Barsina İsgəndərin eramızdan əvvəl 333-cü ildə İss üzərində döyüşdən sonra İran hökmdarı Daranın bütün sarayı ilə birlikdə qənimət götürdüyü fars kənizdir. Amma İsgəndər ona kəniz kimi yox, çox böyük hisslərlə yanaşıb.
Barsina əvvəllər iki dəfə ərə gedib, bir oğlu və bir qızı olub. O, İsgəndərə əsir düşəndə 30 yaşında, İsgəndərdən yeddi yaş böyük olub, amma gözəlliyi itməyib. Barsina İran valilərindən olan Artobazın qızı idi.
Plutarx yazır: “İsgəndər Parmenionun bu gözəl və nəcib qadınla bağlı məsləhətini qəbul edir. Digər gözəl əsirlərə baxaraq isə zarafatla deyir ki, fars qadının görünüşü gözə əzab verir”.
Plutarx qeyd edir ki, Barsina İsgəndərin, həqiqətən, sevdiyi yeganə qadın olub. Belə çıxır ki, Barsinadan başqa ona, ümumiyyətlə, heç kim lazım deyil. Cəmiyyət isə bu qadınla münasibəti hökmdara yaraşdırmırdı. Antik müəlliflərin yazdıqlarına görə, Barsina sadəcə ilahi gözəl olmayıb. Zahiri gözəlliklə yanaşı, onun yaxşı təhsili, həlim xasiyyəti olub. Sonralar Barsina bütün yürüşlərdə İsgəndərin yanında olub.
İsgəndər Tirin alınmasından sonra Barsina əsir götürüləndə qardaşı Farnabarı nəinki bağışlayır (o vaxt Farnabar Dara donanmasının komandanı olub), hətta edam əvəzinə onu ordunun bir bölməsinə rəhbər təyin edir. Bildirilir ki, burada Barsinanın təsiri də güclü olub. Barsinanın atası Artobazın da bəxti gətirib. Dara öləndən sonra Artobaz İsgəndərin yanında işə götürülüb, hətta qızı, sonralar isə Böyük İsgəndərdən olan nəvələri ilə görüşə bilib.
Barsina eramızdan əvvəl 327-ci ildə 36 yaşında ikən İsgəndərin birinci övladını dünyaya gətirib. Hökmdar onu Herakl adlandırıb. İsgəndərin həyatından yazan tarixçilər qeyd edirlər ki, oğlu doğulandan sonra İsgəndərin Barsinaya ehtirası sönür. Belə bir ehtimal da var ki, bunun səbəbi kəbindən kənar oğulun doğulmasıdır. İsgəndər başa düşür ki, bu övladı varis etmək olmaz. Əgər belə edərsə, onda Makedoniya elitası ilə münaqişə yaranar. Bu isə məqsədəuyğun deyildi.
Tezliklə İsgəndər baktriyalı knyaz qızı Roksana ilə evlənir. Rəsmi həyat yoldaşı olandan sonra Barsina oğlu ilə birgə Perqama çəkilir, diadoklar dövrünə qədər orada sakit yaşayır. Barsinanın Mentordan olan qızı bizim eradan əvvəl 324-cü ildə İsgəndərin dostu və admiral Nearxa ərə verilir.
Diadokların müharibəsi zamanı Antiqon Barsinanı oğlu ilə birlikdə Perqamdan Polisperxonun himayəsinə göndərir ki, həmin vaxt Makedoniyanın hökmdarı olan Kossandra təzyiqi artırsın. Bizim eradan əvvəl 309-cu ildə Polisperxon Makedoniyaya təsiri gücləndirmək üçün Böyük İsgəndərin sağ qalan yeganə oğlundan istifadə etməyi qərara alır. Heraklın bədbəxtliyindən onu (18 yaşı tamam olan kimi) taxtın varisi elan edirlər. Lakin Kassandr Polisperxonu fikirindən daşındıra bilir, əvəzində güzəşt təklif edir.
Eramızdan əvvəl 309-cu ildə Brasina və Herakl Polisperxonun əmri ilə öldürülür