barbolinin növbəti qətlə necə hazırlaşdıqlarını dərhal təsəvvür etdim, sanki hamamdakı iki qız tualetin bu çətin hissəsinin öhdəsindən gəlmək üçün bir-birinə kömək edirlər. Bu mənə bütün inqilabların qadın təbiətinin daha bir sübutu kimi görünürdü. Qəfil Aleksandr Blokun bəzi yeni parçalarını xatırldım və başa düşdüm; deyəsən, boğazımdan bir nida qopdu, çünki Barbolin dönüb baxdı.

– Amma sən istəmirdin, axmaq, – o, qızıl dişlərini işıldadaraq dedi.
Küçəyə çıxdıq. Barbolin maşının açıq ön oturacağında əyləşən əsgərə nəsə deyib qapını açdı və biz içəri girdik. Maşın dərhal tərpəndi. Kabinənin kənarları yuvarlaq ön şüşəsindən sürücünün qarlı kürəyi və şişuclu keçə dəbilqəsi görünürdü; deyəsən, ekipajımızı İbsenin trollu idarə edirdi. Düşündüm ki, avtomobilin konstruksiyası olduqca narahatdır və daim pis hava şəraitinə məruz qalan sürücü üçün son dərəcə əlverişsiz, eyni zamanda alçaldıcıdır. Amma səfər zamanı sərnişinlərin təkcə pəncərədən gördükləri mənzərələrdən deyil, həm də sinfi bərabərsizlikdən həzz alması üçün, bəlkə də, bunu xüsusi olaraq belə qayırmışdılar.
Yan pəncərəyə tərəf döndüm. Küçə boş, səkiyə yağan qar inanılmaz dərəcədə gözəl idi. Adda-budda fənərlər yanırdı; onlardan birinin işığı evin divarındakı nəhəng “LENINE EST MERDE” qrafittinə düşürdü.

Maşın dayananda bir az özümə gəlmişdim. Naməlum bir küçəyə gəlmişdik, heç nəylə diqqət çəkməyən darvazanın yanında düşdük, qarşısında bir neçə maşın və bir neçə sürücü dayanmışdı. Uzaqdan pulemyot qülləsində qardan papağı olan qorxunc zirehli maşını gördüm, lakin yaxşı-yaxşı baxmağa macal tapmadım – matroslar dərhal darvazadan içəri soxuldular. Son dərəcədə miskin bir həyətdən keçərək, üzərində çuqun günlüyü olan qapıya yaxınlaşdıq. Tacir üslubunda amurlar və hörüklərlə bəzədilmiş günlükdən balaca bir lövhə asılmışdı:
MUSİQİLİ TABAKYORKA
ədəbi kabare

Qapıya bitişik və sıx çəhrayı pərdələr çəkilmiş bir neçə pəncərədən işıq gəlirdi; onların arxasından naməlum bir alətin gözəl qəmli səsi eşidilirdi.

Jerbunov qapını özünə tərəf çəkdi. Darısqal dəhlizdə ağır xəz paltolar və şinellər asılmışdı; baş tərəfdə qalın məxmər pərdə var idi. Cinayətkara oxşayan qirmizi köynəkl bir adam kətildən qalxıb bizi qarşıladı.

– Vətəndaş martoslar, – o dedi, – bizdə…

Barbolin tüfəngi fokus göstərircəsinə çiynində fırladıb, qundağını onun qarnının aşağı nahiyəsinə endirdi. Yazıq divardan tutaraq yerə çökdü; mehriban sifətində yorğunluq və ikrah yarandı. Jerbunov pərdəni çəkdi və biz zəif işıqlı zala daxil olduq.

