Bayram oğurluğu

Loading

Mart ayının əvvəlləri idi. Qışın soyuğundan bezmiş insanlar yazın gəlişini səbirsizliklə gözlə­yirdilər.

Yaz  isti nəfəsi ilə torpağı isidir və təbiəti qış yuxusundan oya­dırdı. Həyət-bacada, bağ-bağ­atda, çöl-bayırda təsərrüfat işləri başlamışdı. Ba­harın gəlişi insanların ruhunu təzələyir, onları daha xoş gün-güzəran qurmağa, aydın sabahlara inanmağa çağırırdı. Həmişəki kimi hər kəs bayrama xüsusi təntənə ilə hazırlaşırdı; evlər təmizlənir, eşik sahmana salınır, hər kəs təzə paltar ge­yinir, süf­rə­lərə ləziz yeməklər, mer-meyvəcat, şirniyyat, bayram şamları düzülürdü. İnsanlar bütün bədbinliyi, dərdi-səri, uğursuzluğu qışda buraxıb, yeni həyata başlamaq istəyi ilə baharı  qarşılayırdı. Bu qarşılamanın öz adı, öz bayramı vardı: Novruz!

Deyilənə görə, daha əvəllər adı Zərban olub. İndi həm Novruz, həm də Bahar ad­la­nır. Bütün adları gözəldir. Çünki bu bayramın mahiyyəti yenilikdir, təravətdir, oyanışdır, birlikdir, mübarizədir, əkindir, əməkdir, təzə geyimdir, şənlikdir…

Əsrlərdən keçib gələn, əski mifologiyanı bu günə daşıyan Novruzun simvolları və ayinləri çox­dur. Səməni, Kosa, Keçəl, qurşaq atmaq, su üstə getmək… Biri də tonqal qalanması hesab olunur. Tonqal qalamaq, odun üstündən tul­lan­maq əslində in­san­ların özünü şər qüvvələr­dən uzaq­laşdırmaq inancına əsaslanır. Od, eyni za­manda, Gü­nəşi qarşılamaq anlamına da gəlir. Çünki ən böyük od Günəşdir. Bayram ax­şam­larında, şər qarışanda ha­mının həyətində və ya məhəlləsində tonqalların qalanması, tonqaldan yüksələn alov şö­lələri bir başqa aləmdir. Məhəllədə tonqal yandırmaq mövzusunda uşaqlar arasında xoş bir rəqabət  ya­şanır. Hansı məhəllədə tonqal daha gur yanırsa, bu onların gücü-qüdrəti anlamına gəlir və həmin məhəllə uşaqlarının sözü daha keçərli sayılır.  Odur ki, hələ bayrama xeyli qalmış tonqalda yandıra­ca­ğı­mız çır­pı, saman və ya  odun ehtiyatı  toplamağa başlayardıq.

Danışacağım əhvalat martın ortalarında baş vermişdi. Səkkizinci-doqquzuncu sinif şagirdləri idik. İlaxır çərşənbədə tonqalı­mızın da­ha möh­təşəm olması üçün iş başına keçmişdik. O gün biz özümüzlə iri polietilen ki­sə və kəndir götürərək ya­xınlıqdakı bağlara üz tutduq. Amma deyəsən, ge­cik­mişdik, bizdən qoçaq tərpənənlər hər cür çır-çırpı, çürüyüb aşmış ağac, budaq – nə olubsa, daşıyıb apar­mış­dılar. Bizə yalnız xırda-xuruş taxta parçaları qalmışdı. Biz məcbur olub başqa yerlərdə axtarışa baş­la­dıq. Binaların həyətində, yaxın ərazilərdə salınmış kiçik bağlara, eləcə də hasarlardan boylanıb evlərin həyətlərinə göz gəzdirdik. Köhnə evlərin bir neçəsinin hasarı sö­külmüş, meyvə ağacları qu­ru­muşdu. Görünür, bu bağların sahibləri çoxdan idi bu­ralara gəlmirdilər. Yoxsa bağlar belə ba­xımsız hala düş­məz­di. Biz bu bağların yanında sağlam hasarlı, dəmir darvazalı başqa bir bağ da gördük. Hasara dırmanıb, içə­riyə boylandıq. Həyətdə manqal, top, velo­siped və  tikinti materialı olan xeyli uzun tax­talar vardı. Bağ sanki bir qala idi, çox etibarlı və hündür hasara alınmışdı. Axtarışa baş­la­yanda hasarın yuxarı tərəfində üzüm talvarının bir qədər əyildiyini gördük. Çətin də olsa, oradan içəri keçmək olardı. Uluxan ilə Ramazan adlı iki qardaş həmin yerdən içəri girməyi qərara aldı. Cey­hun ilə mən isə hasarın eşik hissəsində qaldıq. Gələn olardısa, xəbərdar edə­cəkdik. Həm də uşaqların yuxarıdan atdıqları taxtaları bir yerə yığacaqdıq. Onu da deyim ki, qardaşlar çox çevik tərpənirdilər. On dəqiqə ərzində bütün taxtalar artıq hasarın çölündə idi. Bizə atılmış taxtaları səliqə ilə bağladıq və bir kənara topladıq. Böyük iş görmüşdük. Əsl qəhrəmanlıq idi! Xeyli taxta yığılmışdı. Mən  qardaşları səslədim:

