“Partizan” Ayün Fikrətqızı`nın şeirlərini təqdim edir…
Dilemma
… Yığıb xatirələrimi
öz içimə köçdüm,
səssiz-səmirsiz.
Otaqlar titrəyir,
divarlar təkrar edir
heca-heca pıçıltılarımı…
Asılı qalıb qollarım
dünənlərə.
Ömrümdən
bir də sən keçdin
dalğa kimi…
Gedişində
damcı-damcı üzdüm
əllərimi
gəlişindən…
İndi gecələrim hayqırır,
yarasaların tavanlara
qanadlanır…
Xarabalıq qoxusu nəfəsimi əsir alır…
Zülmətdən hürkən, kirpiyim
gözlərimi qucaqlayır.
Və qorxulu yuxular…
***
DƏNİZ VƏ MƏN
Mavi ətək sürünür
üzərimə,
sənin adını xışıldayır
qum dənəcikləri…
Ağrıdır məni
yoxluğuna duz kimi səpən
bu sahil.
Səndən xəbərsizəm…
Bir az da utanır
sual dolu baxışlarımdan.
Heysizcə
qollarımı qucaqlayır,
sevgisinə diz çökmüş
ruhum,
şeytanın qalibiyyət nəğməsinə
qulağını tutsa da…
Gözlərim də dəniz kimi
ləpə vurur sabahlara…
Zaman
yoxluğunun
qara libasına bürünüb. Qayıdıram… Sənin dənizin də laldı
yoxluğun kimi…
***
QARIŞQA YUXUSU
Bəzən qarışqa kimi şeirə daraşan sözlərin
üzərinə
bir qaşıq əsəb tökürəm…
Şeirdən qaçaraq yıxılan sözlərin
qarışqa qədər də olmadığına gülürəm…
Hər kəs sevdiyi qədərdir…
Bəs sözləri bunca incitməyin günahını kimin ayağına yazacaqsan, İlahi ?!
Ustad yekəxanalığının yanından
barmaqlarının ucunda, səssizcə ötüb
keçir
misranın həyası
Kövrəlirəm…
Qalın-qalın kitablar oxumaq deyil
Könlü icə saxlamaq
Sözün üzünə gülümsəmək
bəlkə də Allahı aldatmaq isteyidir.
Mən arzularımın məndən dönmək
ümidini
itirdiyi yerdəyəm…
Bir az da bərkdən oxu bu şeiri
Sözlər qulağını tutub yad səslərə…
Yenə qışın ayağı altında diksinən ayrılıqlar çıxır yola…
Dəfn olunmuş sevgilər qarışqaya dönür…
***
DÜNYANIN ALIN YAZISI
Səni İttiham etmirəm,
həbsə atacaq zindanım yox…
Ovuclarında savaşları tutub,
ac uşaqların səsinə utanır gecələr,
Hayqırtıya diksinir sükut çökmüş məzarlar.
Dilənçilərin boş əlləri
şaxtada çatlayır…
Sənin alın yazın bu… Edam kəndiri, sevincdən qanad açır
havaya
Alovlanır hüzur silahlar səbəbindən…
Buldların gözləri yaşarır,,
Dünyanın çəkdiyi siqaret tüstüsünə.