“Partizan” İlhamə Kədərin “Zimhəri” romanından növbəti hissəni təqdim edir…
Zimhəri 9
-“Polkovnikin intihar səbəbi böyük oğlunun da əsir düşməsiymiş”
Uşaqlıq dostunun gətirdiyi xəbər cəhənnəmin bucağına təpilib qalmış Qarışqanı xıncım-xıncım etdi.
Deməli, onu da olmazın işgəncələriylə öldürəcəklər.
Qansız düşmən kimə rəhm edib ki…
Düzdü şəhidlik ən uca zirvədi, amma biri var döyüş meydanında şəhid olursan, biri də var düşmən əlində, gündə bir əzan, min bir zülmlə şəhid olur.
Heç şübhəsiz, leytenantın başına gələnlər, bəlkə daha çoxu baş leytenantın da başına gələcək.
Polkovnikin hüzüründə iynə atsan yerə düşməzdi.Tanıyan, tanımayan arı kimi tökülüb qarışqa kimi sıralanmışdı mişar daşıyla əhatələnib qızılgüllərlə bəzənmiş həyətdən qəsəbənin girəcəyindəki şəhidlər xiyabanınacan.
Bayraq örtüklü mafənin qarşısında gedən on üç-on dörd yaşlı, çəlimsiz oğlan gah sol əlindəki şəkli, gah da sağ əlindəki papağı sinəsinə sıxır, hər dəfə də içini çəkib elə hönkürdü ki, buludlar da dözməyib leysan tökürdü.
Təpədən-dırnağa yanıb kösövü çıxmış polkovnik torpağa tapşırılandan sonra da düz üç gün ara vermədən yağan leysan yolları, əkinləri silib-süpürüb çaya tökdü.
Məcrasından çıxan çay qızdırmalı uşaq kimi “təpikləyib üstünü açdı” bəndlər, körpülər, çaykənarı çəpərlər qara-qıvraq yırtıcının əlində yolunub yoxa çıxdı.
Bu azmış kimi, üç gün içində bir neçə dəfə yer silkələndi.Kimsə Yerevanda zəlzələ olduğunu dedi, radio xəbər veribmiş.
Elə bil yer də, göy də qara gözləri ağ üzündəki çuxurda gizlənən ağ bənizli, qara taleli qadına qoşulub polkovnikin intiharına etiraz edirdi:
-Ay müxənnət oğlu, balanı düşmən əlində qoyub hara gedirsən?
***
Polkovnikin qırxına iki gün qalmış oğlunun cəsədini gətirdilər, deyilənə görə kimliyinin bilinməsini istəməyən milyonçu çoxlu pul verib meyidi ermənilərdən satın alaraq İran yolu ilə yenidən Azərbaycana ötürübmüş. Bu xəbərin doğru, ya şaiyə olduğunu Qarışqa heç vaxt bilmədi.
Doğrusu heç maraqlanmadı da, onu ən çox maraqlandıran baş leytenantın necə öldürülməsi idi. “Görəsən onun da əl-ayağını kəsib gözlərini çıxarıblar?”-deyə qabağınan keçənlərdən soruşa-soruşa özünü kənddən otuz kilometr uzaqda yerləşən hərbi şəhərciyə necə çatdırdığına sonralar özü də təəccüblənirdi.
Uğuldayıb nərildəyən insan selinin içindən çıxan uşaqlıq dostu qolundan tutub qırağa çəkməsə ayaq altında qalacaqdı…
“Qaqam,”-deyə qan çanağına dönmüş gözlərini ona yox izdihama dikən dostunun danlaqlı səsi yüzlərlə səsdən qılınc kimi siyrildi.-Sənin burda nə işin var?
Bütün yolu gördüyü adamlara verdiyi sualdan başqa söz tapmadı Qarışqa:
-Onun da əl-ayağını kəsib gözlərini çıxarıblar?
-Desəm kirimişcə çıxıb gedəcəksən?
-And içirəm, gedəcəm, bir də bu tərəflərə gəlməyəcəm də.