– Yetər, daha gəlin!

– Niyə? – Ceyhun yanımda ikən soruşdu.

– Çünki biz başqasının malını onların icazəsi olmadan aparırıq. Daha artıq gö­türsək, oğurluq sayılar.

– Oğurluq? – Ceyhun heyrətləndi.- bəlkə, istəsəydik bunları özləri bizə kö­nüllü verərdilər.
– Bəlkə də, verməzdilər,- dedim, – özlərinə lazım olmasaydı, həyətə yığmazdılar.

Qardaşlar mənim nitqimi eşitmədən, hasara aşıb, yanımıza gəldilər. Onlara da ba­şa salmağa çalışdım:

– Ev sahibləri burda olsaydı, biz onlara anlatsaydıq, sübuta yetirsəydik ki, bu etdiyimiz ”xeyirxah”oğurluqdur! Yəni biz bunu ulu babalarımızdan bizə yadigar qalmış milli adə­ti­mizi yaşatmaq üçün edirik. Çünki ilaxır çərşənbədə yaxşıca tonqal qalanmalıdır. Yoxsa ulularımızın ruhu bizdən razı qalmaz.

Qardaşlar dodaqlarını büzdülər, çiyinlərini dartdılar. Mənim bu “nitqim­dən” sonra hamının əli süstləşmişdi. Daha bir neçə kəlmə desəydim, ev sahiblərindən halallıq almadığımız üçün uşaqlar  taxtaları geri qaytaracaqdılar. Biz öz “qəni­mət­lə­rimizi” götürüb, məhəlləmizə üz tutduq.

Amma qardaşlar  yenə taxta gətirmək istəyirdilər.

–Məncə, yetər! Daha taxta da yoxdur!– mən iradımı bildirdim,- bu qədər taxta oğurlamağımız böyük hünərdir!

Ramazan inadkarlığından əl çəkmədi:

—Hə, doğru deyirsən, amma bir az da yığaq. Bu gün son çərşənbədir, bizim ton­qal hamının tonqalından yüksək olmalıdır! Bax, o torpağa basdırılmış taxtaları da çıxarmaq olar.

Uluxan da qardaşının sözünə qüvvət verdi:

– Bəli,- dedi,- niyə də yox?!

Ceyhun buna etiraz etdi:

–Torpağa basdırılmış taxtalar dayaq üçün basdırılıb, çıxarmaq olmaz. Çıxardarıq, üstündəkilər aşar. Həm də edirik yaş taxtaları, onsuz da yanmayacaq.

Uluxan ədabazlıqla güldü:

—Ocağın istisi vurduqca nəm çəkiləcək. Qurunun oduna yaş da yanacaq!

Qardaşlar çox mehriban idilər. Hər zaman bir-birinə dəstək verər, hətta səhv ol­sa­lar da, bir-birini müdafiə üçün söz tapardılar!

Mən bir söz demədən Ceyhuna baxdım, o isə çarəsizcə başını yellədi.

