Ölən mənəm, amma sən baxırsan məzarımdan.

Loading

“Partizan”  Şəhriyar Heydər`in  şeirlərini təqdim edir…

Gəl, biz it hürən tərəfə gedək, şair,
Bəlkə sahibi ölüb,
Ya da acdır neçə vaxtdır,
Yox, işıq gələn tərəfi unut,
Həm də gördüyün qaranlıq deyil
Qaranlıq görə bilmədiyin yerdir.
Məsələn: O ucsuz bucaqsız səhra,
Balıqsızlığından intihar etmiş dənizdir.
Gördüyün o xərçəng, yosunsuzluğunu ovudur, hər iki əlində qayçı, saçlarımızı kəsməklə.
Yuxuda göydən yerə çırpılaraq oyanmağın,
Qisasıdır quşların, yastığındakı lələklərinin.
Bu nədir,
Çıxart başından ölməyi,
Qorumaz o səni ayrılığın şaxtasından.
Sən ümidlərini qalın elə, ümidlərini
At o əlindəki xəritəni,
Orda verilməyib Azadlığın koordinatı.
Gəl, biz it hürən tərəfə gedək, şair,
Yol boyu yandıraq qaranlığı,
İşığında hamı görsün, Yeri.
Hələ də çiçək hədiyyə edir,
Onu güllələyənlərə.
Gör, nə gözəl nümunədi bu,
Bağışlaya bilməyənlərə….

 

***

Bir adam tanıyırdım,
Sevinci hər kəslə bölüşəcək qədər
Səxavətli,
Heç kimi dərd yeməyə qıymayan xəsis
Biri.
Bir adam tanıyırdım, suyu qurumuş quyu.
Oda bənzəyirdi bir suyu.
Gözləri çarmıxa çəkilmişdi
Dörd yolun ortasında.
Cinayət törətmişdi, sevməklə.
Cəzalandırılmışdı ömürlük gözləməklə.
Üzü ağ idi, günü qara,
Alnı açıq idi, qapısı bağlı.
Ürəyi hər kəsin sığa biləcəyi qədər geniş
Bir damcı nifrəti saxlaya bilməyəcək qədər
Balaca idi.
Bir adam tanıyırdım,
Ölümə yaşı çatmırdı.
Yaşamaq üçün çox qoca idi.
Bir adam tanıyırdım,
Ədəbi samuray idi,
Qələmi ilə xarakiri etdiyi ürəyindən.
Tökülərdi
Vərəqlərə laxta-laxta şeir.

 

***

Bütün şairlər zəifdir,
Ağacların kədərini qələmə almaqda,
Kitablarından bilirəm.
…….
Yetər ki insanlar əl-ələ tutsun
dövrə vurmasa da olar,
Yer onsuz da dönür
……
Adamlar torpağı qorumaqla,
Məhv etdilər Yeri.
……
O, İldırım vurmuş tək ağac
Elə mənəm.
Təklikdən gözlərimdə
İldırım çaxanda bildim.
…..
Mən qaranlıqda belə işıq görürəm,
Məsələn: Gözlərimi yumub
Səni xəyal edəndə..
…….
Bizə görə həyatdır Günəş
Buza görə ölüm.

 

***

 

Şəklin baxır evimin
Başdaşı divarından
Ölən mənəm, amma sən
Baxırsan məzarımdan.
…..
Şeirlər oxuyuram
Mən yasin əvəzində
Nə fərqi ağlayıram
Sənə hansı vəzndə.
…..
Yoxluğun cəhənnəmdir
Gör necə odlanıram
Sənin günahlarının
Yerinə mən yanıram.
…..
Tərslikdən də şəkildə
Baxırsan gülə-gülə
Mənimsə gözlərimdən
Yaş axır gilə-gilə
….
Şəkildə də gülüşün
Saxtadır, gülməlidir
Yalançı olduğunu
Mən onda bilməliydim.
….
Sən o şəkildən mənə
Baxdıqca , gülə-gülə
Yaş olub, gözlərimdən
Düşürsən, gilə-gilə