“Partizan” Lamiyə Həbibovanın “Gedə bilmək və anlamlar haqqında” yazısını təqdim edir.
Dünya fırlanır, təqvimlər keçir, insanlar hər gün planlar qurduğu səhərlərə gözlərini açır və yumurlar.
Bir daha yazıb-yazmayacağım barədə tərəddüd keçirdiyim zamanda yaşadığım həyat məqamını bölüşmək arzusunda olarkən tapdım özümü və beləcə, yazı özünü yaratmağa başladı. Bu yazı Avropada keçən acılı-şirinli günlərimin son xatirəsidir. Necə deyərlər, last, but not least.
Bu sonun başlanğıcı tezis oxuma-yazmaları ilə başladı. Akademiyanın ən hövsələdaraldan məqamına heç cür dil tapa bilmədiyim bir bəndə ilə yola çıxmış, onun cızdığı yolda yeriyib öz səbr ağacımı əkməyi bacarmışdım. İnternetdən ən məhsuldar istifadə etdiyim zamanlarda yunan-latın klassiklərini oxuyur, aylarca imperial Roma hamamlarını və yuyunmağın əhəmiyyətini araşdırırdım. Bu zaman Gənc Plininin ‘Məktublar’ı, Pauzaniasın ‘Yunanıstanın təsviri’, Vitruvinin ‘Arxitekturanın 10 kitabı’, Libaniusun ‘Antioxiyanın mədhiyyəsi’ və bir çox digər klassiklər heç vaxt bağlanmamaq üzrə yazı masamda görüşürdülər. Tezis yazmaq hər nə qədər uzun, yorucu və bilinməzliklərlə dolu olsa da, iyul ayının cırhacırında tale rast gətirib yolumu Romadan salanda anladım ki, mən də həmin yazarlarla birlikdə ehtişamlı hamamları ilə Şərqə və Qərbə səs salan əyalətləri gəzmiş və döngələrlə dolu Roma küçələrində sonsuz günlər yaşamışam. İndi hər ölkədən xatirə gətirdiyim müxtəlif hədiyyələrə baxanda gözlərim öncə yeridiyim yolları, ucsuz-bucaqsız döngələri görməyə başlayır. İndi anlayıram ki, hər qarışına imperiyalar sığan bütün yollar, doğrudan da, Romaya aparırmış və Romanı yaşadım deyə bilmək üçün o antik mənbələrin oxunması bir zərurət imiş. Bu yaxınlarda dostum Məlikrzaya da söyləmişdim ki, ədəbiyyat və yazı tarixin içindən doğur və biz hələ də hadisələri ilk dəfə 18 yaşlı ruhlarımıza səpilən hekayələrin fərqli rəngləri ilə görür, təsvir edirik.
***
Nəhayət ki, bir gün olmaz dediyim şeylər oldu, bitməz dediyim tezis yazısı bitdi və Varşavaya qış gəldi, həm də çox erkən. Varşavada keçirdiyim üçüncü qışda anladım ki, mənim də həyatım bu şəhərdə – fırfıranın içində üç dəfə dəyişib. Saçlarım üç dəfə uzanıb, gözlərim həyatı üç dəfə daha açıq görüb, ayaqlarım isə üç dəfə daha çox yeriyib. Yorulmaz, dincəlməz yay günlərindən sonra həyatın istidən soyuğa ani keçidi ikindi vaxtı gələn fanilik hissi kimi duruxdurucu olur. Post-tezis mərhələsi dönəmində anladım ki, ilk günlərdən etibarən Avropada cismimin getməyi öyrəşdiyi bir yol, beynimin bitirməyə kodlandığı bir məqsəd olub. O təbii məqsədi başa vurub yeni məqsəd yaratmağın artıq qəlbimə xidmət etmədiyinin fərqinə vardıqdan sonra həyat ritmim bir anda dəyişdi və bu qəbullanış “gedə bilməy”in məziyyətini göstərən ilk çağırış oldu mənim üçün.
Varşava hər zaman günəşli gəncliyimin içərisindən yeriyib getdiyi dumanlı bir şəhər olaraq qalacaq yaddaşımda. Üç il əvvəl Azərbaycanla bağlı hər şeyi geridə qoyub, sabahlara dair ən kiçik təssəvvürümün belə olmadığı bu şəhərə dumanlı gündə ayaq basmışdım. Yerli əhali tərəfindən ən az sevilən, sovetlərdən hədiyyə olan və rus arxitekt Lev Rudnev tərəfindən dizayn edilən “Сталинские высотки” stilli Mədəniyyət sarayı belə bu şəhərdə öz tarixi yaddaşını daim dumanlarla gizlətməyə çalışır.
Varşavada keçən üçüncü qışda anladım ki, qarlı havalar, boğaz alışdıran vodka, sirkəli buğda supu, iki addımdan bir rast gəlinən Żabka, və günorta saat 4-də gələn qaranlıq slavyan tənhalığı mənim etnik yaddaşıma yaddır. Başqa ölkələrin insanları ilə nə qədər fərqli olduğumuzun fərqinə yalnız soyuq günlərdə varırıq, çünki soyuq günlər ölkələrin etnik yaddaşının güzgüsüdür. Soyuq havalar insanların özünü, həqiqi yaşam rənglərini və geyim tərzini ortaya çıxarır, soyuq münasibətlər kimi.
Üçüncü ilin sonunda taleyimin məni yetirdiyi düşüncə tərzini üç rəqəminin atalardan gəlmə müdrikliyinə bağışlaya bilərəm və ya bəlkə də, doğum günümün məntiqi dayanacağına.
Avropaya köçmək, gəncliyim adına verdiyim ən inqilabi və gözəl qərar idi. Üç il öncə hər şeyin arzu kimi başladığı yol üçüncü dəfə də Yeni İli evdən, Azərbaycandan uzaqda keçirmək istəmədiyimi bütün varlığımla hiss etdiyim anda zamanlı bir qərarla sona yetir. Kim bilir, gələcək yaşlarımda daha nə qədər əlvidalar deyəcək, nə qədər inqilablar edəcəm?!
Son olaraq, bu illər ərzində mənə məktəb olan Avropa həyatını bir neçə cümlə ilə yekunlaşdırmaq istərdim;
Sevgiylə qıyılan bir cüt göz insanı sağalda bilər, bir sənət əsərinin qarşısında dayanıb sevilən musiqinin dinləmək insanı müəyyən həqiqətlərə çatdıra bilər. Qaçhaqaçın tən ortasında dayanıb müşahidə olunan bir an insana həyatın içindən gələn səsləri eşitdirə bilər. Sevgi insanı yenidən inandıra və öz taleyinin izi ilə ucalda bilər. Dünya fırlanır, təqvimlər keçir, insanlar hər gün planlar qurduğu səhərlərə gözlərini açır və yumurlar. Əlvida, Şimal şəhəri…