Həmin bağa qayıtdıq. Qardaşlar dayaq taxtalarını çıxartmağa çalışdılar. Taxtalar dərin basdırıl­mışdı, digər ucdan məftillə ağaca bağlanmışdı. Əvvəlcə bacarmadılar. Sonra inad daha güclü oldu və taxtalardan birini çıxara bildilər. Biz gözətçi sayılsaq da hasara dırmanıb onlara baxırdıq. Elə bu səbəbdən bağ sahibinin eşiyə çıxdığını görmədik. Qəf­lə­tən eşitdiyimiz vahiməli səsdən diksindik.

—Köpək uşaqları, siz nə edirsiniz?!

Başımızı yan tərəfə çevirən zaman əl ağacına dayanaraq gələn yaşlı bir adam gör­dük. Bir anlığa baxışlarımız toqquşdu, hardansa bu adamı tanıyırdım, amma dü­şün­məyə vaxt yox idi.

Uluxanla Ramazan da səsi eşitdilər və hasara dırmaşdılar.

Ceyhunla mən aşağı hoppandıq və qaçmağa başladıq. Əli əsalı adam küçəyə çıxanadək qardaşlar çəpərdən tullanıb keçdilər, qaçaraq hətta bizi də geridə qoydular.

Hamımız xeyli qaçdıq, ”təhlükə”ni geridə qoyduğumuza tam əmin olduqdan sonra qarşımıza çıxan skamyalardan birinin üstünə özümüzü atdıq. Nəfəsimizi dərdikdən sonra Ramazan sükutu pozdu:

— Sizi gözətçi qoymuşduq, siz diqqətli olmalı idiniz! Az qala tutulmuşduq.

—Başımız sizə qarışdı, görmədik,  –özümüzə haqq qazandırmağa çalışdıq.

Uluxanın isə dünya vecinə deyildi. Sarı, çürümüş dişlərini göstərərək hırıl­da­yırdı.

Bir müddət gözlədik. Gedib, topladığımız taxtaları götürməli və məhəlləyə apar­malıydıq. Ən möhtəşəm tonqal bizim qalayacağımız tonqal olmalı idi.

İndi daha ehtiyatlı olmalı idik. Bayaq həyətdən çıxartdığımız, taxtaları topla­dı­ğımız yerə indi ehtiyatla yaxınlaşırdıq. Amma… Birdən nə görsək, yaxşıdır?

Bayaq min bir əziyyətlə topladığımız taxtaları indi başqa məhəllənin uşaqları da­şıyırdı.

Biz buna yol verə bilməzdik. Taxtaları onlardan zorla və qəzəblə tutub aldıq. Hərəsinin də arxasına bir təpik.

Amma əli əsalı kişini də unuda bilmirdik.

Axşamüstü saat beş radələrində tonqalı hazırlamağa başladıq. Əvvəlcə iri bir tax­tanı dirək olaraq torpağa basdırdıq. Sonra nizamla uzun və qısa taxtaları növ­bə­ləş­dirərək, bu dirəyin ətrafında tonqal maketini qurduq. Tonqalımız hələ yandırılmasa da, boyca çox uca idi. Zəhmətimiz hədər getməmişdi. Hər şey hazır olandan sonra evə gedib, tələm-tələsik şam yeməyimizi yedik. Digər məhəllələrin uşaqları da taxta axta­rışında olduğu üçün arxayınlaşmaq olmazdı. Bizim ton­qa­lı­mız­dan taxta oğurlaya bilərdilər. Ancaq… Ancaq ağlımıza gələn başımıza gəldi. Qayıdanda gördü­yümüz mənzərədən dəhşətə gəldik: taxtalarımızdan xeylisini tonqalın ətrafından çıxart­mış­dı­lar. Tonqalımız bir növ “keçəl” qalmışdı. Çox bikeflədik, gərək birimiz tonqalın ke­şiyini çəkəydik. Çaş­qın halda susub bir-birimizə baxırdıq. Nə edəcəyimizi bilmirdik. Düşündüm ki, bəlkə biz o bağ­dan oğurluq etməsəydik, indi də kimlərsə bizdən oğur­luq etməzdi.

Axşama yaxın hava bir azacıq soyumuş, sərtləşmişdi.

