“Partizan” Fərid Həsənzadənin yeni şeirlərini təqdim edir.
Gedirsən, qatıram yuxularımı,
Gəlirsən, gündüzüm yuxuya dönür.
Yuxu şirin olur, elə deyirlər,
Gəlişin ən şirin qoxuya dönür.
Gedirsən, ruhum da səninlə gedir.
Gözüm yollarını elə hey güdür.
Gedirsən, şübhələr bağrımı didir,
Gəlirsən, “bəlkə”lər, “axı”ya dönür.
Getdin, yox oluram mən qram-qram,
Gəlirsən, deyirəm – nə yaxşı varam.
Gedirsən, deyirəm – bağışlamaram,
Gəlirsən, ürəyim yuxaya dönür.
***
Getdin, bildim, uzaqdan da uzaq var
Yazda, yayda ürəyimdə sazaq var.
Müjdələyir gəlişini uzaqlar,
Xoş sədatək duyulursan ömrümə.
Sənsiz keçən hər dəqiqə – yamanlıq,
Gəldin, çıxdın elə vaxtlı, zamanlı.
Yoxa çıxdı otuz illik qaranlıq,
İşıq, Günəş sayılırsan ömrümə.
İzdihamdan aralanıb qopursan,
Sakitlikdə özünə yer tapırsan.
Sevgi-sevgi ürəyimə hopursan,
Gülüş-gülüş yayılırsan ömrümə.
***
Saçlarını da götürüb getdiyin gündən,
Mənim insaf anlayışım pərən-pərəndir.
Barı bir tel saxlayaydın, qalardı səndən
Yoxsan deyə xatirələr hamısı “sən”di.
Unutmaqçün şəkilləri cırıb atmışam,
Ayrılıq adlı düyünü bu çözələmir.
Mən bu qədər “sən” içində itib batmışam,
Və bu qədər “sən” inan ki, bir sən eləmir…
***
De, səni soyudan nədir həyatdan?
Sən də danışırsan, yalan olmaz da.
Görüşə çağırsan ağrılarını
Qoşular hər biri, qalan olmaz da.
Onlar da cəsarət tapar zənnimcə,
Hansılar ki, susub, qısılıb küncə.
Sənsən ağrıları bir yerə yığan –
Deyərək ümidlər küsərmi səncə?