Viktor Pelevinin “Çapayev və boşluq” romanının davamı – III hissə – İlk dəfə

Loading

“Partizan” gizli və müəmmalı obrazını qoruyub saxlayan çağdaş rus yazıçı Viktor Pelevinin “Çapayev və boşluq” romanını təqdim edir. Roman dilimizə ilk dəfə Nadir Qocabəylinin tərcüməsində hissə-hissə yayımlanacaq.

Romanın əvvəli ilə bura toxunaraq tanış ola bilərsiniz

III hissə

Baltalı aktyor da oxuyaraq cavab verdi, ancaq yoğun səslə. Sonra əlini qaldırıb Mərmeladova tərəf uzatdı. Marmeladov qədəhini cəld doldurub maskanın dəliyindən içəri atdı:

– Necə istəyirsiniz. Sizin sağlığınıza.

Simanızda sirli əzəmət var, Dodaqlarınız gülümsəyərək susur, Alnınınız avazıyıb, əlləriniz qanlıdır. Donuq sifətimin arxasında
boşluğun məğrurcasına çiçəkləməsi və Tanrı surətində çıxmaq üçün heç bir səbəb qalmayıb.
Başa düşürsünüz?
– Deyəsən, hə…

Jerbunov dirsəyi ilə məni dümsüklədi.

– Necədir? – o soruşdu.
– Hələ tezdi, – pıçıldadım. – Ardına baxaq.

Jerbunov başını sayğıyla tərpətdi. Marmeladov səhnədə deyirdi:

– Hə. Bunsuz da bilirsiniz.
Hər səhər qar üstündə qan kimi. Baltayla peysərinə.
Təsəvvür edirsən, oğlum?
– Edirəm.
– Vicdanıma baxa bilmirəm. Ora çəkməmin içi tək qaranlıqdır. Dar və soyuq anbarda ölü qadınlar –
Dəhşətlidir?
– Hə. Nə istəyirsiniz? Bunları niyə deyirsiniz?
– Dərhal söyləyim?
– Hə, tez olun.
– Bəlkə, əvvəlcə adama bir qədəh likyor?
– Bərbər kimi zəhlətökənsən.
Mən gedirəm.
– Hirslənmə, gözəl oğlan.
– Bezdim cəfəng sözlərdən.
Bəlkə, açıq danışasınız.
Nə istəyirsiz?
– Baltanı satın mənə…

Bu əsnada zala göz gəzdirdim. Hər dəyirmi masada üç-dörd nəfər oturmuşdu; publika rəngarəng idi, lakin bəşər tarixində həmişə olduğu kimi, donuzburun möhtəkirlər və baha geyimli qəhbələr çoxluqda idi. Bryusovla eyni masada sonuncu dəfə gördüyümdən bəri nəzərəçarpacaq dərəcədə kökəlmiş Aleksey Tolstoy oturmuşdu, o, qalstuk əvəzinə böyük bant taxmışdı. Üzərindəki piy qatları sanki skeleti xatırladan Bryusovdan soyulub çıxarılmışdı. Onlar bir yerdə qorxunc görünürdülər.

Baxışlarımı çevirib, masaların birində oturmuş qara gimnastyorkasını kəmərlə bərk-bərk sıxmış, bığlarını yuxarı burmuş qəribə bir adam gördüm. O, tək idi, qabağında çaynik əvəzinə şampan şüşəsi vardı. Onun iri rütbəli bolşevik rəisi olduğunu düşündüm; arxayın və sakit sifətində qeyri-adi nə gördüyümü deyə bilmərəm, amma bir neçə saniyə gözümü ondan çəkə bilmədim. O, baxışlarımı tutan kimi, dərhal səhnəyə tərəf döndüm, oradakı mənasız dialoq davam edirdi:

– …Nə? Həm də niyə?
– Bu, iş üçündür. Məişət simvollarından biridir. Lazım gəlsə, başqasını oğurlarsız.
Oğurlamaq doğrudurmu? – düşünürəm.
– Belə də… Mən düşünürəm – olmazmı eyhamsız?
Siz orda olmusuz? Pərdə dalında? Hə?
– Bilirsiz, Rodion, siz kütsünüz, baltanız olsa da.
Gənclik həmişə mahiyyəti və səbəbi sonda görür,
Sadəcə gülmək, sevmək istəyir, Belindəki silaha həvəsiyir. Nə qədər istəyirsiz?
– İcazənizlə soruşum,
sizə nə üçün lazımdır?
– Mən sözümə sadiqəm –
güc, ümid, Qədəh, eqreqor,
əbədilik, parıltı, Ay fazaları,
ülgüc, cavanlıq… Verin baltanı.
– Anlamıram. Lakin icazənizlə.
– Budur o… qayalar arasındakı alov kimi bərq vurur…
Nə qədər istəyirsiz?
– Nə versəniz.
– Bəsdir?
– On… On beş… Budur, oğurlamışam. Ancaq hiss edirəm ki, iş pulda deyil. Nəsə dəyişir… Artıq dağılır sanki… Parçalanmış qəlbimdə soyuq küləklər əsir. Siz kimsiz? Aman Tanrım, siz ki maskadasız! Gözləriniz iki sarı ulduzdur!
Bu, alçaqlıqdır! Çıxarın!