Qeyri-adi enerji çoxluğu hiss edərək ətrafa boylandım. Bu yer şıqlığa iddia edən orta səviyyəli restorana bənzəyirdi. Qalın tüstü dumanına qərq olmuş kiçik dəyirmi masaların arxasında rəngarəng publika oturmuşdu. Deyəsən kimsə tiryək çəkirdi. Onlar bizə fikir vermədilər, odur ki, girişdən bir qədər aralıda boş stolda əyləşdik.
Zalın baş tərəfində parlaq işıqlı səhnə vardı, orada frak geymiş və üzünü təmiz qırxmış bir cənab ayaqlarını çarpazlayaraq qara məxmər kətildə oturmuşdu. Onun bir ayağı yalın idi. Sağ əlindəki yayı bir sapını ayağı ilə döşəməyə, digərinı isə sol yumruğunda sıxaraq əydiyi və titrətdiyi uzun mişarın küt tərəfi ilə sürüşdürürdü. Parıldayan lövhənin titrəyişini dayandırmaq lazım olanda yalın ayağını bir saniyəlik onun üzərinə basırdı; içindən gözqamaşdırıcı ağ corab çıxan laklı çəkməsinin tayını yanında yerdə qoymuşdu. Onun alətindən çıxan səs ilahi, ovsunlayıcı və kədərli idi; deyəsən, hansısa sadə melodiyanı ifa edirdi, ancaq bu, vacib deyildi – hər şey tembrdə, uzun müddətə donan notun ürəyə yatan modulyasiyasında idi.

Girişdəki pərdə dalğalandı və bir kişi başını içəri soxdu. Qaranlığa doğru çırtma çalaraq, başıyla bizim masamıza işarə etdi, sonra bizə tərəf dönərək, qısa formal təzim etdi və pərdənin arxasında gözdən itdi. Dərhal haradansa bir əlində sini, digərində isə mis çaydan (o biri masalarda da eynilə bu çaydandan var idi) tutmuş biri peyda oldu. Sinidə içində piroqlar olan qab, üç çay fincanı və fıştırıq vardı. Xidmətçi fincanları qarşımıza qoyub, çaydandan doldurdu və farağat dayanıb gözlədi. Çantamdan əlimə keçən kağızı çıxarıb ona uzatdım, deyəsən, on dollarlıq əskinas idi. Əvvəlcə sinidə niyə fit olduğunu başa düşmədim, amma sonra qonşu masaların birindən sakit melodik fit səsi eşidildi və xidmətçi bu səsə tərəf qaçdı.

Jerbunov fincanından bir qurtum alıb, narazı halda donquldadı. Mən də bir qurtum aldım. Bu, qaolyandan (qaolyan: birillik dənli bitki; sorqo növlərindən biri – tərc.) çəkilmiş bərbad Çin arağı idi. Piroqun birini dişləyib dadını hiss etmədən çeynəməyə başladım. Boğazımı uyuşduran kokain hələ də özünü hiss etdirirdi.

– Piroq nəylədir? – Barbolin nəzakətlə soruşdu. – Deyilənə görə, burda adamlar yoxa çıxır. Günaha girməyək.
– Mən yemişəm, – Jerbunov saymazyana dedi. – Mal əti kimidir.
Daha dözə bilməyib qutunu çıxartdım və Barbolin tozu fincanlara səpməyə başladı.

Bu vaxt frak geymiş cənab ifasını bitirdi, corabını və ayaqqabısını zərif və iti hərəkətlə geyinib ayağa qalxdı, əyilib kətili götürdü və seyrək alqışlar altında səhnəni tərk etdi. Səhnənin yanındakı stoldan çal saqqallı yaraşıqlı bir kişi qalxdı, o, dişlək izlərini gizlətmək üçün boğazına boz yaylıq dolamışdı. Onun qocalmış və bozarmış Valeri Bryusov olduğunu görüb təəccübləndim. O, səhnəyə çıxıb zala müraciət etdi:

– Yoldaşlar! Vizual bir dövrdə yaşasaq da, kağıza yazılmış mətn tamaşaçı cərgəsi tərəfindən sıxışdırılanda, yaxud mmm… – o, gözlərini axıdıb ara verdi və aydın oldu ki, indi öz axmaq cinaslarından birini deyəcək, – hətta mən deyərdim ki, tamaşaçı zalı tərəfindən… mmm… ənənə təslim olmur və özü üçün yeni formalar axtarır. Bu gün sizin gördüklərinizi mən eqopopustik postrealizm sənətinin parlaq nümunələrindən biri kimi xarakterizə edərdim. İndi sizin qarşınızda… hmm… bir… bir postrelin yazdığı… kiçik bir faciə oynanacaq. Onun müəllifi kamera şairi İohan Pavluxin öz əsərinin janrını məhz belə müəyyən edib. Beləliklə, “Raskolnikov və Marmeladov” kiçik faciəsi. Rica edirəm.

– Rica edirəm, – Jerbunov əks-səda ilə dedi.

Bryusov səhnədən düşüb öz masasına qayıtdı. Hərbi geyimli iki nəfər pərdə arxasından səhnəyə altlığı olan qızılı rəngdə iri bir lira və kətil çıxartdlar. Sonra bir stol gətirib, üstünə qarınlı bir içki şüşəsi və iki stəkan qoydular. Daha sonra səhnənin yan dekorasiyalarına “Raskolnikov” və “Marmeladov” yazılmış karton parçaları yapışdırdılar. Dərhal başa düşdüm, sözlərin sonundakı yumşaltma işarələri səhv yox, bir növ simvoldur. Mərkəzdən isə mavi beşbucaqlının içərisinə anlaşılmaz “yxvy” sözü yazılmış lövhə asdılar. Bu əşyaları yerləşdirdikdən sonra gözdən itdilər. Pərdə arxasından uzun xiton (xiton: qədim yunanlarda uzun köynəyə oxşar geyim – tərc.) geyinmiş bir qadın çıxdı və liranın arxasına keçərək, simləri asta-asta dınqıldatmağa başladı. Beləcə, bir neçə dəqiqə keçdi.

Sonra səhnəyə uzun qara plaş geyinmiş dörd nəfər çıxdı. Onların hər biri bir dizi üstə diz çökdü və üzünü tamaşaçılardan gizlətmək üçün qara ətəyini qaldırdı. Kimsə onları alqışladı. Səhnənin əks tərəflərində hündür koturnlar (koturn: qədim yunan və Roma tragediya aktyorlarının geydiyi altı qalın başmaqlar), uzun ağ mantiya geyinmiş və yunan maskaları taxmış iki fiqur peyda oldu. Onlar yavaş-yavaş yaxınlaşmağa başladılar və bir-birlərinə çatmağa azca qalmış dayandılar. Birinin qoltuğunun altından qızılgüllərdən hörülmüş ilgəkdən balta asılmışdı. Başa düşdüm ki, bu, Raskolnikovdur. Əslində, baltasız da başa düşmək mümkün idi, çünki qarşısındakı dekorasiyadan adı yazılı lövhə asılmışdı. “Marmeladov” lövhəsinin qarşısında dayanan aktyor əlini yavaş-yavaş qaldırıb oxuya-oxuya dedi:

– Sizə bir sirr açım: Marmeladovam, artıq getməyə bir yerim də yoxdur. Bütün dünyanı gəzib dolaşmışam, İrəlidə bircəcik işıq da yoxdur. Baxışlarınızdan görürəm ki, məzlumlara biganə deyilsiniz.
Bəlkə, içək? Sizə nəsə süzümmü?

– Lazım deyil.

Davamını buradan oxuya bilərsiniz

Qeyd: Tərcüməçi Nadir Qocabəyli bu romanı oxucuların maddi dəstəyi ilə tərcümə edir. O, özü bu barədə sozial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, tərcümə prosesinə dəstək vermək istəyən və romanın davamı ilə tanış olmaq istəyən şəxslər yazıçının aşağıdakı hesabına maddi dəstəyini təqdim edə bilər:

Kapitalbank: 4169 7388 1060 9994