Bu zaman qonşumuz Rasim dayı yanımıza gəldi. O, taxtalarımızı oğurlayan uşaq­ları görmüşdü. Amma artıq gec idi. Oğrular aradan çıxmağı bacarmışdılar. Rasim dayı halımızın pəjmürdə oldu­ğunu görüb bizə öz qarajından taxta verəcəyini dedi. Çox sevindik. Hamımız onun arxasınca qaraja doğru gəldik, amma orada taxta-filan görünmürdü. Ramazan təəccübünü gizlədə bilmədi:

—Deyəsən, Rasim dayı özü də bilmir ki, qarajında taxta yoxdur.

Rasim dayı isə qəribə bir təbəssümlə bizə doğru döndü:

—Götürün!

Donub qaldıq. Hamımızın əvəzinə Uluxan dilləndi:

— Nəyi götürək? Məgər burda taxta var?

Rasim dayı əli ilə divara söykədilmiş köhnə taxta qapıları göstərdi:

— Bax gördüyünüz bu qapılar köhnədir. Bunlar mənim sizə bayram hədiyyəm olsun. Götürün, zəhmət çəkib sökün, halalca işlədin.

Hə, doğrudan da, ikilaylı, taxta qapı idi! Biz Rasim dayıya xorla təşəkkür etdik. Qapını bir göz qırpımında bayıra çıxartdıq. Köməkləşib tonqalımızın yanına gətirdik. Qapı laylarının taxtalarını bir göz qırpımında sökdük. Tonqalımızı tələsik və yenidən qurduq. İndi bizim tonqal daha böyük görünürdü.

Bir azdan biz tonqalımızı qaladıq. Tonqalın taxtalar tez alovlandı. Bizim tonqal gur alova büründü və boyundan daha hündürə ucaldı.

Məhəlləmizin səkkiz-doqquz yerində tonqallar qalanmışdı. Ən hündür və gur yanan tonqal bizim tonqal idi. Bu bizə həzz verirdi. Sevincimizin həddi-hüdudu yox idi. Özümüzü qüdrətli igidlər olaraq hiss edirdik. Üzümüzə gülən olsaydı, məktəbimizin həyətində də bir tonqal qalayardıq. Bu barədə hətta danışdıq da. Və öz aramızda qərara gəldik ki, növbəti il məktəbimizin həyətində də, xəlvətcə bir iri tonqal qalayaq və orada bir ənənənin təməlini qoyaq.

Məhəllə sakinlərinin bir qismi tonqalın ətrafında söhbət edir, bir qismi isə  tonqalı  evlərin eyvanından, binaların balkonundan seyr edirdi. Bir azdan alov bir qədər sən­gidi. Tamam sən­gi­dikdən sonra onun üstündən tullanmaq olardı. Biz sıra və növbə ilə tonqalın üstün­dən tullanmağa başladıq. Hər kəs ürəyindəki arzusu ilə tonqalın  üs­tün­dən  tullanırdı.

Həmin gün əks tərəflərdən gələn və tüstüdə bir-birini görməyən iki uşaq tonqalın üstündə toqquşdu  və düz tonqalın içinə düşdü. Xoşbəxtlikdən kimsəyə bir şey ol­madı.

Tonqaldan sonra evlərə qurşaq atmağa getdik.

“Qurşaq atma” mərasimi də çox xoşumuza gəlirdi. Qurşaq atacağımız evləri, mən­zil­ləri qabaqcadan müəyyən etmişdik. Maddi durumu zəif olanlara gedib ev sahiblərini pərt et­mək istəmirdik. Babam hər zaman maddi durumu çətin olan qon­şu­la­rımıza bayram payı göndərərdi. Onun nə qədər böyük ürəyə sahib olduğunu böyüyəndən sonra dərk et­dim.

Bayramın səhəri günü məhəllədə futbol oynayırdıq. Bir tərəfdə babam öz dost­ları ilə domino çırpırdı. Mən onların yanından keçəndə ayaq saxladım, salam­laş­dım, birdən yerimdə donub qaldım. Bağından taxta oğurladığımız adam burada idi. O da məni gördü, gülümsədi və babama nəsə pıçıldadı. Xatırladım, bu kişi babamla birlikdə gə­mi­də işləmişdi, hətta bir dəfə bizə qonaq da gəlmişdi. Çox utandım və tez ordan uzaqlaşdım.

Babamın mənim “dərsimi” verəcəyini düşünürdüm.

