Bəhmən müəllim naxoşdur – Yeni hekayə

Loading

“Partizan” Zaman Piriyevin yeni hekayəsini təqdim edir.

Surxay rayonda tanınmış həkimlərdən idi. Tibb universitetini bitirib öz doğma rayonuna təyinat alandan bəri həvəslə işə başlamış, el arasında ” can həkimi Ədilov” kimi ad-san qazanmışdı. Min bir əzab əziyyətlə keçirdiyi uşaqlıq illərindən ona ağrılı-acılı xatirələr qalmışdı. Bir həkim kimi keçmişin yaralarını sağaltmağa gücü çatmadığını anlayanda məyus olur, özünü, valideynlərini, zəmanəni ittiham edirdi.

Tələbəlik illərində fəlsəfənin əsas sualının “niyə” olduğunu öyrənəndən bəri dəfələrlə öz-özünə məhkəmə qurmuşdu. Bu mühakimədə hər dəfə haqlı çıxmağa çalışsa da, cavabı olmayan suallar qarşısında acizliyini etiraf etmişdi. İllər keçir, onunla birlikdə keçmişi də yaşa dolurdu. İnsanın acıları da özü kimi uşaqlıq dövrü yaşayır, sonra gəncləşir, ağrısı içini sızladır. Bir vaxtdan sonra qara günlərin də saçları ağarır, iradəsi möhkəmlənir, ağrı yerinə nəsihətlər verir.

Doxsanıncı illərin çətin günlərində bir tərəfdən aclıq, yoxsulluq, bir tərəfdən isə müharibə, nə qədər pöhrələnməkdə olan arzuları məhv etmiş, yerində ümidsizlik, qorxu hissləri buraxmışdı. Surxayın atası adi kənd müəllimi idi. Hamı kimi o da Sovet dövlətinin nə vaxtsa dağılacağına inanmamışdı. Ona görə də həyatı axarına buraxaraq yaşamışdı. Lakin bir gün iri gövdəli palıd ağacı kimi dövlət yıxıldı. Nə qədər kasıb-kusub, yetim-yesir vardı, qaldı bu çökmüş ehtişamın altında.

Əlövsət müəllim çox çalışdı, çox əlləşdi yeni dövrün qaydaları ilə ayaqlaşa bilmədi. Birdən-birə ölkə böyük bir boşluğa yuvarlandığı üçün yaşamaq, var olmaq savaşı onu əldən salır, yavaş-yavaş bataqlığın dibinə çəkirdi. Bir çoxları bu dövrü fürsət bilib daha diribaş tərpənmiş, alver, möhtəkirlik və nə qədər bunun kimi yollara baş vurmuşdular. Amma müəllim qüruru Əlövsət kişiyə bu yerdə də mane olmuş, onu quruca maaşla yaşamağa məcbur etmişdi.

Surxay evin böyük uşağı idi. Məktəbdə əlaçı idi. Qəbul imtahanlarına hazırlaşanda, gecələr valideynlərinin onu necə oxudacaqları haqda söhbətlərindən anlamışdı ki, tələbəlik arzusu ürəyində qala bilər. Ona görə də nə olursa, olsun universitetə girməyə çalışmışdı. Nəhayət imtahanların cavabları çıxanda bəlli oldu ki, o, Tibb universitetinə girib. Evdə sevinc qarışıq bir məyusluq var idi. Anası Nərgiz, oğlunun oxumasını, yaxşı həkim olub rayona qayıtmasını cani-dildən istəyir, atası isə hər nə qədər Surxayın oxumasını istəsə də, qarşıdakı çətinlikləri düşünüb tərəddüd edirdi. O gecə Surxay yata bilməmişdi. Həm ömründə görmədiyi Bakının xəyalı, həm də atasının kədərli üzü onun yuxusunu qabağına qatıb sonu görünməyən qaranlıqlara doğru qovurdu. Niyə axı taleyi onunla gizlənqaç oynayırdı?! Hər dəfə bir ümidin dalınca qaçıb, ona qovuşmaq istəyəndə araya qaranlıq küçələr girir, arzuları bir tikə yağlı əppəyə dönüb bu dolanbaclarda yoxa çıxırdı.

