And olsun göyə ucalanlara, burda yer də yerində qalmayıb, cənab leytenant.

Loading

“Partizan”  İlhamə Kədərin  “Zimhəri” romanından növbəti parçanı təqdim edir…

Zimhəri 10

Doqquz illik “yuxudan” ayılan Qarışqa istəksiz də olsa evdə, həyət -bacada qurdalanmağa, adamlarla kəlmə kəsməyə başlamışdı …

Bir səhər qamış səbəti götürüb yarpaqları tökülüb meyvələri ifşa olan sirr kimi açıqda qalan armud ağacına yaxınlaşdı.Bu armud həmişə bütün meyvələrdən sonra-yerə qırov düşəndə dərilər, zirzəmidə, əl damında taxçalara düzülüb novruz bayramını gözləyərdi. Adına “daş armud” deyilən bu iri, çay daşı kimi ağır və hamar meyvə o həndəvərdə onlardan başqa heç kimin həyətində yox idi. Özü də lap çəpərin dibində cərgə ilə əkilmişdi. Düz beş dənə nataraz, gövdəsi iri fırlarla dolu ağaclar idi.

Başqa ağaclar bir il çoxlu bar verəndə növbəti il “alaqısraq” qalardı amma “daş armud”u nə yel vurardı, nə azar. Hər il çıtırğan gətirən, dəm çayniki boyda meyvələrin ağırlığından ağaclar şikəst olub tökülməsin deyə budaqların altına ya vələs ağacından ya beton üzüm dirəyindən, ya da dəmir armaturlardan dayaq vurulardı.

Beləcə ağaclar verdiyi məhsulu qol-budaq olmadan noyabrın axırınacan saxlayıb təhvil verər, dayaqlardan arınıb dikələn budaqlarını dəstələyib  alnı açıq, üzü ağ qış yuxusuna gedərdi.

Novruzda vedrə-vedrə bütün qonşulara, kənddəki hətta qəsəbədəki yaşlılara, xəstələrə, hamilə qadınlara pay gedərdi amma yayın ortalarınacan qurtarmazdı bu bərəkətli meyvələr.

Bir də anasının bir adəti var idi, ən birinci dərilərn iki vedrə çəpərin o üzündəki Bikə arvada verilərdi “göz haqqı” olaraq.

Sonrakı iki vedrə kəndin ən axırında təkcə yaşayan Dəli Hilala göndərilərdi “binava haqqı” kimi.

Daha sonrakı iki vedrə zirzəminin ən qaranlıq yerinə döşənmiş ayıdöşəyi budaqlarının üstünə sərilər, bir də növbəti il armud dəriləndə ortalığa çıxardı “dibin bərəkəti” üzülməsinə deyə.

İndi isə…

Yiyəsizlik armud ağaclarının da gözünün odunu, canının təpərini almışdı.

Elə bil eyni istiqamətdə şah budaqları əllə sındırıb bir üzlü siyirmişdilər bütün ağacları.

Meyvələr də ala-seyrək, olanı da birböyürlü, qurdlu, qoturlu bitmişdi.

Ağacların, güllərin yetimliyi insanınkından betər olarmış.

Fikirli-fikirli səbəti doldurub əl damına üz tutmuşdu ki, darvaza astaca döyüldü.

“Yəqin Kəköyün uşaqlarıdı, nəsə istəməyə gəliblər” deyə düşündü.

Kəköy Elşən evlənib ailə başçısı olsa da pisniyyətliyini, qaraçılığını yerə qoymamışdı, hər gün uşaqlarını qapılara göndərər kimdənsə nəsə istəyədırdi.

Özü kimi kəköy olan iki oğlan qonşuları cana yığmışdı:

-Atam deyiy biy siqayet veysin.

-Anam deyiy iki soğan veysin.

Axırda qonşular yığılıb bir tığ soğan, kartof, mer-meyvə, qənd-çay, hətta kibiritə, papirosa qədər gətirib “A Kəköy gözün doysun, uşaqları da özünə oxşadıb pis öyrətmə” deyə tənbehləmişdilər, di gəl ki “gəzəyən gəzəmməz, gəzməsə dözəmməz” deyimini ölməyə qoymayan Elşən idimdən əl çəkmədi.

“Elə bu səbəti verərəm əl çəkərlər” düşüncəsi ilə qapını açanda duruxdu.

Ağır xəstəlikdən səksən yaşlı qocaya dönmüş Doğru Qamət əlinin altında əsim-əsim əsən çəliyə söykənib güclə dayanmışdı.

Aman Allah, o boyda adam nə günə qalmışdı?

Qaşları, kiprikləri tökülmüş, sifətinin dərisi boş torba kimi sürüşüb sallanmış, iri, qara gözlərinin ağrıyla qarası qarışantəhər olmuşdu.

Dişləri töküldüyündən dodaqları yumalanıb ağzına girmiş, burnu, çənəsi tiyə kimi itilənib qabağa çıxmışdı.