Uşaqlarla görüşüb əhvalatı danışdım. Qardaşlar o qədər də ciddiyə almadılar, am­ma Ceyhun da mənim kimi çox narahat oldu. Çünki olacaq tənbehdən və ya cəzadan ona da pay düşəcəkdi.

Ceyhunun babası mənim babamla dost idi. Yəqin, hər şey ortaya çıxacaqdı.

Axşam heç evə getmək istəmirdim, amma başqa çarəm də yox idi; çöldə qala bilməzdim ki. Babamla qarşılaşmasaydım, daha yaxşı olardı. Amma bu mümkün olma­dı. Üstəlik, babamın üzündə qeyri-adi bir şey görmədim. Həmişəki kimi meh­riban və gülərüz idi. Mənə heç bir söz demədi. Yenidən məhəlləyə çıxdım. Uşaqlar hamısı orda idi. “Pokemon” oyunu oynamağa hazırlaşırdıq ki, birdən haradansa həmin o bağın sahibi olan qoca kişi peyda oldu və bizə yaxınlaşdı.

Ramazanla Uluxan yenə qaçdılar. Ceyhunla mən ayağa qalxaraq alacağımız cə­zaya hazırlaşdıq. O, yanımızda əyləşdi. Üzündə təbəssüm ifadəsi var idi.

—Hə, uşaqlar, fəaliyyətinizi alqışlayıram!- dedi.- Hər xalqın özünəxas ənənəsi var. Bizim ilaxır çərşənbə ənənələrimiz bu günümüzə min illərin o tayından gəlir. O bizə çatan çox qiymətli dəyə­ri­mizdir. Belə milli dəyərləri nəsildən-nəslə sizlər daşı­yır­sınız. Sizin tonqal qalamaq cəhdiniz çox təq­di­rə­layiqdir. Amma icazəsiz, tanıma­dığınız birinin ha­sarına dırmaşmağınızı, bağına girməyinizi təqdir edə bilmərəm. Həm də, dost­larınızdan biri hasardan yıxılsaydı, nə olardı? Əlbəttə, peşmançılıq bay­ra­mınıza acı qatardı. Sonra hamı deyəcəkdi ki, flankəsin hasarından yıxılıb. Yəqin mən onu tutmaq istəyəndə yıxılıb və sair və ilaxır.

– Keşgə siz əvvəldən bizi qovaydınız.

– Mən sizi görürdüm. Evdə idim. Fikirləşdim, bəlkə, qapını döyəsiniz, icazə ilə istə­yə­siniz. Amma dostlarınız daha artıq tamahkarlıq edərək, dayaq taxtalarını da sö­kəndə dözə bilmədim.

– Hə, baba, bizimki uşaq əyləncəsini aşdı.

– İcazəsiz götürülən ən kiçik bir əşya da oğurluq sayılır, – qoca dedi,- bütün böyük oğurluqlar,   kiçik oğur­luq­dan başlanır. Siz taxtaları götürməyə başlayanda da mən sizi  görür­düm. Bi­lir­dim, ton­qal üçün çalışırsınız, ona görə də sizə mane olma­dım. Amma təkrar qayıdanda, ağını çıxartdınız. Dirəklər götürülsəydi eyvan uça bi­lər­di axı.

– Baba, mən öz adımdan da, dostlarımın adından da Sizdən üzr istəyirəm.

– Bala, Novruz bizim halal bayramımızdır. Siz oğurluqla, ona haram qata bilər­di­niz. Gör­dünüz, sizin oğurladığınızı bir başqaları da sizdən oğurladı. Halala heç vaxt ha­ram qatmayın, mənim balalarım.

Qocanın bu sözlərindən mən çox utandım. Ceyhunun sanki dili tutulmuşdu. Sonra mən güclə başımı qal­dır­dım və yaşlı babadan dönə-dönə üzr istədim.  Daha sonra biz bir daha belə hərə­kətə yol vermə­yəcə­yi­mizə bir­lik­də söz verdik.

Bayram şadyanalığı  bizə əməllicə azar oldu.

Heç vaxt o qədər pərt olmamışdım.

Yaşlı baba heç birimizin babasına əməlimiz barədə bir söz deməmişdi.  Amma keşkə deyəydi, keşkə babalarımız bizi möhkəm cəzalandıraydı.

Oğurluq heç də böyük hünər deyilmiş!

Aqil Yaşaroğlu