“Partizan” Şəhriyar Del Geraninin şeirlərini təqdim edir…
Sən axı bilmirsən
Üzünnən irağ it kimi darıxmaq nə təhər olur….
Sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.
Sən axı bilmirsən
əlim qurusun-
sənə açmadığım zəng zəhər olur…
günəş zəhər olur
gün zəhər olur,
yağış zəhər olur
yol zəhər olur,
bir qurtum araqla
bir siqaretlə
uzanır gecələr
taa..səhər olur.
***
Kirli köynəyimi yumuşdu anam,
külək bulamışdı… nə bilsin külək?
Mənsə, hirslənmişdim anama onda
anam ağlamışdı… nə bilsin külək?
Bir gün dalaşmışdım qonşu uşaqla,
üstəlik anasın söymüşdüm onun.
Oysa hikkəsindən bir yekə torba
yarpaq tıxamışdı buxarımıza.
Sobamız yanmadı fevral gecəsi,
çayım soyuq oldu, atamız qrip,
mən dedim: “Küləyin işidi yəqin…”
Anam da inandı, nə bilsin anam? –
“Yiyəsi ölsün bu küləyin” – dedi.
O vaxtdan yiyəsiz qalıb küləklər,
bu yetim küləklər nə bilsin axı…
Sən üşüməyəli ikinci qışdı,
ay Allah, kəs görüm bu nə yağışdı?!
Yığışdım özümə, elə yığışdım
para buğdasına söykənib yatan
qarışqa misali elə yorğunam…
Soruşma neçənci qərib soyuğun,
neçənci dostumun uzaqlığıyam.
Həminki qayğıdı bu tifil qayğı,
kipriyimə qədər yorğunam anam…
Bir pişiyim də yox qucaqlayası,
qucağım sinəmdə bayquş yuvası,
barı dost da ölmür yas saxlayasan,
hamı salamatdı, hamı yaxşıdı.
Di gəl, darvazanı külək açdımı,
Bu “darıxmaq” ki var, itin balası!
Hər gün qapımızda gəlib ulayır.
Yox əşi, nə külək… nə bilsin külək?
Kirli köynəyimi yumuşdu anam,
külək bulamışdı… nə bilsin külək?
Mənsə, hirslənmişdim anama onda
anam ağlamışdı… nə bilsin külək?
***
Gün gəlir
bədənindəki ağrıların
xatirələrə çevrildiyinə inanırsan.
Məsələn, yaxşı bilirsən
Ki,
nevrozun sarışan halları
kimin gedişidi,
kimin gəlməyişidi,
kimdəki keçmişindi…
Xatırlandıqca daha çox inanırsan ağrılarına,
daha çox ağlayırsan keçmişinə,
daha çox udur səni miyanə boşluq…
Bir də
daha çox hamılaşırsan,
daha çox heçkimləşirsən,
daha çox yadlaşırlar dost-doğma adamlar.
Və Allaha bir ömürlük bu duanı pıçıldayırsan:
İlahi, məni bütün bədənlərdə unutdur…
***
Qəribədi
son nəfəsində
su istəyən adam
ayırd edə bilmədi
həyatda hansı daha vacib imiş –
Hava, yoxsa su?
Deyirlər ki,
dənizlərin yaddaşında qalır imiş
balıqların yuxusu
Deyirlər ki,
uçuşundan bilinirmiş
quşların da arzusu
Deyirlər ki,
şəkillərdən duyulurmuş
uşaqlığın qoxusu
Deyirlər ki,
guya unudulub gedir sevgilər
Bax, məsələn, susuşundan bəlli imiş
Ki, o qızın qalmayacaq bir tikə xatirəsi
Deyirlər ki,
gələcək tənhalıq dövrü,
daha kimsə olmayacaq
bir kimsənin yanında
Daha hamı yaşayacaq
bir-birinin yadında
Və əslində
hərə öz yaddaşı boyda
yaşayırmış sən demə
İndi hamını ürpədir unudulmaq qorxusu
Deyirəm ki,
Sən də belə unudulma
sənə qurban, bir az da qal yadımda
Hamısından betər imiş sualların “axı…”sı.
***
“Mövlud Mövludun xatirəsinə…”
Uzağı –
yolların, dənizlərin, adamların uzağı.
Aşağı –
günəşlərdən, küləklərdən, yağışlardan aşağı.
Uşağı –
şəhərlərin, kəndlərin, küçələrin uşağı.
Bir gecənin qəfilində
yoxa çıxdı
bir şəhərin tifili.
Yoxa çıxdı kişmişi gülüşlü,
sevdalı-işıqlı,
adi həqiqətlərin nadinc səfili…
Yoxa çıxdı yuxarı.
Yuxarı –
yalanlardan, zamanlardan, binalardan yuxarı.
***
Bir gün ağaclar quruyar,
bir gün yağışlar yağar.
Və bir gün çıxıb gedərsən –
qollarım quruyar…
Və sənsiz günəş gecikər –
aydınlanmaz sabahlar.
Azan səsinə diksinər
bu şəhərdə günahlar…
Bu səhər də baş ağrısı,
soyuq içki, darıxmaq…
bircə quru zəngin gələ
deyəsən ki, “darıxma…”
***
Uzaq bir şəhərə yolun düşərsə,
yollar da uzanıb çıxıb gedərsə,
ömründə bircə yol darıxar isən,
yalın çiyininə bir baxar isən,
görərsən çiynindən baş alıb gedən
bir qərib ağlayır hər uzağında.
Dönüb qayıdarsan, dönüb baxarsan…
Dönüb qayıdarsan, dönüb baxarsan;
Görərsən həmin səs hey arxancadı.
Görərsən təbiət tamam başqadı,
görərsən o quş da budaqdan küsür.
Görərsən səadət tamam başqadı,
görərsən gülüş də yanaqdan küsür.
Baxıb karıxarsan, baxıb susarsan.
Qayıdıb görsən ki, əllərim əsir,
Bağışla…
Bağışla o uzaq şəhərə məni,
bağışla uzanıb gedən yollara.
Bağışla, darıxma,
çiyinindən baş alıb gedən
həmin o qəribin uzağına bağışla.
O quşu o budağa
O gülüşü o yanağa
Bu gileyi bu uşağa bağışla.
Qayıtma, əllərim əsir,
Yoxdu bu ömrün yiyəsi,
Bağışla…