“Partizan” Vüsal Aydının “Taxta məktub” romanı haqda essesini təqdim edir.
“Taxta məktub” əsərində Ülviyyə Tahir sovet hakimiyyətinin qurulması illərində baş verən repressiya və talanları azyaşlı qız uşağının dilindən verir. Bu artıq özlüyündə müəllif üçün çətin tapşırıq deməkdir və Ülviyyə xanım işin öhdəsindən yaxşı gəlib. Belə ki, kitabın əvvəllərində əsərin qəhrəmanı balaca Qəmərin atasını hökümətlə malını paylaşmamaq iddiası ilə evdən aparırlar. Bir müddət sonra şaiyə yayılır ki, öldürülüb, sonra xəbər gəlir ki, Sibirdədir. Bütün bu gedişatda Qəmər “ölüm”, “Sibir”, “qolçomaq” və sair kimi, ona bu vaxta qədər tanış olmayan anlayışlar haqqında düşünür, sözlərin mahiyyətini anlamağa çalışır.
Ülviyyə xanım çox maraqlı ifadələr işlədir, məsələn, “ÖLÜM. Sözü pıçıldadım. Ö hərfini içimə çəkib M hərfi ilə ağzımı yumdum. Sözü nəfəs kimi içimdə saxlamaq istədim”. Qəmər baş verənləri dərk etməkdən ötrü yaxınlarına suallar verir və cavab almayanda darıxmağa, sözün əsl mənasında sıxılmağa başlayır, bu yerdə Ülviyyə xanım yazır:
“Onlar susanda boyum da sanki balacalaşırdı”. Bu balaca kitab bu cür zərif, xoşagələn təsvirlərlə doludur. Məsələn, “Dünən olanlar, dədəmin üzü, anamın inadkarlığı, nənəmin xəbərdarlığı və yastığımın qoxusu bir-birinə qarışıb…”
Müəllif Azərbaycan dilindən gözəl istifadə edir, haqqında danışdığı dövrün leksikonuna uyğun arxaizmlər işlədir, zərb məsəlləri çəkir. Lakin bəzi yerlərdə cümlələrin energetikası zəif qalır, bunlar da çox vaxt məntiqi vurğudan düzgün istifadə etməməklə əlaqədar olur. Bəzi cümlələrdə zaman xətası gördüm, çox deyil belə cümlələr, ancaq axıcılığı azaldır. Məsələn, “Elə bil bağrım yarılır, ürəyim sinəmdə sürətlə döyünür, nəfəsim az qala kəsilmək üzrə idi”. Başqa bir iradım isə hərflərin həddən artıq iri olmasıdır. Bu, əlbəttə ki, Ülviyyə xanımla əlaqədar deyil, “Səbat” nəşriyyatının işidir, ancaq yazıram ki, “qızım, sənə deyirəm, gəlnim, sən eşit” olsun. Bu cür məzmunlu əsəri yekə-yekə şriftlərlə verib nağıl kitabına oxşatmaqları xoşuma gəlmədi. Xoş demişkən, ümumi tərtibat və çap keyfiyyəti xoşagələndir. Kitabı yanpörtü tutub baxanda məktub zərfinə oxşayır, bu da maraqlı detaldır, ancaq mən romanı bitirəndən sonra gördüm.
Bütün fəsillər hansısa sözlə bitir və növbəti fəsil həmin sözlə başlayır. Məncə, buna ehtiyac yox idi. Birincisi ona görə ki, bu elə də cazibədar tərz deyil və əsərin mahiyyəti ilə əlaqələnmir, ikincisi də Ülviyyə xanım bu taktikanı… necə deyim… çox da ürəyəyatan formada işlətmir. Hər fəslin sonuncu cümləsində bir sözün, məsələn, “məktub” sözünün keçməsi növbəti fəsli o sözlə başlamağa kifayət etdiyi halda, yenidən “Məktub…” formasında əlavə etmək yersiz alınıb. Kitabda olduğu kimi nümunə verirəm ki, tam aydın olsun.
(Ülviyyə Tahir – “Taxta məktub”, I nəşr, 2024-cü il)
“…Bəlkə də, böyümək sözlərin hamısını bilməkdir? Bilmək…”
və sonrakı fəsil “Bilmək” fəslidir. Burada sonuncu cümlə “bilməkdir” xəbəri ilə bitdiyinə görə, yenidən “bilmək” yazmaq artıqdır və bir neçə fəsildən sonra adamı yorur. Özü də bu qayda kitabın içində bir neçə yerdə (deyəsən, iki yerdə) pozulur.
Romanda hər şeyi azyaşlı qızın dilindən eşidirik, lakin bəzən adama elə gəlir ki, müəllif öz obrazının yaşını unudur və olduqca dərin məsələlərin müzakirəsinə girişir. Qəmər obrazının səkkiz-on yaşlı qız uşağı təəssüratı yaratmağına rəğmən, onun oğlan sinif yoldaşıları yeniyetmə, hətta daha yaşlı kimi görünür. Düzdür, heç bir obrazın yaşı verilməyib, ancaq Qəmər “cəsarət”, “bilmək” kimi sözlərin mənasını anlamağa çalışdığı yaşdadır, oğlanlar isə küçədə yolkəsənlik edir, dalaşanda ağız-burunları al qana qəltan olur və s.
Bunlar xırda məsələlərdir və mənim nəzərimdə əsərin ümumi dəyərinə kölgə salmır. Ülviyyə xanımın ötürdüyü mesajlar, toxunduğu məsələlər çox qiymətlidir. Atasız qalan uşağın, başsız qalan ailənin, faciələr yaşayan insanların taleyini çatdırarkən, müəllif bizi zorla kövrəltməyə, hisslərimizə sərt alətlərlə toxunmağa çalışmır, olduqca qəliz məsələlərdən sadə və axıcı dillə bəhs edir.
Əsərin bir yerində məlum olur ki, Sibirə sürgün edilən insanlar yük qatarları ilə məktub göndərə bilirlər, ancaq bu məktub adi məktub deyil, evə gəlmir, onu oxumaq üçün aylarla vağzal yollarında ayaq döyməlisən, qatarın dayandığı yerə gəlib hər gün saatlarla gözləməlisən ki, bəxt üzünə gülsə, bəlkə, oxuya bildin… Qəmər də nənəsinə qoşulub vağzal yolunu tutur, altı ay get-gəldən sonra, nəhayət, o məktub gəlir və oxuyurlar. Bəs nə yazılıb o məktubda? Bunu özünüz kitabdan oxuyarsınız, ancaq mənim bu romandan oxuduğum “məktub” belə oldu: uşaqların atasını evdən oğurlayan höküməti uşaqlara sevdirə bilməzsən… uşağın atasını oğurlayıb, yuxarıdakına “əziz ata” deməsini gözləyə bilməzsən…
Bu gözəl əsərə görə Ülviyyə Tahirə bir daha təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.