“Partizan” Sübhan Şərifin “36 Çin hiyləsi – Heç nədən bir şey yarat!” yazısını təqdim edir.
Çin və dünya tarixindən siyasi, hərbi hadisələrin “36 Çin hiyləsi (strateqemi)” ilə izahını verən Harro fon Senger adlı alman çinşünas yazıçının kitabını (3 cilddir) əldə etdim.
Çinlilər strateji məsələləri, hiylələri aforizmlər ilə, sanki, sözlü şəkildə düsturlaşdırıblar. Bunlardan müəyyən hərbi, siyasi, iqtisadi məsələlərdə həll yolu axtararkən, hətta müasir dövrün hadisələrini şərh edərkən, istifadə etdiklərini öyrəndim. Qəzetlər, siyasi jurnalistlər və şərhçilər öz yazılarında geniş şəkildə bu aforizmlərdən istifadə edirlər.
7-ci hiylə diqqətimi çəkdi: “Heç nədən bir şey yarat!” – Heçdən bir şey yaratmaq nə deməkdir? Bu, ümumən, mümkündürmü deyə düşüncə götürdü.
Başa düşülməsi üçün kitabda verilən üç hekayəni qısa şəkildə yazım və sonda beynimə ilk gələn öz misalımı və ya belə deyim, indiki dövrlə əlaqələndirməmi qeyd edəcəyəm.
1) Düşməndən “ox alan müqəvvalar” və hücum edən əsgərlər:
Yonqui şəhərini mühasirəyə alan üsyankar ordu rəhbəri Linq Huçaoya qarşı az əsgər və silahla şəhəri müdafiə edən Zanq Sun əsgərlərinə əmr edir ki, içi samanla dolu, insan paltarı geydirilmiş müqəvvaları axşam qala divarlarından aşağı sallasınlar. Dedikləri edilir. Düşmən qorxu içində ox yağmuruna başlayır ki, bunlar gizlincə düşərgəyə sızıb bizi öldürmək istəyir.
Sonra müqəvvalar yuxarı çəkilir; al sənə, havadan ox. Təkrar-təkrar ediləndən sonra, Huçao gülməyə başlayır, məzələnir. Artıq ox yağdırmağı dayandırır. Amma səhv edir; artıq gerçək əsgərlər qaladan düşərgəyə sızmağa cəhd göstərir. Gecə ilə üsyançı ordu dağıdılır.
2) Öldürülmüş ilan “Bəyaz Səma Ölkəsi”nin imperatoru imiş!
Tarixi Çinin məşhur Han sülaləsinin qurucusu Liu Banq, yolunu kəsən ilanı öldürmüşdü.
Hadisə yayılınca, ortaya bir qadın çıxır. O, fəryad edə-edə deyirdi ki, Liu Banq onun oğlunu öldürüb. Oğlu “Bəyaz Səma İmperiyası”nın hökmdarı idi. Sonra yoxa çıxır.
O zamanlar bu tanrıtəhər varlıq çox hörmət edilən və inanılan inancın bir parçası idi.
Amma yalan idi. Bu yalan müdrik Çin strateji ağlının ortaya qoyduğu hiyləyə oynayırdı, elə yuxarıdakı hekayə kimi: hiylə nömrə 7: “Heç nədən bir şey yarat!”
Məqsəd bu idi ki, Liu Banqın hakimiyyətinin legitimliyi, haqlılığı sarsılsın. Çünki, o, tanrısal bir varlığı öldürmüşdü.
3) Boş konservalarla Amerika ordusuna ağır zərbə:
Koreya müharibəsinə gedək, ABŞ Çin qüvvələrinin tutduğu yüksəkliyi dayanmadan bombalayırdı. Çin ordusu sipərlərə geri çəkilir və düşmənin enerjisini yeniləmək üçün dincəlməyini gözləyir.
Elə ki, sükunət çökür, çinli əsgərlər boş dəmir qablar, konservalarla gurultu çıxarırlar; Amerikanların sayıqlığı və diqqəti ən yüksək səviyyəyə çıxır. Amma görürlər ki, bir şey olmadı – hadisə təkrarlanır. Sonda amerikanların bunu düşünməyinə səbəb olur ki, düşmən onları sadəcə narahat edərək, toparlanmalarını əngəlləmək istəyir.
Lakin anidən düşərgəyə sızan Çin bölükləri böyük bir partlayışla ABŞ ordusuna zərər verir.
Daha çox uzatmadan, qısaca, bu nəticə hasil olur: hiylənin təməl daşları ondan ibarətdir ki, insan ağlını boş və uydurma şeylərlə – fiksiyalarla rasionallıqdan uzaq salıb, inandırıb, o boş inancın ardında gerçək niyyəti, zərbəni, planı gizləyə biləsən…
Yəni, istər qədim Çində, istər müasir dövrümüzdə yaşa, manipulasiya, propaqanda, çirkli intriqa oyunlarında usta olanlara qarşı daha ayıq-sayıq olmaq istəyirsənsə, heçdən bir şeylər yaratmağın mümkün olduğunu bilməlisən.
Din, ideologiya, fanatiklik, insan paranoyası üzərinə qurulmuş propaqanda o qədər güclü strategiyadır ki, üstəlik, zəif yerimizə zərbə vurur.
Boş inanclar ardında o qədər pis niyyətlər saxlamaq olar ki, yaxşılığını düşünüb, pisliyinə addım atmaq olar.
Çin müdrikiyi bunu yüzillərdir, konspektləşdirib, düsturlayıb, atasözü halına salıb. Bildiyimiz ilk strategiya filosofu Sun Tzunu da onlar bəxş etməyibmi dünyaya?
Sübhan Şərif