Çox böyük çətinliklərlə onu Bakıya gətirən atası pərtliyini gizləmək üçün onunla havadan, sudan danışmışdı. Onu yataqxanaya yerləşdirəndən sonra, bircə kəlmə “Oğlum, məni bağışla” deyib rayona qayıtmışdı. Aradan aylar, illər keçir, hər şey öz yoluna düşürdü. Lakin sevinci qursağında boğulan atasının qəmli üzünü unuda bilmirdi. Bir-birini əvəz edən siyasi hadisələr, dünən dost olanların bu gün düşmən olması, müharibədəki məğlubiyyətin əsəbi tonu, Bakının yarı qaranlıq taleyi ilə qarışaraq Surxayın tələbə həyatına çökürdü. Bütün çətinliklərə baxmayaraq, gələcəyə böyük ümidlə baxıb yoluna davam edirdi.

İndi o günlər Surxayın yaddaşının bir küncündə toxunulmaz, xüsusi kodlarla qorunan, içi suallarla dolu qara qutudur.

Keçən bazar günü dostları ilə birlikdə məclis qurub yemək yeyəndə qəribə bir söhbət olmuşdu. Dostlardan biri belə bir sual vermişdi ki, “deyin görək, hansı daha doğrudur, yemək yeyirəm, yoxsa çörək yeyirəm? ” Hərə bir cür izah vermişdi. Surxayın verdiyi cavab isə hamını susdurmuşdu.

– Məncə, varlılar yemək yeyir, kasıblar isə çörək.

Bu qənaət onda lap çoxdan yaranmışdı. Bəh-bəhlə yediyi Bakının zavod çörəyi Suraxaya çörəklə bağlı müxtəlif yanaşmalar öyrətmişdi. “Halal çörək” , ” duz-çörək kəsmək” , “çörək verən adam” , “çörəyi dizinin üstündə olan adam” və s. misallar bir daha onu inandırmışdı ki, cörək kasıblığın ən vəfalı dostu, halallığın rəmzi, kişiliyin, mərdliyin ölçülərindən biridir.

Bu söhbət niyə onun yadına düşdü, özü də bilmədi. Sükan arxasında telefonla danışmağı xoşlamazdı. Amma israrla telefonuna gələn zəngə cavab verməyə məcbur olmuşdu.

– Alo, Surxay həkimdir?

– Bəli, buyurun, kim idi?

– Adildir, Mehbalıyev.

– Buyurun, Adil müəllim.

– Ay həkim, qadan alım, kişi naxoşdur, vaxt elə biz tərəfə dön, davadan-dərmandan elə. İki gecədir heç yata bilmir. Ancaq zarıyır.

– Yaxşı, gələrəm.

– Evi tanıyırsınız da?

– Əlbəttə, Bəhmən kişinin evini kim tanımır ki?!

– O zaman evdə gözləyirəm sizi. Salamat qalın.

Hə, deməli çörək söhbəti bu zəngdən sonra yadına düşmüşdü. Bəhmən müəllim, rayonun varlı-hallı adamlarından biri olub. Sovet vaxtı şərab zavodunun direktoru işləyib. Zarafat deyil, a, bu boyda rayonun şərab zavodunun direktoru olmaq. Tuz Bəhmən deyirdilər ona. Pulun sel kimi axdığı sovetin son vaxtlarında Bəhmən müəllim üçün “çörək verən adam deyil” ayaması da boş yerə deyilməmişdi. Kasıba, yetimə əl tutmaz, ancaq vəzifəli adamlarla oturub durardı. Uşaqlarını da qudurğan, adama yovuşmaz böyütmüşdü.

…Demək, Bəhmən müəllim naxoşdur, işə bax e, bir gün Tuz Bəhmən də gəlib kasıb balası Surxayın əlinin altına düşərmiş. Dünyanın işi belədir də. Gərək həmişə kasıb-kusuba əl tutasan ki, sabah xəstələnəndə, öləndə səni xeyirlə yad etsinlər. Onsuz da cənazəni də daşıyan, qəbrini də qazan həmin hisli, paslı, əli qabarlı kişilər olur. Onlar dua edəndə də ürəkdən dua edərlər.

Böyük darvazanın qabağında maşını saxlayıb aşağı düşdü. Uzun-uzadı qarı əriyən dağlara baxdı. İnsan da belədir, başına var-dövlət qar kimi yağır, bir gün günəşin inadkar şüaları altında hər şey əriyir, yoxa çıxır. Bir də baxırsan, o əzəmətdən, o vüqardan heç nə qalmayıb.