Qamətin xəstəlikdən tanınmaz hala düşdüyünü, bu gün-sabah öləsi olduğunu demişdilər, amma bu halda olduğu ağlına da gəlməzdi Qarışqanın.

Dizlərinin təpəri kəsilib əlindən qopan səbətlə bərabər küləyin süpürüb qapının ağzına topladığı xəzəllərin üstünə çökdü:

-Noldu sənə, ay qardaş?

-“Mənəmi?” -dedi güc-bəla eşidiləcək səslə, elə bil daxili orqanlarına yayılıb kök atmış xərçəng səsini də sümürüb ipdən asmışdı-“mənə heç nə olmayıb, bir az naxoşlamışam.Sən necəsən?”

“Heç nə olmayıb, bir az azarlamışam”, yarı canı əriyib yoxa çıxan adamın dilindən çıxan sözə bax .

-Həə, onu deyirdim axı pəncərədən gördüm armud dərirsən gəldim nobar edim, neçə ildi yemirəm daş armud.

Ağzında bircə dənə də diş qalmayan, danışanda çənəsi əsən bu zavallının daş armud yeməyə gəlməyi boyda yalan olmazdı.Demək, fələyin çərxi doğrudan da tərsinə dövran edirdi ki, ölüm olsa dilinə yalan gətirməyən Doğru Qamətin bəhanəsi də yalan olmuşdu.

İkinci dəfə idi yalan deyirdi ona.

Birincidə olduğu kimi yenə üstünü vurmadı bu müqəddəs yalanın. Sakitcə:

-“Keç skamyada otur, zirzəmidən yumşağını gətirim, bunlar qaya çarpanası kimidi diş kəsən deyil.”-deyə pilləkan altından zirzəmiyə açılan qapını itələyib içəri girəndə gözləri böyüdü, qorxulu filmlərdəki xarabalıqlara dönmüşdü zirzəmi.

İridən xırdaya cərgələnmiş qovurma və yağ küpləri, şoraba, mürəbbə, kompot bankaları, doşab və şərab bidonları üst-üstə hörülüb toz yığmış hörümçək torlarından güclə görünürdü.

“Demək, anam o vaxtdan buranın qapısını açmayıb” deyə ürəyində vaysınıb küncdəki “bərəkət yeri”nə tərəf addımladı.

Ovulub samana dönmüş ayıdöşəyi şaxının üstündə içini siçanların çoxdan yediyi armudların qap-qara saplaqları Qamətin kalafaya dönmüş ağzını xatırladan boş qabıqların üstünə tərəf əyilmişdi.

Sən demə, göyün üzü dönən gündən yerin bərəkəti də qaçıbmış.

Zirzəmidən çıxanda Qaməti skamyanın qabağında üzü üstə yıxılmış görüb qışqırdı:

-Anaaa, tez bayıra çıx.

Anasının heç nə olmamış kimi ağır-ağır həyətə düşməsinə mat -məəttəl qalıb yenidən qışqırdı:

-Ay qurban olum, xan bağına seyrəmi çıxmısan, görmürsən binəva necə sərilib yerə?

Qadının fəri sönmüş gözlərində istehzalı, ağrılı bir təbəssüm rəqs edib keçdi:

-O binavə neçə vaxtdı gündə əlli dəfə yerə sərilir ay səni doğan ölsün, sən nə ölüyə tay oldun, nə diriyə, səni hara qoyum?

Başı dostunun hayına qarışmışdı deyə anasının sözləri tam çatmadı Qarışqaya.

“Sərili binavə”ni birtəhər qaldırıb oturtdular. Səsə qapını qoyub çəpərdən aşan qonşu feldşer sehrbaz cəldliyiylə şprisə qan rəngli dərman çəkib ordaca oğlanın venasına yeritdi.

Haçandan haçana özünə gələn xəstə  güclə çıxan səsini başına atıb bayatı deyəndə Qarışqa lap heyrətləndi:

“Halallığını arxasından alır, oxumağına bax”.

Amma bu oxumaq oxumaq deyildi, ağı idi, mərsiyə idi elə bil:

-Əzizim, gülü xara,

Köynəyin gülü-xara.

Gördülər bülbül ölüb,

Qıydılar gülü xara.

Özünü çatdırmış qardaşları qoluna girib onu həyətdən çıxaranda darvazanın ağzında geri qanrılıb eyni bayatını birdə oxudu sonra da “haqqını halal elə, qaqam, bu Yalançı Qamətə haqqını halal elə” deyib üzünü çevirdi.

Heç yarım saat keçməmiş məhəllədə vay-şüvən qopdu: -Doğru Qamətin yalan dünyadan ayrılmağı bütün tanıyanlarına beləcə dağ çəkdi.

 

***

Zavallı qonşusunun ciyiltili səslə oxuduğu o dördcə sətir feldşerin “sehrli” iynəsindəki qan rəngli maye kimi yeirmişdi beyninə.

