“Partizan” İlhamə Kədər`in “Zimhəri” romanından növbəti hisssəni təqdim edir…
Bir neçə dəqiqənin içində kəndin demək olar bütün sakinləri Laçın qalasına axışmışdı.
Polkovnik də Qarışqa da özlərini ələ almış, söhbətə başlamışdılar.
Qarışqa neçə vaxtdan bəri özünün də inanmağa çalışdığı yalanın sirrini öyrənməyə çalışırdı.Heç kimdən soruşmağa cəsarət etmədiyi sözlər gözü açılmış sısqıntı kimi aram-aram süzülüb polkovnikin qarşısında göllənirdi.:
-Cənab komandir, qalan əsirlər necə oldu, o bir itkin düşənlərin axırı nə oldu? Siz leytenantın ölüsünü öz gözünüzlə gördünüzmü?Bəlkə heç o deyilmiş?
Bəs siz atamın necə olduğunu bilirsiniz? Niyə heç kim mənə heç nə demir?
Axı mənim atam var idi, ölsə ölüsü olardı, sağ olsa mütləq gələrdi.Niyə leytenantdn sonra atam yoxa çıxdı?
Mən özümü eyvandan atdım deyə atam məndən küsüb getdimi?
Mən çox pis adamam hə, cənab komandir?
Birnəfəsə verdiyi suallardan özü yorulub dayandı.
Suallar çox ağır imiş ki, təkcə polkovniki yox, hamını daş kəsmişdi.
Laçın qalasına toplaşan bir kənd adam qayadan lal, torpaqdan kar olmuşdu.
Haçandan-haçana polkovnik başını qaldırıb əvvəlcə xəcalətindən qızarmış göy üzünə, sonra Qarışqanın bulud kimi dolub-boşalan gözlərinə baxdı. Dərindən köks ötürüb qolunu qızın boynuna saldı, asta-asta cığır aşağı addımladılar .
Qol-budaq olub tökülmüş vələs ağacına çatanda polkovnik dayanıb əlini ağaca söykədi və şəhadət barmağı ilə ağacın gövdəsini göstərdi:
-Bax, qızım, yaxşı bax, burda nə görürsən?
Qarışqa gözlərini qıyıb diqqət etdi, ağacın şah budağı qırılıb düşəndə gövdənin bir tərəfini siyirib aparmışdı.Bu böyük “yara” yerinin kənarlarından təzə qabıqlar qaynayıb qaralmış gövdəyə tərəf sünmüşdü.
-Ağacın qabığı yenilənib, onu deyirsiz?.
-Əslində onu da deyirəm, amma mən sənin qarışqaları görməyini istədim.
-Qarışqaları?
-Həə.
-Qarışqa sürüsü hər yerdə olur, xüsusilə də zədəli, yarıçürük ağac gövdələrində.Burda təəccüblü nə var ki?
-Qarışqa sürüsü hər yerdə var, bu doğrudur, amma piyada qarışqa sürüsünün içində atlı qarışqa olması nadir haldır.
-Atlı qarışqa?
-Bəli.
Bu özündən əmin cavaba gülümsəmək istədi amma başını qaldıranda polkovnikin yosun gözlərinin dərinliyində qəribə bir təlatüm gördü, elə bil çoxdan dolub durmuş bulud idi, yağmaq istəyirdi, ilahi qüvvə icazə vermirdi.
Bu təlatümə çox baxa bilmədi, yenə qarışqalara çevirdi baxışlarını.Bu dəfə fərqli göründü qarışqalar, yüzlərlə piyada qarışqa nizami ordu şəklində ağacın gövdəsiylə cənuba tərəf hərəkətdəykən bir tək atlı qarışqa özündən dörd-beş dəfə böyük, bir qanadı qopuq, qara xallı ağ kəpənək ölüsünü dişinə alıb şimal istiqamətə gedirdi.
Bu görüntü təkcə ona yox, ətrafdakılara da maraqlı gəldi.Hamı ağaca yaxınlaşıb qarışqaları, daha doğrusu “atını yoxuşa sürən” atlı qarışqanı izləməyə başladı.
Hətta Kəköy Elşən polkovnikin qolunun altından sivişib lap qabağa keçdi, uzun, çirkli dırnağının ucuyla kəpənəyin qanadını ağaca “mismarladı”.
Amma atlı qarışqa ovunu buraxmaq fikrində deyildi.
Başını sabit saxlayıb gövdəsiylə dörd dolanan heyvancığazın köməyinə çatan Doğru Qamətin qapazı bu dəfə havada qalmadı:
-Elə Allah yaxşı vurub səni, rəhmsiz köpəyoğlu-deyə arxasına bir təpik də ilişdirdi.
Kəköy bu gözlənilməz həmlədən özünü itirib duruxdu.Sonra bir-bir hamının üzünə baxdı ki, görsün Qaməti danlayıb “onu Allah vurub, sən niyə vurdun?” deyən olacaqmı.
Heç kimin dinmədiyini görüb başını aşağı saldı.Ömründə bəlkə də birinci dəfə idi döyüldüyü üçün cınqırını da çıxarmadı.
***
Həmin gündən sonra Qarışqa polkovnikin dəstəyi ilə atasının axtarışına çıxdı.
Harda bir əsirlikdən qayıdan olduğunu eşitdi, vaxt-bivaxt demədən ora çovudu.
Beləcə günlər həftələri, həftələr ayları ətəyinə yığıb ilə sovqat apardı lakin 555`dən xəbər çıxmadı ki, çıxmadı.O boyda kişi elə bil balıq olub dəryaya, qum olub səhraya düşmüşdü.
Heç bir nəticə verməyən axtarışlardan ümidsizlik çəmbərinə düşən Qarışqa bir səhər aldığı xəbərdən lap sarsıldı.Elı bil binavənin xirtdəyinə polad tros salıb sıxdıqca çıxdılar, sonra götürüb poqqur -poqqur qaynayan qazanların qara halqalarından keçirə-keçirə cəhənnəm mələyi Malikin qabağına atdılar.
Malikin odlu maşasını boynunun ardında hiss edib qışqırmaq istədi.Qır tiyanlarından daşan odlu mayenin bir parçası hoppanıb ağzına, ordan da ciyərlərinə doldu.
Nəfəs almaq istədi, ciyərləri əriyib ağız-burnundan püskürdü.Cəhənnəmin odlu divarları bir anın içində salxım buzlarla örtüldü.
Soyuqluğundan gömgöy kəsilən buzlar quraqdan sonra yağışa düşən nar kimi çatlayıb parçalandı.Yerə düşən “gilələr” yayılma gələn quzular kimi mələşə-mələşə cəhənnəm qazanlarına yüyürüşdülər:
-Polkovnik özünü yandırıb.
(Ardı var).