Marmeladov uzun və dəhşətli fasilə verdi.
– Çıxarın!

Marmeladov maskanı sərt hərəkətlə cırdı, eyni anda maskaya bağlanmış xiton da onun bədənindən çıxdı, yerində krujevalı darbalaq geyinmiş və büstqalter taxmış siçanquyruğu hörükləri olan gümüşü parikli qarı peyda oldu.

İlahi… Qarı… Amma əlləri boşdur…

Raskolnikov bu sözləri çox zəif səslə söylədi və koturnlarının üstündən yıxılıb döşəməyə sərildi.

Bundan sonra baş verənlərdən dəhşətə gəldim. İki skripkaçı səhnəyə atılaraq, vəhşi qaraçı melodiyası çaldılar (yenə də Blok, – düşündüm), qadın Marmeladov isə xitonunu uzanmış Raskolnikovun üstünə atıb, sinəsinə çökdü və krujevalı arxasını həyəcanla əsdirə-əsdirə onu boğmağa başladı.

Bir anlıq mənə elə gəldi ki, baş verənlər hansısa dəhşətli sui-qəsdin nəticəsidir və oturanların hamısı mənə tərəf baxır. Şübhəylə ətrafa boylandım və yenidən qara hərbçi köynəyi geymiş bığlı kişinin baxışları ilə qarşılaşdım və birdən necəsə anladım ki, o, fon Ernenin ölümü ilə bağlı hər şeyi bilir. Üstəlik, haqqımda daha ciddi məlumatlara malikdir.

Stuldan sıçrayıb qaçmaq istəsəm də, özümü çox çətinliklə saxlaya bildim. Tamaşaçılar könülsüz əl çalırdılar; bəziləri gülərək, barmaqlarını səhnəyə tuşlasalar da, çoxunun başı söhbətə və araq içməyə qarışmışdı.

Parikli qadın Raskolnikovu boğub səhnənin kənarına tullandı, iki skripkanın çılğın sədaları altında çılpaq ayaqlarını yuxarı qaldıraraq baltanı yelləyə-yelləyə rəqs etməyə başladı. Bütün tamaşa boyu hərəkətsiz dayanmış qara geyimli dörd nəfər üstünə xiton örtülmüş Raskolnikovu götürüb səhnənın arxasına apardılar. Başa düşdüm ki, bu, “Hamlet”dən parodiyadır, çünki orada da ən sonda ölmüş şahzadəni dörd kapitan aparır; qəribədir, amma bu fikir məni dərhal özümə gətirdi. Baş verənlərin mənə qarşı sui-qəsd olmadığını (belə bir şeyi heç kəs bu tezlikdə təşkil edə bilməzdi), bunun adi bir mistik çağırış olduğunu anladım. Bu çağırışı dərhal qəbul edərək, öz aləmlərində olan matroslara tərəf döndüm.

– Dayanın, uşaqlar. Bu, xəyanətdir.

Barbolin gözlərini döyərək üzümə baxdı.

– İngilis qadın zibilini çıxartdı, – düşünmədən dedim.

Deyəsən, bu sözlərin ona müəyyən təsiri oldu, çünki tüfəngini dərhal çiynindən çıxartdı. Onu saxladım.
– Belə olmaz, yoldaş. Dayan.

Bu vaxt mişarlı cənab yenidən səhnədə peyda oldu, stulda oturdu və ayaqqabısını təntənəli surətdə çıxarmağa başladı. Çantanı açıb içindən karandaş və çekist orderi blankını çıxartdım; mişarın hüznlü səsi məni ağuşuna alıb irəli apardı və müvafiq mətn bir neçə dəqiqəyə hazır oldu.

– Nə yazırsan? – Jerbunov soruşdu. – Kimi həbs etmək istəyirsən?

ardı var…

Qeyd: Tərcüməçi Nadir Qocabəyli bu romanı oxucuların maddi dəstəyi ilə tərcümə edir. O, özü bu barədə sozial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, tərcümə prosesinə dəstək vermək istəyən və romanın davamı ilə tanış olmaq istəyən şəxslər yazıçının aşağıdakı hesabına maddi dəstəyini təqdim edə bilər:

Kapitalbank: 4169 7388 1060 9994