Ehmalca qapının zəngini basdı.

– Gəl, gəl, qapı açıqdır.

Surxay həyətə girəndə illər öncənin təntənəsi ilə üz-üzə durdu. Böyük həyət, saray kimi iki mərtəbəli ev, bağça. Bütün bunlar otuz-qırx il bundan əvvəlin dəbdəbəsini canlı saxlamaq üçün yetərli deyildi. Çünki bu möhtəşəmliyin sahibi qüruba enən günəş kimi solurdu. Adil isə müflisləşmiş bəy qüruru ilə zəmanəyə meydan oxuyurdu. Zənginliyin irsi olduğunu, bir gün hər şeyin əvvəlki kimi olacağını ima edirdi.

– Doktor, xoş gəlmisən.

Göz ucu evi, həyəti-bacanı təqdim edən Adil, müştərisini ovsunlamağa calışan fahişə ədası ilə öz qiymətini qaldırmağa calışırdı.

Surxay da elə belə gün keçirməmişdi həyatda. Bunu hiss edən kimi Adilin öz hisslərini tam ifadə edə bilməsinə şərait yaratdı.

– Maşallah, gözəl həyət-bacanız var. İndi beləsini tikmək üçün gərək pul kəsən maşının ola.

Adil bu sözlərdən elə xoşallandı ki, yekəxana tərzlə başını yellədi. Əslində Surxay bunu evə çağırılanda hiss etmişdi ki, o, özünü bununla keçmişin ehtişamının kölgəsində hiss edir. Bütün bunlar ona lazım idimi? Nəyinə gərəkdir, kim necə yaşayır, necə özünü xoşbəxt hiss edir?! Bəli, lazım idi! İllərlə beynini gəmirən “niyə” sualına cavab tapmaq istəyirdi. Qürurunu sındırmayan kasıb, yoxsa pul üçün, şöhrət üçün hər cildə girən varlı! Hansı daha ağıllıdır, hansı öz övladlarının haqqını ödəmiş sayılır?! Ləyaqətli olmaqmı, yoxsa fürsəti qaçırmamaqmı daha üstündür?! Niyə övladlarının yerinə valideynlər seçim edir və bir ömür boyu onları bu seçimin köləsinə çevirir?!

Surxay pilləkənlərə doğru gedib evə girmək istəyirdi.

– Doktor, bu tərəfə keç, kişi burdadır, deyərək Adil zirzəminin balaca qapısını açdı. Yarıqaranlıq zirzəmidə dəmir yaylı çarpayıda uzanmış Bəhmən müəllimin büzüşmüş halını görəndə Surxay bir anlıq duruxdu.

– Doktor, kişi özü buranı istəyib. Yoxsa bu boyda evdə yer qəhət deyildi ki, onun üçün. Arvadağa işdə olur, uşaqlar da Bakıda oxuyurlar. Mən də bütün günü dükanda oluram. Ona görə qonşuda bir qadın var, o gəlib kişiyə baxır, altını təmizləyir, yeməyini verir. Yuxarı otaqlarda heç cür alınmadı. Axırda özü də buranı istədi.

Adil danışdıqca Bəhmən kişi lap balacalaşıb yumağa dönürdü. Çuxura düşmüş gözlərində peşmançılıq dolu qəzəb var idi. Sanki “niyə” deyib bağırmaq istəyirdi. Amma gec idi. Bu sualın ən böyük cavabı səni dəyərsiz əşya kimi zirzəminin bir küncündə həbs edən naxələf övladındır.

Surxay dava-dərman yazıb ürək bulandıran bu mənzərədən bacardıqca uzağa qaçmaq istədi. Maşına oturub dərindən nəfəs aldı. Bir xeyli yaz buludlarının kölgələndirdiyi çılpaq dağlara baxdı. Sanatoriyaya göndərdiyi atası Əlövsət müəllimin çarəsiz baxışlarını öpdü, anası Nərgizi düşündü. Boynuna sarıldı. Gözləri doldu. İstədi zəng edib uzun-uzadı danışsın onlarla. Sonra fikrindən vaz keçib mesaj yazdı.

…Ata, məni bağışla! Sən haqlı idin!