Bütün günü qulaqlarında çingildəməyi bəs deyilmiş kimi gecə yuxusuna da girirdi.

Elə bil uzun illər hər xəlvətə düşəndə bu bayatı ilə özünə ağı deyəcəyini əvvəlcədən çatdırdılar ona.

Bu şüurunda dərin izlər qoyan ikinci nəğmə idi.

Birincisi Sədinin “Ey sarvan ahəstə get” qəzəli idi.

Kənddə gözəl səsi olan iriqarın, orta yaşlı Teymur adlı bir kişi var idi, kimin balaca yığıncağı olsa onu oxumağa çağırardı, o da adəti üzrə məclisə bu qəzəli muğam üstə oxumaqla başlayardı.

Gözəl zəngulələr vura-vura qəzəlin bütün sözlərini düzgün oxuyar, di gəl ki “Ol sərvə uymuşdur könül” əvəzinə hər dəfə “uymuşam ona mən” deyirdi, bu da o boyda yanıqlı oxumağın içinə bir küp bəkməz qoyurdu.

Bir dəfə özünü saxlaya bilməyib:

-Əmi, orda “ol sərvə uymuşdur könül” deyir-demişdi.Məclisdəkilər ağız-ağıza verib uğunmuşdular:

-Başın batsın, Tombili, düşdün Qarışqanın dilinə.

-Düz oxu də, ay Temiş, üstümüzü unlu görüb adımızı dəyirmançı qoymusan?

Onda Teymur dədəsinin goruna and içmişdi ki, Sədinin kitabında necə yazılıb elə də oxuyur, bu bir barmaq uşaq (onda Qarışqa ibtidai sinifdə oxuyurdu) nə qanır qəzəl nədi, mən boyda kişini qoyub ona inanassız?.

Onda bibisi onu qırağa çəkib arxasına şapalaqlamışdı:

-O boyda kişiyə ağıl öyrədirsən, səni doğan irəlidə öləydi.

Onda bibisinin sözlərinindən bir şey başa düşməsə də doğru sözünün yalanlandığı çox incitmişdi onu.

Evlərinin yanındakı tapçanaya çıxıb ağlamışdı.

Bir adəti var idi, ya balacalıqdan heç kimin yanında ağlamazdı, kimsə xətrinə dəysə qaça-qaça özünü tapçanaya çatdırar, o yan-bu yana baxıb heç kimin görmədiyinə əmin olandan sonra ağlayardı.

Evdəkilər o yerin adını “Qarışqanın acıq evi” qoymuşdu.

Həmişə ağlayıb evə qayıdanda anası qollarını açıb qabağına çıxırdı:

-Ay Allah, balam acıq evindən qayıtdı.

Haqsız yerə danlayıb “acıq evində” ağlayanda uşaqlıq dostu qəfildən qarşısında bitib:

-Qaqam,-dedi,-indi ki o boçka səni yalançı çıxardı gəl biz də onun muğamını gözündən gətirək.

Gözlərinin ikisini bir əliylə eninə silib ayağa duraraq:

-Necə edəcəyik ki? -deyə maraqla soruşanda dostu dedi ki “bəs sabah saat dördün yarısı “Yarpızlı bulaq”da yeyib-içməyə gedəcəklər bulağın yuxarısındakı qayanın dibinə də qəşəng kötüklər yığılıb”.

Əlavə sözə ehtiyac yox idi, ikisi də işini bilirdi.

Səhəri gün bulaq başına gələnlərdən xeyli erkən gəlib kolluqda gizləndilər.

Ocaq qalanıb şişlər közə düzülən kimi Teymura bir çappa stəkan araq verib oxumağa durğuzdular.

Yazıq kişi fəthindən şişə-şişə verilən pulları qoltuq cibinə basıb “ala buluda qalxmışdı”.

Məlum misraya çatıb  “Uymuşaaam” deməyiylə yuvarlaq kötüyün baldırına dəyib kişini aşırmağı bir oldu.

İkisi də sivişib qayanın o bir üzünə keçərək baş barmaqlarını dikəldərək bir-birinə “əla” işarəsi verdi.

Aşağıdakılardan kimsə :

-Ay başına dönüm, bu da azlığı kəsilmişlər kişini öldürmüşdü -deyəndə bərk qorxdular amma bir az yuxarıdan gedən inəkləri görüb rahat nəfəs aldılar.

Bəlkə hələ də o kötüyün babalı inəklərin boynunda qalıb, amma həmin gün “uyan” Teymur ondan sonra nə vaxt oxudusa,  “uymuşam” sözünü dilinə gətirmədi.

Beləcə həmin misranın izi yeniləndi atlı qarışqanın zehnində.

Amma bu dörd misra heç vaxt yenilənməyəcək, ağırlaşdıqca ağırlaşıb onun qaysaq tutmaq bilməyən yaralarını çox qanadacaqdı.