Gənc dodağını dişləyib başını aşağı saldı və boğuq səslə “Sözünün əri olduğunu bilməsəm danışmaram”-dedi.
Bilirsən, Qarışqa, bu bədbəxti daha betər ediblər …əl-ayağı deyirsən, heç burnu, qulağı da yoxdu, dişlərini də çəkiblər, gözünü çıxarmayıblar, amma göz qapaqlarını kəsiblər.Başını qırxıb yerinə qızmar xaç basıblar.Dırnaqlarını çəkiblər…kürəyinin dərisini də soyublar Qabırğasının arasından yonulmuş taxta çıxdı.Ürək, ciyər …heç nə yoxdu, quruca qəfəsini veriblər, bir baş, bir bədən, o da nə gündə.
-Vaay, canı cana çatdırdın, ay zalım, balanı gözləyirdin elə?
Bu fəryad gəncin sözünü ağzında qoydu, ikisi də adamların içindən güllə kimi keçib cənazəyə çatanda donub yerə yapışdılar-oğlunun mafəsini qucaqlayan ana canını tapşırmışdı.
Yol üstündə olan cənazəni yenidən qaytarıb qapının ağzına qoydular.
Dırnaqlarının izi şırım salmış üzündə qəribə bir işıq parlayan anasını yüyət yerinə götürdülər.
Müharibə başlayandan demək olar ki, hər gün ölü can görən Qarışqa birinci dəfə idi bu cür ölüm, belə ölü görürdü.
Elə bil gözlərini yumub gülməyini saxlamağa çalışırdı bu ölü.
Elə bil dünyadakı yaralarına göz yumub axirətdəki məqamına, məramına gülürdü.
Şəhidin namazı birdə anasıyla qılındı.
Bir bayraq da ananın mafəsinə örtüldü, bir məzar da ana üçün qazıldı şəhidlər xiyabanında.
Leytenantın “mənzilinə” ailəlikcə köçdü əzizləri…
***
“Bir də bu həndəvərə gəlməyəcəm” deyə and içən Qarışqa elə səhəri gün andını pozub dan yerinin alaqaranlığında özünü şəhidlər xiyabanına çatdırdı.
Torpağının qoxusu çəkilməmiş iki qəbir, bayrağı yağışda islanıb günəşdə quruyan torpağıyla qucaqlaşan üçüncü qəbir, birdə…
Ürəyinin, zehninin hansısa küncündə ilişib qalan “bəlkə” kökünə qaynar su tökülmüş çiçək kimi bir dəqiqədə öləziyib yıxıldı.
Özü idi.
Bozumtul, ağ daşın üstündən gülə-gülə baxan leytenantın doğrudan öldüyünə o andaca inandı.
Əlini başına atıb uzun saçlarını çəngələyib baş daşındakı lentləri oynadan küləyin cənginə vermək istədi.
Qısa saçları barmaqlarının arasından sürüşüb çıxdı.
Gözünün qabağına saçlarını kəsib ocağa atdığı gün, burnuna yanıq qoxusu gəldi.
Başını leytenantın soyuq sinəsinə çırpa-çırpa səsi çıxdığınca bağırıb şivən qopardı.
Səhərin şehində çimib, günəşdə bərq vurmağa hazırlaşan baş daşları bu naləni bir-birinə ötürüb yerlə göyün arasındakı boşluğa yaydı.
O gündən hər səhər şirin yuxusundan sərsəm oyandı mürgülü daşlar.
Dünya otuz kilometr yoldan bir şəhidlər xiyabanından ibarət idi Qarışqa üçün.
Nə yarımçıq qalan ali təhsil, nə gözünün qabağında əriyən anası, nə kənd camaatının təəssüf dolu baxışları (bəzən iynəli sözləri) yadına düşmürdü.
Hərdən atasını axtarırdı onda da “hələ gəlməyib” deyirdilər…
Vaxtın necə keçdiyini, fəsillərin nə vaxt dəyişdiyini soruşan olsa deyə bilməz haldaydı.
