Turşəng çiçəkləri – Xarakiri edən yazıçının hekayəsi

Loading

Yukio Mişima 1925-ci il yanvarın 14-də anadan olub. 1947-ci ildə Tokio Universitetinin hüquq fakültəsini bitirib. On altı yaşında ilk hekayəsini çap etdirib. 1949-cu ildə yazdığı “Maskanın etirafları” romanı yazıçıya uğur qazandırıb. “Yasaq rənglər”, “Sevgiyə təşnə”, “Qənirsiz ulduz”, “Markiz de Sad”, “Qəzet”, “Yayın ortasında ölüm” və s. əsərlərin müəllifi olan Yukio Mişima iki dəfə Nobel mükafatına namizəd göstərilib. 1970-ci il noyabrın 28-də yazıçı intihar etməklə həyatına son qoyub. Onun ölümündən sonra 1988-ci ildə Yukio Mişima adına mükafat təsis edilib.

“Partizan” Yukio Mişimanın “Turşəng çiçəkləri” hekayəsini təqdim edir.

O, cibindəki topu çıxarıb var-gücü ilə mavi səmanın dərinliklərinə tərəf tulladı. Səma isə topu qəbul edib özünə tərəf qaldırdı və tezcə də geri qaytardı.

Oğlan topu tutaraq yenidən onu havaya atdı –bununla o, elə bil ki, Səmanı fəth etmişdi.

Sonra isə o, havanı dərindən ciyərlərinə çəkdi. Hələ indiyə kimi nə evdə, nə də küçədə o, bu cür nəfəs almamışdı. Aldığı isə nəfəsdən daha çox yeməyə oxşayırdı. Ağzını tamamilə hava ilə doldurarkən oğlan mavi Səmanın, ağ buludların qəribə dadını və qoxusunu duydu. Bu qoxu və dadın haradan gəldiyini bilməsə də, hiss etdi ki, onların mənbəyinin yerini bilir.

Onun ürəyi yenidən sevinc, şadlıq hissi ilə döyünməyə başladı.

Bunu ona Həqiqətin anlamı – dadın və qoxunun mənbəyi bəxş etmişdi. İndi oğlan torpağın mahiyyətini başa düşmüşdü.

Torpaq isə ürək döyüntüsünə bənzəyən rəqsinə başladı. Meşə və meşədəki bütün varlıqlar bu rəqsə münasib musiqi ifa edirdilər. Oğlan hər şeyi – musiqini, rəqsi başa düşürdü. Meşə oxuyurdu, onunla bərabər təpənin şimalındakı yamyaşıl otlaqlar, hətta xırda quşlar da səs-səsə verib oxuyurdular. Belə vəziyyətdə o, hətta xırda quşlarla həmsöhbət olub danışmaq iqtidarında idi.

Oğlan ta meşənin ətəyinəcən gəlib çatdı və özü də bilmədən yolunu azdı. Ay bərq vururdu. Qəfildən qaranlıqdan ona tərəf bir nəfər gəlməyə başladı.

– Hara gedirsiniz?- deyə oğlan ondan soruşdu.

-Mən səyahətə çıxmışam, amma evdən bəzi şeyləri özümlə götürməyi unutmuşam, – deyə kişi cavab verdi.

– Evdən? Siz yəqin ki, təpədəki boz rəngli, “həbsxana” deyilən, köhnə, atılmış ev barədə danışırsınız?

– Bəli, elədir ki, var. Mənim evim “həbsxana” adlanır, – deyə kişi təəccübünü gizlətmədən cavab verdi.
– Siz çox güman ki, məhbussunuz və həbsxananızdan nəyi isə özünüzlə götürməyi unutmusunuz? Əgər unutduğunuzu tapsanız, yenidənmi qayıdıb gələcəksiniz?..

Oğlan kişinin baxışlarından tutdu və gözlərini uzun müddət onlardan ayırmadı. Oğlanın gözləri payız gölünə bənzəyirdi və o dərəcədə təmiz idi ki, hətta onun dibindəki qum dənəciklərini bircə-bircə saymaq olardı. Bu təmizlik özünün bütövlüyü ilə kişini qorxutmuşdu… Əsl mirvarini görəndə adam əlini birdən-birə ona toxundurmaqdan çəkinir: çünki o öz təmizliyinin sirləri ilə adamı qorxuya salır.

