Ahım bulud olub xəyalım şimşək

Loading

“Partizan” Rza Rzayevin şeirlərini təqdim edir…

Bu Vətən…

Təbəssümün boynubükük,həyalı,
Elə bil bənövşə çiçəyi imiş.
Ahında adicə ah deyilmiş ha
Ahların gözəli, göyçəyi imiş.

Yurdundan didərgin qaçqını gördüm,
Sinəmdən çay axdı,daşqını gördüm
Başbilən,sərkərdə eşqini gördüm
Eşqlərin əsili,gerçəyi imiş.

Kirpiyin nizədi,kirpiyin ox bir,
Zirvəyəm başımda şimşək ol çax bir
Əlimə geydiyim əlcəyə bax bir
Arzunun,umudun əlcəyi imiş.

Bu Vətən nə boyda,uca-şaqqalı,
Bu Vətən əsgərdi beli toqqalı.
Bu Vətən atamın saçı,saqqalı
Anamın ağappaq birçəyi imiş.

Gəzir məni.

Dərdin gəlir qoşun-qoşun,
Qaçammıram əzir məni.
Gözündə itkin düşmüşəm
El yığılıb gəzir məni.

Od tökənsən,qor umanam,
Yandırsan buz-qar umaram
Cangüdənəm,qorumanam
Bilmə adi gizir məni.

Vurmaq üçün qol istəməz,
Məncə nökər,qul istəməz
Mələklər mal-pul istəməz
Vermə göyə nəzir məni.

Düşdüm qəlbin qınağına
Dəyəmmədim qonağına
Dodaqlarım yanağına
Busə-busə düzür məni.

Zamanımsan anındayam,
Sübh çağısan,danındayam
Sultan olsan yanındayam
Seç özünə vəzir məni.

Mehin əsib,ötüşübdü,
Sınıq könül bitişibdi
Nağılların yetişibdi
Alma-alma üzür məni

Gözündə itkin düşmüşəm
El yığılıb gəzir məni.

Burda

Günəşi görünmür,çəməni yoxdu,
Ürək buz bağlayıb,qış olub burda.
Umudun tarlası yanıb, quruyub,
Arzular dən gəzən quş olub burda.

Bu yerin üzündən qaçmaq istədim,
Tanrının yanına uçmaq istədim,
Göylərin qaplsın açmaq istədim,
Baxdımki əllərim daş olub burda.

Tanımır dünyanı baxtım yol azıb,
Nə gecə,nə gündüz,vaxtım yol azıb
Yolumda çaş qalıb, baxdım yol azıb
Gedib başqa səmtə,tuş olub burda.

Görgünən bax nələr,nələr olubdu,
Dərdin də ürəyi dərdlə dolubdu.
Duman dizin döyüb, başın yolubdu,
Lalənin gözündə yaş olub burda.

Ömür bir ağacdı budanıb gedir,
Yarpaqdan kökətək oddanıb gedir,
Göz baxır, dayanmır su damıb gedir,
Baş gəzmə,ayaqlar baş olub burda.

 

Taxtıma mənim.

Ahım bulud olub,harayım şimşək
Yanağım aşağı axdıma məni
Qızılgül bəzənib qönçə-qönçədi
Bülbülün gözündən baxdıma məni.

Şah dedin yolum yox mat,mat olmuşam
Həsrətəm üst-üstə qat-qat olmuşam
Susuz dodaq kimi çat-.çat olmuşam
Sən Allah yaxdıma,yaxdıma məni.

Ürək qırx qapıdı sımsimin aç gəl
Ovsunun,sehirin tilsimin aç gəl
Nə olar,nə olar yanıma qaç gəl
Sahib ol tacıma,
taxtıma mənim.

 

Baxdım vuran yardı anam.

Yazın barı gül-çiçəkdi,
Qışın barı qardı anam
Qoyun gedim göy üzünə
Bu yer mənə dardı anam.

Neçə-neçə sirdən keçdim,
Qırx qapıdan birdən keçdim
Qəlbindəki Kürdən keçdim
Üzdüm yaman zordu anam.

Qorumasa kölgə sinə,
Düş təbəssüm kölgəsinə.
Dodaqların bölgəsində
Yandım-yandım qordu anam.

Dəniz qurdum, Xəzər saldım
Bəlkə eşqi bəzər sandım
Dörd tərəfə nəzər saldım
Burda həryan tordu anam.

Söz səpilir dilə dəndi,
Yanaq acdı, gilə dəndi
Gözüm gözdən güllələndi
Baxdım vuran yardı anam.

 

Üstünə

Paltarım oddan biçimdi
Həyat nədi? Suiçimdi
Ömür gündəlik biçindi
Dən-dən topla yığ üstünə.

Koru baxan görmədim heç
Gölü axan görmədim heç
Dərdi yıxan görmədim heç
Yıxmısansa çıx üstünə.

Keç ələkdən ələn bəndə,
Arzuları sələm bəndə
Məni dəli bilən bəndə,
Gəlməginən çox üstümə.

Suyu sevər su sonası
Kimdi sevincin anası?
Əl-ayağın daş xınası
Bir azda çək, yax üstümə.

Azaddiləm dilim işıq
Kərəm qəlbim sənə aşiq
İçim nurdu, çölüm işıq
İnanmırsan? bax üstümə.

 

Mən gəlirəm…

Səmadan daş tökülür
Qan yağır, baş tökülür
Dərd qəlbə tuş tökülür
Fərmanı ver ,imzanı qoy qolla hey
Mən gəlirəm,məni sevən Allah hey!

Toy-düyün orda nədi
Nur,işıq gorda nədi
O yanan qorda nədi?
Dörd tərəfə mələkləri yolla hey,
Mən gəlirəm , məni sevən Allah hey!

Buludam yağışınam
Günəşəm baxışınam
Çəmənəm naxışınam
Göydən yerə əllərini salla hey,
Mən gəlirəm məni sevən Allah hey!