Ta ki bir gün xiyabanda məzarların ətrafını təmizləyib baş daşlarını gülablı dəsmalla silən yaşlı qadın onu qucaqlayıb:
-Ay anan ölsün, doqquz ildi yollar ayağından, yer-göy fəğanından yoruldu, sən yorulmadınmı?
Deyə ağız açıb zar-zar ağlayana qədər yolları yorub ayaqdan saldı.
-Doqquz il?-deyə alacalanan gözlərini balacaboy, ağbəniz qadının qara gözlərinə dikib dayandı:
-Düz doqquz il?
-Can ay bala, düz doqquz il keçib bacımın ürəyinin bəndi qopannan.Yağı əlində doğranan, muradı gözündə, gözü arxada qalan Laçının, ayağınnan gedib əlsiz-ayaqsız qayıdan, soyuq üzündə sağ-şennik qalmayan Ümidin xalasıyam.
Bala dərdinə dözməyib özünü dirigözlü yandıran polkovnikin baldızıyam.
Balasının gəlişini gözləyib canını tapşıran Laləzarın bacısıyam.Ay anan ölsün bala indi tanıdınmı məni? Səni and verirəm Laçının bimuraz canına burda yatanlara yazığın gəlsin, day birdə buralara gəlmə, gəlib yaramın qaysağına neştər vurma.
Dili ağzında yana-yana dərdlərini sıralayan qadının üzünə birdə baxmağa cəsarəti çatmadı, özündən, gücsüzlüyündən utandı bu dağ boyda dərdi çəlimsiz çiyinlərinə alıb mərdi-mərdanə gəzən mətanət abidəsinin qabağında.
Başını aşağı salıb səhər şehindən islanmış pilləkanları asta-asta enib yola çıxdı.
Yolların genişləndirilib təzə asfalt çəkildiyini, yol qırağı işıq dirəklərinin yeniləndiyini, hər yerdə gül kolları əkildiyini necə olmuşdu ki, görməmişdi indiyəcən?
Bəlkə camaatın iynəli sözləri, xısın-xısın danışdıqları doğru idi, yəni o, yaşıdlarının içində ən cəsarətli, ən ağıllı(atası belə deyirdi həmişə) olan Qarışqa doğrudan da ağlını qaçırmışdı?
Qəsəbənin girəcəyindəki postda dayanan iri cüssəli polisin polkovnikin dəfnindəki o arıq balaca oğlan olduğunu deyən olsa inanmazdı…
Kəköy Elşənin iki uşaq atası olduğunu, Doğru Qamətin xərçəngə tutulub müstəhaq qaldığını, hər şey bir yana uşaq vaxtı “Qarışqa qar-qar eylər ” oxuyan dayısının çoxdan öldüyünü necə olub ki, bilməyib?
Hələ evləri, o kəndin hər yerindən görünən imarət, dəmir məhəccərli, beton sürabili, kənarları əlvan çiçəklər açan, gözəlliyi ilə yolçunu yoldan eləyən cərgələmə dibçəklərdə bəzənili dirsək pilləkanlı, geniş və səliqəli həyəti, cürbəcür meyvə ağacları, moruq, qarağat, mərsin kolları ilə dolu bağı olan ev…
İllər hər şey kimi evlərini, bağlarını da yoluşdurub yelə vermiş, ağacları, kolları quruyan bağ, gülləri qırıc olub tökülən həyət, sürahisi qopub məhəccəri asılı qalan pilləkanlar üstündən Sam əsən xurmalığa dönmüşdü.
Bütün bunların nə vaxt olduğunu necə hiss etməmişdi?
Hamı deyirdi “Başın qaçıb, ağlın gizlənib, yaddaşın itib”.
Hamıya da inanıb başını tərpədirdi.Bircə şeyi dərk edə bilmirdi:
-Əgər yaddaşı itmişdisə leytenantı və ailəsini niyə unutmamışdı, bu boyda yolu hər gün necə gedib-gəlirdi bəs?