– Bəli, elədir ki, var, yenidən qayıdıb gələcəyəm, – deyə kişi cavabında bildirdi.
O, hələ daha nəsə demək istəyirdi, amma oğlan buna imkan verməyərək özünü kişinin üstünə atdı, sifətini ona uzanmış əllərin arasında gizlədərək ağlamağa başladı…
Hündürboylu ağacın başında özünə yer etmiş bülbül də oğlanın səsinə səs verərək ağlayırdı.
– Siz gərək oradan çıxmayasınız!.. Belə olan təqdirdə bizə bu təpədə oynamağı qadağan edə bilərlər… Geriyə, öz boz evinizə qayıdın!

Kişi dərindən nəfəs alaraq aya nəzər saldı. Onun gözləri də Axakionun gözləri kimi tərtəmiz idi.

– Mənim uşağım vardı, sənin kimi balaca oğlan uşağı…

– Bəs o, indi haradadır?
– İndi o, qağayı olub dənizin üzərində uçur. Dalğaların arasında gümüşü balıqların ovuna çıxarkən boynunu suya uzadıb deyir: “Axşam çağı boz dənizdə canıma qıyıb məni öldürdülər. Qatilim isə dənizin dibində, dərin qaranlıqlardadır. O, ta ki, üzə çıxmasa mən dənizin üzərindən sallanıb onun yolunu gözləyəcəyəm”…

– Bununla nə demək istəyirsiniz?
Kişi sözünə davam etdi:
– Yazıq qağayını öldürən şeytan dənizin üst qatında özünə yol tapdı. Bilirsən həmin yolu ona kim göstərmişdi? Sən… Buna görə də mən səni xoşbəxt edəcəyəm. Mən həbsxanaya qayıdıram.
Məhkum meşənin kənarında oğlanı tərk edərək təpəyə çıxıb özünün boz evinə qayıtdı.
Aradan düz bir il ötdü.
Turşəng yenidən çiçəkləyəndə həbsxananın qapıları taybətay açıldı və məhkumluq müddəti başa çatmış kişi azadlığa çıxdı. Oğlan dostları ilə birlikdə dayanıb səbrsizliklə onun yolunu gözləyirdi.

Kişi heyranlıqla ətrafı nəzərdən keçirdi:

-Oxay! Hər tərəf parlaq işıq saçır! Həyat necə də gözəlmiş?!
Uşaqlar kişinin yanına yüyürüb çəmənlikdə onun ətrafında oturdular. Hər tərəf, hər yan turşəng çiçəklərinə qərq olunmuşdu.

Uşaqlar dönüb aşağıya – təpəyə tərəf baxdılar. Oradan qara rəngdə, nə isə böyük bir şey onlara tərəf hərəkət edirdi. Bunlar qadınlar idi. Axikonun anası, Tosikonun anası. Üç, dörd… onların addımları soyuq və hərəkətsiz idi. Qadınlar yaxınlaşıb uşaqlarının qollarından yapışaraq:

-Sən bu əllərinlə cinayətkara toxunmusan?

Sonra da nifrətlə kişiyə baxıb: – Zibil!.. – dedilər. Daha sonra isə dəsmallarını çıxarıb uşaqların əllərini sildilər. Kişi lal-dinməz dayanıb qadınların hərəkətinə göz yetirirdi. Qadınlar səslərini ucaldaraq onun başına qışqırırdılar. Kişi sakitcə yerə əyilib turşəng çiçəklərindən dərərək uşaqlara paylayırdı. Sonra da heç yana baxıb -boylanmadan başını götürüb buradan uzaqlaşdı. İndi hər bir uşağın sağ əlində turşəng çiçəyi vardı.

– At bunu! At deyirəm! – Analar uşaqlarının başına qışqırırdılar.

Turşəng çiçəkləri. Günəş qürub etdiyi bir vaxtda torpağın üzərinə düşərək saralmaq əvəzinə bərq vururdu.

Eh, turşəng çiçəkləri: sərin çəməndə qızıl kimi parlaqdır…