“Partizan” Azərbaycanın istiqlal şairi Əhməd Cavadın qızı Almazın vaxtsız vəfatına həsr etdiyi şeiri təqdim edir.
Qızıma
Qüdrətim olsaydı, yaza bilsəydim,
Bir kağız üstünə bu dərdi, qızım!
Sənin müsibətin mənim dərdimdən
Neyləyim ki, qat-qat betərdi, qızım!
Bunu kim deyərdi bir səhər çağı
Tarı-mar olacaq ömrümün bağı?
İpək tellərinin gəlsə sorağı,
Qəlbimdə nə güllər bitərdi, qızım!
Mənim müsibətim gəlməz ki, başa,
Dur dedim, durmadı gözümdə yaşa.
Desəydim dərdimi qəbirdə daşa,
O da dil-dil olub ötərdi, qızım!
Süzülüb bir daha gələ bilsəydin,
Barı bircə dəfə gülə bilsəydin;
Ya da rahat-rahat ölə bilsəydin,
Bütün qəmim, qüssəm itərdi, qızım!
Məktəb bacıların gördülər zatən,
Can verən sən idin, canı çıxan mən.
Sən çıxıb gedərkən təzə aləmdən
Mənim alnımdakı nə tərdi, qızım?!
Göllərim qurudu, sonam ağladı,
Sonama səs verdi anam ağladı,
Toyuna aldığım xınam ağladı,
Mənə qara daşlar gül verdi, qızım!
Səndən bir yadigar qalacaq deyə,
Of… yaza bilsəydim bircə mərsiyə;
Biçarə qəlbimi sərinlətməyə,
İnan, ömürlükcə yetərdi, qızım!
10 oktyabr, 1934